Məhkəmə qərarları › İş №2-1(107)-310/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-310/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-310/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları komandanının xx.xx.2021-ci il tarixli 530 ş/h nömrəli əmrinin və onun əsasında verilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 0206 nömrəli əmrinin ləğv edilərək dəyişdirilməsi, əmrdə İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılma əsasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cü maddəsində qeyd edilən “hərbi qulluqçularla bağlaşmanın ləğv edilməsi” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1478/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 0206 nömrəli əmrinin ləğv edilərək, əmrdə İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılma əsasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsində qeyd edilən “hərbi qulluqçularla bağlaşmanın ləğv edilməsi” kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 27 avqust 2020-ci il tarixdə Horadiz şəhərində yerləşən N saylı hərbi hissədə gizir kursunu keçməyə başlamış və 26 sentyabr tarixində İkinci Qarabağ müharibəsi başladığı üçün kurs yekunlaşmışdır. Bundan sonra iddiaçı N saylı hərbi hissədə bağlaşma əsasında maddi-texniki təminat bölüyü rabitə tağımı radio qrupun sürücüsü vəzifəsində xidmət etməyə başlamışdır. Bir müddət sonra iddiaçı ərizə verərək bağlaşmanın ləğv edilməsini və Silahlı Qüvvələrin ehtiyatına buraxılmağını xahiş etmişdir. Bundan sonra bağlaşmaya xitam verilmiş və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli Hərbi Hissə komandirinin 27 avqust 2021-ci il tarixli 0206 nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həmin vaxt iddiaçıya əmrdən çıxarış verilməmişdir. Əmrdən çıxarışın iddiaçıya verilməsi üçün 2021-ci ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinə rəsmi qaydada müraciət etmişdir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə əmrdən çıxarış şəxsi iş materiallarına aid edildiyi üçün və hərbi qulluqçulara təqdim edilmədiyinə görə hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə göndərilmişdir. İddiaçı yaxın günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən əmrdən çıxarışın surətini aldıqda ona məlum olmuşdur ki, 27 avqust 2021-ci il tarixli 0206 nömrəli əmrdə qeyd edilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq maddi-texniki təminat bölüyü nəqliyyat tağımı yük maşınları qrupunun sürücüsü gizir İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın. Gizir İddiaçı 2021-ci ilin hesabına növbəti məzuniyyətindən tam istifadə edib, maddi yardım və məzuniyyət müavinəti almışdır. 01 yanvar 2021-ci il tarixdən 27 avqust 2021-ci il tarixədək birdəfəlik pul mükafatını 50 faiz almağa layiqdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 0206 nömrəli əmrini qanunsuz hesab etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə birinci instansiya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları komandanının xx.xx.2021-ci il tarixli 530 ş/h nömrəli əmrinin və onun əsasında verilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 0206 nömrəli əmrinin ləğv edilərək dəyişdirilməsi, əmrdə İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılma əsasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cü maddəsində qeyd edilən “hərbi qulluqçularla bağlaşmanın ləğv edilməsi” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakimi Fərid İsmayılzadə) 11 avqust 2022-ci il tarixli 2- 1(116)-1478/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları komandanının xx.xx.2021-ci il tarixli 530 ş/h nömrəli əmrinin və onun əsasında verilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 0206 nömrəli əmrinin ləğv edilərək dəyişdirilməsi, əmrdə İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılma əsasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cü maddəsində qeyd edilən “hərbi qulluqçularla bağlaşmanın ləğv edilməsi” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1478/2022 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1478/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, iddia ərizəsi, digər iş materialları və onun birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatlardan, eləcədə onun birinci instansiya məhkəməməsinin iclasında təqdim etdiyi ərizədən məlum olur ki, onun mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli 530 ş/h nömrəli və xx.xx.2021-ci il tarixli 0206 nömrəli qərarlar barədə əvvəlcədən məlumatlı olmuş, lakin qanunvericiliklə tələb edilən müddət ərzində sözügedən qərarları mübahisələndirməmişdir. Belə ki, onun ******* nömrəli hərbi biletinin 21-ci səhifəsində hazırda mübahisələndirdiyi və dəyişdirilməsinə nail olmaq istədiyi əmrin tarixi və nömrəsi, həmçinin dəyişdirilməsi tələb olunan əsas, yəni "Hərbi vəzifə və xidmət haqqında" Qanunun 41.0.6-cı maddəsinə əsasən ehtiyata buraxılması haqqında məlumat qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında onun hərbi biletini əmrin verildiyi vaxtdan 3 aydan sonra aldığını bildirməsi barədə qənaətə gəlməyə əsas verir ki, o, ehtiyata buraxılmasının hüquqi əsası barədə iddia ərizəsində qeyd etdiyi kimi SHXDÇDX Şəki rayon Şöbəsindən əmrin surətini aldıqdan sonra deyil, daha əvvəl məlumatlı olmuşdur. Həmçinin onun birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədən də müəyyən olunur ki, hərbi bileti aldıqdan sonra əmrin ləğv olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətinin Qoşunlarının komandanlığına xx.xx.2021-ci il tarixdə müraciət etmiş, komandanlıq tərəfindən isə xx.xx.2022-ci il tarixli K/47/30/S- 10415/5 nömrəli məktubla cavab verilmişdir. Belə ki, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar, əmr inzibati aktdır. Qanunun tələbinə görə də həmin əmrin surəti ona təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. O, da dəfələrlə yazışdıqdan sonra SHXÇDX Şəki Rayon Şöbəsindən əmrin surətini aldıqdan sonra müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1478/2022 saylı qərardadını ləğv edərək işin araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları komandanının xx.xx.2021-ci il tarixli 530 ş/h nömrəli əmrinin və onun əsasında verilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 0206 nömrəli əmrini 2021-ci ildə almışdır. O, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1478/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və işin araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan, eləcədə iddiaçının məhkəmə iclasında təqdim etdiyi ərizədən məlum olur ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli 530 ş/h nömrəli və xx.xx.2021-ci il tarixli 0206 nömrəli qərarlar barədə əvvəlcədən məlumatlı olmuş, lakin qanunvericiliklə tələb edilən müddət ərzində sözügedən qərarları mübahisələndirməmişdir. Belə ki, iddiaçının ******* nömrəli hərbi biletinin 21-ci səhifəsində hazırda mübahisələndirdiyi və dəyişdirilməsinə nail olmaq istədiyi əmrin tarixi və nömrəsi, həmçinin dəyişdirilməsi tələb olunan əsas, yəni “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən ehtiyata buraxılması haqqında məlumat qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının hərbi biletini əmrin verildiyi vaxtdan 3 aydan sonra aldığını bildirməsi bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı ehtiyata buxarılmasının hüquqi əsası barədə iddia ərizəsində qeyd etdiyi kimi SHXÇDX Şəki rayon şöbəsindən əmrin surətini aldıqdan sonra deyil, daha əvvəl məlumatlı olmuşdur. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən də müəyyən olunur ki, hərbi biletini aldıqdan sonra əmrin ləğv olunması məqsədilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının komandanlığına xx.xx.2021-ci il tarixdə müraciət etmiş, komandanlıq tərəfindən isə xx.xx.2022-ci il tarixli K/47/30/S-10415/5 nömrəli məktubla cavab verilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında da sözü gedən əmirləri 2021-ci ildə aldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli əmrlərindən daha əvvəl məlumatlı olsa da, onu İPM-in tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, həmin qərarın qəbul olunmasından 10 aya yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarına araşıdraraq onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etməmişdir. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iş üzrə iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1478/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1478/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar