Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-315/2023 31.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2020-ci il tarixdən xx.xx.2008-ci il tarixdə anadan olmuş Diniyev Şamxal Qurban oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)- 166/2023 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə xx.xx.2008-ci il tarixdə anadan olmuş Diniyev Şamxal Qurban oğluna sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin üzərinə xx.xx.2008-ci il tarixdə anadan olmuş Diniyev Şamxal Qurban oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1436/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı yenidən tələbini dəqiqləşdirərək cavabdehin xx.xx.2020-ci il tarixli imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2020-ci il tarixdən xx.xx.2008-ci il tarixdə anadan olmuş Diniyev Şamxal Qurban oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. İddianın əsaslarına görə, Diniyev Şamxal Qurban oğlu xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İddiaçının övladı anadan gəlmə qüsurlu doğulmuşdur. Övladı yumşaq və sərt damağın yarığı, dodağın birtərəfli yarığı, anadangəlmə yumşaq və sərt damağın yarığı, dovşan dodaq "Xeylouranostafiloplastikadan sonrakı vəziyyət" diaqnozu ilə dispanser qeydiyyatındadır. Bunun üçün 2011-ci il tarixdə X6 cərrahi əməliyyat olunub. Uşaqlıqdan sosial müavinət almışdır. Sosial müavinətin verilməsi 2019-cu ildə dayandırılmışdır. TSEK-na dəfələrlə müraciət olunmuş, hər dəfə müxtəlif şəkildə imtina cavabları verilmişdir.
7. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının övladı Diniyev Şamxal Qurban oğlunun əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağzı...; Diaqnozun mətni: Sərt və yumşaq damağın anadangəlmə bitişməməsi (qurd ağızlıq); Meyar: 1. Altı aydan iki ilə qədər müddətə: => 1.2. cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar;” səbəbi ilə 2 il müddətinə əlillik verilmişdir.
8. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağzı...; Diaqnozun mətni: Sərt və yumşaq damağın anadangəlmə bitişməməsi (qurd ağızlıq); Meyar: 1. Altı aydan iki ilə qədər müddətə: => 1.2. cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar;.” səbəbi ilə 2 il müddətinə əlillik verilmişdir.
9. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağzı...; Diaqnozun mətni: Sərt və yumşaq damağın anadangəlmə bitişməməsi (qurd ağızlıq); Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.22. cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar (Z98.8,K91.1- K91,9,K92-K92.9);” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir.
10. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q37 - Dodağın və damağın yarığ..Diaqnozun mətni: Anadangəlmə yumşaq və sərt damağın yarığı. Dovşan dodaq Xeylo uranostafilo-plastikadan sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: Xəstəliyin əlilliyin təyini üçün vacib olan funksiya pozğunluqları qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir.
11. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q37 - Dodağın və damağın yarığ...; Diaqnozun mətni: Yumşaq və sərt damağın yarığı dodağın birtərəfli yarığı ilə, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Dodağın və damağın yarığı [qurd ağzı dovşan dodaqla], cərrahi əməliyyatdan qabaq gforma.nitq və qida çətinliyi, nəfəs alma çətinliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb:
12. Lor və üz cərrahının rəyində əməliyyatdan sonrakı ağırlaşmalar göstərilməyib.” səbəbi ilə imtina verilmişdir.
13. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Yumşaq və sərt damağın yarığı dodağın birtərəfli yarığı ilə, xx.xx.2011-ci ildə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Nitq pozğunluğu müşahidə olunur; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Cərrahi əməliyyatdan sonrakı bərpa müalicələri davam etdirilsin, qeyd edilən diaqnoz Sim təyin etməyə əsas vermir” səbəbi ilə imtina verilmişdir.
14. Göründüyü kimi, iddiaçının övladı Diniyev Şamxal Qurban oğlunun əlillik vəziyyəti Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Cərrahi əməliyyatdan sonrakı bərpa müalicələri davam etdirilsin, qeyd edilən diaqnoz Sim təyin etməyə əsas vermir” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.
15. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2020-ci ildə imtina verilsə də, o, 2022-ci ilin sentyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-in 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin sentyabr ayında, yəni təxminən 2 il sonra xx.xx.2020-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir.
16. AR İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
17. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.
19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 mart 2023-cü il tarixli 2- 1(116)-166/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
21. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
22. Cavabdeh apellyasiya şikayətini etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 15 mart 2023-cü il tarixli 2-1(116)- 166/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 15 mart 2023-cü il tarixli 2-1(116)-166/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
25. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
26. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 0256003AAKXQ nömrəli Tibbi Sosial Ekspert Komissiyasının göndərişindən görünür ki, Şamxal Diniyevin xəstəliyin başlanma tarixi xx.xx.2008-ci il, xəstəliyi - xroniki, ağır kimi qeyd edilmişdir. - cavabdeh orqanın 7RRSNRM0008 nömrəli qiymətləndirmə nəticəsindən görünür ki, əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Cərrahi əməliyyatdan sonrakı bərpa müalicələri davam etdirilsin, qeyd edilən diaqnoz Sim təyin etməyə əsas vermir” səbəbi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. - Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1436/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2022-ci il tarixli 6341 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyindən görünür ki, Ş.İddiaçı hazırda “Yumşaq və sərt damağın yarağı, dodağın birtərəfli yarığı ilə xx.xx.2011-ci ildə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Nitq pozğunluğu” xəstəliklərindən əziyyət çəkir və diaqnoz ona xəstəxanada müayinələri əsasında təyin edilmişdir. Qeyd edilən diaqnoz əyani müayinəsində təyin etməyə əsas vermədiyindən əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin meyarlarının hər hansı bir bəndini aid etməyə əsas vermədi. Lakin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar isə tibb müəssisəsindən yeni (Forma 088) rəsmiləşdirildikdən sonra dəyəndirilə bilər. - "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin xx.xx.2023-cü il tarixli PHŞ-6- 78/2-211/2023 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu Danaçı kənd sakini Diniyev Şamxal Qurban oğluna əlavə müalicələr və cərrahi əməliyyatdan sonrakı bərpa müalicələri davam etdiriləcəyi halda, yumşaq və sərt damağın yarığı, dodağın birtərəfli yarığının və nitq pozğunluğunun aradan qaldırılması mümkün deyil. Xəstəyə xx.xx.2009 xx.xx.2009 tarixlərində X5 “Xeyloplastika “ əməliyyatı, xx.xx.2011 - xx.xx.2011 tarixlərində “Uranostafiloplastika” əməliyyatları icra olunub. Xəstəyə üçüncü əməliyyat məsləhət görülüb.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
28. İddiaçının müraciətinə inzibati orqan tərəfindən baxıldığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: - 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. - 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir.
29. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3-cü hissəsində uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları öz əksini tapmışdır. ... 3.1.38. anadangəlmə qüsurlar (orqanların tam və ya qismən aplaziyası), üz skeleti və əzələlərin qazanılmış defekt və deformasiyaları nəticəsində tənəffüs, çeynəmə, udma, nitq funksiyasının pozulması (Q18, Q30.1, Q31.2, Q31.8, Q32.1, Q32.4, Q33.3, Q34.8, Q38Q39.9, Q67.4, R06, R13, R47, R49, K07);
31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
34. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-166/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. İddiaçının müraciətinə inzibati orqan tərəfindən baxıldığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin normalarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, həmin normaların məzmunundan da göründüyü kimi 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirmək, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən etmək TSEK-in və həmin Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmətin səlahiyyətlərinə aid edilmişdir.
38. Bununla baglı kollegiya qeyd edir ki,diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
39. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
40. Məhkəmə bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Buradakı əsas məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olması halıdır..
41. Hazırkı işdə isə iddianın əsasını inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olması təşkil edir.
42. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdıpr ki, ”Şamxal Diniyevin cərrahi əməliyyatdan sonrakı bərpa müalicələrinin davam etdirilməsi, qeyd edilən diaqnozun sağlamlıq imkanlarının məhdudluğunun təyin etməyə əsas verməməsi” ilə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçının övladı ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirilməli, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməlidir.
43. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nə həvalə edilmişdir. Ekspert tərəfindən məhkəməyə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, Ş.İddiaçı hazırda “Yumşaq və sərt damağın yarağı, dodağın birtərəfli yarığı ilə xx.xx.2011-ci ildə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Nitq pozğunluğu” xəstəliklərindən əziyyət çəkir və diaqnoz ona xəstəxanada müayinələri əsasında təyin edilmişdir. Qeyd edilən diaqnoz əyani müayinəsində təyin etməyə əsas vermədiyindən əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin meyarlarının hər hansı bir bəndini aid etməyə əsas vermədi.
44. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq aşağıda sadalanan əsaslara görə müvafiq ekspert rəyi ilə razılaşmamış və onu iş üzrə mötəbər sübut qismində qəbul etməmişdir:
45. Belə ki, tərtib edilmiş ekspert rəyinin birinci səhifəsindən görünür ki, iş üzrə rəy verilməsində iştirak edən ekspertlərdən biri – X2 – Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspertidir. Yəni, hazırkı iş üzrə cavabdeh orqanda fəaliyyət göstərən tibbi sosial ekspertdir. Bu isə bütövlükdə aparılmış ekspertizanın obyektivliyini şübhə altına qoyur. Digər tərəfdən ekspertin gəldiyi nəticədən də göründüyü kimi məhkəmə tərəfindən ekspert qarşısında müvafiq sual qoyulmadığı halda əlillik dərəcəsinin təyini ilə bağlı məsələyə cavabdehin mövqeyinə uyğun qeyri-müəyyən münasibət bildirilir. Yəni, cavabdeh orqanın nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyi cavabdeh orqanın maraqlarına uyğunlaşdırılmışdır.
46. Bundan əlavə məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3-cü bəndini nəzərə alaraq qeyd edir ki, Şamxal Diniyevə qoyulmuş “Yumşaq və sərt damağın yarağı, dodağın birtərəfli yarığı ilə xx.xx.2011-ci ildə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Nitq pozğunluğu” diaqnozu istinad olunan Əsasnamədə uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu xəstəliklərin siyahısındadır. Cavabdeh orqanın təqdim etdiyi səhiyyə müəssisəsinin göndərişində də, ağırlaşma qrafasında “başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, nitq pozğunluğu müşahidə olunur qeyd edilmiş və R47 kodunda göstərilmişdir. R47 kodu isə həmin Əsasnamənin 3.1.38-ci bəndində sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasına əsas olan diaqnoz olaraq göstərilmişdir.
47. Cavabdeh orqanın apellyasiya şikayətinin “ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirilməli, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməlidir” dəlilini əsassız sayan kollegiya qeyd edir ki, qeyd olunan dəlil də, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ-6-78/2-211/2023 nömrəli məktubu ilə təkzib olunur. Belə ki, iddiaçının övladı barədə göndərişi tərtib edərək ona müvafiq diaqnozu qoyan səhiyyə müəssisəsi Şamxal Diniyevə əlavə müalicələr və cərrahi əməliyyatdan sonrakı bərpa müalicələri davam etdiriləcəyi halda, yumşaq və sərt damağın yarığı, dodağın birtərəfli yarığının və nitq pozğunluğunun aradan qaldırılmasının mümkün olmayacağını bildirir. Belə olan halda aradan qaldırılması mümkün olmayan diaqnozla bağlı ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirilməsi və tam reabilitasiya olmanın mümkünlüyünü qeyd edərək müraciətin təmin edilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır.
48. Digər tərəfdən iş materiallarından görünür ki, Şamxal Diniyevə xx.xx.2009 xx.xx.2009 tarixlərində X5 “Xeyloplastika” əməliyyatı, xx.xx.2011- xx.xx.2011 tarixlərində “Uranostafiloplastika” əməliyyatları icra olunub. Xəstəyə üçüncü əməliyyat məsləhət görülüb. Bununla belə ona qoyulmuş diaqnoz aradan qalxmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh orqan özü də Şamxal Diniyevə qoyulmuş diaqnozu mübahisələndirmir.
49. Bundan başqa məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin hazırkı inzibati iş üzrə tələbin “mübahisələndirmə haqqında” iddia növünə aid olmasını və iddiaçının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının övladına xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanların məhdudluğunun təyin edilməsindən imtina edənədək onun hüquqi sferasında dəyişikliyə səbəb olacaq hər hansı inzibati akt qəbul edilməmişdir. Yəni, imtina cavabı verilənədək və ondan sonra iddiaçının hüquqi statusu eyni olmuşdur. Belə olan halda iddiaçının imtina qərarını mübahisələndirməsi “mübahisələndirmə haqqında” iddia növü kimi yox, nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq “məcburetmə haqqında” iddia növü kimi nəzərdən keçirilməlidir.
50. Bununla yanaşı iş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur.
51. İddiaçının təqdim etdiyi Tibbi Sosial Ekspert Komissiyasının imtina cavabının elektron sistemdən çap tarixi isə xx.xx.2022-ci il qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.
52. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)-166/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.