Məhkəmə qərarları › İş №2-1(107)-32/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-32/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-32/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “0.06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüqunun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-776/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən İsmayıllı rayon İsmayıllı kəndində mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-776/2022 nömrəli qərardadı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

4. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən İsmayıllı rayon İsmayıllı kəndində ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İddiaçı tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə iddiaçıya İsmayıllı rayon İsmayıllı kəndindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. DT və XK-nin İsmayıllı rayon Şöbəsinin tərəfindən xx.xx.2012-ci il tarixli 6171 nömrə ilə uçota alınmış A № 396212 saylı torpaq sahəsinin plan və ölçüsü barədə kadastr planından çıxarış hazırlanaraq ona təqdim olunmuşdur. Ötən dövr ərzində öz səhlənkarlığı ucbatından torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarış əldə edə bilməmişdir. Daha sonra Rusiya Fedarasiyasının vətəndaşlığını qəbul etmişdir. Qanuni istifadəsində olan sözügedən torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün cavabdehə müraciət etmiş, lakin, sonuncu tələbinin təmin olunmasından imtina etmişdir.

7. O, hazırda əcnəbi vətəndaş olsa da, Azərbaycan Respublikasında islahat aparılan zaman Azərbaycan Respublikasının vətəndaşı olmaqla İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmuşdur. Qeyd olunan kənddə qanuni istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Dövlət qeyd olunan torpaq sahəsinin onun mülkiyyətinə əvəzsiz olaraq verməklə həmin torpaq sahəsini ona bağışlamışdır.

8. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı xarici ölkə vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxsər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıarı kimi bu Məcəllənin 48ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər. 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə görə də müraciətinin icrası cavabdeh tərəfindən mümkün olmamışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-776/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Cavabdeh apellyasiya şikayətini imtinanın dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-776/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2- 1(116)-776/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-776/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A 396212 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı RAİK-nın xx.xx.2001-ci il tarixli 120 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. - İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubundan görünür ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyası təşkil olunduğu tarixdən fəaliyyətinə xitam verilənədək (fəaliyyət dövrünün) heç bir sənədi arxiv fonduna təhvil verilməmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş subyektlər siyahısından (DBF) çıxarışdan görünür ki, İsmayıllı rayonu İsmayıllı kənd üzrə həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında İddiaçı 0.06 ha torpaq sahəsinin, digər ailə üzvləri: X2, X3 və X4 ilə birlikdə ayrılması öz əksini tapmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının adına tərtib edilmiş A 396212 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0,06 hektar torpaq sahəsi, İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair Kompleks Yerquruluşu layihəsinə əsasən İsmayıllı şəhər Ərazi Vahidinin sərhəddi daxilində təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası əkin olmaqla İsmayıllı Bələdiyyəsi mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı adına tərtib edilmiş A 396212 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0,06 hektar torpaq sahəsinin 0,0417 hektar hissəsi iddiaçının istifadəsindədir. İddiaçı X5 adına tərtib edilmiş A 396212 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0,06 hektar torpaq sahəsinin koordinatları yerquruluşu planında göstərilmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi, A 396212 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0,06 hektar torpaq sahəsinin 0,0417 hektar hissəsi ilə üst-üstə düşür. - 53 06 539890 nömrəli pasportdan görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası ...

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ ...

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.

22. “Torpaq islahatı haqqında” Qanunun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

23. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı İsmayıllı rayon İsmayıllı kəndində ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüqunun dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının xarici ölkənin vətəndaşı olması və onun torpaq sahəsini ancaq icarə hüququ ilə əldə edə bilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir.

31. Belə ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər.

32. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır.

33. Lakin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir.

34. Belə ki, torpaq islahatı zamanı iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsi digər ailə üzvləri ilə birlikdə əvəzsiz olaraq ona verilmiş, buna görə də mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı torpaq üzərində ümumi birgə mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının ümumi birgə mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində ümumi birgə mülkiyyət hüququnu qeydə aldırmaq imkanını verib-verməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir.

35. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). 38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

37. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı halda, iddiaçı sözügedən torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, istinad olunan normaların tələbləri baxımından onun həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində bu hüququ qeydiyyata aldırmağa hüquqi imkan verir.

38. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla digər ailə üzvləri ilə birlikdə daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-2130/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

40. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

41. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 0.06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüqunun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-776/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar