Məhkəmə qərarları › İş №2-1(107)-314/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-314/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-314/2025 27.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2-1(116)-1098/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 1981 – 2021-ci illərdə Azərbaycan DRES-də (hazırkı "xxxx" MMC) işləmişdir.

2. “Borçalı” bağçılıq birliyindəki 89 nömrəli bağ sahəsi əvvəllər bağçılığın üzvü X4 istifadəsində olsa da, sonradan iddiaçının istifadəsinə keçmişdir.

3. Ona Azərbaycan DRES-in yaratdığı “Borçalı” bağçılıq birliyinin üzvlük bileti verilmişdir.

4. Həmin bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən 17 sentyabr 2010-cu il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.

5. İddiaçı sözügedən bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və ərizəsinə üzvlük biletinin surətini əlavə etmişdir.

6. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi 21 avqust 2024-cü il tarixli məktubu ilə məsələnin həllindən imtina etmişdir.

7. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir.

8. İddiaçının mövqeyi belədir ki, bağ sahəsi 1996-cı ildən onun istifadəsindədir, hasara alınmışdır, bağda ev tikilmişdir. Aidiyyəti qurumdan torpaq sahəsinin planı və ölçüsü də alınmışdır. Onun bağdan istifadə etməsi və orada ev tikib yaşaması Azərbaycan İES X1 təmsilçisinin iştirakı ilə tərtib olunmuş aktla təsdiqini tapır. O, həmin bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını iddiaçının adının bağ sahələri ayrılmış şəxslərin siyahısında olmaması ilə əsaslandırmışdır. Lakin o, həmin vaxtdan mülkiyyəti kimi bağ sahəsindən istifadə edir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir.

9. Cavabdeh iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, iddaçının 0,05 ha bağ sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə İdarədə baxılmışdır. Arxiv materialları əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DTXK Mingəçevir şəhər şöbəsi tərəfindən iddiaçının adına həmin bağla bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Lakin istifadəsində olan bağ sahəsi ilə bağlı ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən 15 avqust 2007-ci il tarixli akta əsasən DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş "xxxx" MMC-nin fəhlə və qulluqçularının “Borçalı” bağçılıq yoldaşlığının adlı siyahısında X4 adı qeyd olunmuşdur. İddiaçının adına keçirilməsi ilə bağlı arxiv materiallarında hər hansı məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur.

10. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir (nümayəndə vasitəsilə təmsil olunmamışdır). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı.

11. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (X8) 26 fevral 2025-ci il tarixli 2-1(116)-1098/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki inzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1098/2025 saylı qəran tam qanunsuz və əsassızdır. Belə ki, qərar məhkəmə iclasında təqdim olunmuş sübutlar əsassında deyil hakimin öz mülahizələri əsasında çıxarılmışdır. Hakim işi lazımi qaydada araşdırmadan və inzibati məhkəmələrin kömək etmək vəzifəsindən istifadə etmədən qərar çıxarmışdır. Şəki inzibati Məhkəməsinin xx.xx.2025-ci iltarixli 2-1(116)-1098/2025 saylı qərarına əsasən mənim yəni İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır. Qərar əvvəldən axıra kimi hakimin şəxsi fikirləri ilə bəzədilmiş və işdə araşdırılmayan sübutlarla əsaslandırılmışdır. X8 icraatında olan bu işi əsassız araşdırma apararaq mənim hüquqlarımı pozmaqla onun ziyanına qərar çıxarmışdır. İddia ərizəsində də göstərdiyi kimi 1981-ci ildən 2021-ci ilə kimi Azərbaycan DRES (indiki Azərbaycan İES-da) çilingər vəzifəsində işləmişəm və Azərbaycan DRES Həmkarlalttifaqının yaratdığı “Borçalı” bağçılıq birliyinin üzvü olmuşam. 1996-cı ildə “Borçalı” bağçılıq birliyi tərəfindən mənə 0.05 ha torpaq sahəsi verilmişdir. Məndən əvvəl sözügedən torpaq sahəsi X5 verilsə də həmin şəxsin torpaq sahəsini lazımi qaydada istifadə etmədiyi üçün torpaq sahəsi müəssisənin Həmkarlar Təşkilatının üzvləri tərəfindən mənə verilmişdir. Sözügedən torpaq sahəsinin mənə verilməsini təsdiq edən üzvlük bileti, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü və əmək kitabçasının surətindən görünür ki, mən sözügedən müəssisədə uzun illər işləməklə “Borçalı” bağçılıq birliyinin üzvü olmuşam və mənə müəssisənin həmkarlar təşkilatı tərəfindən 0.05 ha torpaq sahəsi verilmişdir. Mən və ailə üzvlərimdən başqa sözügedən torpaq sahəsini heç kim istifadə etməmişdir. Həmkarlar təşkilatının nizamnaməsinə baxılarsa rahatlıqla görmək olar ki, torpaq bir müddət (əksər hallarda 6 ay) istifadə olunmadıqda başqa şəxslərə verilə bilər. Mən qeyd olunan dövrlərdə sözügedən müəssisədə işləməklə müəssisənin həmkarlar təşkilatının üzvü olmuşam və mənə torpaq sahəsi verilməsi qanuna müvafiqdir. İddia ərizəsində sözügedən məsələləri aydın şəkildə göstərməklə iddiaçı iddia ərizəsinə sənədlərini əlavə etmişdir. Lakin məhkəmənin qərarında nə sözləri, nə də sənədlərinə lazımi qiymət verilməmişdir. Ona müəssisə və Həmkarlar Təşkilatı tərəfindən bildirilmişdir ki, onun sonradan tətib edilmiş siyahıda adı var. Belə ki, siyahıda 72-ci adam və №89 sahə ona verilmişdir. Lakin məhkəmə kömək etmək vəzifəsi olmasına baxmayaraq sanki işi sadə formada yola verməklə iddianı rədd etməyə çalışmışdır. Qərar isə demək olarar ki, əsaslandırılmamış və bir neçə səhifədən ibarət olmaqla qərar qərəzli olaraq mənim ziyanıma şərh olunmuşdur. Hörmətli Kollegiya sizə bildirməliyəm ki, qanunvericiliyin tələbindən də bilindiyi kimi dövlət orqanının səhvlərini düzəltmək vətəndaşın borcu deyil və dövlət orqanının səhvi üçün vətəndaşın vəziyyəti ağırlaşa bilməz. Mən artıq 30 ilə yaxın bir zamndır öz torpağımdan istəfadə etsən də hazırda mənə qarşı əsassız olaraq torpağımdan istifadəyə mane olunulur. Hakim İPM və MPM-nin tələblərindən kənara çıxaraq məhkəmə iclasında araşdırılmayan sübutlara əsaslanmış və tələbdən kənara çıxaraq tam olaraq qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77, 218-ci maddəsi və İPM-nin 2.2.2 və 33.1-ci maddələrində göstərilmişdir ki, məhkəmə yalnız məhkəmə iclasında araşdırılan sübutlar əsasında işə baxmalı, tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və tələbdən kənara çıxmamalıdır. Bundan əlavə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Lakin hakim işə münasibətdə laqeyid yanaşmış, işi araşdırmamış və qanunvericiliyin tələbindən kənar qərar çıxarmışdır. Hakim qərar qəbul edərkən kömək etmək vəzifəsini icra etməli olduğu halda icra etməmiş və qərəzli olaraq iddianı rədd etmişdir. Sözügedən torpaq sahəsinin ona verilməsini təstiq edən üzvlük bileti, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü və əmək kitabçasının surətindən görünür ki, iddiaçı sözügedən müəssisədə uzun ilər işləməklə “Borçalı” bağçılıq birliyinin üzvü olmuşdur və ona müəssisənin həmkarlar təşkilatı tərəfindən 0.05 ha torpaq sahəsi verilmişdir. O və ailə üzvlərindən başqa sözügedən torpaq sahəsini heç kim istifadə etməmişdir. Həmkarlar təşkilatının nizamnaməsinə baxılarsa rahatlıqla görmək olar ki, torpaq bir müddət (əksər hallarda 6 ay) istifadə olunmadıqda başqa şəxslərə verilə bilər. İddiaçı qeyd olunan dövrlərdə sözügedən müəssisədə işləməklə müəssisənin həmkarlar təşkilatının üzvü olmuş və ona torpaq sahəsi verilməsi qanuna müvafiqdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1098/2025 saylı qərarının tam ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmadığını, əsassız olaraq qanunazidd qərar qəbul edildiyini bildirdi. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2-1(116)-1098/2025 nömrəli qərarınının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə iddiaçı Azərbaycan İstilik Elektrik Stansiyası MMC- nin direktoru tərəfindən 08 may 2019–cu il tarixdə təsdiq edilmiş “Borçalı” bağçılıq təsərrüfatının üzvlərinin inventarlaşdırmadan sonra dəqiqləşdirilmiş siyahısını məhkəmə kollegiyasına təqdim edərək həmin siyahıda onun adının olmasını bildirmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X6 birinci instansiya məhkəməsində işin hallarının tam olaraq hərtərəfli şəkildə araşdırılaraq qanunamüvafiq qərar qəbul edildiyini və əsaslı olaraq iddia tələbi təmin edilməmişdir. Odur ki, apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. «Torpaq islahatı haqqında» Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

27. Məhkəmə kollegiyası hazırkı iddiaya “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” hissəsində baxır. Belə ki, İddiaçı cavabdeh inzibati orqana müraciətinin məzmunu yalnız torpaq sahəsinə hüququn qeydiyyatı barədə olmuşdur. Bu səbəbdən də, iddia qaldırılan zaman torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə münasibətdə inzibati mübahisə mövcud olmamışdır.

28. Qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

29. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də, qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

30. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılması (satılması) barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən olunmur.

31. Belə ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına Azərbaycan DRES “Borçalı” bağçılıq yoldaşlığı tərəfindən 89 saylı bağ sahəsinə dair üzvlük bileti tərtib edilsə də, yalnız həmin sənədin olması qanunvericiliklə bağ sahəsinə hüququn yaranmasına əsas deyil. Bundan başqa, surəti iş materiallarına əlavə edilmiş arxiv daşıyıcısı kimi cavabdeh inzibati orqanın arxiv materiallarında saxlanılan “Borçalı” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında hazırkı İddiaçı adı aşkar olunmur, hətta iddiaçının ondan aldığını bəyan etdiyi X4 adı göstərilmişdir. Bu isə, iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun yaranmasını təsdiqləmir.

33. Məhkəmə kollegiyası tərəfindən Mingəçevir şəhər icra hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən tərtib edilmiş siyahı cədvəli üzrə məlumatların müvafiq arxiv qovluqlarında mövcud olub-olmamasının müəyyən edilməsi üçün xx.xx.2025-ci il tarixdə DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu verilmişdir. DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-35/2-1680/2025 saylı sorğuya cavab məktubuna əlavə olunmuş arxiv sənədlərindən bəlli olur ki, İddiaçı adı Mingəçevir şəhər icra hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən tərtib edilmiş siyahıda müəyyən edilmir.

34. İddiaçı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “Borçalı” bağçılıq təsərrüfatının üzvlərinin inventarlaşdırmadan sonra dəqiqləşdirilmiş siyahısını təqdim edərək, qeyd edilən siyahıda adının olmasını bildirmişdir.

35. Kollegiya xx.xx.2025-ci il tarixdə “Borçalı” bağçılıq təsərrüfatının üzvlərinin inventarlaşdırmadan sonra dəqiqləşdirilmiş siyahısının hansı illər və hansı hüquqmüəyyənedici sənədlər əsasında aparılmasının müəyyən edilməsi üçün "xxxx" MMC-yə sorğu vermişdir. Qeyd edilən sorğuya cavab olaraq “Borçalı” bağçılıq təsərrüfatının üzvlərinin inventarlaşdırmadan sonra dəqiqləşdirilmiş siyahısının "xxxx" MMC tərəfindən tərtib olunduğu və İddiaçı “Borçalı” bağçılıq təsərrüfatı tərəfindən torpaq sahəsi ayrılması barədə arxivdə heç bir sənədləşmə işinin aşkar olunmadığı bildirilmişdir.

36. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

37. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Sözügedən Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olduğu təsbit edilmişdir.

38. Belə olan halda kollegiyanın qənaətinə görə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.5-ci maddəsinə əsasən inzibati orqan DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi İddiaçı Mingəçevir şəhəri “Borçalı” bağçılıq yoldaşlığında yerləşən 500 kv.m torpaq sahəsindən ibarət 89 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və ondan irəli gələn reyestrdən çıxarışın verilməsindən imtina etməkdə haqlı olmuşdur.

39. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassızdır, Mingəçevir şəhəri “Borçalı” bağçılıq yoldaşlığında yerləşən 500 kv.m torpaq sahəsindən ibarət 89 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və ondan irəli gələn reyestrdən çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2-1(116)-1098/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar