Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-316/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı mülkiyyətində olan Zaqatala rayon Kebeloba kəndində yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş yüklülük və qadağanın qanunsuz hesab edilərək, həmin yüklülüyün və qadağanın götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-281/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mülkiyyətində olan Zaqatala rayon Kebeloba kəndində yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş yüklülük və qadağanın qanunsuz hesab edilərək, həmin yüklülüyün və qadağanın götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Yüzbaşev X2 rayonu Kebeloba kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Mülkiyyətçisi olduğu əmlakla bağlı alğı-satqı əməliyyatı aparmaq istəyərkən ona bildirilmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubuna əsasən həmin fərdi yaşayış evinin üzərinə yüklülük və qadağa qoyulmuşdur. O, 2017-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə şahid qismində dindirilmişdir. Lakin həmin iş üzrə şübhəli və ya təqsirləndirilən şəxs qimsində cəlb edilməmişdir. Hazırda həmin cinayət işi üzrə icraat dayandırılmışdır. Cavabdeh orqana vəkil sorğusu verərək mülkiyyəti ilə bağlı məhdudiyyətin olub-olmaması, varsa, hansı sənədlərə əsasən qoyulması barədə məlumatın verilməsi istənilmişdir. Lakin sorğuya cavab verilməmişdir. Cavabdehin mülkiyyəti üzərində məhdudiyyəti saxlamasının qanunazidd hesab edərək cavabdeh orqana müraciət etmiş,cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən tələbi təmin edilməmişdr.
3. Cavadehin iddia tələbinə etirazınından görünür ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin üzərinə qoyulmuş qadağanın götürülməsinə köməklik göstərilməsi, üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/124 m saylı məktubuna əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlak üzərinə nəzarət qoyulduğundan həmin nəzarətin götürülməsi ilə bağlı aidiyyəti üzrə müraciət etməsi barədə iddiaçıya məktub ünvanlanmışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 yanvar 2023-cü il tarixli, 2- 1(116)-281/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(107)-316/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətinidə olan daşınmaz əmlak üzərinə məhdudiyyət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/124m saylı məktubuna əsasən qoyulmuşdur. Buna görə də iddiaçı həmin məhdudiyyətin götürülməsi ilə bağlı ilk öncə sözügedən qruma müraciət etməli idi. Həmin qrum onun müraciətini müsbət həll etmədiyi halda iddiaçının həmin iddia tələbinə məhkəmə tərəfindən baxılması qanunveciliyin tələbinə uyğun olardı. Məhkəmə iş üzrə hüquq və maraqlarına toxunulan şəxsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini) inzibati məhkəmə icraatına zəruri cəlb etməmişdir. Halbuki, qanunda və Ali Məhkəmənin müvafiq qərardadında bu məsələnin həlli əsasən məhkəməyə aid olduğu aşkar göstərilmişdir. Məhkəmə qanunla müəyyən edilmiş qaydada sözügedən qərarını iş üzrə cavabdeh olan ərazi idarəsinə məlumat üçün göndərmədən, prosesual qanunvericilinin tələblərini pozaraq birbaşa icra edilməsi üçün göndərmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-281/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-281/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-281/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanan xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-ci il tarixli, 1/99m və digər məxfi qrifli məktublarala bir sıra hüquqi və fiziki şəxslərin mülkiyyətlərində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş olunmuşdur. Qeyd olunan məktubların məzmunun məxfi olmasına zərurət aradan qalxdığından müvafiq qrifin ləğv olunmasına və qeyri-məxfi sənəd dövriyyəsi qaydalarının həmin sənədlərə şamil edilməsinə dair göstəriş verilməsini xahiş edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Zaqatala rayonu Kebeloba kəndi ərazisində yerləşən 81.61 kv. m torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli 240 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Zaqatala rayonu Kebeloba kəndi ərazisində yerləşən 81.61 kv. m torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 059706 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayonu Kebeloba kəndi ərazisində yerləşən fərdi yaşayış evininin hüquq sahibi İddiaçı adına tərtib edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14.1. Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Maddə 14.2. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14.4. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. Maddə 14.5. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Maddə 14.6. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır.
20. Cinayət Prosessual Məcəlləsininin: 249-cu maddəsinə uyğun olaraq cinayət işinin icraatı zamanı əmlak üzərində həbsin qoyulması məhkəmə və ya müstəntiqin qərarı əsasında həyata keçirilir. 251.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıya məxsus, tələbdə qeyd edilmiş daşınmaz əmlaklar üzərində hər hansı məhdudiyyət və yüklülük olmamış, həmin əmlaklar üzərinə həbs qoyulmamışdır.
25. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir.
26. Cinayət işinin icraatı zamanı əmlak üzərində həbsin qoyulması CPM-in 249cu maddəsinə uyğun olaraq məhkəmə və ya müstəntiqin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 251.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur.
27. Cavabdehin etirazının dəlilini əsasını təşkil edən Daxili İşlər Nazirliyinin xx.xx.2015- ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubu əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməzdi. Yəni, qeyd edilən məktub iddiaçıya məxsus əmlak üzərinə məhdudiyyətin qoyulmasına heç bir hüquqi əsas yaratmır. Ümumiyyətlə qanunvericilikdə “müvəqqəti nəzarət” adı altında məhdudlaşdırma növünə rast gəlinmir. Odur ki, hazırkı iş üzrə cavabdeh orqanın iddiaçıya məxsus əmlaklar üzərinə həbs qoyulmasını bildirməsi iddiaçının əmlak hüquqlarını pozulmasına səbəb olmuşdur.
28. İnzibati işin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir (cavabdeh inzibati orqan bunun əksini təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir). Təqdim edilən yeganə məhdudlaşma əsası isə yuxarıda qeyd edilən, qanuna və əqdə əsaslanmayan Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan məktub olmuşdur.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli müvəqqəti xarakter daşıdığı göstərilən məktub uzun müddət ərzində mülkiyyətçinin əmlak üzərində hüquqlarının həyata keçirilməsinə məhdudiyyət tətbiq etməsini nəzərdə tutmamışdır.Həmin məktub mahiyyət etibarilə mülki və cinayət prosessual qaydada tədbirlərin həyata keçirilməsinə qədər olan hüquqi mexanizmi nəzərdə tutmuşdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı mülkiyyətində olan Zaqatala rayon Kebeloba kəndində yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş yüklülük və qadağanın qanunsuz hesab edilərək, həmin yüklülüyün və qadağanın götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-281/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.