Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-31/2024 12.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), X16 və X8 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X10, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X3 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-936/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “cavabdehin 26 yanvar 2022-ci il tarixli № **********74 saylı məktubu ilə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanuna zidd hesab edilməsinə, Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmasına qərar verilmiş 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2022-ci il tarixdə inzibati işin şifahi məhkəmə baxışı iclasında tələbini dəqiqləşdirərək “Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-936/2022 nömrəli qərardadı ilə Qax Rayon İlisu Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində adi cəlb edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə (həyətyanı) 0.03 ha torpaq sahəsinin satılması qərara alınmış, tərəflər arasında alqısatqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
6. İddiaçı tələb hüququnu sözügedən torpaq sahəsini bələdiyyə qərarı ilə əldə etməsi, torpaq sahəsinin dəyərini ödəməsi, bələdiyyə ilə arasında alqı-satqı aktının bağlanması və torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsi ilə əsaslandırmışdır.
7. Cavadeh iddia tələbinə etirazını torpaqların alqı-satqısına dair aktın xx.xx.2008-ci ildə tərtib olunaraq qeydiyyata alınması ilə əsaslandırmışdır.
8. xx.xx.2022-ci il tarixdə keçirilmiş inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Üçüncü şəxs iddia tələbinə münasibətində bildirmişdir ki, Qax Rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz edilmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 24 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-936/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. 13.Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)-92/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-936/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır.
14. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-92/2023 saylı qərarından kassasiya şikayəti verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1473/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-92/2023 nömrəli qərarı ləğv edilərək, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon İlisu Bələdiyyəsi torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli qərar qəbul etməsinə baxmayaraq torpaqların alqı-satqısına dair akt xx.xx.2008-ci il tarixdə tərtib olunaraq qeydiyyata alınmışdır ki, bu da “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli 466 saylı İİİ QD Azərbaycan Respublikası Qanunundan, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə” xx.xx.2007-ci il tarixli 466 saylı İİİ QD Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il, 271 saylı Sərəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə xx.xx.2007-ci il tarixdən sonra bələdiyyələr torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Odur ki, Qax Rayon İlisu Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən ayrılmış 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Hesab etmişdir ki, cavabdehin həmin imtinası əsassız olduğundan cavabdehin üzərinə Qax Rayon İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən iddiaçının satılmasına qərar verilmiş 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsi qoyulmalı idi. Birinci instansiya məhkəməsinin qərarının bələdiyyə qərarından sonra 60 gün müddətindən alqı-satqı müqaviləsi imzalanmalıdır bəndi xx.xx.2008-ci il tarixdən sonra, Qax Rayon İlisu Bələdiyyəsinin torpağın satılması barədə çıxardığı qərar və alqı-satqı aktından sonra qüvvəyə minmişdir. Göstərilənlərdən bəlli olur ki, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi qanunvericiliyin normalarını yanlış təfsir edərək, həmin dövr qüvvədə olan qanunvericiliyə istinad etməyərək imtina cavabı vermişdir. Həmin torpaq sahəsi bələdiyyənin öz təşəbbüsü ilə ona hədiyyə olaraq ayrılmışdır. Hazırda isə özlərinin ona verdikləri torpaq sahəsinin guya örüş sahəsi olması əsası ilə çıxarış verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi də cavabdeh orqanın imtinasına istinad edərək həmin torpaq sahəsinin örüş sahəsi olması səbəbindən çıxarış verilməsindən imtina edilməsini qanuni saymışdır. Qeyd etmişdir ki, nə torpaq sahəsi ona ayrılan zaman, nə də ki hazırkı vaxtda həmin ərazidə bir ot belə bitməmişdir. Qonşuluqda yerləşən bütün torpaq sahələri üzərində yaşayış evləri tikilmiş və cavabdeh orqan tərəfindən onlara çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi torpaq sahəsinin örüş yeri olmaması ilə bağlı dediklərini aydınlaşdırmaq üçün müvafiq ekspertiza təyin etməli olsa da bunu da etməmişdir. Ekspertlərin iştirakı ilə hadisə yerinə baxış olsa idi həmin ərazinin örüş sahəsi olmadığı da aydın olardı. Qax Rayon İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, İlisu Bələdiyyəsi ilə onun arasında bağlanmış “Torpaqların alqı-satqısına dair akt” və AR DTXKnin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 689 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 083737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə isə qanunvericiliklə həmin aktı məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2- 1(116)-936/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil bildirdi ki, yerli baxış keçirilib, amma yenə eyni nəticəyə gəlinib. Layihə instutunda bütün məsələlər həllini tapır. Gələn adamlar 9 saylı ərazi idarəsinin nümayəndəsidir. Bu məsələnin yeganə həlli yolu MMC-dən xəritə məlumatlarının alınmasıdır. Koordinatı götürməklə müəyyən etmək olar ki, sürüşmə nə qədərdir. Heç biri edilməmiş yenidən eyni rəy verilmişdir. Rəydə sənəd yoxdur. İddanın təmin edilməsini xahiş edir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-936/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Həmçinin bildird ki, rəy verilən zaman hər iki qurum eyni sistem, eyni baza üzərindən məlumatlara baxır. Həmin torpaq sahəsi kollu-örüş sahəsidir. İş üzrə MMC-nin də rəyi var. Həmin rəydə də eyni hal göstərilib.
19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
21. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarından çıxarışdan görünür ki, iddiaçıya İlisu bələdiyyəsinin İlisu kəndi ərazisindən 0.03 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - 22.08.2007-ci il tarixli 06 nömrəli qəbzdən və xx.xx.2008-ci il tarixdə 1144 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına 180 manat məbləğində ödəniş edilmiş, iddiaçıya satılmış 0.03 ha torpaq sahəsinə dair tərəflər (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi, İlisu bələdiyyəsi, iddiaçı) arasında alqı-satqı aktı tərtib edilərək təsdiq edilmişdir. - DT və XK-nin Qax rayon şöbəsinin 565 №-li arayışından və 753 №-li rəyindən görünür ki, iddiaçıya satılan torpaq sahəsi həyətyanı olmaqla, İlisu bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. - A083737 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən 300 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və fərdi yaşayış evi tikmək üçün satılması qeyd olunmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən bələdiyyənin kollu örüş torpaqlarına aiddir. Torpaq sahəsi faktiki olaraq X5 istifadəsindədir. - DƏDRX PHŞ-nin 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. - Şəki Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi satılan vaxt DWG faylına əsasən islahat uqodiyası kollu örüş, TEKUİS məlumat bazasına əsasən Dövlət mülkiyyətinə aid, uqodiyası Meşə ilə örtülü sahələr kimi göstərilmişdir. - xx.xx.2023-cü il tarixli Arayışa əsasən, İddiaçı Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə 300 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. - xx.xx.2024-cü il tarixli DƏDRX PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən, mübahisəli torpaq sahəsi DWG faylına əsasən bələdiyyə mülkiyyətinə aid olub, kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarıdır. - xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Qax rayonu, İlisu kəndində 71.3 kv.m torpaq sahəsi X1 tam mülkiyyətindədir. - xx.xx.2018-cil il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Qax rayonu, İlisu kəndində yerləşən 57.6 kv.m torpaq sahəsi X11, X9, X6, X12 və X4 ümümi birgə mülkiyyətindədir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir (1.0.1). qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsi:
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan ... əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ... xüsusi mülkiyyətə verilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
29. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsin
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
30. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, a) apellyasiya instansiyası məhkəməsi iddiaçıya bələdiyyə qərarı əsasında torpaq sahəsi satılarkən həmin vaxt səlahiyyətli qurum olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş 753 nömrəli rəyin mötəbər sübut kimi qəbul edilmiş mütəxəssis rəyinə zidd olmasının səbəbini araşdırmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya örüş torpaq sahələrinə aid olması ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün hərtərəfli araşdırma aparmamışdır. b) İşdən göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən iddianın rədd edilməsinin yeganə əsası mübahisəli torpaq sahəsinin mütəxəssis rəyinə əsasən örüş torpaq sahələrinə aid olmasıdır. c) Qeyd edilməlidir ki, hazırkı mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hal torpaq sahəsinin indiki hüquqi rejimi deyil, məhz iddiaçıya satılan anda kənd təsərrüfatına az yararlı və ya örüş torpaq sahələrinə aid olmasıdır. Məhkəmələrin istinad etdiyi mütəxəssis rəyində torpaq sahəsinin iddiaçıya satılan anda kənd təsərrüfatına az yararlı olub-olmaması məsələsinə (iddiaçıya torpaq sahəsi satılan vaxt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin 753 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla, həyətyanı məqsədlə satılması qanunamüvafiqdir) aydınlıq gətirilməmişdir. Odur ki, həmin rəy natamam olmaqla, mötəbər sübut kimi qiymətləndirilə və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Eyni zamanda, iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, ona bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələri üzərində qonşularının mülkiyyət hüququ qeydə alınmışdır. d) Qeyd edilməlidir ki, örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, adətən, geniş ərazini əhatə edir. Hazırda mübahisələndirilən torpaq sahəsinin ölçüsü isə 0.03 ha təşkil edir ki, qeyd edilən torpaq sahəsinin ayrılıqda örüş sahəsi olması məntiqə uyğun görünmür. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin də təyinatı ilə bağlı müfəssəl araşdırma aparılmalı, mübahisəli torpaq sahəsinin iddiaçıya satılan vaxt kənd təsərrüfatına az yararlı və ya örüş torpaq sahələrinə aid olması müəyyən edilməli idi, e) iddiaçı apellyasiya şikayətində də qonşuluqda yerləşən bütün torpaq sahələri üzərində yaşayış evlərinin tikildiyini və cavabdeh tərəfindən onlara çıxarış verildiyini qeyd etsə də, iddiaçının həmin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamışdır.
36. Kassasiya instansiyası məhkəməsinin iddiaçıya bələdiyyə qərarı əsasında torpaq sahəsi satılarkən həmin vaxt səlahiyyətli qurum olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş 753 nömrəli rəyin mötəbər sübut kimi qəbul edilmiş mütəxəssis rəyinə zidd olmasının səbəbinin araşdırılması, mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya örüş torpaq sahələrinə aid olması ilə bağlı məsələyə aydınlıq gətirilməsi ilə bağlı mövqeyinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq 25 iyun 2024-cü il tarixdə DƏDRX PHŞ-dən daxil olmuş məktubda göstərilmişdir ki, müraciətdə qeyd edilən M-42 və 753 nömrəli rəylər arasında yaranmış ziddiyyətlərin səbəbi M-42 nömrəli rəydə mövcud baza məlumatları müqayisəli şəkildə əsaslandırılsa da, 753 nömrəli rəy verilərkən torpaq sahəsinin faktiki coğrafi yerləşmə vəziyyətinin nəzərə alınmamasıdır. Sözügedən 0.03 ha torpaq sahəsi DWG faylına əsasən kənd tipli yaşayış məntəqələrinin sərhədlərindən kənarda yerləşməsinə baxmayaraq, 753 nömrəli rəydən göründüyü kimi həyətyanı məqsədilə satılması nəzərdə tutulmuşdur. Mübahisəli torpaq sahəsi satıldığı dövrdə DWG faylına əsasən islahat uqodiyası kollu örüş, TEKUİS (X7 X15) məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid, uqodiyası meşə ilə örtülü sahələr (DMF) kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri 12 saylı Şəki Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
37. Kassasiya instansiyası məhkəməsinin torpaq sahəsi məhz iddiaçıya satılan anda kənd təsərrüfatına az yararlı və ya örüş torpaq sahələrinə aid olub-olmamasına dair mövqeyinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq 09 aprel 2024-cü il tarixdə DƏDRX PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən daxil olmuş mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi satılan vaxt DWG faylına əsasən islahat uqodasiyası kollu örüş, TEKUİS məlumat bazasına əsasən Dövlət mülkiyyətinə aid, uqodasiyası Meşə ilə örtülü sahələr kimi göstərilmişdir.
38. Eyni zamanda, iddiaçıya bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələri üzərində qonşularının mülkiyyət hüququnun qeydə alınması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq 25 iyun 2024-cü il tarixdə DƏDRX PHŞdən daxil olmuş məktuba əsasən, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri 12 saylı Şəki Ərazi İdarəsi tərfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
39. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, adətən, geniş ərazini əhatə edir. Hazırda mübahisələndirilən torpaq sahəsinin ölçüsü isə 0.03 ha təşkil edir ki, qeyd edilən torpaq sahəsinin ayrılıqda örüş sahəsi olması məntiqə uyğun görünmür. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin də təyinatı ilə bağlı müfəssəl araşdırma aparılmalı, mübahisəli torpaq sahəsinin iddiaçıya satılan vaxt kənd təsərrüfatına az yararlı və ya örüş torpaq sahələrinə aid olması müəyyən edilməli idi.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş DƏDRX PHŞ-nin 19 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi DWG faylına əsasən bələdiyyə mülkiyyətinə aid olub, kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarıdır.
41. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin ətrafında yaşayış üçün evlər tikilməsinə baxmayaraq 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndələrinin verdiyi məlumata əsasən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı göstərişləri və kollegiya tərəfindən aparılan araşdırmaları nəzərə alaraq belə hesab edir ki, mübahisəli torpaq sahəsinin satıldığı dövrdə DWG faylına əsasən islahat uqodiyası kollu örüş, TEKUİS (X7 X15) məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid, uqodiyası meşə ilə örtülü sahələr (DMF) kimi göstərildiyindən, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri 12 saylı Şəki Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, mübahisəli torpaq sahəsinin iddiaçıya satılması torpaq sahəsinin yerləşdiyi ərazi üzrə digər şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, o cümlədən dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurur.
43. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
44. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Qax Rayonu İlisu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1(116)-936/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.