Məhkəmə qərarları › İş №2-1(107)-321/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-321/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-321/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Dadaşov Kamran İlham oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(116)-535/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.05.1993-cü il tarixdən 21.08.2014-cü il tarixədək 90 və 961 saylı apteklərdə işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. O, cavabdeh orqana ona əlilliyə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının 90 və 941 saylı apteklərdə işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Belə ki, həmin apteklərdə iddiaçının iş stajının qarşılıqlı yoxlanması tələb edilmiş, lakin apteklərin mühasibat sənədləri saxlanılmadığından və arxivə təhvil verilmədiyindən bu mümkün olmamışdır. Məhz bu səbəblə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə 13.05.2020-ci il tarixli ərizə təqdim edərək, “16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmən iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə pensiya hüququ 22.11.2019-cu il tarixdə yaranmışdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunması üçün 11 il 8 ay sosial sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının əmək kitabçasının surətinə əsasən 01.01.2006-cı il tarixədək 15 il 4 ay sosial sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) toplanılır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 3 il (həmin staj 2166 manat sığorta kapitalına bərabərdir), mübahisələndirilən sosial sığorta stajı 12 il 4 ay 25 gün (həmin staj 8905 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında İddiaçı həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. Bundan başqa, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" 25 dekabr 1991-ci il Qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında 1993-2000-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhür latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlirlər ki, 1993-2000-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkünsüz idi. Buna əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 saylı aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. Göstərilənlərə əsasən, iddiaçının 90 saylı aptekdə 1993-2000-ci illərin onun sosial sığorta stajına daxil edilməsi qanunsuz və əsassızdır. Digər müəssisəyə gəldikdə isə Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən, Zaqatala rayonu 961 saylı aptek sığortaedən kimi 01.12.2008-ci il tarixdə qeydiyyatdan keçmiş, İddiaçı isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi 06.01.2014-cü il göstərilmişdir Odur ki, iddiaçının 961 saylı aptekdə işlədiyini iddia etdiyi 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Nəhayət, iddiaçının təqdim etdiyi əmək kitabçasında müvafiq iş yerləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanuna müvafiq deyil. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və kollegiya tərəfindən tədiqi edilmiş; cavabdehin 31.05.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, 50 yaşı tamam olmuş əlillərə 11 il 8 ay sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. İddiaçının 01.01.2006-cı il tarixə 15 il 4 ay sığorta stajı toplanıb və həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir. İddiaçının 01.01.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 3 il təşkil edir və həmin sığorta stajı 2166 manat sığorta kapitalına bərabərdir. İddiaçının mübahisələndirilən sığorta stajı 12 il 4 ay 25 gün təşkil edir və həmin sığorta stajı 8905 manat sığorta kapitalına bərabərdir. İddiaçının 01.01.2006-cı il tarixdən 31.12.2018-ci il tarixədək topladığı sığorta kapitalı 14599 manat təşkil edir. Zaqatala rayon 90 nömrəli mərkəzi aptekin müvafiq illərdə DSMF vəsaitləri üzrə “Haqq-hesab cədvəli”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, sənəddə istifadə edilmiş 90 nömrəli aptekə məxsus möhürün əksi ilə iddiaçının АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində sözügedən aptekə işə qəbul və azad olunma zamanı istifadə edilən möhürün əksi tamamilə fərqlidir. Həmçinin, 90 nömrəli aptekin 29.06.1993-cü il tarixli DSMF-nin apardığı yoxlama aktında baş mühasib olaraq X3 və mühasib X9, 1994 və 1995-ci illlərdə aparılan yoxlama aktlarında isə baş mühasib İsrafil Şabanov göstərilmişdir. iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətində nöqsanlar aşkar edilmişdir. Belə ki, müvafiq əmək kitabçasında qeyd olunur ki, iddiaçı 90 nömrəli aptekdən 01.03.2000-ci il tarixdə işdən azad olunmuşdur. Növbəti iş yeri olaraq 961 nömrəli aptekdə əmək fəaliyyətinə isə 05.01.2000-ci il tarixdən başlamışdır. Eləcə də, qeyd olunur ki, iddiaçı 05.01.2000-ci il tarixdən 21.08.2014-cü il tarixədək 961 nömrəli aptekdə baş mühasib vəzifəsində işləmiş və eyni zamanda 11.10.2005-ci il tarixdən 01.11.2019-cu il tarixədək “Azəri-M” firmasında baş mühasib işləmişdir. Zaqatala Rayon Dövlət Arxivinin 11.08.2020-ci il tarixli 40 nömrəli məktubundan müəyyən edilir ki, 90 və 961 saylı apteklərin arxiv sənədləri arxivə təhvil verilməmişdir. 13 saylı Ərazi Vergilər İdarəsinin 12.08.2020-ci il tarixli **********031600 nömrəli məktubunda qeyd edilir ki, qeyd edilən Zaqatala 90 nömrəli Mərkəzi rayon Apteki (VÖEN **********) 18.06.2004-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptekin fəaliyyət növü “X1 X13” (kod 47730) kimi qeyd edilmiş, rəhbəri X14r. Aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq 01.07.2015-ci il tarixdən 01.01.2020-ci il tarixə və 17.02.2020-ci il tarixdən 17.02.2025-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Zaqatala rayonu 961 nömrəli Aptek (VÖEN **********) 24.10.2004-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptekin fəaliyyət növü “X1 X13” (kod 47730) kimi qeyd edilmiş, rəhbəri X6r. Aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq 31.08.2015-ci il tarixdən 31.08.2020-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Qeyd olunanlardan əlavə vergi orqanında olan baza məlumatlarına əsasən İddiaçı (AZE 0553746) əmək müqaviləsi əsasında 06.01.2014cü il tarixdən 09.09.2015-ci il tarixədək Zaqatala rayonu 961 nömrəli Aptekdə (VÖEN **********) çalışmışdır. Həmçinin bildirilir ki, vergi orqanında olan baza məlumatlarına əsasən İddiaçı barəsində hesablanmış əmək haqqı, əmək haqqından tutulan gəlir vergisi və sosial sığorta haqları üzrə ödənişlər barədə heç bir məlumat yoxdur. X2 məxsus ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, o, 11.05.1988-ci il tarixdən 30.05.1994-cü il tarixədək Zaqatala rayon 90 saylı aptekdə mühasib işləmişdir. X5 məxsus ******* nömrəli “Əmək kitabçası”nın surətindən müəyyən edilir ki, o, 04.09.1978-ci il tarixdən 23.11.1999cu il tarixədək Zaqatala rayon 90 saylı aptekdə mühasib işləmişdir. X4 məxsus 10.11.1972-ci il tarixli “Əmək kitabçası”nın surətindən müəyyən edilir ki, o, 90 nömrəli aptekdə 04.10.1972ci il tarixdən 31.12.1982-ci il tarixədək mühasib, 01.01.1983-cü il tarixdən 13.01.2000-ci il tarixədək isə kassir vəzifəsində işləmişdir. X10 məxsus olan ******* nömrəli “Əmək kitabçası”nın surətindən müəyyən edilir ki, o, 04.10.1996-cı il tarixdən 01.04.2011-ci il tarixədək Zaqatala rayon 90 saylı aptekdə baş mühasib işləmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin 07.01.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu, АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin 26.02.2020-ci il tarixli **********3 nömrəli, 31.05.2020-ci il tarixli **********5 nömrəli məktubu və ona əlavə olunmuş yoxlama aktlarının təsdiq edilmiş surətləri, Zaqatala Rayon Dövlət Arxivinin 11.08.2020-ci il tarixli 40 nömrəli məktubu, 13 saylı Ərazi Vergilər İdarəsinin 12.08.2020-ci il tarixli **********031600 nömrəli məktubu, X2 məxsus ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surəti, X5 məxsus ******* nömrəli “Əmək kitabçası”nın surəti, X4 məxsus 10.11.1972-ci il tarixli “Əmək kitabçası”nın surəti, X10 məxsus olan ******* nömrəli “Əmək kitabçası”nın surəti, X3, X11, X7, X16 tərəfindən yazılan ərizələr, cavabdehin 19.11.2020ci il tarixli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 19 noyabr 2020-ci il tarixli 2- 1(116)-535/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı 16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2- 1(116)-535/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2- 1(107)-132/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vəzirxan Məlikov, hakimlər – Rövşən Rəfiyev və Mahir Əsədli) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(116)-535/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh 29.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2-1(107)-132/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(102)- 877/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2- 1(107)- 132/2021 nömrəli qərarı ləğv olunmuş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “16.05.1993-cü ildən 04.01,2000-ci ilədək 90 nömrəli aptekdə, 05.01,2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu ildən əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-535/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının “16.05.1993-cü ildən 04.01,2000-ci ilədək 90 nömrəli aptekdə, 05.01,2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11,2019-cu ildən əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin” cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Zaqatala rayon filialına həvalə edilmişdir. Aşağıda qeyd olunanlarla Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(116)-535/2020 nömrəli qərarında məhkəmənin gəldiyi nəticə uçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir, bu səbəbdən qərar ləğv edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçının əlilliyə görə pensiya hüququ 22.11.2019-cu il tarixdə yaranmışdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensivası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 2ci qrup əlilliyə görə əmək pensiyası təyin olunması üçün 11 il 8 ay sosial sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Şəki İnzibati Məhkəməsinin 03.02.2020-ci il tarixli, 2-1(116)-535/2020 saylı sərəncamına cavab olaraq DSMF Zaqatala rayon filialı tərəfindən bildirilmişdir ki, iddiaçının əmək kitabçasının surətinə əsasən 01.01.2006-cı il tarixədək 15 il 4 ay sosial sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) toplanılır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 3 il ( həmin staj 2166 manat sığorta kapitalına bərabərdir), mübahisələndirilən sosial sığorta stajı 12 il 4 ay 25 gün ( həmin staj 8905 manat sığorta kapitalına bərabərdir) təşkil edir. Zaqatala rayon 90 nömrəli mərkəzi aptekin müvafiq illərdə DSMF vəsaitləri üzrə “Haqq-hesab cədvəli”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, sənəddə istifadə edilmiş 90 nömrəli aptekə məxsus möhürün əksi ilə iddiaçının AZE seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində sözügedən aptekin işə qəbul və işdən azad olma zamanı istifadə edilən möhürün əksi tamamilə fərqlidir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında baş mühasib kimi X3 və mühasib X9, 1994-1995-ci illərdə aparılan yoxlama aktlarındaisə baş mühasib İsrafil Şabanov göstərilmiş, yəni İddiaçı həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. İş materiallarında olan X17 11,08.2020-ci il tarixli 40 nömrəli məktubundan müəyyən edilir ki, 90 və 961 saylı apteklərin sənədləri arxivə təhvil verilməmişdir. Bundan başqa, 13 saylı Ərazi Vergilər İdarəsinin 12.08.2020-ci il tarixli məktubunda qeyd edilir ki, qeyd edilən Zaqatala 90 nömrəli Mərkəzi rayon apteki (VÖEN **********) 18.06.2004-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq 01.07.2015-ci il tarixdən 01.01,2020-ci il tarixə və 17.02.2020-ci il tarixdən 17.02 2005-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Digər müəssisəyə gəldikdə isə, Mərkəzləşdirilmiş informasiya sistemindən əidə olunan məlumata əsasən, Zaqatala rayonu 961 saylı aptek sığortaedən kimi 01.12.2008-ci il tarixdə qeydiyyatdan keçmiş, İddiaçı isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi 06.01.2014-cü il göstərilmişdir. Zaqatala rayon 961 nömrəli Aptek (VÖEN **********) 24.10.2004-сi il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptek sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq 31.08.2015-ci il tarixdən 31,08.2020-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Qeyd olunanlardan əlavə vergi orqanında olan baza məlumatlarına əsasən, İddiaçı (AZE 0553746) əmək müqaviləsi əsasında 06.01.2014-cü il tarixdən 09.09.2015-ci il tarixədək Zaqatala rayon 961 nömrəli aptekdə çalışmışdır. Odur ki, iddiaçının 961 saylı aptekdə işlədiyini iddia etdiyi 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Nəhayət, iddiaçının təqdim etdiyi əmək kitabçasında müvafiq is verləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanuna müvafiq deyil. DSMF Zaqatala rayon filialı tərəfindən bildirilmişdir ki, iddiaçının əmək kitabçasının surətinə əsasən 01.01,2006cı il tarixədək 15 il 4 ay sosial sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) toplanılır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 3 il ( həmin staj 2166 manat sığorta kapitalına bərabərdir), mübahisələndirilən sosial sığorta stajı 12 il 4 ay 25 gün (həmin staj 8905 manat sığorta kapitalına bərabərdir) təşkil edir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları bildirirəm ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 saylı aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. İkincisi, - 90 nömrəli aptekdə 1993,1994,1995, 2000-ci illərdə aparılmış qarşılıqlı yoxlama aktlarında baş mühasib, mühasib vəzifəsində başqa şəxslərin adı göstərilmişdir.Üçüncü məqam isə, 961 nömrəli aptek vergi orqanında 2004-cü ildə qeydiyyatdan keçmiş, şəxsin əmək müqaviləsi 2014-cü ildə bağlanmışdır. (İddiaçı 2000- 2005-ci illərdə işlədiyini iddia edir). Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin 2-1(116)-535/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Dadaşov Kamran İlham oğlu apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(116)-535/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(116)-535/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslıdır və Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(116)-535/2020 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Kollegiyanın qənaətinə görə həmçinin iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2- 1(102)-877/2021 nömrəli qərarı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2- 1(107)-132/2021 nömrəli qərarını ləğv edib iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərərəkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı 26.02.2020-ci il tarixli **********3 nömrəli məktubdan göstərir ki, iddiaçının əlilliyə görə pensiya hüququ 22.11.2019-cu il tarixdə yaranmışdır. Onun əmək kitabçasının surətinə əsasən 01.01.2006-cı il tarixinə 15 il 4 ay sığorta stajı toplanılır. İddiaçı 01.01.2006-cı il tarixədək mübahisələndirməyən sığorta stajı 2 il 9 ay 14 gün təşkil edir. İddiaçının 01.01.2006-cı il tarixdən 31.12.2018-ci il tarixədək topladığı sığorta kapitalı 14599 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il 8 ay sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. Cavabdehin 31.05.2020-ci il tarixli **********5 nömrəli məktubuna əsasən iddiaçının 01.01.2006-cı il tarixə əmək kitabçasının surətinə əsasən 15 il 4 ay sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) vardır ki, onun da 3 ili mübahisələndirilmir. İddiaçının 01.01.2006-cı il tarixdən 31.12.2018-ci il tarixədək topladığı sığorta kapitalı 14599 manat təşkil edir. İddiaçının tələbində qeyd etdiyi 90 və 961 saylı apteklərdəki iş müddətləri cavabdeh tərəfindən mübahisələndirilir ki, bu da 12 il 4 ay 25 gün təşkil edir (bu staj 8905 manat sığorta kapitalına bərabərdir). Əgər iddiaçının 90 və 961 saylı apteklərdəki iş illəri onun sığorta stajına əlavə edilərsə, tələb olunan 11 il 8 ay sığorta stajı və 21000 manat sığorta kapitalı tamamlanmış olacaqdır. Belə ki, iddiaçının iş stajı 15 il 4 ay, sığorta kapitalı isə 25669 manat (01.01.2006-cı il tarixədək 11070 manat + 01.01.2006-cı il tarixdən 31.12.2018-ci il tarixədək 14599 manat = 25669 manat) təşkil edəcəkdir. Göründüyü kimi iddiaçının hazırkı tələblə birinci instansiya məhkəməsində iddia qaldırmaqda məqsədi iş illərinin sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı apellyasiya şikayətində aşağıdakı dəlillərlə çıxır edir ki, Zaqatala rayonu 90 nömrəli mərkəzi aptek müvafiq illərdə DSMF vəsaitləri üzrə “Haqq-hesab cədvəli”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, sənəddə istifadə edilmiş 90 nömrəli aptekə məxsus möhürün əksi ilə iddiaçının AZE seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində sözügedən aptekin işə qəbul və işdən azad olma zamanı istifadə edilən möhürün əksi tamamilə fərqlidir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında iddiaçı həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlilləri ilə bağlı bildirir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12ci maddəsinin tələbləri nəzərə alındıqda iddiaçıya pensiya təyin olunması üçün 11 il 8 ay sosial sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. Lakin Zaqatala rayon 90 nömrəli mərkəzi aptekin müvafiq illərdə DSMF vəsaitləri üzrə “Haqq-hesab cədvəli”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, sənəddə istifadə edilmiş 90 nömrəli aptekə məxsus möhürün əksi ilə, iddiaçının A3E seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində sözügedən aptekin işə qəbul və işdən azad olma zamanı istifadə edilən möhürün əksi tamamilə fərqlidir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 nömrəli aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında olan möhür iddiaçının əmək kitabçasında olan möhürlərlə tamamilə fərqli möhürlərin əksi olmaqla yanaşı, baş mühasib kimi X3 və mühasib X9, 1994-1995-ci illərdə aparılan yoxlama aktlarında baş mühasib İsrafil Şabanov göstərilmiş, yəni iddiaçının həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. Həmçinin, 90 və 961 nömrəli apteklərin sənədləri arxivə təhvil verilməmişdir. Bundan başqa, 13 nömrəli Ərazi Vergilər İdarəsinin 12.08.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Zaqatala 90 nömrəli Mərkəzi rayon apteki 18.06.2004-cü il tarixində vergi orqanında qeydiyyata alınmış, aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq 01.07.2015-ci il tarixindən 01.01.2020-ci il tarixinə və 17.02.2020-ci il tarixindən 17.02.2025-ci il tarixinədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Digər müəssisəyə gəldikdə isə Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən Zaqatala rayonu 961 nömrəli aptek sığortaedən kimi 01.12.2008-ci il tarixində qeydiyyatdan keçmiş, iddiaçının isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi 06.01.2014-cü il göstərilmişdir. Odur ki, iddiaçının 961 nömrəli aptekdə işlədiyini iddia etdiyi 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında müvafiq iş yerləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanunamüvafiq deyil. Eyni zamanda, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 nömrəli aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 nömrəli aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. 90 nömrəli aptekdə 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış qarşılıqlı yoxlama aktlarında baş mühasib, mühasib vəzifəsində başqa şəxslərin adı göstərilmişdir. 961 nömrəli aptek vergi orqanında 2004-cü ildə qeydiyyatdan keçmiş, şəxsin əmək müqaviləsi 2014-cü ildə bağlanmışdır. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsində İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün mütləq olan iki şərtdən biri - əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərtinin ödənilməməsini təsdiq edir ki, bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir “Əmək pensiyaları haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 13.2-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1-ci bəndinə əsasən əmək kitabçası; 4.3.1-ci bəndinə əsasən Əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. 4.3.2-ci bəndinə əsasən Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 4.3.3-cü bəndinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. 4.3.4-cü bəndinə əsasən Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7.-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi rədd edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(116)-535/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar