Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-319/2024 05.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qərarının qanunsuz hesab edərək ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2023-cü ildə ünvanlı sosial yardımın təyin edilməsi, 2023-cü ilin fevral ayında ünvanlı yardım üçün olan elektron ərizənin təyin olunmayan aylarının yəni fevral, mart, aprel, may və sonradan təyin olunmayan sentyabr və oktyabr ayları üçün hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-613/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qərarının qanunsuz hesab edərək ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2023-cü ildə ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12217/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qərarının qanunsuz hesab edərək ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2023-cü ildə ünvanlı sosial yardımın təyin edilməsi, 2023-cü ilin fevral ayında ünvanlı yardım üçün olan elektron ərizənin təyin olunmayan aylarının yəni fevral, mart, aprel, may və sonradan təyin olunmayan sentyabr və oktyabr ayları üçün hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə 13 fevral 2023-cü il tarixli **********29201 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçının təkrar müraciəti əsasında ona 2023-cü ilin iyun ayında ünvanlı sosial yardım təyin edilmiş, iyun-avqust ayları üçün üç ay ərzində ödənilmişdir. Sonradan cavabdeh tərəfindən sentyabr və oktyabr ayları üçün ödənilmə təyinat zamanı uyğunsuzluq olduğu əsası ilə dayandırılmışdır. İddiaçının növbəti müraciəti əsasında həmin ilin noyabr ayından etibarən ünvanlı sosial yardım təkrar təyin edilmiş və hazırda da ödəniş aparılmaqdadır.
5. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, xx.xx.2023-cü il tarixdən 4 ay müddətinə sosial yardım almaq hüququndan aztəminatlı ailəsini qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində aşağıdakı 2 əsasla sosial yardım təyin edilməsindən imtina edilmişdir:
1. Ümumi istifadəli sayğacın aşkar edilməsi;
2. Ailənin kirayədə qalması ilə bağlı məlumatın öz təsdiqini tapmaması. (İmtina bildirişi iş materiallarına əlavə edilmişdir.)
7. Belə ki, xx.xx.2023-cü il tarixli müraciət zamanı maddi-məişət şəraiti müayinə edilərkən iddiaçının ümumi işıq sayğacından istifadə etməsi aşkar edilmişdir. Sayğaların ümumi olması artıq bir dam örtüyü altında olan iki evdə birgə təsərrüfat aparılması 1 aktını ortaya çıxarmış, təmsilçi tərəfindən şərait yaradılmadığından təsərrüfatın ayrı aparılmış binaya (mətbəxə) baxış keçirmək mümkün olmamışdır. Beləliklə, qeyd olunmuş hal təmsilçinin müraciətinə imtina verilməsinə səbəb olmuşdur. İkinci imtina əsasına münasibətdə qeyd edirik ki, maddi-məişət şəraitinin müayinəsi təmsilçi tərəfindən ərizəbəyannamədə qeyd olunan məlumatların doğruluğunun təsdiq edilməsi məqsədilə aparılır. Təmsilçi ərizəbəyannamədə kirayədə yaşadığını qeyd etmiş, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin kirayədə qalması ilə bağlı məlumat təsdiq edilməmişdir. Təmsilçi kirayədə qalması faktını sübut edə bilməmiş, kirayə müqaviləsi təqdim etməmişdir. Qeyd olunan bu hal ərizə-bəyannamədə qeyd edilmiş məlumatlarda uyğunsuzluq yaranmasına səbəb olmuşdur.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 fevral 2024-cü il tarixli 2- 1(116)-613/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli **********29201 nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində aşağıdakı 2 əsasla sosial yardım təyin edilməsindən imtina edilmişdir: Ümumi istifadəli sayğacın aşkar edilməsi; Ailənin kirayədə qalması ilə bağlı məlumatın öz təsdiqini tapmaması. Belə ki, İddiaçı xx.xx.2023cü il tarixli müraciəti zamanı ailənin maddi-məişət şəraiti müayinə edilərkən iddiaçının ümumi işıq sayğacından istifadə etməsi aşkar edilmişdir. Sayğacların ümumi olması artıq bir dam örtüyü altında olan iki evdə birgə təsərrüfat aparılması faktını ortaya çıxarmış, qonşu mənzil sahibləri tərəfindən şərait yaradılmadığından təsərrüfatın ayrı aparılmasına (mətbəxə) baxış keçirmək mümkün olmamışdır. Beləliklə, qeyd olunmuş hal təmsilçinin müraciətinə imtina verilməsinə səbəb olmuşdur. İkinci imtina əsasına münasibətdə qeyd edirik ki, maddi-məişət şəraitinin müayinəsi təmsilçi tərəfindən ərizə-bəyannamədə qeyd olunan məlumatların doğruluğunun təsdiq edilməsi məqsədilə aparılır. Təmsilçi ünvanda aylıq 250 AZN qarşılığında kirayə yaşadığını qeyd etsə də, kirayə müqaviləsi təqdim etməmişdir. Göründüyü kimi təmsilçi kirayədə qalması faktını sübut edə bilməmiş, nə inzibati araşdırma zamanı, nə də məhkəmə araşdırması zamanı kirayə müqaviləsi təqdim etməmişdir. Qeyd olunan bu hal ərizə-bəyannamədə qeyd edilmiş məlumatlarda uyğunsuzluq yaranmasına səbəb olmuşdur. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimat”ın 3.12.19-cu bəndinə əsasən ailə faktiki yaşadıcı ünvanın yalnız “Ərizə-bəyannamədə kirayə əsasında olduğunu qeyd etdiyi halda, kirayə müqaviləsi tələb olunur. Təlimatda kirayə müqaviləsinin tələb olunması vətəndaşın gəlirlərinin dəqiq müəyyən olunması və təyinatın şəffalığı üçün faydalı hesab oluna bilər. Təmsilçi növbəti dəfə xx.xx.2023-cü ildə **********967 nömrəli ərizə ilə sosial yardım üçün müraciət etmişdir. Ailənin göstərdiyi ünvanda xx.xx.2023-cü ildə maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmiş, müayinə zamanı sayğacların ayrıldığı müşahidə olunmuşdur. Ünvan yaşayış yerindən arayışa əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X5 kimi qeyd olunsa da ərizə-bəyənnamədə Bakı, Binəqədi. Biləcəri qəsəbəsi kimi qeyd olunmuşdur. Təmsilçi İddiaçı ailənin ünvanda kirayə olaraq yaşadığı, lakin 2023-cü ilin fevral ayından kirayə haqqı ödəmədiyini bildirmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-613/2024 nömrəli qərarında qeyd olunur ki, iddiaçıya eyni məlumatlar əsasında xx.xx.2023-cü il tarixdən (2-ci müraciətinə) sosial yardım təyin edilmişdir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirilmişdir ki, iddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müraciətlərində işıq abonent kodu eyni olsa da imtina səbəbi işıq abonent kodu ilə deyil, işıq sayğacının 1-ci müraciətdə ümumi olması səbəbi ilə əlaqədardır. Belə ki, xx.xx.2023-cü il tarixli müraciət üzrə ailənin maddinəişət şəraitinin müayinəsi zamanı birinci imtinadan fərqli olaraq evə bitişik bir dam örtüyü altındakı yan evlə işıq sayğacının ayrı olduğu müəyyən edilmişdir. Bu səbəblə də birinci müraciətdə imtinaya əsas olan hal aradan qalxdığı üçün iddiaçının qeyd olunan müraciəti üzrə təyinat aparılmış, ailəyə 01,06.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 383,65 AZN məbləğində sosial yardım təyin edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan qərar çıxarmışdır. Həmçinin, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-613/2024 nömrəli qərarında qeyd olunur ki, iddiaçıya təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixdə iddiaçının oğlu X2 təhsil alması barədə məlumatların təsdiq olunmaması səbəbilə dayandırılmış, noyabr ayından etibarən sosial yardımın verilməsinə davam etdirilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati icraatı natamam və qüsurlu aparmış, iddiaçı tərəfindən təqdim edilmiş sənədləri düzgün araşdırmamışdır. Şəki İnzibati Məhkəməsinin mövqeyinin tamamilə əsassız olduğunu bildirərək aşağıdakı faktları qeyd etməyi zəruri hesab edirik: İlk növbədə İddiaçı sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciəti məhkəmənin qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə oğlu R.Abbaslının təhsil alması barədə məlumatların təsdiq olunmaması səbəbilə dayandırılmamışdır. Belə ki, iddiaçının qeyd olunan müraciəti xx.xx.2023-cü il tarixdə “Təyinatdan sonra şəxsin əmək müqaviləsinə xitam verilərsə və növbəti 1 ay ərzində əmək müqaviləsi bağlanmazsa" səbəbi ilə dayandırılmışdır. Şəffaflığın təmin edilməsi məqsədilə cavabdeh inzibati orqanın müvafiq qurumları tərəfindən sosial yardım təyin edilmiş ailələrinin mütəmadi monitorinqi həyata keçirilir. xx.xx.2023-cü il tarixdə ailənin VEMTAS-a daxil etdiyi məlumatların monitorinq üzrə yoxlanılması zamanı iddiaçının oğlu R.Abbaslının aktiv əmək müqaviləsinə xitam verildiyi aşkar edilmişdir. Tərəfimizdən əldə edilmiş məlumatlara əsasən R. Abbaslının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında satıcı vəzifəsində işlədiyi müəyyən edilmişdir (əmək müqaviləsi bildirişləri qoşmaya əlavə edilir). Lakin təmsilçi tərəfindən ilkin müraciət zamanı ərizə-bəyannamədə doldurularkən oğlu R.Abbaslının şagird olduğu qeyd edilmiş, sonradan işləməsi ilə bağlı heç bir məlumat cavabdehə təqdim edilməmişdir. VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Lakin, ailənin təmsilçisi İddiaçı xx.xx.2023-cü il tarixli müraciətindən sonra oğlu R.Abbaslının xx.xx.2023-cü il tarixdə işə başlamasını və ailənin gəlirlərində müvafiq dəyişikliklərin olması barədə cavabdehə məlumat verməmişdir. Bu səbəbdən də ailəyə təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixdə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.4-cü bəndinə əsasən dayandırılmışdır. İddiaçı oğlu R.Abbaslının işə başlaması və işdən çıxması ailənin gəlirləri üzrə məlumatlarda dəyişikliyə səbəb olduğu üçün Qaydalara müvafiq olaraq ailəyə təyin edilmiş sosial yardımın dayandırılmasında cavabdeh qanuna uyğun davranmış və dayandırma əsası haqlı olmuşdur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 4.4-cü bəndinə xx.xx.2023-cü il tarixli edilmiş dəyişikliyə əsasən 4.4-cü bənddəki “Təmsilçinin müraciəti əsasında" sözləri “15 (on beş) iş günü müddətində” sözləri ilə əvəz edilmişdir. Yəni hazırki iş üzrə İddiaçı təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixdə dayandırıldıqdan sonra yalnız özünün müraciəti əsasında hüququnun olması məsələsinə yenidən baxıla bilərdi. Lakin, xx.xx.2023-cü il tarixdən sonra iddiaçı tərəfindən dayandırılma ilə bağlı cavabdehə heç bir rəsmi müraciət olunmamışdır. Qeyd etdiyimiz kimi yalnız belə bir müraciət olduğu halda ailənin sosial yardım almaq hüququna yenidən VEMTAS vasitəsilə müraciət etmədən yenidən baxıla bilərdi. Şəki İnzibati Məhkəməsinin cavabdehin inzibati icraatı natamam aparması ilə bağlı əsasına münasibətdə qeyd edilmişdir ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlər yalnız VEMTAS vasitəsilə həyata keçirilir. Qərarda qeyd edildiyi kimi dayandırılmış sosial yardımın təmsilçi tərəfindən heç bir müraciət olmadığı halda bərpa edilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Şəki İnzibati Məhkəməsi qərarında imtina əsasını səhv qeyd etməklə yanaşı, iddiaçıya noyabr ayından sosial yardım təyin edilməsini bir inzibati araşdırmaya aid etmiş, məhkəmə iclası zamanı təqdim edilmiş sənədlərə və şifahi çıxışlara düzgün hüquqi qiymət verə bilməmişdir. İddiaçı yenidən VEMTAS vasitəsilə xx.xx.2023-cü il tarixli **********30901 nömrəli ərizə ilə müraciət etmiş, VEMTAS tərəfindən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü R.Abbaslının təhsil alması barədə məlumatların öz təsdiqini tapmaması." səbəbi göstərilməklə qurumlarla yoxlama əsasında imtina verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ərizə-bəyannamədə R.Abbaslının statusu tələbə kimi qeyd edilsə də qurumlarla yoxlama əsasında bu məlumat öz təsdiqini tapmamışdır. Şəki İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli dayanma ilə xx.xx.2023-cü il tarixli imtinanı bir inzibati icraata aid edərək kobud səhvə yol vermişdir. Ailənin qeydə alınmış xx.xx.2023-cü il tarixli **********30902 nömrəli sonuncu müraciəti əsasında “Ərizəbəyannamə”də qeyd olunan ünvanda xx.xx.2023-cü il tarixdə müayinə həyata keçirilmiş, ərizə-bəyannamədə qeyd edilmiş məlumatlar təsdiqlənmiş və VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ailəyə aylıq 327.20 AZN məbləğində sosial yardımı təyin olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-613/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-613/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)- 613/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. AZ-İ seriyalı 351540 nömrəli “Nikahın pozulması haqqında Şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X4 ilə İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir.
2. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 343 nömrəli arayışı,
3. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçının ünvanlı dövlət sosial yardımı almaqla bağlı xx.xx.2023-cü tarixli müraciəti əsasında ona yardımın təyin olunmasından imtina olunmuşdur.
4. 292 nömrəli xx.xx.2023-cü il tarixli Arayış,
5. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat;
6. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat;
7. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş VEMTAS-dan çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixli **********96701 nömrəli müraciəti əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ünvanlı dövlət social yardımı təyin edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 1 il müddətinə təyin olunur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.
19. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
22. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
23. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
24. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 2023-cü ilin fevral ayında cavabdehə müraciəti əsasında ünvanlı sosial yardımın təyin edilməsindən imtinanın qanunsuz hesab edilməsi, ona 2023-cü ilin fevral-noyabr ayları ərzində ödənilməmiş altı aylıq (fevral, mart, aprel, may, sentyabr və oktyabr ayları üçün) ünvanlı sosial yardımın ödənilməsindən ibarətdir.
27. İşin hallarından görünür ki, iddiaçı tərəfindən ilkin olaraq 2023-cü ilin fevral ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtinaya dair bildiriş təqdim edilmişdir. Bildirişdə imtinanın iki əsası qeyd olunmuşdur : Ümumi istifadəli sayğacın aşkar edilməsi və ailənin kirayədə qalması ilə bağlı məlumatın öz təsdiqini tapmamasıdir.
28. xx.xx.2023-cü il tarixindən iddiaçı tərəfindən təqdim olunmuş məlumatlar əsasında ona ünvanlı sosial yardım təyin edilmiş və sentyabr ayına kimi ödənilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində təyin edilmiş ünvanlı sosial yardım dayandırılmışdır. İddiaçının qeyd olunan müraciəti xx.xx.2023-cü il tarixdə “Təyinatdan sonra şəxsin əmək müqaviləsinə xitam verilərsə və növbəti 1 ay ərzində əmək müqaviləsi bağlanmazsa" səbəbi ilə dayandırılmışdır. Bununla da sentyabr və oktyabr ayları ərzində ünvanlı sosial yardımın ödənilməsi dayandırılmış və noyabr ayından başlayaraq eyni məlumatlar əsasında ödəmə davam etdirilmişdir.
29. Məhkəmə kollegiyası iddia tələbinin İddiaçı 2023-cü ilin fevral ayından ünvanlı sosial yardımın təyin edilməsi, həmin il üçün ödənilməyən fevral, mart, aprel, may ayları üçün ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
30. Qeyd edilən normadan da göründüyü kimi, sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Belə ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edilmiş və xx.xx.2023-cü il tarixli bildirişlə cavabdeh tərəfindən iddiaçının müraciətindən ümumi istifadəli sayğacın aşkar edilməsi və ailənin kirayədə qalması ilə bağlı məlumatın öz təsdiqini tapmaması əsası ilə imtina edilmiş, iddiaçı isə həmin imtina ilə razılaşmışdır. Buna baxmayaraq iddiaçının tələbi ünvanlı sosial yardımın xx.xx.2023-cü il tarixindəki təyinatdan əvvəlki dörd ay (fevral, mart, aprel, may) üzrə və sentyabr və oktyabr ayları üçün ödənilməsidir.
31. Göründüyü kimi iddiaçının tələb etdiyi fevral, mart, aprel, may ayları üçün cavabdeh inzibati orqan tərəfindən ünvanlı yardım təyin edilməmişdir.
32. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir və iddiaçıya xx.xx.2023-cü il tarixli **********96701 nömrəli müraciəti əsasında xx.xx.2023-cü ildən bir il müddətinə artıq ünvanlı sosial yardımı təyin edilmişdir.
33. Məhkəmə kollegiyası iddia tələbinin ünvanlı yardım üçün olan elektron ərizənin təyin olunmayan aylarının yəni sentyabr və oktyabr ayları üçün hesablanaraq ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının oğlu R. Abbaslının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında satıcı vəzifəsində işlədiyi müəyyən edilsə də lakin, ünvanlı yardım iddiaçıya xx.xx.2023-cü il tarixdən təyin edilmişdir. Belə olan halda inzibati orqan tərəfindən aparılan inzibati icraat natamam və qüsurlu olmuş, iddiaçı tərəfindən təqdim edilən sənədləri lazımınca araşdırmamış, sistem vasitəsi ilə yoxlanılmalı olan məlumatları iddiaçıdan tələb etmişdir.
34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı 2023-cü ilin fevral ayından ünvanlı sosial yardımın təyin edilməsi, həmin il üçün ödənilməyən fevral, mart, aprel, may ayları üçün ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi öhdəliyinin qoyulmasına dair hissədə İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-613/2024 nömrəli qərarı qismən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı 2023-cü ilin fevral ayından ünvanlı sosial yardımın təyin edilməsi, həmin il üçün ödənilməyən fevral, mart, aprel, may ayları üçün ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi öhdəliyinin qoyulmasına dair hissədə ləğv edilsin. İnzibati iş üzrə həmin hissədə yeni qərar qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-613/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.