Məhkəmə qərarları › İş №2-1(107)-312/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-312/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-312/2022 26.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X14, X21, X22, X26 və X10 adlarına verilmiş JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2-1(116)-181/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X14, X21, X22, X26 və X10 adlarına verilmiş JN448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-237/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-67/2021 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Müvafiq qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-698/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-67/2021 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-305/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-237/2020 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə X1 qanuni istifadəsində 1589 kv. metr torpaq sahəsinin saxlanması qərara alınmışdır. Həmin torpaq sahəsinin 0.10 ha torpaq sahəsinə iddiaçı da daxil olmaqla ailə üzvlərinin adlarına JN447F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhaətnamə verilmişdir. 589 kv. metr torpaq sahəsi ilə bağlı isə məhkəmə qaydasında hüquqlarının olması müəyyən olunmuş, cavabdeh orqan həmin sahəyə iddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqlarını qeydə alınmışdır. Hazırda iddiaçı ilə qonşuluqda yaşayan X26 iddiaçıya və onun ailə üzvlərinə qarşı Çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır.

5. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi iddianı təmin etmədiyindən apellyasiya şikayəti verilmişdir. Qeyd edilmişdir ki, Fərid Çələbiyev iddia edir ki, onun ailə üzvlərinə hər birində 0.08 ha torpaq sahəsi olmaqla JN-448A saylı və JN- 448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir və JN-448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçı və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. İddiaçı bildirir ki, onlara verilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 16 iyul 1996-cı ildə qüvvəyə minmiş «Torpaq İslahatı haqqında» qanunun tələblərinə əsasən verilmişdir. Həmin qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərid Çələbiyev və qeyrilərinin adlarına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 448F saylı şəhadətnamə formal tərtib olunmuşdur, orada hər hansı tikili mövcud deyildir. 448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə heç bir sərhədi yoxdurş İlkin torpaq ayırma qərarı və çertyoju mövcud deyildir. Buna baxmayaraq həmin vaxt fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu eyni şəxslərin adlarını 2 dəfə eyni ölçüdə torpaq sahəsi verilməsinə dair siyahıya daxil etmiş və eyni şəxslərə eyni əsasla 2 dəfə torpaq sahəsi vermişdir. Hansı ki, JN-448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə fərdi yaşayış evinin olması qeyd olunmuş, JN-448F saylı şəhadətnamədə fərdi yaşayış evi göstərilməmiş və həmin şəhadətnamənin koordinatları iddiaçı və onun ailə üzvlərinin qanuni istifadələrində olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən ayrılmış torpraq sahəsinin sərhədləri hüdudlarında olmaqla iddiaçı və onun ailə üzvlərinin hüquqlarını pozur.

6. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, idarənin arxiv materiallarına istinadən bildirilir ki, ünvan 1 ünvanda 0,1589 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində İddiaçı (yaşayış evi tam; ümumbirgə torpaq sahəsi – 0.12 ha) və onun ailə üzvlərinin ( 9 nəfər ümumbirgə torpaq sahəsi) mülkiyyət hüququ JN-447F nömrəli, kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988ci il tarixli, 01 nömrəli qərarı əsasında xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Hazırda mübahisələndirilən iddia ilə bağlı X26 cavabdehlər X4, X5, X6, X27, İddiaçı, X11 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv olunması barədə Mingəçevir Şəhər Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, məhkəmənin 2(051)-1382/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. X26 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1382/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, Koilektıv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatları haqqında’’ Azərbaycan Respublikası qanununun 9cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövıət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

8. İş üzrə üçüncü şəxs X26 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddia tələbi ilə razılaşmır. Belə ki, bu məsələ ilə əlaqədar Mingəçevir Şəhər Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin və AR Ali Məhkəməsinin müvafiq qərarları vardır. Həmin qərarlarda bu məsələyə istinad olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər iddiaçı qanunsuz olaraq Çıxarış almışdır və həmin Çıxarışın etibarsız hesab edilməsi barədə üçüncü şəxslər məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qərarları da vardır. Məhkəmə qətnaməsi olduğu bir halda iddiaçı yenidən bu tələblə məhkəməyə müraciət etmişdir, bu tamamilə əsassızdır. Qeyd edildiyi kimi həmin iş üzrə məhkəmə qətnamələri var. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh X4 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə gedən yolun açılması barədə iddia təmin edilmiş, cavabdeh A.Çələbiyev bu qətnamədən apellyasiya şikayəti vermiş və A.Çələbiyevin apellyasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi JN-448F saylı şəhadətnaməyə uyğun olaraq zəbt olunmuş ünvan 2 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinın boşaldılması və həmin torpaq sahəsinə gedən yolun açılması hissəsində dəyişdirilmiş və həmin müddəa aşağıdakı müddəa ilə əvəz edilmişdir: “JN-448F saylı kod 90200002 №li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ünvan 3 ünvanında yerləşən, zəbt olunmuş 0,08 ha həyətyanı torpaq sahəsinin cavabdeh X15 tərəfindən boşaldılması və həmin torpaq sahəsinə gedən yolun onun tərəfindən açılması qət edilmişdir”. O da qeyd edilir ki, X16 məxsus 448F №li şəhadətnamədə göstərilmiş torpaq sahəsinin yola çıxışında qarşı tərəfin tövləsi olduğuna görə X12 həmin torpaq sahəsinə girişi mümkün deyildir. Bu hallar işdə olan mütəxəssis rəyləri, həmçinin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 24 noyabr 2015-ci il tarixli 18685 №li ekspert rəyi ilə təsdiq edilir. Bu faktlar da əvvəlki işlərdə müəyyən olunmuşdur. Buna baxmayaraq, iddiaçı yenədə bu tələblə məhkəməyə müraciət etmişdir.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

10. Birinci instansiya məhkəməsinin 2-1(116)-1212/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X23, X15, X17, X18 və X32 üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb edilmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 2 avqust 2022-ci il tarixli 2- 1(116)-181/2022 nömrəli qərardadı ilə məhkəmənin 2-1(116)-1212/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində adi cəlb edilmiş X23, X15, X17, X18 və X24 hazırkı inzibati mübahisədə iştirakı, adi cəlbetmədən - zəruri cəlbetməyə dəyişdirilmiş və iddia mümkün sayılmamışdır.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Fərid Çələbiyev və qeyrilərinin adlarına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair 2-ci şəhadətnamə JN- 448F ilə saylandırılmış olmaqla formal tərtib olunmuşdur, orada hər hansı tikili mövcud deyildir. Fərid Çələbiyevə verilmiş 448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə heç bir sərhədi yoxdur. Bundan əlavə həmin şəhadətnamənin verilməsinə əsas olmalı olan ilkin torpaq ayırma qərarı və planı mövcud deyildir. Buna baxmayaraq həmin vaxt fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu eyni şəxslərin adını 2 dəfə eyni ölçüdə torpaq sahəsi verilməsinə dair siyahıya daxil etmiş və eyni şəxslərə eyni əsasla 2 dəfə torpaq sahəsi vermişlər. Hansı ki, JN-448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə fərdi yaşayış evi göstərilməmiş və həmin şəhadətnamənin koordinatları iddiaçının qanuni istifadəsində Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən ayrılmış torpaq sahəsinin sərhədləri hüdudlarında olmaqla iddiaçının hüquqlarını pozur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2-1(116)-181/2022 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, vəkili Vəkil2 və üçüncü şəxs X15 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2-1(116)-181/2022 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2-1(116)-181/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X28 və X12 vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2-1(116)-181/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər X23, X17, X18, X32, X26 və Çələbiyeva (Cəfərova) Mənsumə Sabir qızı məhkəmə iclasına gəlməmişlər.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - “Mingəçevir şəhər ərazisindəki bələdiyyə torpaqlarının Mingəçevir Bələdiyyəsinə təhvil verilməsi üçün komissiya yaradılması haqqında” Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 №-li sərəncamından görünür ki, müvafiq sərəncamla 2 məsələ həll edilmişdir:

1. Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən, Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil vermək məqsədilə komissiyanın yaradılması,

2. torpaq qanunvericiliyinə uyğun olaraq Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, həmin torpaq sahələrini komissiya tərəfindən hazırlanmış yerquruluşu sənədləri ilə birlikdə Mingəçevir bələdiyyəsinə verilməsinin təmin edilməsi və təhvil-təslim aktı ilə rəsmiləşdirilməsinin komissiyaya tapşırılması. - Mingəçevir şəhər İHB-nın xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda qeyd edilmişdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 №-li sərəncamı Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən o zaman yaradılan Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrinin müəyyənləşdirilməsi, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil verilməsi məqsədilə komissiyanın yaradılması haqqındadır. Həmin Sərəncamla yaradılmış komissiya Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmişdir. Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir. - X20 Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarında X1 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1589 kv.m qeyd edilib). - X20 Filialının xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarında X2 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1393.5 kv.m qeyd edilib). - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-2195/2014 nömrəli Qətnaməsi ilə həmin iş üzrə iddiaçı X21 və onun nümayəndəsi X8 cavabdeh X4 qarşı ”atası X2 mülkiyyətində olan JN448F kod 90200002 seriyalı şəhadətnaməsi ilə ünvan 4-də yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində zəbt olunmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə gedən yolun açılması” barədə iddia tələbi təmin edilmişdir. Qətnamədən həmin iş üzrə cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)-432/2015 nömrəli Qətnaməsi ilə təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-2195/2014 nömrəli Qətnaməsi “JN448F (kod ********) nömrəli şəhadətnaməyə uyğun olaraq zəbt olunmuş ünvan 4 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi boşaldılsın və həmin torpaq sahəsinə gedən yol açılsın” hissəsində dəyişdirilərək “JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ünvan 3 ünvanında yerləşən, zəbt olunmuş 0.08 ha həyətyanı torpaq sahəsi cavabdeh X15 tərəfindən boşaldılsın və həmin torpaq sahəsinə gedən yol onun tərəfindən açılsın” müddəası ilə əvəz edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)- 432/2015 nömrəli Qətnaməsindən həmin iş üzrə cavabdeh X15 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2854/17 nömrəli Qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)-432/2015 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam, sahəsi 0.1590 ha olan torpaq sahəsinin 0.49 ha hissəsi iş üzrə İddiaçı, digər hissələr isə iddiaçının ailə üzvlərinin (X23, X15, X17, X18) mülkiyyətinə verilmişdir. - JN-447F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 2 may 2000-ci il tarixli 199 nömrəli qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi X13 və onun ailə üzvlərinin (X3, İddiaçı, X9, X15, X17, X18, X32) mülkiyyətinə verilmişdir. - JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X14 və onun ailə üzvlərinin (X21, X22, X26, X28) mülkiyyətinə verilmişdir. - JN-448A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X14 və onun ailə üzvlərinin (X21, X22, X26, X28) mülkiyyətinə verilmişıdir. - Mingəçevir LTİ tərəfindən verilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində araşdırmanın nəticə olaraq qeyd edilir:

1. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 1839 kv.m-dir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********11-10301 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsi 1589 kv.m-dir. Torpağın mülkiyyətə verilməsinə dair JN-448A və JN-448F nömrəli şəhadətnamələrə əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi 1644 kv.m olmalıdır. Lakin onların istifadəsində faktiki olaraq 776 kv.m torpaq sahəsi vardır.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

24. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, ləğvi tələb edilən şəhadətnamənin verilməsinə əsas olmuş Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 nömrəli Sərəncamının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq sərəncam qüvvədə olduğundan onun əsasında verilmiş şəhadətnamə mübahisələndirilə bilməz.

25. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

26. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

27. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçıların tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

28. Belə ki, iş materiallarından görünür ki, JN-447F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 2 may 2000-ci il tarixli 199 nömrəli qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi X13 və onun ailə üzvlərinin (X3, İddiaçı, X9, X15, X17, X18, X32) mülkiyyətinə verilmişdir. JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X14 və onun ailə üzvlərinin (X21, X22, X26, X28) mülkiyyətinə verilmişdir. JN-448A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X14 və onun ailə üzvlərinin (X21, X22, X26, X28) mülkiyyətinə verilmişıdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X14, X21, X22, X26 və X10 adlarına verilmiş JN448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 237/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-67/2021 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Müvafiq qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-698/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-67/2021 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi bəhs edilən hüquq normalarının işığında araşdırma aparmayaraq iddiaçının hüququnun pozulmasını bildiyi (bilməli olduğu) vaxtı müəyyən etməmişdir. İddiaçının adının qeyd edildiyi torpağa mülkiyyət hüququna dair şəhadətnamə 2003-cü ildə tərtib edilmişdir. İddiaçı hesab edir ki, üçüncü şəxslərin adlarına tərtib edilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə onların mülkiyyətində olan torpaq sahəsi ilə bağlıdır. Apellyasiya məhkəməsi mübahisə açdığı üçüncü şəxslərin adına tərtib edilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamədən iddiaçının nə vaxt məlumatlı olmasını araşdırmamışdır.

29. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı şəhadətnamənin inzibati orqan tərəfindən düzgün tərtib edilməməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 199 saylı Sərəncamı mübahisələndirilməmiş, cavabdeh inzibati orqan tərəfindən şəhadətnamələrin səhv tərtib edilməsi mübahisələndirilmişdir.

30. Halbuki, İPM-in 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.

31. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iddiaçının vəkilinə iddiaçının səhv tərtib edilən şəhadətnamədən nə vaxt məlumatlı olması ilə bağlı verilən suala cavab olaraq iddiaçının vəkili bildirmişdir ki, iddiaçı X12 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbinə 2019-cu il tarixdə Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman məlumatlı olmuşdur.

32. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X14, X21, X22, X26 və X10 adlarına verilmiş JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması hissədə ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2-1(116)-181/2022 nömrəli qərardadı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X14, X21, X22, X26 və X10 adlarına verilmiş JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması hissədə ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar