Məhkəmə qərarları › İş №2-1(107)-32/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-32/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-32/2021 08.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2- 1(116)-1099/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. 1973-1975-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyinin arxivinin arayışı ilə təsdiq olunur ki, çavuş İddiaçı N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli N saylı əmri ilə hərbi hissənin tərkibinə daxil edilərək bölmə komandiri vəzifəsinə təyin olunmuşdur. Daha sonra o N saylı hərbi hissə komandirinin 06.07.N2-ci il tarixli N saylı əmri ilə tağım komandirinin müavini vəzifəsindən azad edilərək artilleriya bölməsinin starşinası vəzifəsinə təyin edilmişdir. Ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar ərizəsinə Müdafiə Nazirliyi müvafiq komissiyasında baxılmış, lakin təmin olunması mümkün olmamışdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı ona məxsus hərbi biletində olan qeydlər barədə məlumat verməklə, 21.03.N2-ci il tarixdən 04.10.N2-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsinin sübuta yetirilmiş kimi hesab edilməsi üçün kifayət olduğunu hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Şəki İnzibati Məhkəməsinin 16.09.2020-ci il tarixli, 2-1(116)-1099/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(116)-1099/2020 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassızdır. Bildirmişdir ki, Müdafiə Nazirliyinin Arxivinin arayışı ilə təsdiq olunur ki, N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli N saylı əmrinə əsasən hərbi hissənin tərkibinə daxil edilərək bölmə komandiri vəzifəsinə təyin olunmuşdur. Daha sonra o, N saylı hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N saylı əmrinə əsasən hərbi hissənin tağım komandirinin müavini vəzifəsindən azad edilərək artilleriya bölməsinin starşinası təyin edilmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsilə əlaqədar etdiyi müraciətinə Müdafiə Nazirliyinin müvafiq komissiyasında baxılmış, ərizəsinin təmin olunması mümkün hesab olunmamışdır. Onun müraciətinə cavab olaraq Müdafiə Nazirliyinin Mərkəzi Arxivi 24.10.2017-ci il tarixli arayışında göstərmişdir ki, onun N2-ci ilin oktyabr ayında 708(845) saylı hərbi hissədən qanuni əsaslarla tərxis olunmağı barədə heç bir məlumat yoxdur. Həmin arayışda qeyd olunan məlumatın əsassız olduğunu bildirmişdir. Qeyd etmişdir ki, o, hərbi biletinin əslində də göstərildiyi kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, 708(845) saylı hərbi hissənin komandirinin N mart N2-ci il tarixli 0N saylı əmrinə əsasən hərbi hissənin tərkibinə daxil edilmiş, 04 oktyabr N2-ci il tarixli 135 saylı əmrlə şəxsi heyətin sırasından azad olunmuşdur. Şəki İnzibati Məhkəməsinin yuxarıda göstərilən halların heç birinin nəzərə almamasını, bu səbəbdən həqiqətə və faktlara əsaslanmadan qərar qəbul etdiyini bildirərərək, 16 sentyabr 2020-ci il tarixli, 2-1(116)-1099/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AR MN-nin Mərkəzi Arxivinin 02.02.2017-ci il tarixli 9/2-1546 nömrəli arxiv arayışı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, Şəki şəhər(rayon) polis şöbəsinin 10.06.2020-ci il tarixli 189-14026-1220 nömrəli məktubu, SHXÇDX Mingəçevir şəhər şöbəsinin 18.06.2020-ci il tarixli B53 nömrəli məktubu, Qarabağ Hərbi Prokurorluğunun 29.06.2020- ci il tarixli 16/2195 nömrəli məktubu, cavabdehin 07.12.2017-ci il tarixli 1/M- 11302 nömrəli imtina məktubu, cavabdehin 12.06.2020-ci il tarixli 11/2936 nömrəli etiraz məktubu aiddir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 17.11.2016-cı il tarixli 9/2-13528 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 21.03.N2-ci il tarixli 1 nömrəli əmri ilə çauş hərbi rütbəsində bölmə komandiri vəzifəsinə təyin edilmişdir. 708(845) nömrəli hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin siyahısından çıxarılmağı barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun 20.07.2020-ci il tarixli 22HP2921 nömrəli məktubundan görünür ki, 1954-cü il təvəllüdlü, 708(845) nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət etmiş yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə ggörə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan SHXÇDX-nın Ağdaş rayon şöbəsinin 27.07.2020-ci il tarixli 675 nömrəli məktubundan görünür ki, 1954-cü il təvəllüdlü, Ağdaş rayon Qobuüstü kənd sakini İddiaçı 26.03.2004-cü il tarixdə ehtiyyatda olmağın son yaş həddinə çatdığına görə SHXÇDX-nın Ağdaş rayon şöbəsində hərbi uçotdan çıxarılmış və 65 yaşı tamam olduğu üçün hərbi uçot kartası məhv edilmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun 07.08.2020-ci il tarixli 18/2761 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Şəki Şəhər Rayon Polis Şöbəsinin 14.08.2020-ci il tarixli 189 19779-1220 nömrəli tələbnaməsindən görünür ki, İddiaçı barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun 31.07.2020-ci il tarixli 16/2807 nömrəli məktubundan görünür ki, 25.06.2020-ci il tarixli 2-1(116)-1133/2020 nömrəli məktubda adı göstərilən X1, 25.06.2020-ci il tarixli 2-1(116)- 1134/2020 nömrəli məktubda adı göstərilən X2, 08.07.2020-ci il tarixli 2-1(116)- 1099/2020 nömrəli məktubda adı göstərilən İddiaçı və 071)7.2020-ci il tarixli 2-1 (116)-1174/2020 nömrəli məktubda adı göstərilən X3 barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri görə iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Sadalanan qanunvericilik normalarına və sübutlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 21.03.N2-ci il tarixdə Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olması mübahisə predmeti deyildir. Belə ki, həmin hal işə əlavə olunan hərbi bilet ilə öz təsdiqini tapır. Lakin yuxarıda qeyd edildiyi kimi onun qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Həmin hallar iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasını təmin etməməkdə haqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(116)-1099/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar