Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-319/2020 25.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 200/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 1994-cü il tarixli 34 nömrəli əmrə əsasən N nömrəli hərbi hissənin siyahısına daxil edilib Müdafiə Nazirliyinin xx.xx.1998-ci il tarixli müvafiq əmrinə əsasən komandirin xx.xx.1996-cı il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır. O, hərbi hissədə qulluq etdiyi dövrdə torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Qeyd edir ki, o, müharibə veteranı adı və vəsiqəsini almaq üçün cavabdeh Müdafiə Nazirliyinə etdiyi müraciətə belə bir cavab vermişlər ki, N nömrəli hərbi hissədə 1994-cü ilin fevral-iyun aylarında əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlində onun adı yoxdur. İddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının imtina məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin may-iyun 1994-cü il tarixli pul paylama cədvəllərində İddiaçı adı keçmir. İddiaçı hərbi hissəni özbaşına tərk etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmrilə şəxsi heyət siyahısından çıxarılmışdır. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli ş/v-nin təsdiqlənmiş surəti,MN Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/S-11850 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli 1/S12869nömrəli imtina məktubu, MN Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli 11/6201 nömrəli etirazı və xx.xx.2020-ci il tarixli 11/594 nömrəli məktubu, MN Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-12991 nömrəli, xx.xx.2019-cu il tarixli 9/2-6779 nömrəli məktubları,H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, xx.xx.2019-cu il tarixli 243-M nömrəli Çıxarış, AR MN-nin xx.xx.2019-cu il tarixli 9/2-17491 nömrəli, xx.xx.2019-cu il tarixli 1/S-16073 nömrəli, xx.xx.2019-cu il tarixli 9/2-17607 nömrəli məktubları, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Arxiv Çıxarışları, Azərbaycan Respublikası Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 189-26423-1219 nömrəli məktubu və ona əlavə olunmuş tələbnamə, SHXÇDX-nin Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 819 nömrəli məktubu, iddiaçının xx.xx.2020-ci il tarixli yazılı izahatı aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 200/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-200/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adı və vəsiqəsinin" verilməsi öhtəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiam təmin edilmədən saxlanmışdır. Aşağıdakılara əsasən məhkəməninn qərarını əsassız hesab edir. Belə ki, məhkəmə qərarı ilə tanış olarkən məlum olur ki, məhkəmə onun iddiasını təmin etmədən saxlayarkən onun məhkəməyə təqdim etdiyi sübutları sübut kimi qiymətləndirməmiş bununla da düzgün olmayan nəticəyə gəlməklə iddianı rədd etmişdir. Bildirirəm ki, o, xx xxxxxx 1994-cü il tarixli 34 nömrəli qərara əsasən N nömrəli hərbi hissənin siyahısına daxil edilib Müdafiə Nazirliyinin xx.xx.1998-ci il tarixli müvafiq əmrinə əsasən komandirin xx.xx.1996-cı il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır. O, hərbi hissədə qulluq etdiyi dövrdə torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş. Ancaq məhkəmə onun torpaqlarımızın uğrunda döyüşməyinə baxmayaq onun hərbi hissənin 1994-cü ilin fevral iyun aylarında əsgər heyətində pul təminatının ödənilməsində adımın olmaması adı ilə iddiam rədd edilmişdir.Halbuki onun torpaqlarımızın uğrunda vuruşmağı tam təsdiq edilmişdir. "Veteranlar haqqında" qanunun tələbinə görə Respublikamızın ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxs kimi ona müharibə veteranı adı verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarına istinad edilib iddiamın rədd edilməsinin hüquqi əsası yoxdur. Çünki qanun öz qüvvəsinə görə qərardan üstün qüvvəyə malik olduğu üçün qərara istinad edib iddiamın rədd edilıməsi bir daha qərarda maddi hüquq normasına düzgün istinad edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının əsassız olduğu üçün ləğv edib iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X2 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 1(116)-200/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-200/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi dəlilləri ilə razılaşmır. Çünki o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan MN X4 Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-12991 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin may-iyun 1994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. İşdə olan N saylı hərbi hissənin komandirinin xx.xx.1994-cü il tarixli 207 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1994-cü ildən hərbi hissəni özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə sübut aşkar olunmamışdır. Belə olan halda həmin şəxs veteran adını daşımaq hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-200/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-319/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-319/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver