Məhkəmə qərarları › İş №2-1(107)-311/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-311/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-311/2024 05.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X7 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ailəsinə ödənilmiş 1782 manat ünvanlı dövlət sosial yardımı məbləğinin geri tələb edilməsindən ibarət hərəkətlərinin qanunsuz hesab olunması, ödənişlərin dayandırılması və ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa olunması barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-770/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, tələb olunan vəsaitin geri qaytarılmasının ləğv edilməsi, ailəsinə təyin olunan ünvanlı sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddianın əsaslarına görə, iddiaçının ailəsi 20 ildən artıqdır ki, kirayədə yaşayır. O və bacısı universitetdə oxuyur. Evdə yalnız anası işləyir. İddiaçının ailəsi çətin şəraitdə yaşadığına görə ünvanlı dövlət sosial yardımı almaq üçün aidiyyəti qurumlara müraciət etmişdir. Müraciət əsasında məişət şəraitinə baxış keçirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailənin bütün şəraiti ilə tanış olduqdan sonra xx.xx.2023-cü il tarixdən ailəyə aylıq 445,50 manat məbləğində sosial yardım verilməsi təsdiq edilmişdir. Təyin olunan aylıq müavinət cəmi 4 ay, yəni xx.xx.2023-cü il tarixindən dayandırılmış, eyni zamanda 1 (bir) il müddətinə sosial yardım almaq hüququ dayandırılmışdır. Səbəbini öyrəndikdə isə ailəyə bildirilmişdir ki, ailənin istifadəsində avtonəqliyyat vasitəsi mövcuddur.

3. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi, Nümayəndə2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-167460/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********34408 nömrəli müraciət əsasında xx.xx.2023-cü il tarixindən ailəyə təyin olunmuş aylıq 445,50 manat məbləğində sosial yardımın verilməsi ailənin istifadəsində nəqliyyat vasitəsi olduğuna görə xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Buna görə də, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən, ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Bildirilmişdir ki, ailənin sosial yardım almaq hüququnun məhdudlaşdırılma müddəti bitdikdən sonra VEMTAS-a müraciət olduğu halda, ailənin sosial yardım almaq hüququna mövcud qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır.

4. Fondun X1 üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 17-1/2-S-198943/2023 nömrəli bildirişində qeyd olunmuşdur ki, onun ünvanlı dövlət sosial yardımı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin aşkar edilməsi səbəbilə) dayandırılmışdır. Bildirilmişdir ki, ona xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ümumilikdə 1782 manat (bir min yeddi yüz səksən iki manat) məbləğində artıq vəsait ödənilmişdir. Həmin məbləğin 10 iş günü müddətində Fondun hesabına geri bərpa olunması tələb olunur. Əks təqdirdə qanuna uyğun tədbirlər görüləcəkdir.

5. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-293225/2023 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********34403 nömrəli ərizə ilə VEMTAS-a müraciət etmişdir. Həmin müraciətə “Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış X1 nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 445,50 manat məbləğində ÜDSY təyin olunmuşdur.

6. Təyinatda olan işlər üzrə ailə üzvlərinin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəbilə yarana biləcək artıqödəmə hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinə (BDYPİ) müvafiq sorğular göndərilir.

7. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/1-127693/2023 nömrəli sorğunun cavabında ÜDSY alan ailənin üzvü Nümayəndə2 xx.xx.2012-ci il tarixdən xx.xx.2058-ci il tarixədək **-DS-*** dövlət qeydiyyat nişanlı “VAZ- 2106” markalı, xx.xx.2010-cu il tarixdən xx.xx.2060-cı il tarixədək **-BJ-*** qeydiyyat nişanlı “VAZ-21043” markalı nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması müəyyən edilmişdir.

8. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır.

9. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-45261/2024 nömrəli etiraza əlavə məktubunda qeyd olunmuşdur ki, işlə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixli yazılı etiraz təqdim edilmişdir.

11. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.

12. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 445,50 manat məbləğində ÜDSY təyin olunmuşdur.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/1-127693/2023 nömrəli sorğunun cavabında ÜDSY alan ailənin üzvü Nümayəndə2 nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması müəyyən edilmişdir.

14. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır.

15. Bildirilmişdir ki, mövcud qanunvericiliyə əsasən ünvanlı dövlət sosial yardımının dayandırılmasına dair inzibati aktın qərar şəklində tərtib edilməsinə zərurət yoxdur.

16. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə X12 və X18 (VEMTAS) yaradılmışdır. VEMTAS-da aparılan inzibati icraat ənənəvi inzibati icraatdan fərqlənməklə yanaşı inzibati aktın forması da özünəməxsusluğu ilə fərqlənir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.

18. Sözügedən Qanunun 57.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. Buna uyğun olaraq “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən sosial yardımın təyin edilməsi, dayandırılması və onun təyin edilməsindən imtina edilməsi məsələsi VEMTAS tərəfindən, yəni texniki qurğunun köməyi ilə həyata keçirilir. Həmin inzibati icraatın həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilmişdir.

19. Həmin Qanunun 57.5-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, lakin inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda həmin aktların əsaslandırılmasına da ehtiyac olmur. Buradan da aydın olur ki, Qanunda inzibati aktlar yazılı formada təsbit edilməli inzibati akt və digər formalarda təsbit edilən inzibati aktlar olaraq təsnifatlaşdırılmışdır.

20. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 5 fevral 2017-ci il tarixli 37 nömrəli Qərarının 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir.

21. Göründüyü kimi sosial yardımın dayandırılması barədə qərarın bilavasitə tərtib edilməsi Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulmamışdır.

22. Qərarın 4.4-cü bəndinə əsasən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 iş günü müddətində yenidən baxılır.

23. Beləliklə, Prezidentin Fərmanına əsasən yaradılmış VEMTAS vasitəsilə, yəni texniki qurğunun köməyilə aparılan inzibati icraat “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə, eləcə də “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 5 fevral 2017-ci il tarixli 37 nömrəli Qərarında göstərilən qaydalar əsasında tənzimlənir.

24. İddiaçı xx.xx.2023-cü il tarixdə ona ünvanlı dövlət sosial yardım təyin olunması üçün VEMTAS vasitəsilə müraciət etmiş, həmin sistem tərəfindən avtomatlaşmış qaydada ona sosial yardım təyin edilmiş və Nazirlər Kabinetinin Qərarının 4.4-cü bəndindəki hal aşkar edildiyindən iddiaçının kabinetinə bu barədə xx.xx.2023-cü il tarixdə bildiriş (məktuba əlavə olunur) göndərilmişdir. Həmin bildirişdə iddiaçının təyinat üçün ilkin müraciətinin tarixi qeyd edilərək sosial yardımın dayandırılmasının səbəbləri izah edilmişdir.

25. Bildirilir ki, iddiaçıya xx.xx.2023-xx.xx.2023-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1782 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-198943/2023 nömrəli məktubla həmin vəsaitin büdcəyə qaytarılması məqsədi ilə iddiaçıdan artıq ödənilmiş vəsaitin ödənilməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

26. Göründüyü kimi filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-198943/2023 nömrəli iddiaçıya məlumat xarakterli cavab məktubu göndərilmişdir.

27. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

28. Göründüyü kimi, inzibati orqan qanunvericiliyə uyğun olaraq inzibati icraat apararaq iddiaçıya artıq ödənilmiş vəsait barədə məlumat vermişdir.

29. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-S- 198943/2023 nömrəli məktubu məlumat xarakterlidir və vəsaitin geri ödənilməsi xahiş edilmişdir, tələb edilməmişdir.

30. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı etiraza əlavə məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “cavabdehin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ailəsinə ödənilmiş 1782 manat ünvanlı dövlət sosial yardımı məbləğinin geri tələb edilməsindən ibarət hərəkətlərinin qanunsuz hesab olunması, ödənişlərin dayandırılması və ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa olunması barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

32. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazının məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

33. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 12 mart 2024-cü il tarixli 2- 1(116)-770/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

34. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

35. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/1-127693/2023 nömrəli sorğunun cavabında ÜDSY alan ailənin üzvü Nümayəndə2 xx.xx.2012-ci il tarixdən xx.xx.2058-ci il tarixədək **-DS-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı, xx.xx.2010-cu il tarixdən xx.xx.2060-cı il tarixədək **-BJ-*** qeydiyyat nişanlı ‘VAZ-21043” markalı nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması müəyyən edilmişdir. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır Ona görə də apellyasiiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 12 mart 2024-cü il tarixli 2-1(116)-770/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-770/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-770/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

39. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

40. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

41. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

42. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə- orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 9.0-cı maddəsinə əsasən sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində aşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2-ci bəndinə görə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra- Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra- VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2-ci bəndinə görə VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X6 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra- Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra- Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X1nin aparılması barədə tapşırıq göndərilir. Həmçinin Qaydalara görə: 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.5-ci bəndinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.6-cı bəndinə əsasən sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır: 3.6.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 3.6.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 3.6.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 3.6.4. axtarışda olan şəxslər; 3.6.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları; 3.6.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdı. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. ... 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır... APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

45. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-770/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

46. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

47. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

48. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

49. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

50. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X12 və X18 (VEMTAS) yaradılmışdır.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir.

52. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixindən ailəyə təyin olunmuş aylıq 445,50 manat məbləğində sosial yardımın verilməsi ailənin istifadəsində nəqliyyat vasitəsi olduğuna görə xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/1-127693/2023 nömrəli sorğunun cavabında ÜDSY alan ailənin üzvü Nümayəndə2 xx.xx.2012-ci il tarixdən xx.xx.2058-ci il tarixədək **-DS-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı, xx.xx.2010-cu il tarixdən xx.xx.2060-cı il tarixədək **-BJ-*** qeydiyyat nişanlı “VAZ-21043” markalı nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması cavabdeh tərəfindən müəyyən edilmişdir.

53. Bununla bağlı “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” b4b219508f5f4f1f86ae6dd814835f6b nömrəli bildiriş tərtib edilmişdir. Həmin bildirişdə xx.xx.2023-cü il tarixli **********34408 nömrəli müraciətə görə sosial yardımın təyin edilməsindən “maddi X8 zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması” ilə imtina edildiyi bildirilmişdir. Bununla yanaşı bildirişdə “Ünvanlı dövlət sosial yardımı haqqında” AR Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması qərara alınmışdır.

54. Cavabdeh tərəfindən ünvanlı dövlət sosial yardımının dayandırılması, iddiaçının təmsilçisi olduğu ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması və ödənilmiş vəsaitin geri tələb edilməsi üçün əsas qismində iddiaçının ailə üzvünün nəqliyyat vasitəsinə etibarnamə əsasında istifadə hüququnun olması göstərilmişdir.

55. Lakin birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin Şəki regional Qİ və TB şöbəsinin xx.xx.2024-cü il tarixli, 485 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, şöbədə xx.xx.1994-cü il tarixdə yaradılan mərkəzləşdirilmiş kompyuter bazasına əsasən Nümayəndə2 adında avtomotonəqliyyat vasitələrinin qeydiyyatda olması aşkar edilməmişdir.

56. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında olan AR DİN Baş X21 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətinə əsasən müəyyən edilmişdir ki, məktub cavabdehin sorğusu əsasında tərtib edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahı qeydiyyatdan çıxarılan və etibarnamə ilə istifadəyə verilmiş nəqliyyat vasitələri barədə məlumatdır. Siyahıda **-DS-*** dövlət nömrə nişanlı VAZ 2106 markalı nəqliyyat vasitəsinə münasibətdə X3 adı 5-ci sırada göstərilmiş, etibarnamə xx.xx.2012-ci ildə rəsmiləşdirilmiş, ondan sonra daha 5 nəfərə həmin nəqliyyat vasitəsinə dair etibarnamə verilməsi barədə məlumat mövcuddur. Həmin etibarnamədən sonra sözügedən nəqliyyat vasitəsinə sərəncam hüququ xx.xx.2012-ci ildə adı 6-cı sırada göstərilən X10, daha sonra xx.xx.2013-cü ildə adı 7-ci sırada göstərilən X4, ondan sonra xx.xx.2013-cü ildə adı 9-cu sırada göstərilən X9, daha sonra xx.xx.2013-cü ildə adı 10-cu sırada göstərilən X5 verilmişdir.

57. **-BJ-*** dövlət nömrə nişanlı VAZ 21043 markalı digər nəqliyyat vasitəsinə münasibətdə tərtib edilmiş siyahıda isə X3 adı 3-cü sırada göstərilmiş, etibarnamə xx.xx.2010-cu ildə rəsmiləşdirilmiş, ondan sonra daha 5 nəfərə həmin nəqliyyat vasitəsinə dair etibarnamə verilməsi barədə məlumat mövcuddur. Həmin etibarnamədən sonra sözügedən nəqliyyat vasitəsinə münasibətdə xx.xx.2010-cü il, xx.xx.2011-ci il, xx.xx.2011ci il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixlərdə etibarnamələr tərtib edilmişdir.

58. Göründüyü kimi, cavabdeh iddiaçının ailəsinə ödənilən ünvanlı dövlət sosial yardımın dayandırılması əsası kimi, sözügedən 2010-cu və 2012-ci illərdə verilmiş etibarnamələrə istinadla ailənin istifadəsində nəqliyyat vasitəsi olması qənaətinə gəlmişdir.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, şəxsə nəqliyyat vasitəsindən istifadə hüququnun verilməsi hələ həmin nəqliyyat vasitəsinin onun və ailəsinin istifadəsində olması anlamına gəlmir. Belə ki, peşəsi sürücü olan şəxs həmin nəqliyyat vasitəsindən peşə fəaliyyəti ilə əlaqədar da istifadə edə bilər. Bu sözügedən nəqliyyat vasitəsinin onun ailəsinin istifadəsində olması anlamına gəlməyəcəkdir. Belə ki, şəxsə istifadə hüququnun verilməsi ilə onun ailəsinin istifadəsində nəqliyyat vasitəsinin olması qənaətinə gələn cavabdeh işin faktiki hallarının şərhi və mövcud vəziyyətin qiymətləndirilməsində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göstərilən normanın məzmunundan da göründüyü kimi, istifadə hüququ sənəd üzərində verilmiş hər-hansı formal hüquqi baxımdan deyil, həm də maddi olaraq faktiki istifadəni özündə ehtiva etməkdədir. Cavabdeh tərəfindən isə nə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan nəqliyyat vasitəsinin mövcud olmasına dair qeydiyyat, nə də ailənin maddi məişət şəraitinin yoxlanılması zamanı faktiki olaraq ailənin istifadəsində belə bir nəqliyyat vasitəsinin mövcud olmasına dair hər-hansı sübut aşkar edilməmişdir.

60. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən həm ünvanlı dövlət sosial yardımının təyin edilməsi, həm də artıq təyin edilmiş və ödənişi həyata keçirilən yardımın qanunauyğunluğunun yoxlanılması zamanı bu fəaliyyət formal hüquqi baxımdan deyil sosial təminat hüququnun məzmununa uyğun şəkildə qurmalı və ona uyğun qiymətləndirmə aparmalıdır.

61. Belə olan halda, nəzərə almaq lazımdır ki, həmin icraat inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla həyata keçirilməlidir. Cavabdeh dayandırılmaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün səbəbləri aydın şəkildə göstərməli, onlara dair mövqeyini bildirməli və əsaslandırmalıdır. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir.

62. Ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə qeyd edirlməlidir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə və ya ünvanlı dövlət sosial yardımının dayandırılmasına gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı dövlət sosial yardımının dayandırılması barədə qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq dayandırmanın əsasını təşkil edə bilər. Eyni zamanda cavabdeh ünvanlı dövlət sosial yardımının ödənişinin dayandırılmasını inzibati icraat daxilində xüsusi prosedur qaydalarına tabe fəaliyyət kimi qiymətləndirməyə çalışır ki, məhkəmə cavabdehin bu mövqeyinin də əsassız olduğu qənaətindədir. Belə ki, VEMTAS vasitəsilə, yəni texniki qurğunun köməyilə aparılan inzibati icraat da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə tabedir. Bu baxımdan cavabdeh faktiki olaraq bildirişlə iddiaçı və onun təmsilçisi olduğu ailəsinə mansibətdə, onların hüquqi statusunda dəyişikliyə səbəb olan qərarları qəbul etmiş və məhdudiyyətin müəyyən edilməsi barədə qərarını da həmin bildirişdə təsbit etmişdir.

63. Məhkəmə göstərilən mövqedən çıxış edərək hesab edir ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasından ibarət məlumata işin halları baxımından formal yanaşmış, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əməl etməmiş, ödənişlərin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsindən ibarət qənaətə gəlmiş, hətta əvvəlki ödənişlərin geri tələb edilməsinə dair fəaliyyətə başlamışdır. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının poluzlmasına səbəb olmuşdur.

64. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin hərəkət və qərarlarının əsaslılığını, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin fəaliyyəti inzibati orqan olaraq onun güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

66. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-770/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar