Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-313/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının 28.01.2020-ci il tarixli, 3 saylı protokolunun 11-ci bəndinin, həmçinin ondan verdiyi şikayət üzrə Azərbaycan Respublikası Vəkillər X2 06.02.2020-ci il tarixli qərarını ləğv edib cavabdehin üzərinə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmasının təmin edilməsi öhdəliyinin qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2-1(116)-381/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının 28.01.2020-ci il tarixli, 3 saylı protokolunun 11-ci bəndindən verdiyi şikayət üzrə Azərbaycan Respublikası Vəkillər X2 06.02.2020-ci il tarixli qərarını ləğv edib cavabdehin üzərinə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmasının təmin edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4334/2020 nömrəli, 16.09.2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Vəkillər X1 03 iyul 2015-ci il tarixli qərarı ilə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilərək vəkillik fəaliyyətinə xitam verilmişdir. Qərar qəbul edilərkən ondan hər hansı izahat alınmamış və ümumiyyətlə barəsində aparılan müzakirələr haqqında xəbərdar edilməmişdir. Qərardan “haqqın.az” saytı vasitəsi ilə xəbərdar olmuşdur. Qərarın surəti iddiaçıya göndərilmədiyinə görə 10 iyul 2015-ci il tarixdə sorğu ilə cavabdehə müraciət etmişdir. Vəkillər Kollegiyasının 265 saylı, 16 iyul 2015-ci il tarixli məktubu ilə qərarın surəti iddiaçıya göndərilmişdir. Bu qərara görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə istinad edilməklə kollegiya üzvlüyündən xaric edilməklə iddiaçının vəkillik fəaliyyətinə xitam verilmişdir. İddiaçı “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vəkillər Kollegiyasına üzvlük üçün 2017-ci ilin dekabr ayının 16-da təkrar müraciət etmişdir. İddiaçı müraciət etdikdən sonra dəfələrlə cavabdeh təşkilatın rəhbər vəzifəli şəxsləri ilə görüşmüş, ərizəsinin taleyinə aydınlıq gətirilməsini istəmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının sədri cənab Ramiz İbrahimov, aparat rəhbəri cənab Fərhad Nəcəfov, sədr müavinləri Pərviz Ələkbərov, Aydın Axundovla iddiaçının görüşləri nəticəsiz qalmışdır. İddiaçının ərizəsi baxılması üçün İxtisas Komissiyasına göndərilməmiş, səbəbləri barədə ona yazılı məlumat verməkdən imtina edilmişdir. 2019-cu ilin iyul ayında sosial şəbəkə üzərindən cavabdehə etdiyi müraciətdən sonra cavabdeh təşkilat Azərbaycan Respublikası Vəkillər X2 sədr müavini cənab Pərviz Ələkbərovun imzası ilə İddiaçı Əbülfət oğluna (ehtimal ki, iddiaçıya) 04 avqust 2019-cu il tarixli, 1114 saylı məktubla bildirib ki, şifahi müsahibə mərhələsinə dəvət olunacaqdır. Vaxt və yer haqqında heç bir məlumat verilməmişdir. İddiaçı cavab başdansovdu olduğundan 30 avqust 2019-cu il tarixdə cavabdehə sorğu ilə müraciət etmiş, 2017-ci ilin dekabr ayının 16-dan etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının keçirilən iclasları barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavablandırılmamışdır. Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı “öhdəlik qoyulması tələbinə dair” iddia qaldırandan sonra cavabdeh 11 yanvar 2020-ci il tarixdə mesaj və 12 yanvar 2020-ci il tarixdə teleqramla iddiaçını 14 yanvar 2020-ci il tarixdə keçirilən şifahi müsabiqəyə çağırmış, istifadəsində olan sosial şəbəkədə yerləşdirdiyi məlumatda şifahi müsahibədən keçən şəxslər siyahısına adını daxil etməmişdir. İddiaçı sorğu ilə tələb etsə də, İxtisas Komissiyasının 2020-ci il tarixli iclas protokolu ona göndərilməmişdir. İddiaçı internet resurslarında cavabdehin yerləşdirdiyi məlumat əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının inzibati akt kimi qəbul edilə biləcək protokolundan cavabdehə şikayət vermişdir. Onun şikayətinə baxılmasının vaxtı və yeri barədə heç bir məlumat verilməmiş, təkrar sorğulardan sonra cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 sədr müavini Aydın Axundovun imzası ilə 04 mart 2020-ci il tarixli məktubla iddiaçıya bildirilib ki, İxtisas Komissiyasının qərarından verdiyi şikayət cavabdehin 06.02.2020-ci il tarixli iclasında baxılaraq müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, ayrı seçkiliyə məruz qalmışdır ki, bu da həm ölkə daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı, qoşulduğu beynəlxalq müqavilə və Konvensiyalara ziddir. Belə ki, cavabdeh 2 il 2 ay ərzində iddiaçının müraciətinə baxılmasını təmin etməmiş, yuxarıda göstərildiyi kimi cavabdehə qarşı məhkəmədə iddia qaldırandan sonra müraciətinə baxılmasına dair iddiaçının sənədlərini ixtisas komissiyasına göndərmiş, barəsində ayrı-seçkiliyə yol vermiş, sənədlərinin göndərilməməsinin səbəbləri barədə iddiaçının sorğusunu cavablandırmamış, məhkəməyə müraciətinə mane olmaq üçün İxtisas Komissiyasının qərarının surətini Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundovun imzası ilə 04 mart 2020-ci il tarixli məktubla göndərmiş, iddiaçının şikayətilə bağlı cavabdehin qərarını iddiaçıya göndərməmiş, yalnız məktubla bu barədə məlumat vermişdir. Bundan başqa məktubda iddiaçının müraciətinə hansı qaydada baxıldığı, İxtisas Komissiyasının üzvlərinin dəvət edilib edilmədiyi göstərilməmişdir. Yuxarıda göstərildiyi kimi iddiaçı həmin iclas barədə məlumatlandırılmamış, iclasın protokolu, qəbul edilmiş qərarın surəti ona göndərilməmişdir. Odur ki, iddiaçı “Vəkillər və vəkillik haqqında” Qanunun 16-cı, 18-ci və 22-ci maddələrini, həmçinin “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 4.2-ci, 5.2ci, 6.1-ci və 8.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Vəkillər X1 06.02.2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, cavabdehin üzərinə onu vəkillik andının içilməsi üçün Azərbaycan Respublikası Vəkillər X2 iclasına çağırılmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və “Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının 28.01.2020-ci il tarixli, 3 saylı protokolunun 11-ci bəndinin, həmçinin ondan verdiyi şikayət üzrə Azərbaycan Respublikası Vəkillər X2 06.02.2020-ci il tarixli qərarını ləğv edib cavabdehin üzərinə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmasının təmin edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının “icbari təlimə buraxılmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürmək üzrə subyektiv hüququ yoxdur. Hesab edirik ki, ixtisas imtahanının şifahi müsahibə mərhələsində onun barəsində müsbət rəy verilmədiyi üçün iddiaçının belə tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçının suallara “qeyri-məqbul” cavab verməsi iş materiallarına əlavə edilmiş protokol və vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarış ilə təsdiq edilir. Belə ki, vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışdan görünür ki, iddaçıya 15.01.2020-ci il tarixdə Komissiya üzvləri tərəfindən namizədə Konstitusiya məhkəməsinə şikayətlərin verilməsi qaydası və şərtləri, Cinayət Prosessual qanunvericiliyin təyinatı, Nağdsız hesablaşmaların formaları, İPM-də məhkəmə qərarlarının elan və təqdim olunması, İşçinin tam maddi məsuliyyəti məzmununda suallar verilmiş, Vəkillərin İxtisas Komissiyasının iclasda iştirak edən 8 üzvünün hər biri tərəfindən hər bir suala cavab ayrı-ayrılıqda yazılı qiymətləndirilməklə iddiaçıya ümumilikdə 1 məqbul və 39 qeyri-məqbul qiyməti verilmiş, bu qiymətlər hər bir üzvə bir nüsxədə verilmiş və onun tərəfindən imzalanmaqla təsdiq edilən “Vəkilliyə namizdələrlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəli” adlı sənəddə əks etdirilmiş, qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olmuşdur. Bu səbəbdən 28 yanvar 2020-ci il tarixli 3 saylı iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddaçının cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir. Göründüyü kimi iddiaçının cavablarının qeyri-məqbul qiymətləndirilməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir, iddiaçının onun verdiyi cavabların qeyri-məqbul qiymətləndirilməsinin faktiki əsasının olmaması barədə heç bir əsası olmayan dəlilləri uydurma və mülahizə xarakterlidir, iddiaçı bu dəlilləri sübuta yetirən hər hansı bir sübutu təqdim etməmişdir. İddiaçının hazırkı iş üzrə mötəbərlik prinsipinə istinadı da bu prinsipin mahiyyətinə uyğun olmamaqla, tamamilə əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun mötəbərlik prinsipini müəyyən edən 19.1ci maddəsinə hərfi istinad ixtisas imtahanının şifahi müsahibə mərhələsində namizədin verdiyi cavabın mötəbər hesab edilməsi kimi şərh edilə bilməz. Belə yanaşma ümumilikdə ixtisas imtahanının mahiyyətini heçə endirir və onun təbiətinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. İxtisas imtahanının keçirilməsi ilə bağlı qaydalar isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” ilə müəyyən edilmişdir və mötəbərlik prinsipinin belə sərbəst və ixtiyari şəkildə şərhi onun mahiyyətinə və ixtisas imtahanının keçirilməsi ilə bağlı xüsusi qaydalara ziddir. İxtisas imtahanının şifahi müsahibə mərhələsi qanunun tələblərinə uyğun keçirilmişdir. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində hüquqa aid sualların verilməsini ixtisas imtahanının test (yazılı) mərhələsinin təkrarı hesab etməsi, eyni funksiya daşıması, şifahi müsahibəyə yazılı testlə əlaqəli eyni qaydaların tətbiq edilməsi barədə iddialarının heç bir faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Şübhəsizdir ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. Vəkillər X2 7 iyul 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. İxtisas imtahanının yazılı (test) mərhələsinin keçirilmə şərtləri həmin Qaydaların 4.1- 4.9-cu bəndləri ilə, şifahi müsahibə mərhələsinin keçirilmə qaydaları isə 5.1-5.5-ci bəndləri ilə tənzimlənir. Qaydaların 5.3-cü bəndinə əsasən hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Vəkillərin İxtisas Komissiyası vəkilliyə qəbula dair imtahan proqramını https.y/barassociation.az/recruitment səhifəsində dərc etməklə namizədlərin diqqətinə təqdim etmişdir. Göründüyü kimi Vəkillərin İxtisas Komissiyasının üzvləri əvvəlcədən dərc edilmiş proqram çərçivəsində hüquqa aid suallar verməkdə sərbəstdirlər və proqramdan kənar hər hansı bir sual verilməmişdir. Belə olan halda Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən hüquqa aid sualların verilməsi hüququn tətbiqində səhv hesab edilə bilməz. Əlavə olaraq iddiaçının ixtisas imtahanının şifahi mərhələsində yazılı (test) mərhələsində olduğu kimi hüquqa aid sualların verilməsi, bu mərhələlərinin eyni olması və eyni qaydada keçirilməsinin pozuntu kimi təqdim etməsi əsassızdır. Məqsədi, mahiyyəti və forması fərqli olan test (yazılı) və şifahi müsahibə mərhəllələri eyniləşdirilə bilməz, şifahi müsahibə mərhələsi əvvəllər edilmiş test (yazılı) mərhələ hesab edilə bilməz, onunla ehtiva və əhatə olunmur, həcminə daxil olmur və daxil ola da bilməz. Belə ki, test (yazılı) mərhələdə qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Bu mərhələnin məqsədi ilkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılmasıdır. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. İddiaçının mövqeyi əsas götürülərsə, onda hüquq fakültəsini bitirmiş, universitet imtahanlarını müvəffəqiyyətlə vermiş və hüquqşünaslıq ixtisası üzrə ali təhsil haqqında yekun sənəd almış istənilən şəxs nə test (yazılı) nə də ki, şifahi müsahibə mərhələsinə cəlb edilə bilməz və bu mərhələlər onun ali təhsil alması, imtahanları verməsi və diplomunun olması faktları ilə istisna edilməlidir. Həmçinin belə mövqeyə əsasən hüquq diplomunun olması bütün imtahanlardan kart-blanş (carte blanche) verməklə yanaşı, hər hansı bir peşə hazırlığı və ixtisasının artırılmasına zərurətin aradan qaldırılmasına bərabərdir ki, belə mövqenin qüsurluluğu, əsassızlığı bariz və əyanidir. Göründüyü kimi namizədin şifahi müsahibə edilməsi Qaydaların 5.3-cü bəndi çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, əvvəlki Vəkillərin İxtisas Komissiyası tərəfindən də şifahi müsahibə mərhələsində əsasən məhz hüquqa aid suallar verilmişdir. 01 mart 2018ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən yalnız hüquqa aid suallar verilmişdir. Vəkillərin İxtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümkün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması bizə Vəkillərin İxtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə kollegial fəaliyyət göstərən bu tip imtahan (qiymətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskresion səciyyə daşıması mübahisəsizdir. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.3-cü bəndi mütləq qaydada Vəkillərin İxtisas Komissiyası tərəfindən hər bir namizədə ayrıca hüquq sahəsinə aid sualların verilməsini, habelə ayrıca məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün və bilik səviyyəsinin müəyyən edilməsi üçün sualların, o cümlədən də ayrıca iş fəaliyyəti ilə bağlı sualların verilməli olmasını müəyyən etmir. Həmin müddəa özü-özlüyündə diskresion səlahiyyətlər müəyyən edən normaların dispozisiyası üçün səciyyəvi olan “bilərsözü ilə bitir və Vəkillərin İxtisas Komissiyasına seçim sərbəstliyi və qiymətləndirmə azadlığı təqdim edir ki, bu da diskresion səlahiyyətin icra edilməsi üçün əsas və səciyyəvidir. Həmçinin nəzərə alınmalıdır ki, şifahi müsahibə mərhələsində cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan hüquqa aid şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Bu cavablar namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində hüquqşünas kimi məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizəd haqqında ümumi məlumat verməklə, hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Hər bir namizədə ayrılmış vaxtın məhdudluğu və namizədlərin sayının çoxluğu şəraitində isə belə həll imtahanların inzibatçılığı baxımından məqbul və zəruri idi. Hesab edirlər ki, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtləri barədə iddiaları əsassızdır, Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının hər hansı bir müddəasını pozmamışdır. Vəkillərin İxtisas Komissiyasının üzvlərinin iddiaçıya qarşı subyektiv qərəzli yanaşması barədə iddialar əsassızdır və Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaət formalaşdırmağa imkan verən faktiki sübutlar mövcud deyil. İddiaçı hesab edir ki, Vəkillərin İxtisas Komissiyası ona qarşı qərəzli olub, bu onun ictimai fəaliyyəti ilə bağlıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı hazırkı iddia ərizəsində öz dəlillərini ümumi şəkildə irəli sürmüş, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyini ümumi şəkildə bütövlükdə hər bir üzv barəsində və ümumilikdə Vəkillər Kollegiyası barəsində iddia etmiş və öz dəlillərini kifayət qədər ciddi, aydın və uzlaşan, təkzibolunmaz sübutlarla möhkəmləndirməmişdir. İddiaçının tələbinin əsasları mülahizə və faktiki əsası olmayan, ehtimal xarakterli olduğundan, orada irəli sürülmüş fərziyyələr əsasında Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlmək mümkün deyil. İddiaçının dəlilləri faktiki olaraq Vəkillərin İxtisas Komissiyasının üzvlərini və bütünlükdə Vəkillər Kollegiyasını bərabərlik hüququnu pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı kimi ciddi pozuntularda ittiham etməyə bərabərdir. Hesab edirik ki, iddiaçı bu halları prima facie (lat. “ilk baxışdan”) sübut edə bilməmişdir və ümumilikdə bu qəbildən olan iddialar daha sərt sübutetmə qaydasına tabedir. Ümumilikdə iddiaçının istisnasız olaraq “hamı və hər kəs” qərəzlidir mövqeyi ümumilikdə Rəyasət Heyətinin və Vəkillərin İxtisas Komissiyasının ayrı-ayrılıqda bütün üzvlərinin total qərəzli olmasına əsaslanmaqla ifrat spekulyativ xarakter daşıyır və ciddi qəbul edilə bilməz. Ümumilikdə iddaçının iddiasında təsvir etdiyi “dəlillər ümumilikdə hazırkı iş üzrə “hamı və hər kəs”in qərəzli olması üçün əminlik yaratmağa imkan verməməklə işin predmeti baxımından əhəmiyyətsiz və yararsızdır. Belə olan halda kollegial qərarı qəbul etmiş kollegial orqanın bütövlüklə qərəzli olması barədə konkret, yetərli sübut və əsas olmadığından, iddiaçının mülahizələri həlledici əhəmiyyət kəsb etmir və qərəzlilik barədə nəticəyə gəlmək üçün tələb olunan əminlik dərəcəsi mövcud ola bilməz. Qeyd etmək lazımdır ki, 01 mart 2018-ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən bütünlükdə imtahan prosesi üçün vahid yanaşma formalaşdırılmış, əvvəlki dövrlərdən fərqli olaraq namizədə yalnız əvvəlcədən elan edilmiş proqram çərçivəsində və yalnız hüquq sahəsinə aid cari gün imtahan edilən bütün namizədlər üçün vahid 5 sual verilmiş, namizədin hər bir suala hər bir cavabı Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən onlara əvvəlcədən paylanılmış “Vəkilliyə namizdələrlə keçirilən şifahi imtahanın qiymətləndirmə” cədvəlində hər bir sual üzrə namizədin cavabı ayrılıqda, digər üzvlərdən xəbərsiz şəkildə yazılı qeydlər etməklə, müzakirə edilmədən qiymətləndirilmiş, yekunda “Vəkilliyə namizdələrlə keçirilən şifahi imtahanın qiymətləndirmə” cədvəli imzalanaraq iclasın sədrinə təhvil verilmiş, cədvəllər müvafiq zərfə qoyularaq və zərf bağlanılaraq möhürlənmişdir. Namizədin cavabının məqbul qiymətləndirilməsi üçün məqbul qiymətlərin sayı qeyri-məqbul qiymətlərinin sayından çox olmalı idi. Digər bir yenilik əvvəlki dövrlərdən fərqli olaraq Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin Vəkillərin İxtisas Komissiyasının üzvü olmamasıdır. Əvvəlki imtahanlarda Vəkillər Kollegiyası Rəyasət Heyəti sədri Vəkillərin İxtisas Komissiyasının işində bilavasitə və fəal iştirak edirdi. Göründüyü kimi şifahi imtahanın aparılma qaydası qərəzli yanaşmanı istisna edir. Bundan savayı namizədin şəxsi işinin əsli imtahan günü Vəkillərin ixtisas Komissiyasının üzvlərinin sərəncamında olur və qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi və mülahizəsinə əsasən ona qarşı qərəzli mövqe göstərilməsinin əsasında durmuş halların heç biri şəxsi işdə olan sənədlərdə və xüsusən tərcümeyi-halda öz əksini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı namizəd qismində 14.01.2020-ci il tarixdə və ondan öncə Vəkillərin İxtisas Komissiyası qarşısında imtahandan qabaq onun hər hansı bir üzvünün və ya bütünlüklə Vəkillərin İxtisas Komissiyasının tam tərkibinin qərəzli olması barədə hər hansı bir əsaslandırılmış etiraz verməmişdir. İddiaçı buna imkanı olsa da etiraz etmək hüququndan istifadə etməmiş, bu hüququnun həyata keçirilməsi üzrə hər hansı bir maneə olmamışdır, iddiaçının əsalandırılmış şəkildə onun işinə kollegial qaydada baxan kollegiyanın istənilən üzvünə və ya bütünlüklə tərkibə etiraz edə bilmək hüququ olmuş, hüquqşünas olduğuna görə bu hüququn mövcudluğu ona məlum idi və ya məlum olmalı idi, lakin iddiaçı bu hüququndan istifadə etməmişdir. Halbuki, bir hüquqşünas kimi “İnzibati icraat haqqında” Qanunun 42-ci maddəsinin məzmunu ona məlum olmalı idi. Belə ki, “İnzibati icraat haqqında” Qanun imtahan proqramına daxildir. Əgər hazırda irəli sürülən qərəzlilik iddiası həqiqi və iddiaçı üçün əhəmiyyətli idisə bu etirazın imtahan tarixindən öncə və bilavasitə imtahandan qabaq irəli sürülməməsi ağlabatan olmamaqla, hazırkı iddianın əsassızlığını və uydurma olmasını təsdiq edir. Belə olan halda iddiaçıya qarşı qərəzli mövqenin olması bir daha öz təsdiqini tapmır və işin həqiqi faktiki halları ilə təkzib edilir. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-381/2021 saylı (hakim İlqar Cabbarov) qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İddiaçı hərbi rütbəsinin bir pillə endirilməsi ilə bağlı 0173 saylı, 15 may 2018-ci il tarixli əmri ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 15.05.2018-ci il tarixli 691 ş/h nömrəli əmrinin İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması hissəsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması kimi dəyişdirilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2-1(116)-381/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin həmin qərarını əsassız hesab edir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 may tarixli 2-1(116)103/2020 saylı iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 may tarixli 2-1(116)103/2020 saylı iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2- 1(116)-381/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)- 381/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh müvafiq inzibati aktın, yəni onun vəkilliyə qəbul edilməsi barədə qərarının qəbul edilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində irəli sürülməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu müraciəti müsbət cavablandırmadığı üçün hazırki mübahisə yaranmış və iddiaçı hazırki iddianı irəli sürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 14.01.2020-ci il tarixli, 1 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, komissiya üzvləri arasında imtahan günü namizədlərə ünvanlanacaq vahid sualların müəyyən edilməsi üçün qısa müzakirədən sonra aşağıdakı sualların verilməsi razılaşdırılmışdır:
1. Konstitusiya Məhkəməsinə şikayətlərin verilməsi qaydası və şərtləri;
2. Cinayət Prosessual qanunvericiliyin təyinatı;
3. Nağdsız hesablaşmaların formaları;
4. İPM-də məhkəmə qərarlarının elan və təqdim olunması;
5. İşçinin tam maddi məsulliyyəti. Qeyd olunan iclas protokolunda iddiaçı, vəkilliyə namizəd, keçmiş vəkil İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 28.01.2020-ci il tarixli, 3 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı Vəkillərin İxtisas Komissiyası tərəfindən 17.11.2019- 28.01.2020-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş və “qeyri-məqbul” qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 06.02.2020-ci il tarixli, 02 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı müsahibənin nəticələrini mübahisələndirmiş, lakin onun vəkilliyə qəbulla bağlı müraciəti əsas olmadığından təmin edilməmişdir. İş materiallarında olan “Şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarış”dan müəyyən edilir ki, namizəd İddiaçı aşağıda qeyd olunan məzmunda suallar verilmiş və Komissiya üzvləri tərəfindən “qeyriməqbul” qiymətləndirilmişdir:
1. Konstitusiya Məhkəməsinə şikayətlərin verilməsi qaydası və şərtləri;
2. Cinayət Prosessual qanunvericiliyin təyinatı;
3. Nağdsız hesablaşmaların formaları;
4. İPM-də məhkəmə qərarlarının elan və təqdim olunması;
5. İşçinin tam maddi məsulliyyəti. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır... Həmin Qanunun 11-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillər haqqında intizam icraatı başlayır; "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin İ hissəsində irəli sürülmüş tələblərə cavab verilməsi (Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər); Həmin maddənin İİ hissəsində göstərilmiş halların olmaması (ikili vətəndaşlığın, digər dövlətlər qarşısında öhdəliklərin olmaması, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmama, əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmama, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğun ödənilməməsi və ya götürülməməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması); İxtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi; İxtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticəsi əsasında Vəkillərin ixtisas Komissiyasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəyin təqdim edilməsi; Namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar (Qanunun 8-ci maddəsinin İ və İİ hissələri) aşkar edilmədikdə, Vəkillər X1 namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin (andiçmə, reyestrə daxil edilməs və s.) görülməsini təmin etməsi. Göründüyü kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi və bu barədə müvafiq rəyin mövcudluğu və bütün bu şərtlər ödənildikdən sonra həmin tarixə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin İ və İİ hissəsindən irəli gələn vəkil statusunu əldə etməsini istisna edən hallar mövcud olmadıqda namizəd üzv qəbul edilir. Vəkillərin İxtisas Komissiyasının mahiyyəti üzrə gəldiyi nəticəni təftiş etmək tələbi özü-özlüyündə vəkilliyin əsaslarından birini təşkil edən - özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi - prinsipi ilə bir araya sığmır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Həmin maddənin İİİ hissəsinə əsasən vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; həmçinin özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi vəkilliyin əsaslarını təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Həmin maddənin V hissəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbul olunma məsələsini Vəkillər Kollegiyası həll edir. Həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir. Həmin Qanunun 13-cü maddəsinin İ hissəsinə əsasən Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (...) İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. (...) Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (...) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Vəkillər X2 7 iyul 2008-ci il tarixli Qərarı ilə "Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: (...) 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir... 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin V hissəsinə əsasən İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən, komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsinin birgə müəyyənləşdiridiyi iki hüquqşünas alim tərəfindən vəkilliyə namizədlərin icbari təlimin yekunu üzrə bilikləri qiymətləndirilir. Biliklərin qiymətləndirilməsi icbari təlim ərzində keçirilmiş mövzular üzrə həyata keçirilir. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən namizədin peşə yararlılığına dair Komissiyanın rəyi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edildikdən və icbari təlimdən müvəffəqiyyətlə keçdikdən sonra, namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar aşkar edilmədikdə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir. Göründüyü kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma üzrə ixtisas imtahanının şifahi müsahibə mərhələsi müstəsna olaraq Vəkillərin İxtisas Komissiyası tərəfindən həyata keçirilir, imtahan nəticələri müvafiq komissiyanın üzvləri tərəfindən “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir, nəticələr “məqbul” qiymətləndirildikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edilir, nəticələr “qeyri-məqbul” qiymətləndirildikdə isə müvafiq rəy verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1 inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2 inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Məhkəmə kollegiyası cavabdehin “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə istinadını əsassız hesab edir. Həmin normaya görə, diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Normanın məzmununa görə, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır. Məhkəmə kollegiyası tərəfindən həmin normanın iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin V hissəsinə görə, İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. Normanın məzmunundan göründüyü kimi, namizədin peşə yararlılığını müəyyən etdiyi halda, İxtisas Komissiyası namizədin zərərinə qərar qəbul edə bilməz (rəy verməkdən imtina edə bilməz). “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Məhkəmə kollegiyası həmin normaların tələblərini nəzərə alaraq cavabdehin belə bir dəlili ilə razılaşır ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmə oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı qərarındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Bu qənaət, həmçinin İPM-in 69.4-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.1-ci maddəsinin məzmunundan irəli gəlir. İPM-in 69.4-cü maddəsinə görə, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin ... istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. MPM-in 218.1-ci maddəsinin tələbinə görə, qətnamə çıxarıldıqda hakim ... tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu ... müəyyən edir. Hətta iddiaçının istinadı onun şərh etdiyi məzmunda qəbul edildikdə belə, bu, məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir. Həm də nəzərə alınmalıdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsinin tələbinə görə, hətta Ali Məhkəmənin sabiq hakimi (əvvəllər Ali Məhkəmənin sədri işləmiş hakim istisna edilməklə) şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilər. Göründüyü kimi, hakimin (sabiq hakimin) qanunları bilməsi Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsində qiymətləndirmə azadlığına təsir etmir, onu məhdudlaşdırmır. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. Yuxarıda qeyd edildiyi kimi, Vəkillərin İxtisas Komissiyasının mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, məhkəmə cavabdehin etirazında bu dəlillərlə bağlı göstərilənlərlə razılaşaraq qeyd edir ki, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir. Digər tərəfdən, imtahanın gedişatı zamanı digər namizədlərlə müqayisədə iddiaçıya imtahan verilməsi üçün ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yaradıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə iddiaçıya münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı hal da müəyyən edilməmişdir. “İddiaçının Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmunda tələbə gəldikdə, həmin tələb digər tələblərin müsbət həllindən asılı olduğundan, həmin məzmunda tələbin təmin olunması istisna edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-381/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.