Məhkəmə qərarları › İş №2-1(107)-32/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-32/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-32/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(116)-349/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 02.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 28.09.2005-ci il tarixdə Qax rayonu Qaxingiloy bələdiyyəsinə müraciət edərək 600 km həyətyanı torpaq sahəsi almışdır. Həmin vaxt iddiaçı qanunvericiliklə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmiş və lazım olan hüquqmüəyyənedici sənədləri əldə etmişdir. Bundan sonra iddiaçı Ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsinə müraciət edərək, həmin torpaq sahəsinə Torpağın mülkiyyət hüququna dair dövlət aktının verilməsini xahiş etmişdir. Həmin vaxt iddiaçı əlində olan bütün hüquqi sənədlərin əslini Ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsinə təqdim etmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 10.09.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alğı-satqısına dair akt” və torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müvafiq rəyinin olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı 03.12.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaşın ərazi idarəsinə müraciəti zamanı ərizəyə Qax rayonu Qaxingiloy Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli, 09 saylı qərarı, DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş 16 mart 2009-cu il tarixli, 763 saylı torpaq sahəsinin planı və ölçüsü təqdim edilsə də, DTXK-nın Qax rayon şöbəsində qeydiyyatdan keçmiş “Torpaqların alqı-satqısına dair akt və torpaq sahəsinin ayrılmasına dair DTXK-nın Qax rayon şöbəsinin rəyi təqdim olunmadığından vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(116)-349/2021 nömrəli qərarı ilə iddia təmin edilməmiş, mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilmiş, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X9 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(116)-349/2021 nömrəli qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021 -ci il tarixli 2-1(116)-349/2021 nömrəli qərarından narazıdır və hesab edir ki, qərar qanuni və əsaslı deyildir. Belə ki, cavabdeh orqanın məhkəməyə təqdim etdiyi sənədlərdə möhür və imzaların olmamasının məsuliyyətini iddiaçı daşımamalıdır. Bu həmin vaxtı DT və XK nin Qax rayon şöbəsində işləyən şəxslərinin öz vəzifələrinə laqeyd və məsuliyyətsiz yanaşmasıdır. İddiaçı heç bir saxta sənəd tərtib etməmiş, pulunu ödəyib torpaq sahəsi satın almış və həmin torpaq sahəsində ev inşa etdirir. Aldığı torpaq sahəsinin isə hər il bələdiyyəyə vergiləri ödəyir. Hansısa sənəddə olan rəqəm uyğunsuzluğu həmin torpaq sahəsinin iddiaçının əlindən alınmasına gətirib çıxara bilməz. Məhkəmə fərziyyələr əsasında qərar çıxara bilməz və belə qərar qanuni hesab oluna bilməz. Hazırda iddiaçının qanuni istifadəsində olan və ev tikərək vergilərini ödəyərək yaşadığı torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətindədir və cavabdeh orqan həmin torpaq sahəsi üzərində onun mülkiyyət huququnu qeydə alaraq ona çıxarış verməlidir. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-cı il tarixli 2-1(116)- 349\2021 nömrəli qərarı qanunsuz olduğu üçün ləğv edilməli, Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin AR İqtisadiyyat Nazirliyi yanında DƏDRX 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(116)-349/2021 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(116)-349/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Qax rayonu Qax Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(116)-349/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 23.12.2005-ci il tarixli, 13 nömrəli qəbzdən görünür ki, iddiaçı Qaxingiloy bələdiyyəsinin Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialında olan hesabına ******* (bir milyon səksən min) manat məbləğində torpaq sahəsinin dəyərini ödəmişdir. Qax rayonu, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 nömrəli qərarından görünür ki, rayonun Qax İngiloy bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlarından ev tikmək üçün alqı-satqı qaydalarına müvafiq 0.06 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. “Torpaqların alqı-satqısına dair” Aktdan görünür ki, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.06 ha torpaq sahəsi İddiaçı satılmış, İddiaçı torpaq sahəsinin dəyərini 13 nömrəli qəbzlə bələdiyyənin ABB Zaqatala filialındakı hesabına ödəmişdir. Aktda onun hansı tarixdə imza və möhürlə təsdiqlənməsinə dair qeyd mövcud olmasa da, aktın bələdiyyə nümayəndəsi X5, İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdiri X6 tərəfindən imza edildiyi, bələdiyyə və Komitənin Qax rayon şöbəsinin möhürləri ilə təsdiqləndiyi, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində 13.03.2006-cı il tarixdə 1209 nömrə ilə qeydiyyata alındığı müəyyən edilir. 847 nömrəli rəydə qeyd edilir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0.06 ha olmaqla Qaxingiloy bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla həyətyanı məqsədilə satılması qanunamüvafiqdir. Rəyin DT və XK-nin Qax rayon şöbəsinin müdiri S.Ramazanov tərəfindən imzalandığı və möhür vurulduğu müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən tərtib edilən A seriyalı 125935 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 saylı qərarı ilə Qax İngiloy kəndi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmışdır. X13 kitabında 16.03.2009-cu ildə 763 nömrəli ilə uçota alınmışdır. Qaxbaş bələdiyyəsinin 23.11.2020-ci il tarixli məktubunda qeyd edilir ki, sözügedən Qaxingiloy bələdiyyəsi 2015-ci il yanvar ayından ləğv olunmuş və yeni Qaxbaş bələdiyyəsi fəaliyyətə başlamışdır. İddiaçı işi ilə əlaqədar olaraq vətəndaşa aid hər hansı bir sənəd Qaxbaş bələdiyyəsində mövcud deyil. Qax rayon Dövlət Arxivinin 26.10.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Qaxingiloy bələdiyyəsi (Fond№140) Qax rayon Dövlət Arxivinə bələdiyyənin 2005-ci ilinə dair iclas protokollarını təhvil vermədiyindən Qaxingiloy bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli 09 saylı iclas protokolundan iddiaçıya 0.06 ha həyətyanı torpaq sahəsinin satılmasına dair arxiv çıxarışının verilməsi mümkün olmamışdır. 06.04.2021-ci il tarixli “iddiaçının iddia tələbi ilə bağlı münasibət bildirilməsi” barədə məktubunda qeyd edilir ki, İddiaçı 08.09.2020-ci il tarixdə ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciət zamanı təqdim etdiyi sənədlər toplusunda “Torpaqların alqısatqısına dair akt” və torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Eyni zamanda bildiririk ki, DTXK-nın Qax rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilən arxiv materiallarında 13 mart 2009-cu il tarixli, 1209 nömrəli imzalanmamış və möhürlənməmiş “Torpaqların alqı-satqısına dair akt” və 847 nömrəli torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəyi mövcuddur. DT və XK-nin 847 nömrəli rəyində İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin 0.06 ha olmaqla Qaxingiloy bələdiyyəsinin mülkiyyətinə aid və alqı-satqı predmeti olması, həmçinin satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla həyətyanı məqsədilə satılmasının qanunamüvafiq olması qeyd edilsə də, rəyin Şöbənin müdiri tərəfindən imzalanmadığı və möhürlənmədiyi aşkar olunur. İş materiallarında olan surəti cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən “Torpaqların alqı-satqısına” dair Aktın DT və XK-nin Qax rayon şöbəsində 13.03.2009-cu il tarixdə 1209 nömrəl ilə qeydiyyata alındığı qeyd edilsə də, aktın məsul şəxslər tərəfindən imzalanmadığı və möhürlə təsdiq edilmədiyi aşkar olunur. Mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı naturada istifadəsində olan 0.0602 hektar torpaq sahəsi elektron məlumat bazasına əsasən Qax rayonu Qax inzibati ərazi dairəsinin hüdudları daxilində Qax bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid şəhərin baş planında yaşayış ehtiyat ərazisidir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, X14 Kitabının 13.03.2006-cı il tarixli, 1209 nömrəli qeydiyyatın aparıldığı səhifəsi arxivdə aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən tərtib edilən A seriyalı 125936 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 saylı qərarı ilə Qax İngiloy kəndi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır. Belə ki, inzibati orqanın inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh iddiaçıya Bələdiyyə tərəfindən satılan torpağın qeydə alınmasına imtinasını “Torpaqların alğı-satqısına dair akt” və torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müvafiq rəyinin olmaması ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Digər tərəfdən torpağın alğı-satqısının mövcudluğu mötəbər sübutlarla öz təsdiqini tapsa da, cavabdeh “Torpaqların alğı-satqısına dair akt” olmamasını göstərməklə formal mülahizələrə əsasən iddianın təmin edilməməsini xahiş etmiş olsa da, mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpağın dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin sənədin verilmə əsasını təşkil edən sənəd - Qax rayon Qaxingiloy Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli qərarı olmuşdur. Qax Rayonu Qaxbaş Bələdiyyəsinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verdiyi 22 dekabr 2021-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi barədə sözü gedən 600 kvm torpaq sahəsi keçmiş (ləğv edilmiş) Qaxingiloy bələdiyyəsinin ərazisinə aid olmuşdur. Həmin ərazi hazırda Qax şəhər bələdiyyəsinin ərazisində yerləşir. Bununla yanaşı,Qax rayonu Qax bələdiyyəsinin 22 dekabr 2021-ci il tarixli arayışında qeyd olunur ki, həqiqətən də İddiaçı Qax şəhəri, Səttar Bəhlulzadə küçəsində yaşayır və istifadəsində 0.06 ha həyətyanı torpaq sahəsi var. Həmin ərazi əvvəllər Qaxingiloy kənd ərazisi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli “Qax şəhərinin inzibati ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi” haqqında sərəncamına əsasən həmin ərazi Qax şəhərinin inzibati ərazisinə daxil edilmişdir. Bundan başqa iş materiallarında olan AR FHN-nin X7 Xidmətinin Qax Rayon Hissəsinin 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, 03 oktyabr 2009-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy Bələdiyyəsinin inzibati binasında yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı bələdiyyə binasının yanar konstruksiyaları yanaraq tam yararsız hala düşmüşdür. Bu da iddiaçının “Torpaqların alğı-satqısına dair aktın əldə etmə imkanını aradan qaldırmışdır ki, bu hal da iddiaçının ziyanına şərh edilə bilməz. Kollegiya hesab edir ki, torpağa dair alğı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alğı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən 23.12.2005-ci il tarixində ******* (bir milyon səksən min) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir, digər tərəfdən hazırki qərarda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1-ci maddəsinin tələblərində göstərilən halların heç biri iddiaçının müraciətinin rədd edilməsi üçün cavabdeh tərəfin mövqeyi ilə uzlaşmadığından iddia tələbinin rədd edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları X14ında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(116)-349/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(116)-349/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. Mübahisələndirilən Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar