Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-313/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasına əsasən hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)- 215/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyun 1995-ci il tarixdən 24 fevral 2000-ci il tarixə kimi Azəravtoyol Dövlət Şirkətinin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsində işləməsini təsdiq edən əmək kitabçasına əsasən hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. 1971-ci ildə X5 Mexanikləşdirmə və Elektrikləşdirmə texnikumuna daxil olmuş və 1975-ci ildə həmin texnikumun kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisası üzrə tam kursunu bitirmişdir. Əmək fəaliyyətinə 11 avqust 1975-ci il tarixdə 3 saylı X8 3-cü dərəcə çilingər kimi başlamışdır. 20 oktyabr 1975-ci il tarixdə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad olunmuş, 31 oktyabr 1975-ci ildən 15 noyabr 1977-ci il tarixə kimi Sovet Ordusunda hərbi xidmət keçmişdir. 07 dekabr 1977-ci ildən yenidən 3 saylı X9 3-cü dərəcə çilingər kimi işə qəbul olunmuşdur. 25 mart 1985-ci il tarixdə işdən azad olunaraq həmin tarixdən Göyçay Quşçuluq fabrikinə sürücü qəbul edilmişdir. 13 iyun 1987-ci ildə Respublika Quşçuluq Sənaye Birliyinin 3 №-li Bakı ATK-ya keçirilərək 31 dekabr 1987-ci il tarixə kimi orada işləmişdir. Həmin tarixdən yenidən Göyçay Quşçuluq fabrikinə sürücü keçirilmiş, 19 mart 1988-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Həmin tarixdən X6 Fabrikinə sürücü qəbul edilmiş, 10 dekabr 1992-ci il tarixdə fabrikin fəaliyyəti ilə bağlı olaraq işdən azad edilmişdir. İddiaçı 20 oktyabr 1993-cü il tarixdə yenidən həmin müəssisədə işə bərpa edilərək fabrikə sürücü təyin edilmişdir. 28 oktyabr 1994-cü il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. 26 iyun 1995-ci il tarixdə 1 saylı Avtomobil Yollar İdarəsinin 14 saylı Yol Sahəsinə İİ dərəcəli fəhlə qəbul edilmişdir və 24 fevral 2000-ci il tarixdə struktur dəyişikiyi ilə əlaqədar işdən azad edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciəti cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən təmin edilməmişdir. - Belə ki, cavabdeh 03 noyabr 2023-cü il tarixli 3-17-1/2-Q-258054/2023 saylı məktubla müraciətinə cavab verərək əmək kitabçasına, təhsil haqqında diploma və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajının 22 il 1 ay 3 gün təşkil etdiyini, 01 iyun 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını, 26 iyun 1995-ci il tarixdən 24 fevral 2000-ci il tarixədək 1 saylı Avtomobil Yollar İdarəsinin 14 saylı Yol Sahəsində işlədiyi dövr araşdırılarkən 1995-ci ilin əmr kitabının surğuclanmaması və möhürlə təsdiqlənməməsinin, həmin idarənin 1997, 2000-ci illərin əmr kitablarının və 1995-2000-ci illərin əmək haqqı cədvəllərinin 17N°-li Yol İstismar MMC-yə təhvil verilməməsinin müəyyən edildiyini göstərmiş və sözügedən dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir.
3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azəravtoyol Dövlət Şirkətinin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol Sahəsində işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilərək ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş AZE0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. İşin faktiki hallarına əsasən Mərkəzi Filial tərəfindən iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. O, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciətinə uyğun olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə uyğun olaraq inzibati icraat aparılmış və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi xidmət haqqında arayışın surətlərinə əsasən 22 il 1 ay 3 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır Qeyd olunan səbəblərə görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - Mübahisələndirilməyən sosial sığorta stajı: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının, diplomun, hərbi xidmət haqqında arayışın surətlərinə əsasən onun mübahisələndirilməyən sığorta stajı 22 il 1 ay 3 gündən ibarət olmaqla aşağıdakı tərkibdə müəyyən edilmişdir: xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil dövrü; xx.xx.1975-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü; xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlər istisna olmaqla, əmək kitabçasının surətində qeyd edilmiş digər dövrlər. İddiaçı məxsus xx.xx.2021-ci il tarixli 843 nömrəli hərbi xidmət haqqında arayış onun xx.xx.1975-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğunu təsdiq etmiş və həmin dövrlər “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən (müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRl-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti onun sosial sığorta stajına daxil edilmişdir. İddiaçı məxsus 014814 nömrəli diplom və xx.xx.2021-ci il tarixli 500/3004 nömrəli əyani təhsil alması ilə bağlı arayış onun xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil aldığı dövrü təsdiq etmiş və həmin dövrlər onun sosial sığorta stajına daxil edilmişdir. - Həmçinin İddiaçı məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçası onun əmək fəaliyyəti dövrlərini (xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlər istisna olmaqla, əmək kitabçasının surətində qeyd edilmiş digər dövrlər) təsdiq etmiş və həmin dövrlər cavabdeh orqan tərəfindən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’’nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarının 4.1.1ci maddəsinə əsasən onun sosial sığorta stajına daxil edilmişdir. Belə ki, şəxsin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır. - Mübahisələndirilən sosial sığorta stajı: Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q258054/2023 nömrəli imtina məktubunda əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin araşdırılması zərurətinin yarandığı qeyd edilmişdir. Fondun 2 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən müəyyən edilmişdir ki, 1995-ci ilin əmr kitabı surquclanmamış və möhürlə təsdiqlənməmişdir. Eyni zamanda Azəravtoyol DŞ-nin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsinin 1997-ci, 2000-ci illərinin əmr kitabları və 1995-2000-ci illərin əməkhaqqı cədvəlləri 17N°-li Yol İstismar MMC-yə təhvil verilməmişdir. Bu səbəblə sözügedən dövrlərin (xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin) araşdırılaraq iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956cı il təvəllüdlüdür. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Göyçay rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 843 nömrəli arayışı. - Göyçay dövlət İdarəetmə və Texnologiya Kollecinin xx.xx.2021-ci il tarixli 500/3004 nömrəli arayışı. - İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının əsli. - İddiaçıya məxsus Щ 014814 seriya nömrəli diplomun surəti.. - Cavabdehin 08 fevral 2024-cü il tarixli etirazı və ona əlavə edilən sənədlər.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 yanvar 2025-ci il tarixli 2- 1(116)-215/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının mübahisələndirilməyən ümumi sosial sığorta stajını 22 il 1 ay 3 gün hesablamışdır. Məhkəmə tərəfindən cavabdeh tərəfindən qəbul edilən dövrlərin mötəbərliyi məhkəmə araşdırması ilə təsdiq edilməklə bərabər bütün dövr araşdırılmışdır. Hazırkı iş üzrə mübahisələndirilən və iddianın hüquqi taleyini həll edən dövr iddiaçının 26 iyun 1995-ci il tarixindən 24 fevral 2000-ci il tarixinə kimi Azəravtoyol Dövlət Şirkətinin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsində işləməsi ilə bağlıdır. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının 19-cu səhifəsində aparılmış 16 sıra saylı, 26 iyun 1995-ci il tarixli,16 nömrəli əmrə əsasən iddiaçı həmin müəssisədə İİ dərəcəli fəhlə peşəsinə qəbul edilmiş, xx.xx.1997-ci ildə İİİ dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 24 fevral 2000-ci il tarixində isə struktur dəyişikliyi nəticəsində işdən azad edilmişdir. Sözügedən Əmr möhürlə təsdiqlənmişdir. Cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini istisna edən hər hansı əsas təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə hallar müəyyən edilməmişdir. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur. Məhkəmə xüsusilə qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-ci ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Mübahisələndirilən dövrün (4 il 7 ay 28 gün) iddiaçının ümumi sosial sığorta stajına hesablanması ilə müəyyən edilir ki, həmin müddət yuxarıda qeyd olunan müddətlə birlikdə 26 il 9 ay 1 gün təşkil edir ki, bu da tələb olunan 25 il məcburi sığorta stajından artıqdır.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-215/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mübahisələndirilən sosial sığorta stajı: Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q258054/2023 nömrəli imtina məktubunda əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin araşdırılması zərurətinin yarandığı qeyd edilmişdir. Fondun 2 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-сü il tarixli aktına əsasən müəyyən edilmişdir ki, 1995-ci ilin əmr kitabı surğuclanmamış və möhürlə təsdiqlənməmişdir. Eyni zamanda Azəravtoyol DŞ-nin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsinin 1997-ci, 2000-ci illərinin əmr kitabları və 1995-2000-ci illərin əməkhaqqı cədvəlləri 17N-li Yol İstismar MMC-yə təhvil verilməmişdir. Bu səbəblə sözügedən dövrlərin (xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin) araşdırılaraq iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi öz qərarında iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının 19-cu səhifəsində aparılmış 16 sıra saylı, 26 iyun 1995-ci il tarixli,16 nömrəli əmrə əsasən iddiaçının həmin müəssisədə İİ dərəcəli fəhlə peşəsinə qəbul edilməsinin, xx.xx.1997-ci ildə İİİ dərəcəli sürücü vəzifəsinə keçirilməsinin, eləcə də 24 fevral 2000-ci il tarixində isə struktur dəyişikliyi nəticəsində işdən azad edilməsinin əmr möhürlə təsdiq olunmasına istinad etmişdir. Lakin qeyd olunan əmrlərin hansı səbəbdən surğuclanmamasını, eləcə də müvafiq dövrlər üzrə əməkhaqqı cədvəllərinin aşkarlanmamasını araşdırmamışdır. Hesab edirik ki, qeyd olunan qərar əsassızdır..
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətini 1995-ci ilin əmr kitabının surğuclanmaması, möhürlə təsdiqlənməməsi, Azəravtoyol DŞ-nin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsinin 1997-ci, 2000-ci illərinin əmr kitabları və 1995-2000-ci illərin əmək haqqı cədvəllərinin 17N-li Yol İstismar MMC-yə təhvil verilməməsi, bu səbəblə sözügedən dövrlərin (xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin) araşdırılaraq iddiaçının sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi, birinci instansiya məhkəməsinin öz qərarında iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının 19-cu səhifəsində aparılmış 16 sıra saylı, 26 iyun 1995-ci il tarixli, 16 nömrəli əmrə əsasən iddiaçının həmin müəssisədə İİ dərəcəli fəhlə peşəsinə qəbul edilməsinin, xx.xx.1997-ci ildə İİİ dərəcəli sürücü vəzifəsinə keçirilməsinin, eləcə də 24 fevral 2000-ci il tarixində isə struktur dəyişikliyi nəticəsində işdən azad edilməsi əmrinin möhürlə təsdiq olunmasına istinad etsə də qeyd olunan əmrlərin hansı səbəbdən surğuclanmamasını, eləcə də müvafiq dövrlər üzrə əmək haqqı cədvəllərinin aşkarlanmamasını araşdırmaması ilə əsaslandırmışdır. Halbuki birinci instansiya məhkəməsi işin mübahisəli hallarını kifayət qədər araşdırmış və oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqeyə istinad edərək iddia tələbini təmin etmişdir. Qeyd edilən qərarda göstərilir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. 1995-ci ilin əmr kitabının surğuclanmaması, möhürlə təsdiqlənməməsi, Azəravtoyol DŞ-nin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsinin 1997-ci, 2000-ci illərinin əmr kitabları və 1995-2000-ci illərin əmək haqqı cədvəllərinin 17N-li Yol İstismar MMC-yə təhvil verilməməsi iddiaçının təqsirindən baş verməmişdir. Həmçinin iddiaçı 26 iyun 1995-ci il tarixindən 24 fevral 2000-ci il tarixinə kimi Azəravtoyol Dövlət Şirkətinin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsində işləməsini təsdiq edən xx.xx.1975-ci il tarixli əmək kitabçasını əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana təqdim etmişdir. Məhkəmə iddiaçıya məxsus əmək kitabçasında hər hansı düzəliş və ya pozuntu aşkar etməmişdir. Qeyd edilənləri nəzərə alıb cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-215/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)- 215/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
18. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
26. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlər araşdırılmış və Fondun 2 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən müəyyən olunmuşdur ki, 1995-ci ilin əmr kitabı surquclanmamış və möhürlə təsdiqlənməmişdir.
27. Eyni zamanda, Azəravtoyol DŞ-nin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsinin 1997-ci, 2000-ci illərinin əmr kitabları və 1995-2000-ci illərin əməkhaqqı cədvəlləri 17N°-li Yol İstismar MMC-yə təhvil verilməmişdir.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri etiraz ərizəsi ilə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Əlavə olaraq Kollegiya, cavabdehin dəlili ilə bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
29. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
30. O da qeyd olunmalıdır ki, əmr kitabının surquclanmaması və möhürlə təsdiqlənməməsi, əməkhaqqı cədvəllərinin aşkarlanmaması və Azəravtoyol DŞ-nin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsinin 1997-ci, 2000-ci illərinin əmr kitabları və 1995-2000-ci illərin əməkhaqqı cədvəllərinin 17N°-li Yol İstismar MMC-yə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
31. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000ci il tarixinədək Azəravtoyol DŞ-nin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsində olan əmək fəaliyyəti iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə öz təsdiqini tapır. Odur ki, cavabdehin mübahisələndirdiyi müddətin üzərinə mübahisələndirilməyən 22 il 1 ay 3 gün sosial sığorta stajı toplandıqda iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıq olur.
33. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
34. Beləliklə, inzibati orqan, göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
35. Həmçinin, hazırki Qərarın 18-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
36. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işdə və müddətlərdə işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
37. Bundan başqa, cavabdeh orqan, Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalara əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına istinad edərək qeyd etmişdir ki, həmin akta əsasən iddiaçının Azəravtoyol DŞ-nin 1 saylı Avtomobil Yollar İdarəsi 14 saylı Yol sahəsinin 1997-ci, 2000-ci illərinin əmr kitabları və 1995-2000-ci illərin əməkhaqqı cədvəllərinin 17N°-li Yol İstismar MMC-yə təhvil verilməmişdir.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının 19-cu səhifəsində aparılmış 16 sıra saylı, 26 iyun 1995-ci il tarixli, 16 nömrəli əmrə əsasən iddiaçı həmin müəssisədə İİ dərəcəli fəhlə peşəsinə qəbul edilmiş, xx.xx.1997-ci ildə İİİ dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 24 fevral 2000-ci il tarixində isə struktur dəyişikliyi nəticəsində işdən azad edilmişdir. Sonuncu əmr möhürlə təsdiqlənmişdir. Cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini istisna edən hər hansı əsas təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə hallar müəyyən edilməmişdir. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur. Sonuncu qeyd edilənlər isə daha mötəbər hesab olunmaqla cavabdeh orqanın tərtib etdiyi, mötəbər sənədlərə əsaslanmayan aktı təkzib edir.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
40. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı əmək kitabçasına əsasən hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-215/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.