Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-313/2022 12.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax Rayon X5 xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2-1(116)-197/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qax Rayon X5 xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Qax Rayon X5 xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya həyətyanı məqsədilə 0,09 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin alqısatqı aktı da hazırlanmışdır. Torpaq sahəsinin sxemi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təsdiq olunmuşdur. İddiaçı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********97 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda Qax Rayon İcra Hakimiyyətinin rəyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin torpaq sahəsinin ayrılması barədə rəyinin olmadığı məlum olmuş, həmçinin, torpaq sahəsinin təqdim olunan sxem üzrə ölçüləri faktiki ölçülərinin fərqli olduğu müəyyən edilmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********64 etiraz məktubunda imtina məktubunda qeyd olunanları əsas gətirmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 avqust 2022-ci il tarixli 2-1(116)-197/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
5. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə Qax Şəhər Bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, iddiaçının ona torpaq sahəsinin ayrılmasına əsas olduğunu iddia etdiyi Qax Rayonu X5 xx.xx.2007-ci il tarixli 05 nömrəli iclasının protokolu, həmin iclasda iddiaçıya münasibətdə qəbul edilmiş qərarın arxiv nüsxəsi, digər hüquqi və texniki sənədlər aşkar edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən torpaq sahəsinin alqısatqısına görə ödənişin həyata keçirilməsini təsdiq edən qəbz və ya onun arxiv nüsxəsi aşkar olunmamışdır. İddiaçının özünün təqdim etdiyi “protokoldan çıxarış” qərarın L.Rostaşvili adlı şəxs tərəfindən “əsli ilə düzdür” qeydi ilə təsdiq edilmiş surət olduğu müəyyən edilmişdir. Belə olan halda bələdiyyənin istinad olunan qərarının qəbul edildiyi iclasın protokolu və belə bir qərarın qəbul edilməsini təsdiq edən sübutlar aşkar edilmədiyindən mübahisəli torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası və s. barədə məlumatların əldə edilməsinə zərurət qalmamışdır. Bildirmişdir ki, iddiaçı o vaxt torpaq sahəsini alarkən Qax Rayonu X8 ilə aralarında alqı-satqı aktı bağlanmış və tərəfindən həmin torpaq sahəsindən istifadə edilməyə başlanmışdır. Qax Rayonu X5 xx.xx.2007-ci il tarixli 05 nömrəli iclasının protokolu, həmin iclasda iddiaçıya münasibətdə qəbul edilmiş qərarın arxiv nüsxəsi, digər hüquqi və texniki sənədlərin aşkar edilməməsində onun günahı yoxdur. O, Qax Rayonu X6 və digər dövlət orqanlarının hərəkətlərinə etimad edərək torpaq sahəsini almış və istifadə etmişdir. Ona torpaq sahəsi alınan zaman Qax Rayonu X8 tərəfindən protokoldan çıxarış qərarı təqdim edilmişdir. Hazırkı torpaq sahəsi neçə illərdir onun faktiki istifadəsində olmaqla həmin sahədən istifadəsinə hər-hansı bir şəxs və ya qurum tərəfindən heç bir irad bildirilməmişdir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, iş materiallarında olan və yuxarıda sadalanan məktublardan göründüyü kimi X8 2015-ci ildə ləğv olunduğu üçün hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Ancaq birinci instansiya məhkəməsi bir məsələyə aydınlıq gətirməmişdir ki, ləğv edilmiş X5 hüquqi varisi kimi kim müəyyən edilmişdir. Hazırkı vəziyyətdə o, torpaq sahəsinin vicdanlı alıcısıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2- 1(116)-197/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2-1(116)-197/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
10. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Qax Rayonu X5 xx.xx.2007-ci il tarixli 05 nömrəli protokoldan çıxarış qərarından görünür ki, həmin qərarla 0,09 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. - “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Qax Rayonu X5 xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarına əsasən iddiaçı 360 manat vəsaiti bələdiyyənin bank hesabına ödəmişdir. - xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, torpaq sahəsi sənəd üzrə 0,09 ha, faktiki 0,0728 hadır. Situasiya planı bələdiyyənin təqdim etdiyi sxematik plandan fərqlidir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 80 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qax Rayonu X5 2007-ci ilin iclas protokolları (o cümlədən xx.xx.2007ci il tarixli 05 saylı iclas protokolu) Qax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - Qax Rayon Qaxbaş Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 2/112 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qaxingiloy Bələdiyyəsi 2015-ci ildə ləğv olunmuşdur. Ləğv olunmuş Qaxingiloy Bələdiyyəsinin müəyyən hissəsi Qax Bələdiyyəsinə, müəyyən hissəsi isə Qaxbaş Bələdiyyəsinə birləşdirilərək yeni Qaxbaş Bələdiyyəsi yaradılmışdır. Yeni yaradılmış Qaxbaş Bələdiyyəsində həmin vətəndaşla əlaqədar heç bir sənəd mövcud deyil. Sözügedən ərazi hal-hazırda Qax Şəhər Bələdiyyəsinə aiddir. - Qax Rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 2/25 nömrəli məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi keçmiş ləğv olunmuş Qaxingiloy Bələdiyyəsinin fəaliyyəti zamanında ayrılmışdır. - Qax Rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 2/49 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qaxingiloy Bələdiyyəsi 2015-ci il yanvar ayından ləğv olunaraq fəaliyyət göstərmir. Qaxingiloy Bələdiyyəsinin bir hissəsi həmin tarixdən Qax Şəhər Bələdiyyəsinə, bir hissəsi isə Qaxbaş Bələdiyyəsinə birləşdirilərək yeni Qaxbaş Bələdiyyəsi yaradılmışdır. İddiaçının işi ilə əlaqədar olan ərazi, yəni, həmin torpaq sahəsi Qax Şəhər Bələdiyyəsinin ərazisidir. - Qax Rayon Qax Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 305 nömrəli məktubunda qeyd olunmuşdur ki, həmin ərazi əvvəllər Qaxingiloy Bələdiyyəsinə məxsus olmuşdur. Azərbaycan Respbulikası Prezidentinin xx.xx.2010-cu il tarixli “Qax şəhərinin İnzibati Ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi” haqqında Sərəncamına əsasən həmin ərazi Qax şəhərinin inzibati ərazisinə daxil edildiyi zaman Qax Bələdiyyəsinə heç bir sənəd təhvil verilməmişdir. Qaxingiloy Bələdiyyəsi ləğv edilərək Qaxbaş Bələdiyyəsinə birləşdirilmişdir. Qeyd edilən sənədlər Qaxbaş Bələdiyyəsində və ya Dövlət arxivində ola bilər. - Qax Rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 2/56 nömrəli məktubunda qeyd olunmuşdur ki, keçmiş ləğv olunmuş Qaxingiloy Bələdiyyəsi tərəfindən təhvil-təslim zamanı Qaxbaş Bələdiyyəsinə sözügedən protokol təhvil verilməmişdir. Hal-hazırda Qaxbaş Bələdiyyəsində sözügedən protokol mövcud deyil. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 47 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qaxingiloy Bələdiyyəsinin 2007-ci ilin iclas protokolları (o cümlədən xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolu) Qax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən sorğunu icra etmək mümkün deyil. - Qax Rayonu Qaxbaş Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 2/63 nömrəli məktubunda qeyd olunmuşdur ki, sözügedən Qaxingiloy Bələdiyyəsinin 2010-cu ildə bir hissəsi Qax Şəhər Bələdiyyəsinə birləşdirilmişdir. Qaxingiloy Bələdiyyəsi 2015-ci ildə ləğv olunub Qaxbaş Bələdiyyəsinə birləşdirilərək yeni Qaxbaş Bələdiyyəsi yaradılmışdır. İddiaçının işi ilə əlaqədar olan torpaq sahəsi Qax Şəhər Bələdiyyəsinin ərazisidir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********79 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiada qeyd olunan 0.09 ha torpaq sahəsi naturada 0.079 ha olub döngə nöqtələri koordinatları tərtib edilmiş yer quruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş, Qax Bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmamışdır. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin cizgiləri arasında konfiqurasiya fərqi var və qismən uyğunluq təşkil edir. Hal-hazırda torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Qax Rayon Dövlət X4 3 oktyabr 2009-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy Bələdiyyəsinin inzibati binasında yanğın hadisəsinin baş verib-verməməsi barədə sorğu edilmiş, Qax Rayon Dövlət X2 xx.xx.2022-ci il tarixli 37/36-316 nömrəli məktubuna əsasən, xx.xx.2009-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy Bələdiyyəsinin inzibati binasında yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı bələdiyyə binasının yanar konstruksiyaları və əşyaları ilə birlikdə yanaraq tam yararsız hala düşmüşdür.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.
12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; [18] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.
3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir. Maddə 56.2 Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər.
13. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.
14. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.
15. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində iddiaçının ona torpaq sahəsinin ayrılmasına əsas olduğunu iddia etdiyi Qax Rayonu X5 xx.xx.2007-ci il tarixli 05 nömrəli iclasının protokolu, həmin iclasda iddiaçıya münasibətdə qəbul edilmiş qərarın arxiv nüsxəsi, digər hüquqi və texniki sənədlər aşkar edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısına görə ödənişin həyata keçirilməsini təsdiq edən qəbz və ya onun arxiv nüsxəsi aşkar olunmamışdır. İddiaçının özünün təqdim etdiyi “protokoldan çıxarış” qərarın L.Rostaşvili adlı şəxs tərəfindən “əsli ilə düzdür” qeydi ilə təsdiq edilmiş surət olduğu müəyyən edilmişdir. Belə olan halda bələdiyyənin istinad olunan qərarının qəbul edildiyi iclasın protokolu və belə bir qərarın qəbul edilməsini təsdiq edən sübutlar aşkar edilmədiyindən mübahisəli torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası və s. barədə məlumatların əldə edilməsinə zərurət qalmamışdır. 23 . Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildi ki, Qaxingiloy Bələdiyyəsi 2015-ci ildə ləğv olunmuşdur. Ləğv olunmuş Qaxingiloy Bələdiyyəsinin müəyyən hissəsi Qax Bələdiyyəsinə, müəyyən hissəsi isə Qaxbaş Bələdiyyəsinə birləşdirilərək yeni Qaxbaş Bələdiyyəsi yaradılmışdır. İddiada qeyd olunan 0.09 ha torpaq sahəsi naturada 0.079 ha olub döngə nöqtələri koordinatları tərtib edilmiş yer quruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş, Qax Bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmamışdır. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin cizgiləri arasında konfiqurasiya fərqi var və qismən uyğunluq təşkil edir. Hal-hazırda torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. xx.xx.2009-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy Bələdiyyəsinin inzibati binasında yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı bələdiyyə binasının yanar konstruksiyaları və əşyaları ilə birlikdə yanaraq tam yararsız hala düşmüşdür.
24. Göründüyü kimi, 0.09 ha torpaq sahəsinin naturada 0.079 ha olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş, Qax Bələdiyyəsinin mülkiyyətində olan ərazidir. Torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmamışdır. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin cizgiləri arasında konfiqurasiya fərqi var və qismən uyğunluq təşkil edir. Hal-hazırda torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini etməyərək maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
25. Bundan başqa iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, Qax Rayonu X5 xx.xx.2007-ci il tarixli 05 nömrəli iclasının protokolu, həmin iclasda iddiaçıya münasibətdə qəbul edilmiş qərarın arxiv nüsxəsi, digər hüquqi və texniki sənədlərin aşkar edilməməsində onun günahı yoxdur.
26. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Qax Rayon Dövlət X4 3 oktyabr 2009-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy Bələdiyyəsinin inzibati binasında yanğın hadisəsinin baş verib-verməməsi barədə sorğu edilmiş, Qax Rayon Dövlət X2 xx.xx.2022-ci il tarixli 37/36-316 nömrəli məktubuna əsasən, xx.xx.2009-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy Bələdiyyəsinin inzibati binasında yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı bələdiyyə binasının yanar konstruksiyaları və əşyaları ilə birlikdə yanaraq tam yararsız hala düşmüşdür.
27. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin yuxarıda qeyd edilən halına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir.
28. Belə ki, məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, inzibati işlə bağlı iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş, daxil olduğu vaxtdan xx.xx.2022-ci il tarixə kimi, yəni təxminən 10 ay ərzində işin araşdırılması istiqamətində birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə Qax Rayon Dövlət Arxivinə, xx.xx.2021-ci il tarixdə X6, xx.xx.2022-ci il tarixdə Qax Şəhər Bələdiyyəsinə, xx.xx.2022-ci il tarixdə Qaxbaş Bələdiyyəsinə sorğular edilsə də, yalnız xx.xx.2022-ci il tarixli məktubla mübahisəli torpaqla bağlı cavabdeh inzibati orqana mütəxəssis rəyinin alınması üçün sorğu edilmiş, lakin sorğuya cavabın məhkəməyə daxil olmasını gözləmədən yekun qərar qəbul edilmişdir.
29. Məhkəmə kollegiyası tərəfindən işin faktiki halları tam araşdırılıb iş üzrə sorğular verilmiş, mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəsis rəyi alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən verilmiş mütəxəssis rəyinə və iş materiallarına əsasən, mübahisə predmeti olan torpaq sahəsi Qax Şəhər Bələdiyyəsinin ərazisi olduğundan məhkəmə kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə Qax Şəhər Bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
30. Bundan başqa kollegiya tərəfindən birinci instansiya məhkəməsinin iddia tələbinin rəddini təşkil edən araşdırılmayan inzibati işin faktiki hallarının əsasını, yəni iddiaçının iddia etdiyi Qax Rayonu X5 xx.xx.2007-ci il tarixli 05 nömrəli iclasının protokolu, həmin iclasda iddiaçıya münasibətdə qəbul edilmiş qərarın arxiv nüsxəsi, digər hüquqi və texniki sənədlər, həmçinin, iddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısına görə ödənişin həyata keçirilməsini təsdiq edən qəbz və ya onun arxiv nüsxəsinin aşkar olunmamasının səbəbini müəyyən etmək məqsədi ilə 3 oktyabr 2009-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy Bələdiyyəsinin inzibati binasında yanğın hadisəsinin baş veribverməməsi ilə bağlı tərəfindən Qax Rayon Dövlət X4 sorğu edilmiş, Qax Rayon Dövlət X2 xx.xx.2022-ci il tarixli 37/36-316 nömrəli sorğuya cavab məktubunda xx.xx.2009-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy Bələdiyyəsinin inzibati binasında yanğın hadisəsinin baş verdiyi, yanğın zamanı bələdiyyə binasının yanar konstruksiyaları və əşyaları ilə birlikdə yanaraq tam yararsız hala düşdüyü göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy Bələdiyyəsinin inzibati binasında yanğın hadisəsi baş verdiyinə görə yuxarıda qeyd olunan sənədləri müəyyən etmək mümkün olmamışdır.
31. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
32. Yuxarıda qeyd olunan cavabdeh inzibati orqan tərəfindən verilmiş mütəxəssis rəyini, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdehin üzərinə Qax Rayon X5 xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış 0.079 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2-1(116)-197/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax Rayon X5 xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış 0.079 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyi qoyulsun. İş üzrə verilmiş mütəxəssis rəyinin xərci kimi İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat İddiaçı aid edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.