Məhkəmə qərarları › İş №2-1(107)-315/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-315/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-315/2024 17.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X9 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Bulut Həsənovanın mülkiyyət hüququnu təsdiq edən JN-0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının hüquqi nəticəsi olan (ilkin mülkiyyət hüququ qeyd edilən Dövlət aktına əsasən təsbit edilmişdir) və hazırda iddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışda düzəliş edilməklə torpaq sahəsinin ölçüsünün 52.0 ha deyil, 55.0 ha olaraq qeyd edilməsinin təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-442/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bulut Həsənovanın mülkiyyət hüququnu təsdiq edən JN-0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının hüquqi nəticəsi olan (ilkin mülkiyyət hüququ qeyd edilən Dövlət aktına əsasən təsbit edilmişdir) və hazırda iddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan dövlət reyestrindən çıxarışda düzəliş edilməklə torpaq sahəsinin ölçüsünün 52.0 ha deyil, 55.0 ha olaraq qeyd edilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-442/2024 nömrəli qərardadı ilə Yevlax rayon Səmədabad bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yevlax rayon Səmədəbad bələdiyyəsinin 21 sentyabr 2005-ci il tarixli 14 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 55.00 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün 55.00 hektar torpaq sahəsi nənəsi X2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair B.Həsənovanın mülkiyyət hüququ JN 0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən təsbit edilmişdir. X1 adına işlənmiş "torpaq sahəsinin planı və ölçüsü" sənədində torpaq sahəsinin mülkiyyət növü : xüsusi mülkiyyət, sənəd üzrə sahəsi (ha) 55.00, faktiki sahəsi (ha) 52.00 göstərilmişdir. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır və mülkiyyət hüququ xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan dövlət reyestrindən çıxarışa əsasən təsbit edilmişdir. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 52.0 ha göstərilmişdir. Baxmayaraq ki, B.Həsənovanın mülkiyyət hüququnu təstiq edən JN 0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı etibarsız hesab edilməmiş və dəyişdirilməmişdir. İddiaçı həmin məsələ ilə bağlı cavabdehə müraciət etmiş və onun müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, Yevlax rayonu Səmədabad bələdiyyəsinin hüdudları daxilində, bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsindən JN-0339 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçının mülkiyyətinə verilmiş 55.0 ha torpaq sahəsi naturada istifadəçilik və qonşuluqda olan digər ərazilərin sərhəddi nəzərə alınmadan DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmişdir. İddiaçının müraciətində qeyd edilən məsələ ilə bağlı 17 saylı Yevlax Ərazi İdarəsində araşdırılma aparılmışdır. Məlumat olaraq bildiririk ki, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində istifadə edilən və naturada mütəxəssislər tərəfindən təsbit edilmiş torpaq sahəsi 52.0 ha təşkil etdiyi üçün, **********37 reyestr nömrəli çıxarış faktiki istifadəçiliyə əsasən qeydə alınmış və 52.0 ha torpaq sahəsinə verilmişdir. Həmçinin bildirmək istəyirik ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətinə xx.xx.2017-ci il tarixdə 4Ə-960 reyestr nömrəli bağışlama müqaviləsi üzrə keçmişdir. Həmin torpaq sahəsi əvvəlki hüquq sahibinə **********37 reyestr nömrəsi ilə 52.0 ha ölçüdə məxsus olmuşdur. Buna görə də ərizənin icrası mümkün olmamışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun olaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 6 mart 2024-cü il tarixli 2- 1(116)-442/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsi onların mülkiyyətinə (sələfi olduğu şəxs nəzərdə tutulur) verilən zaman həmin torpaq sahəsi əkinə az yararlı və yararsız olmuşdur. Eyni zamanda, üzərinə öhdəlik götürmüşdür ki, həmin torpaq sahəsini onlar yararlı hala gətirəcəklər. Məhz buna görə də özəlləşdirilməsi zamanı onlara 30 % güzəşt edilmişdir. Onlar həmin torpaq sahəsini yararlı hala gətirmişlər. Oraya tərəflərindən kanallar çəkilmişdir. Kötüklərlə dolmuş torpaq sahələrini təmizləmişlər. Qeyd edilən torpaq sahəsi örüş torpaq sahəsi deyildir. Qeyd etdiyi kimi, əkinə az yararlı və yararsız torpaq sahəsi olmuşdur. 55 ha torpaq sahəsinə dair verilmiş torpaq sahəsinin kadastr sənədində - cədvəldə torpaq sahəsinin 55 ha olduğu göstərilmişdir. Daha sonra mülkiyyət hüququnun təsdiq edilməsinə dair Dövlət reyestrindən çıxarış əldə edərkən isə, torpaq sahəsi 52 ha kimi göstərilmişdir. Digər 3 ha torpaq sahəsi isə zəbt altında olmuşdur. Eyni zamanda, həmin torpaq sahəsinin kateqoriyası çox aşağıdır. Torpaq sahəsinin bonitet balı çox aşağı olduğu üçün mütəxəssis rəyində örüş (ümumi istifadəyə verilmiş ) sahə kimi göstərilmişdir. Əslində isə belə deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-442/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-442/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayon Səmədabad kəndi ərazisində yerləşən 52.0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, X6 özünə məxsus 52 ha torpaq sahəsini İddiaçı bağışlamışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayon Səmədabad kəndi ərazisində yerləşən 260.0 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir.

5. xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, X6 özünə məxsus 260.0 ha torpaq sahəsini X8 bağışlamışdır.

6. MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X5 surətindən görünür ki, Yevlax rayon Səmədabad kəndində yerləşən 52 ha torpaq sahəsi X3 mülkiyyətində olmuşdur.

7. JN-0339 KOD 90112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Yevlax rayon Səmədabad Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı qərarı 55.00 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir.

8. Yevlax rayon Səmədabad bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı qərarı ilə X4 55.0 ha torpaq sahəsi verilmişdir.

9. Torpaqların alqı-satqısına dair Aktda qeyd edilmişdir ki, Yevlax rayon Səmədabad Bələdiyyəsi ərazisində 55.0 ha torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli 14 saylı nömrəli qərar qəbul edilmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-5029/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, . İddiaçının adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarış verilmiş torpaq sahəsi başqa subyektlərin torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçinin adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışda qeyd edilmiş 52.0 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası təmiz örüş, mülkiyyətçisi **********37 reyestr nömrəsi çıxanşa əsasən İddiaçıdur. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan 55.0 ha torpaq sahəsi naturada mövcuddur, lakin mübahisəli 3.0 ha torpaq sahəsi digər subyektlərin istifadəsindədir. JN- 00339 saylı 90112018 kodlu "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeydə alınmış cizgidə göstərilən torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi çıxarışda qeyd edilmiş 52.0 ha torpaq sahəsi üst üstə düşür.

11. Mütəxəssis rəyinə əlavədən görünür ki, İddia olunan 3.0 ha torpaq sahəsi JN- 0339 saylı 90112018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeydə alınmış cizgidə göstərilən torpaq sahəsinin daxilinə düşmür. JN-00339 saylı 90112018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeydə alınmış cizgidə göstərilən torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışın koordinatları arasında vizual müşahidə olunan fərqlər mövcuddur. Həmin fərqin yaranma səbəbi naturada istifadəçilik mövcud deyildir. İddia olunan 3.0 ha torpaq sahəsinin TEKUİS məlumatları əsasən mülkiyyətçisi Yevlax rayonu, Səmədabad bələdiyyəsi, təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - təmiz örüş (ümumi istifadəyə verilmiş), döngə nöqtələri, faktiki ölçüsü və yerləşmə vəziyyəti xx.xx.2023-cü il tarixli **********29 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.

16. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqan tərəfindən verilən məlumatlar sübut qismində qəbul edilə bilər.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir .

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 52 ha torpaq sahısinin ilkin hüquqmüəyyənedici sənəd olan JN-0339 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətə verilmiş 55 ha torpaq sahəsi kimi dəyişdirilməsindən, başqa sözlə, təkrar mülkiyyət hüququnun qeydə alınmadığı 3 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Lakin iddia mahiyyət etibarı ilə əsassızdır.

25. Belə ki, məhkəmə araşdırması iddiaçı tərəfindən naturada göstərilən və iddia olunan 3 ha torpaq sahəsi ilə bağlı aparılmışdır. Araşdırma zamanı ilkin hüquqmüəyyənedici sənəd əsasında təkrar mülkiyyət hüququnun qeydə alınması arasında naturada 3 ha fərqin və torpaq sahəsinin konfiqurasiya fərqinin səbəbi aydınlaşdırılmışdır. Müəyyən edilmişdir ki, təkrar mülkiyyət hüququ TEKUİS-ə əsasən naturada faktiki istifadə vəziyyətinə əsasən qeydə alınmışdır.

26. Tələb olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir :

1. İddia olunan 3.0 ha torpaq sahəsi JN-0339 saylı 90112018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeydə alınmış cizgidə göstərilən torpaq sahəsinin daxilinə düşmür.

2. Naturada göstərilən 3.0 ha torpaq sahəsinin TEKUİS məlumatları əsasən mülkiyyətçisi Yevlax rayonu Səmədabad bələdiyyəsi, təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - təmiz örüş (ümumi istifadəyə verilmiş) sahəsidir.

27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi iddia olunan torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədin koordinatları daxilində deyil, yəni B.Həsənovaya ayrılmamışdır.

29. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

28. Bununla bağlı kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bulut Həsənovanın mülkiyyət hüququnu təsdiq edən JN-0339 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının hüquqi nəticəsi olan (ilkin mülkiyyət hüququ qeyd edilən Dövlət aktına əsasən təsbit edilmişdir) və hazırda iddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəsi olan dövlət reyestrindən çıxarışda düzəliş edilməklə torpaq sahəsinin ölçüsünün 52.0 ha deyil 55.0 ha olaraq qeyd edilməsinin təmin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2-1(116)-442/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar