Məhkəmə qərarları › İş №2-1(107)-321/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-321/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-321/2022 26.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 128.773,83 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-989/2022 nömrəli qərarından iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 128.773,83 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin xx.xx.2022-ci il tarixə vergi borcu aşağıdakı kimidir: 1. vergi borcu: 342.10 manat; 2. faiz borcu: 12.501,60 manat; 3. AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi: 128.773,83 manat.

3. Göründüyü kimi, cəmiyyətin xx.xx.2022-ci il tarixə ödənilməmiş vergi borcu 128.773,83 manat təşkil edir. Bildirilmişdir ki, qeyd olunan 128.773,83 manat vergi borcu kameral vergi yoxlaması nəticəsində 2016-cı ilin iyun ayı üzrə hesablanmış 160.565,95 manat ƏDV məbləğinin ödənilməmiş hissəsidir. Qeyd etmək lazımdır ki, şəxsi hesab vərəqəsində mövcud olan 128.773,83 manat vergi borcunun tələbetmə müddəti bitmişdir.

4. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

5. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda (93.1.1.); - bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə (93.1.2); - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3)

6. Göründüyü kimi, hər hansı vergi növü üzrə hesablanmış vergi məbləği və faiz, tətbiq edilmiş maliyyə sanksiyası hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutula bilər, bununla bağlı qanunla müəyyən edilmiş məcburiyyət tədbirləri həyata keçirilə bilər. 5 illik müddət bitdikdən sonra isə hesablanmış vergi, faiz borcu və tətbiq edilmiş maliyyə sanksiyası üzrə qalıq borc ümidsiz borc qismində silinməlidir.

7. Göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, 2016-cı ilin iyun ayı üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə, 5 illik müddət xx.xx.2021-ci il tarixdə bitmişdir ki, bu da həmin hesabat dövrü üzrə qalıq borcun ümidsiz borc kimi silinməli olduğunu göstərir. Hazırkı işin hallarından göründüyü kimi, cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə ümumilikdə 128.773,83 manat borc üzrə tələbetmə müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən silinməli idi. İddiaçı tərəf borcun silinməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

8. Cavabdeh xx.xx.2022-ci il tarixli **********369600 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən külli miqdar təşkil edən 166.759,45 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə ********* nömrəli cinayət işi başlanılaraq istintaqı aparılır. Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı, həmin baş idarənin Hüquq şöbəsinin baş hüquqşünası X1 isə mülki iddiaçının nümayəndəsi kimi tanınmışdır.

9. İddiaçının ümidsiz borc qismində silinməsini tələb etdiyi 128.773,83 manat mülki iddia məbləği olduğundan həmin məbləğin Vergi Məcəlləsinin 85.4 və 93.1-ci maddələrinə əsasən ümidsiz borc kimi silinməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.

10. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 18 avqust 2022-ci il tarixli 2-1(116)-989/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hər bir fiziki və hüquqi şəxsin qanunla müəyyən edilmiş hüququdur və inzibati məhkəmə icraatı çərçivəsində işə baxan hakimin iddia qaldırılan zaman iddiaçının niyyətini sorğulaması və bu əsasla iddia tələbini rədd etməsi, hakimin işə baxarkən və qərar qəbul edərkən qanunvericiliyin tələblərini deyil, məhz şəxsi hisslərini və subyektiv fikirlərini əsas götürdüyünü açıq şəkildə göstərir. Yuxarıda sadalanan normalardan aydın olur ki, qanunverici vergi, faiz və maliyyə sanksiyası ilə bağlı borcların alınmasına münasibətdə müəyyən müddət limiti müəyyən etmişdir ki, “bu da ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir.” (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarı) Göründüyü kimi, qanunverici ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması məqsədilə vergi borclarının alınması ilə bağlı vergi orqanlarının hüquqlarının icrasına 5 illik müddət limiti təyin etmişdir. Hətta məhkəmə qərarı ilə təmin edilmiş vergi borclarına münasibətdə də qeyd olunan 5 illik müddət limitinin tətbiq edilməsi qanunvericinin dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunmasına yönəlmiş xüsusi diqqətini və həssasiyyətini göstərir. Başqa sözlə desək, iddiaçı vergi öhdəliyinin icrası üçün qanunla müəyyən edilmiş 5 illik tələbetmə müddətinin bitdiyini əsas gətirərək, həmin borcların silinməsi məqsədilə məhkəməyə müraciət edərək qanunla ona verilmiş hüquqdan istifadə etsə də, məhkəmə inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hansı motivlə çıxış etdiyini müəyyən etməyə cəhd etmişdir ki, bu da hakimin inzibati prosessual qanunvericiliklə ona həvalə edilmiş hüquqlardan kənara çıxaraq işə cinayət prosessual qanunvericiliyi çərçivəsində, iddiaçıya təqsirləndirilən şəxs qismində baxmağa çalışdığını deməyə əsas verir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-989/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022ci il tarixli 2-1(116)-989/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-989/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci maddələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Bu məhdudlaşdırma isə qanunvericilikdə birbaşa olaraq vergi orqanlarının hərəkətsizliyinin hüquqi nəticəsi kimi ifadə olunmaqdadır. İşin hallarından da göründüyü kimi, iddiaçıya münasibətdə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, başlanmış cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda” əsası ilə dayandırılmış, yalnız xx.xx.2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixli qərarla isə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2016-cı ildə bitdiyini iddia etdiyi hesabat dövrünə münasibətdə cavabdeh tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, əksinə cinayət təqibinin başlanmasına əsas qismində çıxış etmiş vergi borcunun tutulması istiqamətində müvafiq tədbirlər görülmüş, cinayət işi başlanılmış və cinayət təqibi üzrə icraat dayandırılmışdır ki, bu isə öz növbəsində prosessual müddətlərin axımının dayanmasına səbəb olmuşdur.

21. Azərbaycan Respublikası CPM-in 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 72.1-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlrdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidir. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması ilə iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mülki iddiaçı və onun nümayəndəsi qismində tanınmaq haqqında qərara əsasən müəyyən olunmuşdur ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin böyük müstəntiqi tərəfindən qəbul edilmiş qərar əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas fakt əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olan material olmuşdur. Cinayət işi üzrə icraat 5 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və dayandırılmış icraat 14 sentyabr 2021-ci il tarixdə təzələnmişdir. 4 oktyabr 2021-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş İdarənin istintaq və təhqiqat idarəsinə həvalə edildiyindən cinayət işi icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Həmin cinayət işinə direktoru eyni şəxs - X2 olan ‘'Səma-7’’ MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li, "xxxx" MMC-də (VÖEN:**********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li, "Caspian ENK” MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li, "xxxx" MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li, “X6” MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li və "X3" MMC-də (VÖEN **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li, "xxxx" MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işləri birləşdirilərək, ibtidai istintaq 21970074 nömrə altında davam etdirilir. İstintaq zamanı qeyd olunmuş cəmiyyətlərdə kameral vergi yoxlaması ilə, həmçinin, səyyar vergi yoxlaması ilə vergiləri hesablamış və borc aktlarını tərtib etmiş müfəttişlər, cəmiyyətlərin əməliyyatlar apardığı müəssisələrin vəzifəli şəxsləri, cəmiyyətlərin cari hesablarının olduğu bankların əməkdaşları, müxtəlif dövrlərdə cəmiyyətin direktorları olmuş şəxslər şahid qismində dindirilmiş, cəmiyyətlərin cari hesablarının olduğu banklardan bank sənədləri götürülmüş, məhkəmə-mühasibat ekspertizaları təyin edilərək müvafiq rəylər alınmış və sair istintaq hərəkətləri yerinə yetirilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan X2 "xxxx" (VÖEN: **********), “Nigar Tikinti" (VÖEN: **********) və “Oktavia Group" (**********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin (MMC) fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən həmin cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirilmiş, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 72, 77, 78.1, 82, 104.1, 105.1, 130, 130.2, 154, 155, 159.1, 159.4, 175 və 177-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətlərin adından qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, vahid niyyətlə ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 786.665,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. xx.xx.2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, bu kimi halların mövcud qanunvericilikdə təsbit olunmuş şəkildə hərfi mənada qəbul edilərək mübahisəyə tətbiq edilməsi birmənalı olaraq dövlətin büdcə siyasətinə zidd olmaqla yanaşı, iqtisadi faəliyyət sahəsində törədilən vergi cinayətlərinə görə məsuliyyətdən boyun qaçırmaq məqsədi daşımaqla, konstitusion vəzifələrin yerinə yetirilməsindən yayınmaya səbəb olur.

30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin AR-nın CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 128.773,83 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-989/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar