Məhkəmə qərarları › İş №2-1(107)-312/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-312/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-312/2024 10.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və X8 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Meşəşambul kəndində yerləşən, iddiaçının mərhum valideynləri X15 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,24695 ha torpaq sahəsinə dair tərtib edilmiş **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatının düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-387/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Meşəşambul kəndində yerləşən, mərhum valideynləri X15 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,24695 ha (arxiv arayışlarında 0,25 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatında düzəliş olunaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən Balakən rayonu, Meşəşambul kəndində X15, X9, X12 və X2 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X12 və X4 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özlərinə düşən hissəni naturada ayırmış və hüquqlarını DƏDRX qeydiyyata aldırmışlar. Torpaq sahəsinin yerdə qalan hissəsinə (mərhum atası X10 və mərhum anası X5 düşən hissəsinə) xx.xx.2021-ci il tarixdə Balakən rayon Asan Xidmət Mərkəzinin Notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açıldıqdan sonra iddiaçı torpaq sahələrinə mərhum valideynlərinin adına çıxarış əldə etmişdir. Lakin çıxarışda torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olması qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-O-00xx-xx/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş sənədlərdə düzəliş edilməsi, onların ləğv edilməsi və ya torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2872/2023 nömrəli “iddiaya qarşı etirazın bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, sözügedən 0,24695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənədi ləğv edilmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən verilmiş JN-133 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı olmuşdur. Həmin sənəddə müvafiq torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kimi göstərilmişdir.

4. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Balakən rayonu Meşəşambul kəndində yerləşən, iddiaçının mərhum valideynləri X15 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,24695 ha torpaq sahəsinə dair tərtib edilmiş **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatının düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 6 mart 2024-cü il tarixli 2- 1(116)-387/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı Abdulla oğlunun mərhum valideynləri X15 və X5 torpaq islahatı nəticəsində həyətyanı torpaq sahəsinin verilib-verilməməsi məsələsilə bağlı araşdırma aparmamışdır. Bunu müəyyən etmək üçün məhkəmə öz vəzifə səlahiyyətlərinə görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC-yə (islahat nəticəsində həyətyanı torpaq sahəsi verilmiş şəxslərə dair subyektlər siyahısından çıxarış əldə olunması ilə bağlı) müvafiq sorğu göndərməmişdir. Eyni zamanda həmin şəxlərə (İddiaçı Abdulla oğlunun mərhum valideynləri X15 və X5) islahat nəticəsində verilmiş həyətyanı torpaq sahələrinə dair Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən hazırlanmış müvafiq “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin və ya “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olub-olmaması məsələsini də araşdırmamışdır. İddia predmeti olan torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında verilmiş və həmin qərara əsasən Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-133 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanmış və buna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyası kimi dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Həmin “Dövlət Aktı” sənədi isə Balakən rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən verildiyindən, həmin qərar ləğv olunmadan və ya dəyişdirilmədən onun əsasında aparılmış dövlət qeydiyyatının dəyişdirilməsi mümkün sayıla bilməz. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilə bilər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)- 387/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-387/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-387/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

14. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Balakən rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli 3-48-7RA/2-87/2023 nömrəli məktubuna əlavə olunmuş Meşəşambul kənd icra nümayəndəliyinin 1991-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında X7 və İddiaçı Abdulla oğlunun təsərrüfatı yazılan vərəqələrin təsdiqlənmiş surətlərindən görünür ki: Abdulla Osmanovun təsərrüfatında 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitablarında cəmi torpaq sahəsi 0,25 ha, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında torpaq sahəsinin kadastr nömrəsi 133, cəmi torpaq sahəsi qrafasında 0,25 ha, 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında torpaq sahəsinin kadastr nömrəsi 133, cəmi torpaq sahəsi 1,31 ha, xüsusi mülkiyyətdə qrafasında 0,25 ha göstərilmişdir. İddiaçı təsərrüfatında 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitablarında cəmi torpaq sahəsi 0,05 ha, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında torpaq sahəsinin kadastr nömrəsi 571, cəmi torpaq sahəsi qrafasında 0,05 ha, 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında torpaq sahəsinin kadastr nömrəsi 571, cəmi torpaq sahəsi 2,91 ha, xüsusi mülkiyyətdə qrafasında 0,05 ha göstərilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat, **********42 reyestr nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,24695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 və X3 hər birinin ½ payı olmaqla paylı mülkiyyətindədir. A seriyalı 786744 nömrəli xx.xx.2022-ci il tarixdə DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən **********42 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,24695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. Sənədin tərtib olunmasına əsas Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsi, DTXK-nın Balakən rayon şöbəsinin JN-0133 xx.xx.1999-cu il tarixli Dövlət Aktı olmuşdur. xx.xx.2021-ci il tarixli, 2V-493 və 2V-494 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X7 və xx.xx.2007-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu İddiaçı Abdulla oğludur. Miras əmlak JN-133 kod 40109018 nömrəli Dövlət Aktına əsasən Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 1,31 ha olan torpaq sahəsinin mərhumlara çatacaq hissələrindən ibarətdir. JN-133 kod 40109018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, X9, X4 və X11 ayrılmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X13 və X1 X7 X3 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar X6 və X1 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı Abdulla oğlu və X14 çıxarılması qət edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-3515/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, A seriyalı 786743 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,24695 ha torpaq sahəsi DWJ məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi və TEKUİS məlumat bazasına əsasən isə yaşayış mənqələri torpaqlarına aid həyətyanı sahə kimi işlənilmişdir. **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsi DWJ məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi və TEKUİS məlumat bazasına əsasən isə yaşayış mənqələri torpaqlarına aid həyətyanı sahə kimi işlənilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən:

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 10-cu maddəsinə görə, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir...

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

20. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.

21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddia tələbində qeyd edilən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat, **********42 reyestr nömrəli çıxarış əsasında 0,24695 ha mübahisəli torpaq sahəsi üzərində iddiaçının mərhum valideynlərinin mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmış, çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. Bu hal işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərək mübahisəli torpaq sahəsinin təyinatının hüquqmüəyyənedici sənədlərdə düzgün göstərilmədiyi bildirilmiş və müvafiq düzəlişin aparılması öhədliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. İddiaçının hüquqi marağı hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaqların elektron kadastr uçot informasiya sistemində torpaq sahəsinin təyinatı yaşayış mənqələri torpaqlarına aid həyətyanı sahə kimi işlənilmişdir. Lakin cavabdeh tərəfindən sonuncu dürüstləşdirilmiş informasiya mənbəyinin özünün istifadəsində olan TEKUİS məlumat bazası olmasına baxmayaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı zamanı köhnə məlumat bazasında mövcud olan məlumatlara istinad edilməklə hüquqmüəyyənedici sənədlər hazırlanmışdır.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişinin hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsasların olmasına baxmayaraq cavabdeh tərəfindən belə düzəlişin aparılmasından əsassız olaraq imtina edilmişdir. Həmçinin, artıq üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin mülkiyyətçisinin və ya digər hüquq sahibinin müraciəti əsasında hüquqmüəyyənedici sənədlərdə düzəliş edilərək torpaq sahəsinin təyinat və kateqoriyasının dövlət tərəfindən müəyyən edilmiş şəkildə göstərilməsi nəinki hər-hansı şəxsin, hətta ictimai və dövlət mənafelərinin pozulmasına gətirib çıxara bilməz.

30. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Balakən rayonu Meşəşambul kəndində iddiaçının mərhum valideynləri X15 və X3 paylı mülkiyyətində olan, fərdi yaşayış evinin yerləşdiyi 0,24695 ha torpaq sahəsinə dair tərtib edilmiş **********42 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-387/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar