Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-313/2024 14.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01 may 2005-ci il tarixdən 17 aprel 2009-cu il tarixədək Göyçay "xxxx" MMC-də asfalt-beton bişirən (operator) işlədiyi müddətin və 01 aprel 2009-cu il tarixdən 17 dekabr 2022-ci il tarixədək Göyçay "xxxx" MMC-də asfalt bişirən (sahə rəisi) işlədiyi müddət nəzərə almaqla 60 yaşın tamam olduğu 17 dekabr 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-234/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “01 may 1905-ci il tarixdən 01 aprel 2009-cu il tarixədək Göyçay "xxxx" MMC-də asfalt-beton bişirən (operator) işlədiyi müddətin və 01 aprel 2009-cu il tarixdən 01 aprel 2023-cü il tarixədək Göyçay "xxxx" MMC-də asfalt bişirən (sahə rəisi) işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajı kimi daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “01 may 2005-ci il tarixdən 17 aprel 2009-cu il tarixədək Göyçay "xxxx" MMC-də asfalt-beton bişirən (operator) işlədiyi müddətin və 01 aprel 2009-cu il tarixdən 17 dekabr 2022-ci il tarixədək Göyçay "xxxx" MMC-də asfalt bişirən (sahə rəisi) işlədiyi müddət nəzərə almaqla 60 yaşın tamam olduğu 17 dekabr 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir.
3. İddia ərizəsinə əsasən o, xx.xx.1962-ci ildə anadan olmuşdur. 01 may 2005-ci il tarixdən - 01 aprel 2009-cu il tarixədək Göyçay "xxxx" MMC-də asfalt-beton bişirən (operator) və 01 aprel 2009-cu il tarixdən 01 aprel 2023-cü il tarixədək Göyçay "xxxx" MMC-də asfalt bişirən (sahə rəisi) işləmişdir. Qeyd olunanları nəzərə alaraq ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan 12 aprel 2023-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.
4. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala 9 sentyabr 1985-ci il tarixli ******* nömrəli əmək kitabçasının sürətində xx.xx.2005-ci il tarixdən xx.xx.2009cu il tarixədək Göyçay "ATF” MMC-də asfalt-beton bişirən (operator) vəzifəsində və xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək həmin müəssisədə asfalt bişirən (sahə rəisi) vəzifəsində işlədiyi qeyd olunmuşdur, iddiaçının işlədiyi vəzifələr “ATF" MMCnin iddiaçıya dair 31 yanvar 2023-cü il tarixli 03 nömrəli arayışında istinad edilən yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə uyğun olmaması səbəbindən həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd edək ki, Mərkəzi Filialın iddiaçıya ünvanladığı imtina məktubunda iddiaçının mübahisələndirilməyən ümumi iş stajı 25 ildən az olmaqla (24 il 4 ay 17 gün) aşağıdakı tərkibdən ibarətdir: Mübahisələndirilməyən ümumi sosial sığorta stajı: xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək; 14.11,1988-ci il tarixdən xx.xx.1992-cü il tarixədək; xx.xx.1992-ci il tarixdən xx.xx.19993-cü il tarixədək; xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək; 2006-cı il tarixdən 2022-ci il tarixədək olan dövrlər.
5. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28957,53 manat təşkil etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 fevral 2024-cü il tarixli 2- 1(116)-234/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçının ümumi və güzəştli sosial sığorta stajı, həmçinin pensiya kapitalı ilə bağlı məsələyə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş və maddi hüquq normaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil aldığı dövrləri onun sosial sığorta stajına daxil edərək iddiaçının 25 il sosial sığorta stajını tamamladığı qənaətinə gəlmişdir. Bu hissəyə münasibətdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən onun təhsil dövrünün əyani yoxsa qiyabi olub-olmaması ilə bağlı sənəd təqdim edilmədiyi üçün həmin dövrlər cavabdeh qurum tərəfindən onun sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində o, ancaq xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Göyçay "xxxx" MMC-də asfalt-beton bişirən (operator) vəzifəsində və xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində isə həmin müəssisədə asfalt bişirən (sahə rəisi) vəzifəsində işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı tələb irəli sürmüşdür. Sözügedən iddia ərizəsində və sonradan təqdim edilmiş xx.xx.2024cü il tarixli dəqiqləşdirmə ərizəsində İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Birinci instansiya məhkəməsi sözügedən dövrləri iddiaçının belə bir tələbi olmadan onun sosial sığorta stajına daxil etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən sözügedən təhsil dövrlərinin əyani yoxsa qiyabi olması faktı da nəzərə alınmadan, araşdırılmadan iddiaçının ümumi sosial sığorta stajına daxil edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Göyçay "ATF” MMC-də asfalt-beton bişirən (operator) vəzifəsində və 01. 04.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək həmin müəssisədə asfalt bişirən (sahə rəisi) vəzifəsində işlədiyi dövrləri də onun sosial sığorta stajına daxil etmişdir. Belə ki, iddiaçının çalışdığı növbətçi asfalt-beton bişirən (operator) və asfalt bişirən (sahə rəisi) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olmadığı halda birinci instansiya məhkəməsi sözügedən vəzifələrin həmin siyahıya uyğun olması qənaətinə gəlmiş və iddianı təmin etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024cü il tarixli 2-1(116)-234/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-234/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)- 234/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;
2. İddiaçıya məxsus БТ seriyalı ******* nömrəli Əmək kitabçası
3. “Göyçay "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli 93 nömrəli məktubu;
4. “Göyçay "xxxx" MMC -in xx.xx.2023-cü il tarixli 21 nömrəli Arayışı;
5. İddiaçıya məxsus НВ-968892 nömrəli diplomun təsdiq olunmuş surəti;
6. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilən inzibati icraat materialları;
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 4047 nömrəli məktubuna əsasən, M.Əzizbəyov adına X3 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildirilmişdir ki, İddiaçı 1980-ci ildə Energetika fakültəsinin “Elektrik aparatları” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur. İddiaçı 1985-ci ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
18. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-234/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.
3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
26. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
27. İddiaçının iddia tələbinə münasibətdə iki dəlili olmuşdur :
1. iddiaçının ümumi sosial sığorta stajının tələb olunan 25 ildən az olması;
2. iddiaçının güzəştli şərtlərlə sosial sığorta stajının olmaması.
28. Müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır.
29. İddiaçıya məxsus НВ-968892 nömrəli diplomdan görünür ki, o, xx.xx.1980xx.xx.1985-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (04 il 10 ay 12 gün) ali təhsil almışdır. İddiaçının sonrakı əmək fəaliyyəti aşağıdakı dövrləri əhatə edir: xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək; (03 il) xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək; (01 il 2 ay 15 gün) xx.xx.1990-cı il tarixindən xx.xx.1992-cı il tarixinədək; (02 il) xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək; (06 ay işsiz statusuna malik) xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək; (3 il 11 ay) xx.xx.2009-cu il tarixindən- xx.xx.2022-ci il tarixinədək. (13 il 9 ay 17 gün)
30. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının əyani təhsil müddəti daxil edilməklə ümumi sosial sığorta stajı 29 il 3 ay 14 gün olmaqla tələb olunan minimum stajdan artıqdır. Cavabdeh tərəfindən təhsil müddəti nəzərə alınmadığından qeyd olunan müddət fərqi yaranmışdır.
31. Eyni zamanda iddiaçı əmək fəaliyyətinin 17 il 08 ay müddətini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur.
32. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 4047 nömrəli məktubuna əsasən, M.Əzizbəyov adına X3 Ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildirilmişdir ki, İddiaçı 1980-ci ildə Energetika fakültəsinin “Elektrik aparatları” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur. İddiaçı 1985-ci ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. Həmçinin, iddiaçının əmək funksiyasının xüsusiyyətləri ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verir. İş materiallarına əlavə edilmiş “Göyçay "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 93 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən "ATF” MMC-nin Asfalt beton zavoduna xüsusi şərtlərlə operator qəbul edilmiş və xx.xx.2009-cu il tarixindən "ATF” MMC-nin asfalt bişirən (sahə rəisi) vəzifəsində bu günədək işləyir.
33. İddiaçının xx.xx.2005-ci il tarixindən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) qeyd olunan asfalt və beton bişirənlər peşəsinə uyğundur.
34. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı 60 yaşı tamam olduğu 17 dekabr 2022-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(116)-234/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.