Məhkəmə qərarları › İş №2-1(107)-318/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-318/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-318/2020 28.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)- 298/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçıya xx xxx 2017-ci il tarixdə 2-ci qrup ümumi xəstəlikdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiyanın məbləği xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək 252,17 manat, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək 266,55 manat olmaqla hesablanıb ödənilmişdir. 2019-cu ilin 01 yanvarından pensiya məbləği azaldılmış, aylıq pensiya məbləğindən isə pensiya məbləğinin bir hissəsi tutulmağa başlanmışdır. Cavab olaraq cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və X2 Nazirinin xx xxxxxx 2018-ci il tarixli əmrinə uyğun olaraq Cavabdehndə aparılmış araşdırma nəticəsində iş stajında uyğunsuzluq aşkar olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçı Nəbi oğluna xx.xx.2017-ci il tarixdə İİ qrup ümumi xəstəlikdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı üçün şöbəyə təqdim etdiyi sənədlər əsasında xx.xx.2006-cı il tarixədək 30 il 03 ay 28 gün, xx.xx.2006-cı il tarixdən pensiya almaq hüququ yarandığı günədək 08 il 06 ay sosial sığorta stajı, cəmi 38 il 09 ay 28 gün sosial sığorta stajı nəzərə alınaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2016cı il tarixədək aylıq 236.49 manat, Azərbaycan Respublikası Prezidentinin mövcud Qanunvericiliyinə əsasən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 252.17 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 266.55 manat pensiya hesablanıb ödənişi təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli **********7 nömrəli əmrinə uyğun olaraq Nazirlik yanında Cavabdehndə aparılan araşdırması nəticəsində İddiaçı Nəbi oğlunun iş stajında uyğunsuzluq aşkar olunmuşdur. İş stajı hesablanarkən xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 33 saylı X4 işlədiyi dövrlə hərbi xidmədə olduğu dövrün eyni vaxta təsadüf etməsinə baxmayaraq iş stajına daxil edilmiş və eyni zamanda xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək Ali məktəbdə təhsil aldığı dövr iş stajına daxil edilmişdir. Mövcud Qanunvericiliyə əsasən Təhsil müddəti xx xxxxxx 2006-cı il tarixdən iş stajına daxil deyildir. Odur ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 33 saylı X4 işlədiyi dövr və xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək təhsil aldığı dövr iş stajına daxil olmadığı üçün göstərilən dövrlər hesablanmadan çıxarılmışdır. Nəticədə xx.xx.2006-cı il tarixədək 24 il 08 ay 18 gün və xx.xx.2006-cı il tarixdən pensiya almaq hüququ yarandığı günədək 08 il 06 ay sosial sığorta stajınıza əsasən, cəmi 33 il 02 ay 18 gün olmaqla pensiya xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 222.89 manat hesablanmalı olduğu halda düzgün olmayaraq 236.49 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 236.88 hesablanmalı olduğu halda 252.17 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 250.38 manat hesablanmalı olduğu halda 266.55 manat hesablanıb ödənilmişdir. Nəticədə xx.xx.2016- cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrə 464.11 manat artıq pensiya məbləği yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 7 fevral tarixli 933 saylı Sərəncamına uyğun olaraq pensiyanın sığorta hissəsinin indeksləşdirilməsi nəzərə alınaraq xx.xx.2019-cu il tarixdən 257.89 manat pensiya hesablanıb hal-hazıradək ödənişi təmin edilir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 814/2020 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2-l(116)-298/2020 sayli iş üzrə xx xxx 2020-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdehnə qarşı “öhdəlik tələbinin qoyulmasi tələbinə dair" iddiası təmin edilmişdir. Həmin qərar dəyişdirilməli, ilkin iddiasının təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə icraat zamanı prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. O, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərkən onun hüquqi nəticələrini düzgün başa düşməmişdir. Onun texniki xarakterdə olduğunu, ilkin iddianın təminə təsir etməyəcəyini zənn etmişdir. Şərh olunanlara əsasən, xahiş edir ki, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsiləqədərki dövrdə-xx.xx.1974-cü ildən xx.xx.1975-ci illərdəki müddət, keçmiş Sovet Ordusunda xidmət illəri-xx.xx.1976xx.xx.1978-ci illərdəki müddət, 33 saylı X4 işlədiyi xx.xx.1976- xx.xx.1979-cu illərdəki müddət də əlavə olaraq nəzərə alınmaqla pensiyasınının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-298/2020 sayli iş üzrə xx xxx 2020-ci il tarixli qərarının dəyişdirilib ilkin iddiasının tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-298/2020 nömrəli qərarının ləğv edilməsinixahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavbdeh DSMF-nin Zərdab rayon şöbəsinin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-298/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AA seriyalı 03526533 nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********0 nömrəli etiraz məktubu, KB seriyalı 015062 nömrəli diplomun təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, ATİİ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətləri daxildir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-814/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb cavabdehin nümayəndəsinin izahatını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil alması KB seriyalı 015062 nömrəli diplomun təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır. Cavabdehin xx.xx.2019-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2017- ci il tarixindən İİ grup ümümi xəstəlikdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Halhazırda pensiyanın məbləği 236.49 manat, iş stajı isə 38 il 09 aydır. Təhsil aldığı illər məhkəmə qərarına əsasən sosial sığorta stajına daxil edilərsə, aylıq pensiyası artırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndində ali və orta ixtisas təhsili məktəblərində təhsil dövrü iş stajına daxil edilirdi. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Belə ki, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Brinci instansiya məhkəmə araşdırması apararkən doğru olaraq müəyyən etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində “xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi” tələbi ilə bağlı iddiaçı ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərkən onun hüquqi nəticələrini düzgün başa düşmədiyini, onun texniki xarakterdə olduğunu, ilkin iddianın təminə təsir etməyəcəyini zənn etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında iddiaçı həmin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin özü tərəfindən imzalandığını qüvvəyə mindiyi bildirmişdir. Bundan baıqa həm iddiaçı, həm də cavabdehin nümayəndəsi məhkəmə iclasında verdikləri izahatlarında bildirdilər ki, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-298/2020 nömrəli qərarına əsasən DSMFnin Zərdab rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddət sosial sığorta stajına daxil edilmiş və ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyası yenidən hesablanaraq ödənilir. Bundan başqa məhkəmə kollegiyası xx.xx.1974-cü ildən xx.xx.1975-ci illərdəki müddət, keçmiş Sovet Ordusunda xidmət illəri-xx.xx.1976 - xx.xx.1978-ci illərdəki müddət, 33 saylı X4 işlədiyi xx.xx.1976- xx.xx.1979-cu illərdəki müddət də əlavə olaraq nəzərə alınmaqla pensiyasınının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin tələb üzrə iddiaçı əvvəlcə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdehnə, daha sonra isə həmin müraciətin nəticəsindən asılı olaraq məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunan işin hallarını məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubunda inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Zərdab rayon şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,DSMF-in Zərdab rayon şöbəsinin iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-814/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-814/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar