Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-314/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəza çəkməkdən azad edilməsi ilə birdəfəlik pul müavinətinin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-787/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cəza çəkməkdən azad edilməsi ilə birdəfəlik pul müavinətinin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-59/2022 nömrəli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi cəza çəkərək, cəza müddətinin bitməsi ilə əlaqədar azad olunmuşdur. Bu barədə Şəki Penitensiar Xidmətindən xx.xx.2023-cü il tarixli 90 №-li arayış verilmişdir. Qanunvericiliyə əsasən ona sosial adaptasiya üçün birdəfəlik pul mükafatı verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubu ilə tələbin icrasından imtina etmişdir. Məktubda göstərilir ki, ona 24 yanvar 2022-ci il tarixdə birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, əvvəllər törətdiyi cinayətə görə azadlıqdan məhrum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra ona 24 yanvar 2022-ci il tarixdə müavinət təyin edilmiş və ödənilmişdir. Bundan sonra yenidən azadlıqdan məhrum edilmiş və hazırda cəzasını çəkib qurtarmışdır. Yenidən həmin müavinət təyin edilməlidir. Bu təyinat təkrar hesab edilə bilməz. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
3. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim etdiyi 27 dekabr 2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçıya 15.08 2023-cü il tarixli 3- 17- 1/2-A-196421/2023 nömrəli imtina məktubu ilə sosial adaptasiya müddətinin 1 il olduğu və xx.xx.2022-ci il tarixdə Mərkəzi Filial tərəfindən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün tələbini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-A196421/2023 nömrəli "sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında” məktubu qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəsissəsinin xx.xx.2023-cü il tarixli 90 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəza müddətini çəkmiş və cəza müddətinin bitməsi ilə əlaqədar azad olunmuşdur. Bildiririk ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosialpsixoloji tədbirlər sistemidir. Nəzərə alınmalıdır ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdə Mərkəzi Filial tərəfindən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2023-cü il tarixində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməyi ilə əlaqədar həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-59/2022 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 90 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 11 avqust 2023-cü il tarixdə cəzasını tam çəkib qurtarmışdır.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 fevral 2024-cü il tarixli 2- 1(116)-787/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik pul müavinətinin təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulmuşdur.
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən verilən cəzanın çəkilməsi başa çatdığından cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilməli olan birdəfəlik müavinətin ödənilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını iddiaçının daha əvvəl-xx.xx.2022-ci il tarixində belə müavinəti alması və bu müddətdən bir il keçməmiş yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum olması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından göründüyü kimi iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(051)-17/2020 saylı hökmünə əsasən təyin edilmiş cəzanın başa çatması ilə əlaqədar olaraq ona birdəfəlik müavinət verilmişdir. Hazırkı tələbin əsası iddiaçı barəsində olan digər hökmdür və cavabdehin imtina dəlilinin hər hansı hüquqi əsası mövcud deyil. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi qoyulmalıdır
7. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-787/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı sözügedən müavinətin təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə birdəfəlik müavinət təyin olunaraq ödənilmiş sosial adaptasiya müddətində olduğu 1 il ərzində yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edildmiş və bu xx.xx.2023-cü il tarixdə həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilməmişdir. Bildirirlər ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Nəzərə alınmalıdır ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirmişdir. Lakin, birinci instansiya məhkəməsi öz qərarında sosial adaptasiya müddətinin 1 il olmasına baxmayaraq sosial adaptasiya müddəti ərzində iddiaçının yenidən məhkum olunmasına baxmayaraq bu halı nəzərə almamışdır. Ona görə də, iddiaçıya birdəfəlik müavinətin təkrar ödənilməsi qanunamüvafiq hesab olunmur. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-787/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-787/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1 bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Maddə 4 cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Maddə 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; ... 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Maddə 7.1. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Maddə 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Maddə 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Maddə 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Maddə 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Maddə 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Maddə 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
14. Cəzaların İcrası Məcəlləsi: Maddə 167.0.1. məhkumlar cəza müddəti qurtardıqda cəza çəkməkdən azad edilirlər. Maddə 175.1. Cəza çəkməkdən azad edilməyə hazırlıq məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlarla hazırlıq işi aparır, onlara hüquq və vəzifələrini izah edir, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası barədə qanunvericilik haqqında məlumat verir. Maddə 175.2. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ barədə məlumat verilir. Digər əsaslarla cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər barədə cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanını məlumatlandırır və bu şəxslərin sosial adaptasiya mərkəzlərinə göndərilməsi üçün birgə tədbirlər görülür.
15. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
16. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi Bənd 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bənd 3.1.10. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinə qəbulunu təmin etmək Agentliyin vəzifələrindən biridir.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
22. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İş materiallarından göründüyü kimi, iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-59/2022 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza müddətinin başa çatması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixində cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, cəza çəkmiş şəxs kimi ona birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə xx.xx.2022-ci il tarixdə Mərkəzi Filial tərəfindən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün tələbin təmin edilməsindən imtina etmişdir.
25. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167.0.1-ci maddəsinə əsasən, cəza müddəti qurtardıqda məhkumlar cəza çəkməkdən azad edilirlər. Normanın tələbinə görə, iddiaçı xx.xx.2023-cü il tarixdən cəza çəkməkdən azad edilmiş şəxsdir.
26. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 7.1-ci, 7.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
27. Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 01 may 2024-cü il tarixli, 3-16-17/37/2- 1798/2024 nömrəli məktubundan görünür ki, məhkum İddiaçı xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə X2 azad olunmuşdur. Onun cəzasının sonuna 3 ay qalmış adı siyahıya salınaraq aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.
28. Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15 may 2024-cü il tarixli, 3- 17-1/2-113718/2024 nömrəli məktubundan görünür ki, İddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi qeydiyyata götürülüb-götürülməməsi ilə əlaqədar Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə tərəflərindən sorğu göndərilmişdir. Sorğuya cavab olaraq İddiaçı 11 avqust 2023-cü il tarixində cəza müddətinin bitməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin X2 13 iyun 2023-cü il tarixli məktubla Agentliyə məlumat daxil olduğu bildirilmişdir.
29. Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 20 iyun 2024-cü il tarixli, 3-17-3/2-19724/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.10-cu yarımbəndinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinə qəbulunu təmin etmək Agentliyinin vəzifələrindən biridir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Lakin Agentlik şəxslərin yalnız sosial xidmətə olan tələbatının qiymətləndirilməsini həyata keçirir, tibbi xidmətə olan tələbatla bağlı qiymətləndirilmənin aparılması Agentliyin səlahiyyətləri xaricindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunun 7.2-ci bəndinə əsasən müvafiq qeydiyyata götürülməsi Agentliyin səlahiyyətləri xaricindədir.
30. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı-məhkum İddiaçı xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə X2 azad olunmuş, onun cəzasının sonuna 3 ay qalmış adı siyahıya salınaraq aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Lakin, Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə məlumat daxil olsa da, Agentlik tərəfindən iddiaçı qeydiyyata götürülməmişdir, başqa sözlə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Qanunun 7.2-ci maddəsi ilə imperativ qaydada tələb olunan qeydiyyata alınma şərtlərinə onun tərəfindən əməl olunmamışdır.
31. Göründüyü kimi, iddiaçıya “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 6.1.7 və 14.1-ci maddələrinə əsasən birdəfəlik pul müavinətinin verilə bilməsi üçün o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfındən qeydiyyata alınmalı idi. Lakin iddiaçı sonuncu tərəfindən qeydiyyata alınmamışdır. Odur ki, qeyd olunan qaydada qeydiyyata alınmayan şəxsin hazırkı faktiki əsaslarla iddiası təmin oluna bilməz. Əgər iddiaçı qeydiyyata alınmamasını qanunsuz sayırsa, o halda həmin hərəkəti (hərəkətsizliyi) müstəqil inzibati iddia qaldırmaqla mübahisələndirə bilər. Qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.
32. Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qərarda qanun müddəaları səhv təfsir edilmişdir.
33. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi iddiaçıya birdəfəlik pul müavinətinin verilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır.
34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-787/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəza çəkməkdən azad edilməsi ilə birdəfəlik pul müavinətinin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.