Məhkəmə qərarları › İş №2-1(107)-320/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-320/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-320/2024 20.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN-2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-173/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN-2982F KOD 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1704/2023 saylı qərardadı ilə Qəbələ bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.

3. İddiaçı, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya X4 xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 0,07 ha torpaq sahəsi verilmişdir. Buna dair ona 2934 nömrə ilə kitaba qeydiyyata alınmış JN-2982F KOD 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim edilmişdir. O, 2023cü ilin yanvar ayında həmin torpaq sahəsi üçün Dövlət reystrindən çıxarış almaq məqsədi ilə Qəbələ Asan Xidmət mərkəzinə müraciət etmiş, müraciətindən sonra ona bildirilmişdir ki, ona verilmiş şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0,07 ha göstərilməsinə baxmayaraq elektron baza məlumatlarında həmin torpaq sahəsi 0,04 ha kimi öz əksini tapmışdır. Bununla bağlı ona xx.xx.2023-cü il tarixli imtina məktubu da verilmişdir. Dəfələrlə cavabdeh orqana müraciət etməyinə baxmayaraq, problem öz həllini tapmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı Qəbələ rayon Aqrar islahat Komissiyasının 23 avqust 1998-ci il tarixli, 03 saylı qərarı ilə JN-2982F saylı "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş, 0,07 ha torpaq sahəsinin qeydiyyata alınaraq Çıxarışın verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinə təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, 0,07 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-2982F saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamənin arxivində mövcud olan nüsxəsində torpaq sahəsi 0,04 ha kimi öz əksini tapmışdır. İddiaçı tərəfindən təqdim edilən 0,07 ha torpaq sahəsinə dair təqdim edilmiş JN-2982F saylı "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin arxiv nüsxəsi İdarənin arxivində mövcud deyil. Eyni zamanda Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında sözü gedən JN-2982F saylı “Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə” 0,07 ha kimi öz əksini tapmamışdır. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - iddiaçı tərəfindən təqdim edilmiş JN-2982F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 0,07 ha torpaq sahəsi ayrılmışdır. - arxiv nüsxəsi cavabdeh orqan tərəfindən təqdim edilmiş JN-2982F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 0,04 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, 1999-cu ildə tərtib edilmiş Qəbələ şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı və ailə üzvlərinin (X1, Nümayəndə, X7, X10 və X11) adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,07 ha torpaq sahəsi qeyd edilmişdir. - Həmin məktuba əlavə olunmuş Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid digər cədvəldən görünür ki, İddiaçı və ailə üzvlərinin (X1, Nümayəndə, X7, X10 və X11) adının qarşısında “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında 0,0439 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-5973/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-2982F nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,04 hektar torpaq sahəsi Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X6 X9 (TEKUİS) əsasən Qəbələ şəhər inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı sahələr üçün ayrılmış ərazi, mülkiyyət növü xüsusi mülkiyyətdir. - İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0875 hektar torpaq sahəsi Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X6 X9 (TEKUİS) əsasən Qəbələ şəhər inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı sahələr üçün ayrılmış ərazidir. Sözügedən 0,0875 hektar torpaq sahəsinin 0,0390 hektar hissəsi 2982F nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0148 hektar hissəsi 1449F nömrəli şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0230 hektar hissəsi isə bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir.

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-173/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN-2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,0148 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkün sayılmaması qərara alınmışdır.

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-173/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə arxiv nüsxəsi cavabdeh orqanda olan JN-2982F kod 40601004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,04 ha torpaq sahəsi üzərində iddiaçı Nümayəndə ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı özü tərəfindən təqdim edilən, JN-2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. İş materialları ilə müəyyən edilir ki, sözügedən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən təqdim edilmiş JN-2982F nömrəli Şəhadətnamənin arxiv nüsxəsində torpaq sahəsinin ölçüsü 0.04 ha qeyd edilmişdir. Beləliklə, eyni torpaq sahəsinə dair mövcud olan, eyni nömrəli Şəhadətnamənin iddiaçıda və cavabdeh orqanda mövcud olan nüsxələrində torpaq sahəsinin ölçüsü və cizgisi fərqli qaydada qeyd edilmişdir. Məhkəmə sözügedən Şəhadətnamələrdən hansının mötəbər olması ilə bağlı aşağıda göstərilən xüsusatların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, 1999-cu ildə tərtib edilmiş Qəbələ şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında iddiaçıya ailə üzvləri ilə birlikdə ayrılması nəzərdə tutulan torpaq sahəsinə münasibətdə - “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında əlyazma ilə 0,07 ha qeydi icra edilmişdir. Lakin, daha sonra tərtib edilmiş Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid digər cədvəldən görünür ki, sözügedən torpaq sahəsinin ölçüsü 0,0439 ha qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 1999-cu ilə aid ilkin siyahıya uyğun olaraq tərtib edilmiş Şəhadətnamədə iddiaçıya məxsus torpaq sahəsinin ölçüsü 0.07 ha qeyd edilsə də, sonradan dürüstləşmə nəticəsində torpaq sahəsinin ölçüsü 0.04 ha olmaqla müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısı Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə təsdiqlənmişdir. Həmin qərarın məzmununda təsərrüfatın ərazisində aparılan torpaq islahatı ilə əlaqədar əvvəllər işlənmiş kompleks yeruquruluşu layihəsində subyektlərin siyahısında və püşkatma materiallarında obyektiv səbəblərə görə qismən dəyişikliklər edilməsi, əvvəllər təsərrüfatda işləməyən subyektlərin siyahıdan çıxarılması, bununla əlaqədar bəzi püşklərin ləğv edilməsi və yerquruluşu layihəsinə qismən düzəlişlərin edilməsi qeyd edilmiş, İ.B.Qutqaşınlı təsərrüfatının ərazisində işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinə dəyişiklik edilməsinin nəzərə alınması Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir. Göründüyü kimi, JN-2982F nömrəli Şəhadətnamənin iddiaçıda olan nüsxəsi 1999-cu ildə hazırlanmış və sonradan kompleks yeruquruluşu layihəsinə düzəliş edilənədək mövcud olmuş ilkin layihə əsasında tərtib edilmişdir. Müvafiq düzəlişlər edildikdən sonra isə sözügedən torpaq sahəsinin ölçüsü və cizgisi arxiv nüsxəsi cavabdehdə olan JN2982F nömrəli Şəhadətnamədə öz əksini tapmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Şəhadətnamədə qeyd edilmiş 0.07 ha torpaq sahəsinin 0,0148 hektar hissəsinin 1449F nömrəli şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü nəzərə alındıqda, 0.04 ha torpaq sahəsindən əlavə, qalan 0.0152 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşir. Halbuki “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə ümumiyyətlə verilməsi nəzərdə tutulan torpaq sahəsinin birdən artıq cizgidə göstərilməsinə yol verilmir. Şərh olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, arxiv nüsxəsi cavabdeh orqanda olan JN-2982F nömrəli Şəhadətnamə Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı əsasında İ.B.Qutqaşınlı təsərrüfatının ərazisində işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinə dəyişiklik edildikdən sonra tərtib edildiyindən, sonuncu dürüstləşmiş məzmunda hüquqmüəyyənedici sənəd qismində iş üzrə mötəbər sübut olaraq qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, arxiv nüsxəsi cavabdeh orqanda olan JN-2982F nömrəli Şəhadətnamədə qeyd edilmiş 0.04 ha torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı, 0,0148 ha üst-üstə düşən hissə nəzərə alınmadan qalan 0.0152 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissəsində iddia ərizəsi təmin edilməməlidir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2-1(116)-173/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbimi onunla əsaslandırmışdir ki, ona və digər ailə üzvlərinə Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 0.07 ha torpaq sahəsi verilmişdir. Buna dair ona 2934 nömrə ilə kitaba qeydiyyata alınmış JN- 2982F kod 40601004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilmişdir. O, 2023-cü ilin yanvar ayında həmin torpaq sahəsi üçün Dövlət reyestrindən çıxarış almaq məqsədi ilə Qəbələ Asan Xidmət mərkəzinə müraciət etmiş və müracətindən sonra ona bildirmişlər ki, ona verilmiş şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.07 ha göstərilməsinə baxmayaraq elektron baza məlumatlarında həmin torpaq sahəsi 0.04 ha kimi öz əksini tapmışdır. Bununla bağlı ona xx.xx.2023-cü il tarixli imtina məktubu da verilmişdir. Dəfələrlə cavabdeh orqana müraciət etməyinə baxmayaraq, problem öz həllini tapmamışdır. Onu da məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, məhkəməyə müraciət etdiyi zaman tapa bilmədiyi, hazırda onda olan Azərbaycan SSR Mənzil Kommunal-Təsərrüfat Nazirliyinin Qutqaşen rayon şöbəsinin tərtib etdiyi 430 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasportu”na əsasən ona-İddiaçı məxsus Qutqaşen (indiki Qəbələ) yaşayış məntəqəsində yerləşən 712.9 kv.m torpaq sahəsi və tikintinin ümumi sahəsi 57 kv.m, 48.5 kv.m yaşayış sahəsi olan 1910-cu ildə tikilmiş fərdi yaşayış evi qeydiyyata alınmışdır. Ona görə birinci instansiya məhkəməsi qərar qəbul edərkən istər torpaq islahatından əvvəl, istərsə də torpaq islahatından sonra sənədləşmələrdə torpaq sahəsinin 0.07 ha olduğu halda, sonradan isə dürüstləşmə kimi qeyd olunan və yerquruluşu xəritəsinə (DVG) və X6 X9 (TEKUİS) hansı əsaslara görə 0.04 ha kimi qeydiyyata alınmasının hüquqi əsasının olub-olmamasının izahı verilməmiş, DƏDRX tərəfindən qanunsuzluğa yol verildiyi halda isə pozulmuş hüquqların bərpa olunaraq aradan qaldırılmasına görə hər hansı əməli tədbir görməmişdir. O, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(116)-173/2024 nömrəli qərarı ilə razı deyil, hesab edir ki, məhkəmənin qərarı əsassız və qanunsuzdur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, obyektiv və tam araşdırmamış və nəticədə qanunsuz və əsassız qərar çıxarılmışdır. Ona görə də qanunsuz və əsassız olan məhkəmə qərarının ləğv olunaraq bu məsələnin obyektiv, tam və hərtərəfli araşdıraraq həll olunmasını istəyir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-173/2024 nömrəli qərarının rədd olunan hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

21. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

22. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-179/2024 nömrəli qərarı qismən ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.

25. Belə ki, iddiaçının hüquqi marağı “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsindən ibarətdir.

26. Birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissəsi iddia tələbinin rədd edilən hissəsi, yəni 0.0152 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlıdır.

27. Ona görə ki, iddiaçı, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(116)-173/2024 nömrəli qərardadı ilə razılaşmış, həmin qərardaddan apellyasiya şikayəti verməyərək iddia tələbinin “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN-2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,0148 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsini mübahisələndirməmişdir.

28. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Şəhadətnamədə qeyd edilmiş 0.07 ha torpaq sahəsinin 0,0148 hektar hissəsinin 1449F nömrəli şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü nəzərə alındıqda, 0.04 ha torpaq sahəsindən əlavə, qalan 0.0152 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşir. Halbuki “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə ümumiyyətlə verilməsi nəzərdə tutulan torpaq sahəsinin birdən artıq cizgidə göstərilməsinə yol verilmir.

29. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2- 5973/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən də görünür ki, İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0875 hektar torpaq sahəsi Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X6 X9 (TEKUİS) əsasən Qəbələ şəhər inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı sahələr üçün ayrılmış ərazidir. Sözügedən 0,0875 hektar torpaq sahəsinin 0,0148 hektar hissəsi 1449F nömrəli şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0230 hektar hissəsi isə bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir.

30. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk öncə hüquqi marağına uyğun olaraq 1449F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni mübahisələndirməli, həmin tələbi uğurlu olacağı halda, tələbin bələdiyyə mülkiyyətində olan 0.0152 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi hissəsi mübahisələndirilməlidir. Ona görə ki, 0.0152 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla iddiaçıya məxsus Şəki İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2-1(116)-173/2024 nömrəli qərarı ilə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi qoyulan 0,04 ha torpaq sahəsindən kənarda, 1449F nömrəli şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş 0,0148 hektar torpaq sahəsinə isə bitişik ərazidə yerləşir. Həmin iddia (0,0148 hektar torpaq sahəsinə aid hissə) müsbət həllini tapdıqdan sonra iddiaçının hazırkı tələbinə (0.0152 ha torpaq sahəsinə aid hissə) mahiyyəti üzrə baxılması mümkün olacaqdır.

31. Hazırki halda isə 0.0152 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşməsi və “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə ümumiyyətlə verilməsi nəzərdə tutulan torpaq sahəsinin birdən artıq cizgidə göstərilməsinə yol verilməməsi əsası ilə iddianın rədd edilməsi inzibati məhkəmə icraatının prinsipləri baxımından əsaslı sayıla bilməz.

32. Bundan əlavə məhkəmə kollegiyası bu nəticəyə gələrkən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-173/2024 nömrəli ““JN-2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,0148 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkün sayılmaması” barədə qərardadının mübahisələndirilmədiyini və həmin qərardadın qanuni qüvvəyə mindiyini, eyni zamanda iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan SSR Mənzil Kommunal-Təsərrüfat Nazirliyinin Qutqaşen rayon şöbəsinin tərtib etdiyi 430 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasportu”nu da nəzərə alır. Hansı ki, həmin pasporta əsasən İddiaçı məxsus Qutqaşen (indiki Qəbələ) yaşayış məntəqəsində yerləşən 712.9 kv.m torpaq sahəsi və tikintinin ümumi sahəsi 57 kv.m, 48.5 kv.m yaşayış sahəsi olan 1910-cu ildə tikilmiş fərdi yaşayış evi qeydiyyata alınmışdır.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər bir halda iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

34. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməyən hissəsində iddia tələbinin rədd edilməsi üçün müəyyən etdiyi hallar, yəni iddiaçı tərəfindən təqdim edilmiş Şəhadətnamədə qeyd edilmiş 0.07 ha torpaq sahəsinin 0,0148 hektar hissəsinin 1449F nömrəli şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü nəzərə alındıqda, 0.04 ha torpaq sahəsindən əlavə, qalan 0.0152 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə ümumiyyətlə verilməsi nəzərdə tutulan torpaq sahəsinin birdən artıq cizgidə göstərilməsinə yol verilməməsi özü-özlüyündə iddia tələbinin rədd edilməsi üçün əsas deyil.

36. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini rədd edilməsi hissəsində mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

37. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-173/2024 nömrəli qərarı qismən, yəni iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda göstərilənlər iddia tələbinin tam təmin edilməsini istisna edir. Ona görə də, apellyasiya şikayəti qalan hissədə (iddia tələbinin təmin olunması hissəsində) təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2-1(116)-173/2024 nömrəli qərarı qismən, iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2934 nömrə ilə kitaba qeydiyyata alınmış, JN-2982F kod 40601004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,0152 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə (iddia tələbinin təmin olunması hissəsində) təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar