Məhkəmə qərarları › İş №2-1(107)-319/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-319/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-319/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)- 708/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1974-cü ildə Ağdərə rayonun Lüləsaz kəndində anadan olmuşdur. Ağdam rayonun Qalayçılar kəndində qeydiyyatda olmaqla, keçmiş məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışdır. 1992-ci ilin avqust ayında N nömrəli hərbi hissənin tərkibində, eləcə də, N nömrəli və N nömrəli döyüşən hərbi hissələrin heyətində Qarabağın müxtəlif döyüş bölgələrində iştirak etmişdir. 1996-cı ilin oktyabr ayının 31-də qanunvericiliyin tələblərinə uyğun olaraq ordudan tərxis olunmuşdur. Haqqında hər hansı cinayət tərkibli fakt aşkar olunmamışdır. İddiaçının döyüş əməliyyatlarda iştirak etmək faktını onunla birlikdə həmin əməliyyatlarda iştirak edən müharibə veteranı yoldaşları da təsdiq edə bilərlər. Xidmət etdiyi illərlə bağlı hal-hazırda əlində arxiv sənədləri yoxdur. Hesab edir ki, ərizəsi əsasında cavabdehin şöbələri araşdırma aparsalar onun həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində qulluq göstərmə faktı arxiv sənədləri ilə təsdiq oluna bilər. Hal-hazıra kimi, bu səbəbdən ona müharibə veteran adı və vəsiqəsi verilməyib. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Mərkəzi Arxivin 18.12.2020-ci il tarixli 9/2-10989 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılarkən hərbi hissəni özbaşına tərk etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeyddə göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxlərə “Müharibə veteranı” adı verilə bilməz. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Cavabdehə birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı, iddia ərizəsinə uyğun izahat vermiş, cavabdehin iddiaya etirazının əsassız olduğunu, həqiqətən də şəhid qardaşının ölüm il dönümü ilə bağlı hərbi hissəni tərk etdiyini, lakin bunun icazəsiz deyil, hərbi hissə komandirinin razılığı ilə baş verdiyini, sadəcə olaraq rəsmiləşdirilmədiyini, sonradan xəstələndiyi üçün hərbi hissəyə gec qayıtdığını bildirmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan cavabdehin 17.02.2021-ci il tarixli 1/C-3419 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq təkrar bildirilir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 27.09.2019-cu il tarixli iclasında baxılmış və 632 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İddiaçı məhkəmənin 17.03.2021-ci il tarixli sərəncamına 31.03.2021-ci il tarixli münasibətində göstərmişdir ki, 07.08.1992-ci il tarixdə Ağdam rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərkibində həqiqi hərbi qulluğa çağırılmışdır. Əvvəlcə N nömrəli hərbi hissənin tərkibində N ay yarım sınaq müddətində olmuşdur. Sınaq müddətini başa vurduqdan sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissənin tərkibində döyüş bölgələri olan, yəni Ağdam rayonun Elgi, Muğanlı, Qarakənd, Abdal Gülablı istiqamətində aparılan döyüşlərdə fəal iştirak etmişdir. Sapyor, qranat atıcı, atıcı vəzifələrini yerinə yetirmişdir. 1993-cü ilin mart ayında N nömrəli hərbi hissəyə köçürülmüşdür. Həmin hərbi hissənin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə, Ağdam rayonun Paprəvənd, Güllicə, Salahlı, Suma, İlıxçılar, Şurabad, Qərvənd və s. kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. X1 26.02.1993-cü ildə Ağdərə rayonu istiqamətində minaya düşərək şəhid olmuşdur. Qardaşının 1996-cı ildə hər il keçirilən il dönümü ərəfəsində icazə ilə Seyfəli paliqonundan il dönümünə gəlmişdir. Kəskin hava şəraiti ilə əlaqədar özünü ağır xəstələndiyinə və valideynlərinin məskunlaşdığı ərazinin çadır şəraitində olduğuna görə hərbi hissəyə üzrlü hallara görə vaxtında qayıda bilməmişdir. Təxminən N gün hərbi hissəyə gec qayıtmış və həmin ərəfədə N saylı hərbi hissənin paliqonunda yoxlama reydi keçirilmiş, onun həmin hərbi hissədə olmaması qeydə alınmışdır. İddiaçı özü valideynlərinin yaşadığı Bərdə rayonun Lənbəran kəndində sağaldıqdan sonra, yəni N gün ərzində yenidən N nömrəli hərbi hissəyə qayıtmış və qulluğunu tərxis olunan günə qədər həmin hərbi hissədə başa vurmuşdur. 1996-cı ilin oktyabr ayında qanuni şəkildə xidmət etdiyi həmin hərbi hissədən tərxis olunmuşdur. Hərbi biletində bu halları təsdiq edən faktlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin məhkəmənin 17.03.2021-ci il tarixli sorğusuna cavab olaraq 12.04.2021-ci il tarixli 555 nömrəli məktubla təqdim etdiyi iddiaçı xx.xx.1974-cü il təvəllüdlü İddiaçı qeydiyyat kartasının təsdiq olunmuş surətindən aydın olur ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə cinayət işinin açılması əsası ilə Müdafiə nazirinin əmrinə əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən 21.04.2021-ci il tarixli 11/1778 nömrəli məktubla məhkəməyə göndərilmiş cavabdehin İşlər İdarəsinin Mərkəzi Arxivinin cavabdehin Hüquq idarəsinə ünvanlanmış məktubuna əsasən, İddiaçı 708(836) nömrəli hərbi hissə komandirinin 18.08.1992-ci il tarixli 108 №-li əmrilə (əsas: kitab 08.09.1992- 19.11.1992, səh.20, bənd 1 v, sıra-16) 01.09.1992-ci il tarixdən tədris batalyonuna tərkibinə daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin 23.10.1992-ci il tarixli 152 №-li əmrilə (əsas: səh.55, §4, sıra-6) tədris batalyonundan təchizat tağımına göndərilmiş, 708(836) nömrəli hərbi hissə komandirinin 31.10.1992-ci il tarixli 162 №-li əmrilə (əsas: səh.30, 1a, sıra-33) 25.10.1992-ci il tarixdən batalyonun siyahısından silinərək N nömrəli hərbi hissəyə keçirilmiş, tədris batalyonundan göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 25.10.1992-ci il tarixli 152 №-li əmrilə (əsas: səh.17, sıra-2) istehkamçı tağımında istehkamçı vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 15.03.1993-cü il tarixli 68 №-li əmrilə (əsas: səh.49, §3) N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılıb “Papravənd” bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək ümumi qaydada təchizatla təmin olunmuş, N nömrəli hərbi hissə komandirinin 01.04.1993-cü il tarixli 252 №-li əmrilə (əsas: səh.130, §1) 1-ci bölüyün 3-cü tağımın 2-ci bölmənin qumbara; vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni icazəsiz tərk edib qaçdığı üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin 17.04.1993-cü il tarixli 258 №-li əmrilə (əsas: səh.134, §1, sıra-20) hərbi prokurorluğa məlumat verilərək, fərari əsgər kimi mühakimə olunana qədər ştatdan kənar saxlanılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün o, Müdafiə nazirinin 30.01.1996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin 25.02.1996-cı il tarixli 56 nömrəli əmrilə (əsas: səh.27, §4) xidmət müddəti sayılmamaqla fərari kimi şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq hərbi bileti RHK-na göndərilmişdir. İşdə olan iddiaçıya məxsus təkrar verilmiş SX seriyalı ******* nömrəli AR SHXÇDXnin Ağdam rayon şöbəsi tərəfindən verilmiş 21.05.2019-cu il tarixli hərbi biletin 20-ci səhifəsində olan qeydlərə əsasən müəyyən edilmişdir ki, Qarabağ hərbi prokurorluğunun 08.07.1998-ci il tarixli qərarına əsasən iddiaçı barəsində toplanmış materail üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-708/2021 nömrəli qərarı ilə (X5) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-708/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdi ki, Şəki İnzibati Məhkəməsi 25.05.2021ci il tarixli 2/1(116)-708/2021 saylı qərarı ilə iddia tələbinin rədd edilməsinə dair əsassız və ədalətsiz qərar qəbul etmişdir. O, İddiaçı xx.xx.1974-cü ildə Ağdərə rayonun Lüləsaz kəndində anadan olmuşdur. Ağdam rayonun Qalayçılar kəndində qeydiyyatda olmaqla keçmiş məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışdır. Məlum Qarabağ hadisələri başlayan gündən 1992-ci ilin avqust ayında N nömrəli hərbi hissənin tərkibində (komandir Azərbaycanın Milli qəhrəmanı Şirin Mirzəyev olmuşdur), eləcə də N nömrəli və 708nömrəli döyüşən hərbi hissələrin heyətində Qarabağımızın müxtəlif döyüş bölgələrində iştirak etmişdir. 1996-cı ilin oktyabr ayının 31-də qanunvericiliyin tələblərinə uyğun olaraq ordudan tərxis olunmuşdur. Haqqında hər hansı cinayət tərkibli fakt aşkar olunmamışdır. Onun döyüş əməliyyatlarda iştirak etmək faktını onunla birlikdə həmin əməliyyatlarda iştirak edən müharibə veteranı yoldaşları da təsdiq edə bilərlər. Xidmət etdiyi illərlə bağlı hal-hazırda əlində arxiv sənədləri yoxdur. Ona müharibə veteranı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi sənədlər müraciət etməyinə baxmayaraq əsassız olaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edirlər. Səbəb o göstərilir ki, guya o, özbaşına N nömrəli hərbi hissəni tərk etmişdir. Əslində əsil həqiqəti bildirmək üçün həmin məsələyə vicdanının tələbi ilə aydınlıq gətirmək istəyir. Belə ki, X1 1993-cü ilin fevral ayında Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qardaşının şəhidlik ildönümü ilə əlaqədar mərasimdə iştirak etmək üçün hərbi hissənin komandirindən icazə alaraq həmin mərasimdə iştirak etmişdir. Ağır xəstəliyi ilə əlaqədar N gün hərbi hissəyə getməyi gecikmiş və bu səbəbdən hərbi hissəyə vaxtında qayıda bilməmişdir. Həmin ərəfələrdə rabitə əlaqəsi və hər hansı rəsmi şəkildə hərbi hissə ilə əlaqə saxlaya bilmədiyinə görə, yəni gecikmənin səbəbini bildirmədiyinə görə sağaldıqdan sonra atası Cəfərov Əli ilə birlikdə yenidən qulluq etdiyi hərbi hissəyə qayıtmış 3-4 gün hərbi hissəyə vaxtında qayıtmamağının səbəbini səhhətində yaranmış xəstəliyi ilə əlaqədar izah etmiş və həmin izahatı nəzərə alınmışdır. 1996-cı ilin oktyabr ayının 31-nə qədər Azərbaycan Silahlı Qüvvəllərinin tərkibində həqiqi hərbi qulluğunu tam ləyaqətlə başa vurmuşdur. Şəki İnzibati Məhkəməsi (X5) qanunvericiliyin tələblərini pozaraq onun sübutlarını düzgün qiymətləndirməmiş, cavabdeh tərəfindən etiraz ərizəsində göstərilən “Hərbi hissənin özbaşına tərk etmək faktının” dəlillərini düzgün araşdırmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-708/2021 nömrəli qərarı ləğv edilməsini və yeni məhkəmə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” 17.10.1997-ci il tarixli 383-İ QR nömrəli Qərarının 6-cı maddəsinə əsasən, Qərarın 1-ci maddəsində göstərilən şəxslərin bu Qərarın qüvvəyə mindiyi günədək törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Qərarın 9-cu maddəasinə görə isə, bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş, habelə həqiqi hərbi xidmətə növbəti çağırışdan boyun qaçırmış şəxslər hərbi xidmətə çağırışın qanunla müəyyən olunmuş son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarsa təkrarən ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar. "Veteranlar haqqında" AR Qanununun 3-cü maddəsinə görə aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi Əks-kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin "Veteranlar haqqında" AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" AR Qanununun tətbiq edilməsi haqqında" 25.04.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində "Veteranlar haqqında" AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən yayınması, hərbi hissəni özbaşına tərk etməsi mötəbər sübutlarla, iddiaçının iş materiallarında olan yazılı münasibəti və məhkəmə iclasında vermiş olduğu izahatı ilə təsdiq edilir. Bu da o deməkdir ki, iddiaçının hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır, onun xidmətdən ehtiyata buraxılması barədə hərbi biletində qeydlər yoxdur. Cavabdehin Mərkəzi Arxivinin məktubunda isə onun hərbi hissəni icazəsiz tərk edib qaçdığı üçün N nömrəli hərbi hissə komandirinin 17.04.1993-cü il tarixli 258 №- li əmrilə (əsas: səh.134, §1, sıra-20) hərbi prokurorluğa məlumat verilərək, fərari əsgər kimi mühakimə olunana qədər ştatdan kənar saxlanıldığı, hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə nazirinin 30.01.1996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin 25.02.1996-cı il tarixli 56 nömrəli əmrilə (əsas: səh.27, §4) xidmət müddəti sayılmamaqla fərari kimi şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq hərbi biletinin RHK-na göndərildiyi qeyd olunmuşdur. Belə olan halda, iddiaçının tələbi Azərbaycan Respublikası Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” 17.10.1997-ci il tarixli Qərarının 9-cu maddəsinin təsir dairəsi altına düşür. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin Qeyd hissəsinə görə isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər müharibə veteranı sayılmırlar. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırmaları ilə müəyyən olunmuşdur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur ("İnzibati icraat haqqında" AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(116)-708/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar