Məhkəmə qərarları › İş №2-1(107)-319/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-319/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-319/2023 14.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Zaqatala İstehsalat kombinatında işlədiyi xx.xx.1973-cü ildən xx.xx.2001-ci il tarixədək olan dövrü-illərin sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-286/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “Zaqatala İstehsalat kombinatında işlədiyi xx.xx.1973-cü ildən xx.xx.2001-ci il tarixədək olan dövrü-illərin sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən sonra dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268.61 manat əmək pensiyası almışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandırılmış və hər ay artıq ödənilmiş məbləğ ona təyin edilmiş sosial müavinətdən çıxılır.Hazırkı tələblə bağlı cavabdehə müraciət etmiş,inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubuna əsasən tələbi təmin olunmamışdır.

3. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etirazını belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır.

4. Cavabdeh öz etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçıya yaşa görə pensiya 60 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda.

5. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir.

6. Lakin xidməti yoxlama zamanı 1994-2001-ci il tarixlərdə İddiaçı əmək haqqı ödənilmədiyi müəyyən olunmuşdur. Belə olan halda İddiaçı 20 il 04 ay sosial sığorta stajına malik olduğu və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün yaşa görə əmək pensiyası dayandırılmışdır.

7. İddiaçı 14.l0.2019-cu il tarixdən xx.xx.2021 -ci il tarixədək 130 manat xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir.

8. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş məbləğin tutulma aparılması barədə xx.xx.2022-ci il tarixli 36175 nömrəli qərar qəbul olunmuşdur.

9. Bundan sonra iddiaçı ona təyin edilmiş əmək pensiyasının bərpa edilməsinə dair Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq yuxarıda qeyd etdiyimiz xüsusatlar göstərilməklə xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina cavabı verilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 mart 2023-cü il tarixli 2- 1(116)-286/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-286/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-286/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

17. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir

18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubundan görünür ki,iddiaçının ilkin müraciəti təmin olunmamışdır. - İddiaçıya məxsus ******* nömrəli xx.xx.2001-ci il tarixdə doldurulduğu göstərilən Əmək kitabçası; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X4 filialının xx.xx.2022-ci il tarixli 232 nömrəli məktubundan görünür ki, X2 tikiş sexinin sənədləri X4 filialına təhvil verilməmişdir - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********265800 nömrəli məktubundan görünür ki, X3 daha əvvəllər fəaliyyət göstərmiş tikiş sexinin bazasında yaradılmış və nizamnaməsi "Xalq üçün mallar” Dövlət Konserni tərəfindən xx.xx.1993-cü il tarixdə təsdiq edilmişdir. xx.xx.1998-ci ildə vergi uçotuna alınaraq ********* nömrəli vöen almışdır. ünvan 1 ünvanında fəaliyyət göstərmişdir. Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar 2004-cü ildə əmlakı tamamilə özəlləşdirilərək ləğv edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarxli 110 nömrəli məktubundan görünür ki, X1 1973-cü ilin əmr kitabları araşdırılmış, vətandaşın işə girmə əmri aşkar edilməmişdir. 2001-ci ilin əmr kitabı rayon Dövlət Arxivində saxlanılmadığından həmin il barədə məlumat verilməsi mümkün olmamışdır. Həmin idarənin əmək-haqqı cədvəlləri rayon Dövlət Arxivində tam şəkildə saxlanılmadığından yerdə qalan illər barəsində məlumat verilməsi mümkün olmamışdır - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 119 nömrəli məktubundan görünür ki, X1 (tikiş sexi) 1973-1989-cu (aprel) illərə aid arxivdə mövcud olan sənədlər araşdırılmış,bu zaman İddiaçı haqqında heç bir məlumat aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

22. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-286/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçı tələb hüququnun əsası olaraq öz adına xx.xx.2001-ci ildə tərtib edilmiş ******* nömrəli əmək kitabçasını məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş əmək kitabçasına baxış keçirilərkən müəyyən edilmişdir ki, əmək kitabçasının 2-ci səhifəsində olan 1 -ci qeyd iddiaçının xx.xx.1973-cü il tarixli 154 nömrəli Əmrə əsasən X1 tikiş sexinə tikişçi kimi qəbul edilməsi barədədir. Müvafiq qeydin mötəbərliyi şübhə doğurmuşdur. Belə ki, Zaqatala Rayon Dövlət Arxivinin verilmiş sorğuya cavab olaraq göndərdiyi 01.11 2022-ci il tarixli məktubunda iddiaçının adının 1973-cü ilə aid əmr kitablarında aşkar olunmadığı bildirilmişdir.

31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin kitablar arxivdən tələb olunaraq onlara baxış keçirilərkən aşkar olunmuşdur ki, X1 25 iyul 1973-cü il tarixindən 19 sentyabr 1973-cü il tarixini əhatə edən Əmrlər kitabında,eləcə də həmin ilə aid olan digər kitablarda iddiaçı barədə hər hansı qeyd aparılmamışdır.İddiaçının işə daxil olduğunu əsaslandığı əmək kitabçasının 2-ci səhifəsində olan 17 avqust 1973-cü il tarixli 154 nömrəli Əmr qeyd olunan Əmrlər kitabında ümumiyyətlə olmamışdır.

32. Qeyd olunan Əmrlər kitabının 22-ci səhifəsində kombinatın digər beş əməkdaşı barəsində 20 avqust 1973-cü il tarixli 154 nömrəli əmr imzalanmışdır.

33. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməli deyildir

34. Məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır.

35. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının Zaqatala İstehsalat kombinatında işlədiyi xx.xx.1973-cü ildən xx.xx.2001-ci il tarixədək olan dövrü-illərin sığorta stajı kimi nəzərə alınaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən sonra dayandırılmış pensiyanın ödənilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-286/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar