Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-320/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(116)- 906/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Zaqatala rayon 2 saylı Notariat ofisinə müraciət edərək mərhum əri X1 qalmış bütün miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh 29 dekabr 2020-ci il tarixli 1194 nömrəli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 20 aprel 2021-ci il tarixli cavabdehin 439 saylı məktubu ilə razılaşmadığını bildirmiş, məhkəmədən X1 miras qalmış fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.1644 ha olan torpaq sahəsinin mərhum X4 oğluna aid hissəsinə və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.5058 ha torpaq sahəsinin mərhuma aid hissəsi üzərində İddiaçı ¼ hissə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini Zaqatala rayon 2 saylı Notariat Ofisininin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 may 2021-ci il tarixli, 2- 1(116)-906/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, yaşlı və kimsəsiz olmaqla tək yaşaylr. 71 yaşı vardır. bu yaşında məhkəmələrə müraciət etməkdən yorulmuşdur. Gəzə də bilmir. Ərindən qalan evin sənədləşdirilməsinə köməklik edilməsini xahiş edir. ona görə də iddiasının mümkün sayılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(116)-906/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh tərəf (həmçinin nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki iş materiallarında olan: Zaqatala rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 2(033)-769/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının tanınması tələbinə dair iddia ərizəsi təmin edilmiş, X1 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 157.8 kv.m olan fərdi yaşayış evinə, həmin evin yerləşdiyi 0.1644 ha olan torpaq sahəsinin mərhum X4 oğluna aid hissəsinə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.5058 ha torpaq sahəsinin mərhuma aid hissəsinə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 25.12.2020-ci il tarixli 2(033)-769/2020 saylı qərardadından görünür ki, Zaqatala rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 2(033)- 769/2020 saylı qətnaməsinin izah edilməsi barədə Zaqatala rayon 2 saylı Notariat Ofisinin ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli 2(107)- 725/2021 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Gözəl İsgəndərovanın notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 29 dekabr 2020-ci il tarixli qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli 2(033)-247/2021 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, müvafiq qərardad dəyişdirilmədən saxlanılmışdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Belə ki, cavabdeh inzibati orqan olsa da, mübahisə onun inzibati fəaliyyəti ilə əlaqədar yaranmamışdır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan istənilən iddia, onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlük şərtləri yerinə yetirildiyi halda məhkəmə icraatı yolveriləndir. Bununla əlaqədar ilk öncə məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən iddianın mümkünlüyü əsasları işə baxan məhkəmə tərəfindən tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlanılmalıdır İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan normaların mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Beləliklə də iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir. Əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Bu halda həm də qeyd etmək lazımdır ki, iddianın mümükünlük şərtlərini sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri mövcud deyil. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam vəya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(116)-906/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-320/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-320/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver