Məhkəmə qərarları › İş №2-1(107)-320/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-320/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-320/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “2002-2012–ci illərdə DSMF-na ödənilmiş vəsaitin təsnifatı üzrə fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2- 1(116)-395/2022 nömrəli qərarından İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikаyətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2002-2012 –ci illərdə DSMF-na ödənilmiş vəsaitin təsnifatı üzrə fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, Şəki rayonu Qoxmuq kəndində bütün sakinlərə iddia ərizələrini özünün yazdığını, Qoxmuq kəndində digər şəxsə yazdığı iddia ərizəsinin rədd olunmasını, məhkəmə tərəfindən mübahisəyə dair verilmiş sərəncamda cavabdeh orqana 20 gün müddət təyin edilməsinə baxmayaraq, mübahisəyə 20 gün müddət bitdikdən sonra baxılmamasını, əvvəllər digər hakim tərəfindən başqa iddia tələbinin rədd olunduğunu bildirərək, hazırkı iş üzrə işə baxan hakimə etiraz etdiyini, iddia tələbini müdafiə etsə də, işə digər hakimin baxılmasını xahiş etdiyini, iş üzrə heç bir izahat verməyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-395/2022 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş etiraz baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin 24.012022-ci il tarixli, 2-1(116)-395/2022 nömrəli qərardadı ilə DSMF PHŞ-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1955-ci ildə anadan olmuş, xx.xx.2019-cu ildə 64 yaşında əmək pensiyasına çıxmışdır. O və ailə üzvləri 2002-2012-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə etdiyinə görə məcburi dövlət sosial sığorta haqları ödəmişdir. Buna baxmayaraq, yaşa görə əmək pensiyasına çıxarkən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınmamışdır. Kod ******* JN-236 saylı ”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsindən istifaəyə görə ******* saylı sığortaedənin uçot nömrəsi verilmişdir. 2002-2012-ci illərdə ödənilmiş məbləğlər ******* saylı uçot nömrəsinə ödənilməmişdir. DSMF-nun Şəki şəhər şöbəsi tərəfindən ona **********50 saylı Dövlət Sosial Sığorta şəhadətnaməsi verilmişdir. Lakin, ödənilmiş vəsaitlər hesabına işlənməmişdir. O, həmin vəsaitlərin fərdi hesabında işlənilməməsi ilə bağlı DSMF-nun 15 saylı Regional Ərazi filialına müraciət etmiş, ona hesabat təqdim edilmədiyindən ödənilmiş vəsaitlərin fərdi şəxsi hesabda işlənilmədiyi bildirilmişdir. Buna baxmayaraq, həmin vəsaitlərin ödənilməsinə başladığı xx.xx.2003-cü il tarixdən indiyədək ona hesabatın təqdim edilməsi ilə bağlı hər hansı sənəd təqdim edilməmiş, hesabat təqdim edilmədiyinə görə maliyyə sanksiyası tətbiq edilməmişdir. Nəticədə onun konstitusion hüquqları pozulmuşdur. Ödədiyi qəbzlərin üzərində “bu qəbz əsasında ödənilən məbləğ vətəndaşa pensiya təminatı hüququ verir. Ödəniş dövrü əmək stajına daxil edilir” qeydi göstərilməsinə baxmayaraq, DSMF tərəfindən ödəniş dövrü sosial sığorta stajına daxil edilmir. Ödənilmiş vəsaitlərin fərdi şəxsi hesabında işlənilməsi üçün cavabdeh orqana müraciət etsə də, müraciəti təmin olunmamışdır. Göstərilənlər nəzərə alınaraq məhkəmədən 2002-2012-ci illərdə DSMF-na ödənilmiş vəsaitin təsnifatı üzrə fərdi şəxsi hesabına işlənilməsi barədə cavabdehə qarşı qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh orqan, iddia tələbinə münasibətinə qeyd etmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (hesabat) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində İddiaçı “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs” kimi Fondun 15 saylı regional Ərazi Filialı (Şəki şəhəri) üzrə uçota alınmışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə olan ödənişlərin Filial tərəfindən fərdi şəxsi hesaba daxil edilməsi qanunvericiliyə uyğun olaraq mümkün deyildir. Həmçinin xx.xx.2006-cı ilədək olan müddətin sığorta stajına daxil edilməsi Filialın səlahiyyətlərinə aid deyildir. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə münasibətdə isə bildirilir ki, İddiaçı xx.xx.2011ci il tarixdə 2-ci qrup əlillik təyin edilmiş, xx.xx.2019-cu il tarixində “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Müvafiq ödənişlərin həyata keçirilməsi “Sosial sığorta haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 14-cü maddəsi ilə tənzimlənir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi xx.xx.2012-ci il tarixli mədaxil qəbzində 250 manat, xx.xx.2012ci il tarixli mədaxil qəbzində (aid edildiyi ödəniş dövrü 2011-ci il) 50 manat, cəmi 300 manat kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş edildiyi qeyd edilmişdir. İddiaçı, məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş etdiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə əlilliyi olan şəxs idi və əlilliyi olan şəxslərin “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahələrini istifadə edən fiziki şəxs kimi”, məcburi dövlət sosial sığorta haqqı ödəməsi istisna edilir. Bu səbəbdən ödənilmiş məbləğin iddiaçının fərdi şəxsi hesabına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 9-cu maddəsinə əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Sığortaedən İddiaçı tərəfindən yalnız 2012-ci il üzrə hesabat təqdim edilmiş, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a (FormaB3) əsasən İddiaçı adı sığortaolunan kimi qeyd olunmamış, övladlarının adları (sığorta olunan kimi adı qeyd edilən şəxslər: X4, X5) sığortaolunan kimi qeyd edilmişdir. İddiaçı adının hesabatda qeyd edilməməsi onun həmin dövrdə əlillik statusu ilə bağlı olmuş, adının qeyd edilməməsi səbəbindən ödənilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar fərdi şəxsi hesabda əks olunmamışdır. İddiaçı mədaxil qəbzini daxil etdiyi dövrdə (2012-ci il) Şəki şəhər Təhsil şöbəsində (VÖEN:**********, SUN:**********0) əmək fəaliyyəti ilə məşğul olub xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə görə həmin dövr İddiaçı staj olaraq nəzərə alınır və həmin dövrdə digər fəaliyyətlə məşğul olsa da, ona həmin müddətdən yalnız biri hesablanır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsindən iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. - xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən ******* saylı sığortaedənin uçot nömrəsi ilə, torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 250 manat pul məbləği DSMF-nun Şəki şəhər şöbəsinin hesabına ödənilmişdir. - xx.xx.2012-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı (torpaq mülkiyyətçisi) tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 50 manat pul məbləği DSMFnun Şəki şəhər şöbəsinə ödənilmişdir. - üçüncü şəxsin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya, onun adı olan “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı DSMF-nun Şəki şəhər şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə müvafiq arayış verilmişdir. Həmçinin əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.2003-cü il tarixli 004368 №-li mədaxil qəbzinə əsasən X2 tərəfindən 2002-ci il üçün 13000 manat torpaq üçün sığorta haqqı ödənişi və xx.xx.2004-cü il tarixli aid 099944 №-li mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 2003-cü il ödəniş dövrü olmaqla 16100 manat torpaq üçün sığorta haqqı ödənişi həyata keçirilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 05 avqust 2022-ci il tarixli, 2- 1(116)-395/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixli qəbzə əsasən 250 manat və xx.xx.2012-ci il tarixli mədaxil qəbzinə əsasən 50 manat ödənilmiş vəsaitin, təsnifat üzrə iddiaçının fərdi hesabına işlənməsi öhdəliyinin qoyulması, iddia tələbinin “xx.xx.2003-cü il tarixli 004368 №-li mədaxil qəbzinə əsasən 13000 manat və xx.xx.2004-cü il tarixli aid 099944 №-li mədaxil qəbzinə əsasən 16100 manat vəsaitin təsnifat üzrə iddiaçının fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-395/2022 nömrəli qərarından apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2003-2004-cü illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ona məlumdur ki, pensiya hüququnda qanunla sığorta olunanlara fərdi hesablar xx.xx.2006-cı il tarixədək açılmışdır. Ona görə də 2003-2004-cü il tarixdə ödənilmiş vəsaitin fərdi hesaba işlənilməsi mümkün deyil. Odur ki, mövcud qanunvericiliyə görə 2003-2004-cü illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqqı iş stajı kimi qəbul edilməlidir. X12 Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-l(116)- 395/2022 saylı məhkəmə iclasında 2003-2004-cü illər əmək stajına daxil edilməmişdir. Odur ki, 2003-2004-cü illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqqının iş stajı kimi qeydiyyata alınması haqda qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 10 avqust 2011-ci il tarixində 2-ci qrup əlillik təyin edilmiş (əlillik statusu verilmişdir), 4 yanvar 2019-cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Birinci instansiya məhkəməsi qərarında “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun həmin dövrdə qüvvədə olan 14-cu maddəsinə 15 aprel 2016-cı il tarixində 205- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş Qeyd hissənin 2016cı ildə əlavə edildiyini qeyd edərək 2012-ci ildə məcburi dövlət sosial sığorta haqqının ödənilməsində qadağanedici normanın olmadığını bildirmişdir. Lakin 2012-ci ildə qüvvədə olan qanunvericilikdə məcburi dövlət sosial sığorta haqqının əmək qabiliyyətli ailə üzvləri üçün ödənilməli olduğu göstərilmiş həmin hissəyə aydınlıq gətirilməsi üçün 15 aprel 2016cı ıl tarixində 14-cü maddəyə qeyd hissə əlavə edilərək əmək qabiliyyəti olmayan şəxslər sadalanmışdır. İddiaçı iddia ərizəsinə əlavə etdiyi 28 dekabr 2012-ci il tarixli mədaxil qəbzində 250 (iki yuz əlli) manat, 9 yanvar 2012-ci il tarixli mədaxil qəbzində (aid edildiyi ödəniş dövrü 2011-ci il) 50 (əlli manat) olmaqla cəmi 300 (üç yüz) manat kənd təsərrüfatına yararlı torpaq sahəsinə gorə məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş edildiyi qeyd edilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən sıgortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Lakin sığortaedən İddiaçı tərəfindən yalnız 2012-ci il üzrə hesabat təqdim edilmiş Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata (Forma B3) əsasən İddiaçı özü sığortaolunan kimi qeyd olunmamış, övladlarının adları (sığortaolunan kimi adı qeyd edilən şəxslər X4, X5) sığortaolunan kimi qeyd edilmişdir İddiaçı adının hesabatda qeyd edilməməsi onun həmin dövrdə İİ qrup əlil statusunda olması ilə bağlı olmuş, adının qeyd edilməməsi səbəbindən də fərdi şəxsi hesabında mübahisələndirdiyi dövr üçün mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar əks olunmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-395/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-395/2022 nömrəli qərarının qismən ləğv edilməsinə dair yeni qərar qəbul edilmisini, həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X6 qanuna müvafiq qərar qəbul edilmisini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin iddiaçı və cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətləri əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022ci il tarixli, 2-1(116)-395/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PASa daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Həmin qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İş materiallarından göründüyü kimi, iddiaçının, cavabdeh orqana qarşı tələbinin, təsnifat üzrə fərdi şəxsi hesabına işlənməsini tələb etdiyi vəsaitin bir hissəsi xx.xx.2003 və xx.xx.2004-cü illərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarıdır. Lakin, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, pensiya təminatında sığortaolunanlara fərdi hesablar xx.xx.2006-cı il tarixdən açıldığından, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotu aparıldığından və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçot məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyindən, xx.xx.2003 və xx.xx.2004-cü il tarixlərdə ödənilmiş vəsaitin fərdi hesabda əks olunması yolverilməzdir. Yəni, həmin tarixlərdə ödənilən məcburi dövlət sosial sığorta haqları fərdi hesabda qeydə alınmalı olan vəsait olaraq yox, nəzərə alınmalı olan iş stajı kimi qəbul edilə bilər ki, işin hallarından göründüyü kimi iddiaçı həmin məbləğlərin fərdi hesabında qeydə alınmasında maraqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, xx.xx.2003-cü il tarixli 004368 №-li mədaxil qəbzi X2 tərəfindən ödənilmiş vəsaitlə bağlıdır və iddiaçıya heç bir aidiyyəti yoxdur. İddia tələbinin “xx.xx.2006-cı ildən sonrakı dövrdə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması” hissəsi isə əsaslıdır. İddiaçıya, xx.xx.2011-ci il tarixdə 2-ci qrup əlillik təyin edilməsi, xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (hesabat) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində İddiaçı “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs” kimi Fondun 15 saylı Regional Ərazi Filialı (Şəki şəhəri) üzrə uçota alınması işin mübahisəsiz halıdır. Cavabdeh özü də İddiaçı tərəfindən 2012-ci il üzrə hesabat təqdim edilməsini və müvafiq məcburi dövlət sosial sığorta haqlarının iddiaçı tərəfindən ödənilməsini qəbul edir. Bununla belə, müvafiq hesabatda onun adının olmamasını, ödənilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların onun fərdi şəxsi hesabda əks olunmamasını, müvafiq ödənişlərin həyata keçirildiyi dövrdə iddiaçının əlillik statusunun olması ilə əlaqələndirir. Cavabdehin etiraz dəlilinin ümumiləşdirilmiş şəkildə ifadə olunan məzmunu ondan ibarətdir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə 2-ci qrup əlillik təyin edildiyindən, onun məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş etdiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə artıq o, əlilliyi olan şəxs idi və əlilliyi olan şəxslərin “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahələrini istifadə edən fiziki şəxs kimi”, məcburi dövlət sosial sığorta haqqı ödəməsi mümkün deyildir. Həmçinin, İddiaçı mədaxil qəbzini daxil etdiyi dövrdə (2012-ci il) Şəki şəhər Təhsil şöbəsində (VÖEN:**********, SUN:**********0) əmək fəaliyyəti ilə məşğul olub xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənildiyinə görə, həmin dövr İddiaçı staj olaraq nəzərə alınır və həmin dövrdə digər fəaliyyətlə məşğul olsa da, ona həmin müddətdən yalnız biri hesablanmalıdır. Çünki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir (8 may 2020-ci il tarixli 89-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.5.6-cı maddə ləğv edilmişdir). Lakin cavabdehin istinad etdiyi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinin istisna hissəsi (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla) isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli 205-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 14-cü maddəyə qeyd hissə kimi əlavə edilmişdir. Həmçinin “digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərin istisnalıq təşkil etməsi ilə bağlı” müddəa “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 8 may 2020-ci il tarixli, 89-VİQD №-li Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi xx.xx.2012 və xx.xx.2012-ci illərdə bu cür ödənişlərin tutulmasını qadağan edən hüquq norması yox idi (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1128/2020 nömrəli qərarında əka olunmuş hüquqi mövqe). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı, xx.xx.2012 və xx.xx.2012-ci illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası şərh edilən hallara görə bu qərara gəlir ki, iddianın xx.xx.2012-ci il tarixli qəbzə əsasən 250 manat və xx.xx.2012-ci il tarixli mədaxil qəbzinə əsasən 50 manat ödənilmiş vəsaitin, təsnifat üzrə iddiaçının fərdi hesabına işlənməsi ilə bağlı hissəsi təmin etməklə, qalan “xx.xx.2003-cü il tarixli 004368 №-li mədaxil qəbzinə əsasən 13000 manat və xx.xx.2004-cü il tarixli aid 099944 №-li mədaxil qəbzinə əsasən 16100 manat vəsaitin təsnifat üzrə iddiaçının fərdi şəxsi hesabına işlənməsi ilə bağlı hissəsini isə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə İddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayətləri təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-395/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar