Məhkəmə qərarları › İş №2-1(107)-321/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-321/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-321/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayonu ərazisində yerləşən 0,31 ha torpaq sahəsinə Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 nömrəli qərarına əsasən mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-69/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayonu ərazisində yerləşən 0,31 ha torpaq sahəsinə Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 nömrəli qərarına əsasən mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-69/2024 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X1 Qarabağ müharibəsində şəhid olmuşdur. Oğuz rayonunda torpaq islahatı aparılan zaman onlara 1,15 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara verilən zaman mərhum ərinin şəhid olduğuna görə əlavə bir pay torpaq sahəsi də nəzərə alınmışdır. Həmin torpaq sahəsi onlara Oğuz rayon 28 may X21 Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 06 nömrəli qərarı ilə verilmişdir. Bundan sonra onların ailə üzvlərinə həmin torpaq sahəsinin yalnız 0,84 ha hissəsinə JN-044F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Qalan 0,31 ha torpaq sahəsi həmin vaxtdan onların istifadəsində olsa da, sənəd hazırlanmamışdır. Dəfələrlə müraciət etsə də, həmin torpaq sahəsinə sənəd ala bilməmişdir. Qeyd edilən torpaq sahəsi hal-hazırda da, onun istifadəsindədir. Həmin torpaq sahəsinin yaxşılaşdırılmasına xeyli miqdarda vəsait xərcləmişdir. Torpaq sahəsini hər il daş-kəsəkdən təmizləyərək aqrotexniki qulluq göstərmişdir. O, cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqanın ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********18 nömrəli imtina məktubunda müraciətində qeyd edilənlərin onların səlahiyyətinə aid olmadığı qeyd etmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı qız Oğuz rayonu ərazisində yerləşən Oğuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 6 saylı qərarına əsasən mərhum əri X6 mülkiyyətinə verildiyini iddia etdiyi 0.31 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən mərhum əri X6 mülkiyyətinə verildiyini iddia etdiyi 0,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı və ailə üzvlərinin adına 0.84 ha həyətyanı torpaq sahəsinə dair JN-044 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, 0.11 ha həyətyanı torpaq sahəsinə dair JN-044 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən özünün və ailə üzvlərinin mülkiyyətinə verildiyini iddia etdiyi 0,31 ha torpaq sahəsinə dair Ərazi İdarəsinin arxiv məlumatlarında hər-hansı sənəd aşkarlanmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-044A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı, X3 və X7 0,11 ha torpaq sahəsi ayrılmışdır. - JN-044F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı, X3 və X7 0,84 ha torpaq sahəsi ayrılmışdır. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, Oğuz rayonu Oğuz şəhər “28 May” X5 Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 6№-li iclas protokolundan çıxarışdan görünür ki, Oğuz şəhər “28 May” istehsal kooperativi ərazisində torpaq payı alacaq 5425 nəfər, 1477 ailənin siyahısı təsdiq edilmiş, 1361 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi təsdiq edilmişdir. - Həmin məktuba əlavə olunmuş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə nümayəndəliyinin Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, 318-ci sırada İddiaçı, X10 və X4 adlarının qarşısında “qaytanlanmış kitabda həyətyanı torpaq sahəsi” qrafasında 0,05 ha, “faktiki torpaq sahəsi” qrafasında 0,95 ha torpaq sahəsi, “ailədə şəhid və itk.” qrafasında “şəhid ailəsi” olması qeyd edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan 0,84 hektar torpaq sahəsinin Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla uqodiyası çoxillik əkmələrdir, iddiaçı tərəfindən istifadə edilən faktiki naturada ölçülmüş 0,84 hektar torpaq sahəsinin 0,48 hektar hissəsi İddiaçı adına tərtib edilmiş JN-44F nömrəli şəhadətnamədə göstərilmiş torpaq sahəsi ilə, 0,36 hektar hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üstüstə düşür. Sözügedən torpaq sahəsi, X8 X9 (TEKUİS) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası çoxilik əkmələr, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid ərazi kimi qeyd edilmişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 fevral 2024-cü il tarixli 2- 1(116)-69/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 nömrəli qərarına əsasən Oğuz rayonu ərazisində yerləşən 0,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddia əsassızdır. İş materiallarından görünür ki, torpaq islahatı aparılan zaman iddiaçının şəhid ailəsi olması müvafiq sənədləşmə işlərini aparan orqana məlum idi. Məhz buna görə də, Oğuz şəhər “28 May” istehsal kooperativi ərazisində orta torpaq norması 0.21-0.25 ha olduğu halda iddiaçıya 3 nəfər ailə üzvü ilə birlikdə 0,84 ha torpaq sahəsi ayrılaraq, JN-044F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Yəni, müvafiq subyektlər siyahısı və şəhadətnamə tərtib edilərkən iddiaçının şəhid ailəsi üzvü olması nəzərə alınaraq “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən əlavə bir torpaq payının verilməsi təmin olunmuşdur. Buna baxmayaraq, iddiaçı Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 nömrəli qərarına istinad etməklə Oğuz bələdiyyəsinin mülkiyyətinə aid, 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Odur ki, iddiaçı, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid, 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-69/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardan narazıdır, qərar mülkiyyət hüquqlarının pozulması ilə qəbul edilmiş, iş üzrə bütün hallar araşdırılmamışdır. Belə ki, Oğuz rayonunda torpaq islahatı aparılan zaman ailələrinə ümumilikdə şəhid ailəsi kimi 1 pay əlavə torpaq verilməsi tələbi də nəzərə alınmaqla 1.15 ha torpaq sahəsi verilmişdir və bu iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Oğuz rayonunda pay almaq hüququ olan vətəndaşların siyahısında göstərilmişdir. Şəki İnzibati Məhkəməsi qəbul etdiyi qərarında bu faktı göstərsə də məsələyə hüquqi qiymət verməmiş, faktiki istifadədə olan torpaqların islahatdan əvvəl ailələrinin istifadəsində olmasını və bu torpaqların Qanunvericiliyin tələblərinə əsasən geri alınmayacağına münasibət bildirməmişdir. Bundan başqa islahatdan əvvəl ailələrinin istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi qeyd edilən iddia predmeti olan torpaq sahəsi heç bir torpaq sahəsi ilə üst-üstə düşmür, torpaq sahələrinə aid Şəhadətnamələrin koordinatlarında sürüşmələr olduğundan sahələrin baza məlumatlarında düzgün göstərilməməsi iş üzrə toplanılan sənədlərlə ziddiyyət təşkil etdiyindən qanuni və ədalətli qərar çıxarılmasına gətirib çıxarmışdır. Şəki İnzibati Məhkəməsi işə düzgün baxmamış, sənədləri cəm halda düzgün dəyərləndirməmişdir. Ona görə ki, həmin vaxt kənddə adambaşına orta torpaq norması 0.21 ha - 0.25 ha olmuşdursa onda ailə sayı nəzərə alınmaqla və bu payın üzərinə şəhid ailəsi kimi əlavə 1 pay da hesablandıqda iddia tələbinin haqlı olması görüləcəkdir. X22 Məhkəməsi bu hala da biganə yanaşmış, işin hallarını düzgün qiymətləndirməmişdir. İstifadələrində olan və qeydə alınmasını istədikləri torpaq sahəsinə hüquqverici sənəd Azərbaycan Respublikası Prezidentinin islahatdan əvvəlki torpaq sahələrinin geri qaytarılmaması barədə Fərmanıdır, YAİK qərarıdır, Şəki İnzibati Məhkəməsi bu hala da düzgün qiymət veməmiş, nəticədə şəhid ailəsi kimi hüquqları pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-69/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

12. İddiaçı əlavə olaraq bildirdi ki, mərhum əri X1 Qarabağ müharibəsində şəhid olmuşdur. Oğuz rayonunda torpaq islahatı aparılan zaman onlara 1,15 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara verilən zaman mərhum ərinin şəhid olduğuna görə əlavə bir pay torpaq sahəsi də nəzərə alınmışdır. Həmin torpaq sahəsi onlara Oğuz rayon 28 may X21 Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 06 nömrəli qərarı ilə verilmişdir. Bundan sonra onların ailə üzvlərinə həmin torpaq sahəsinin yalnız 0,84 ha hissəsinə JN-044F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Qalan 0,31 ha torpaq sahəsi həmin vaxtdan onların istifadəsində olsa da, sənəd hazırlanmamışdır. Dəfələrlə müraciət etsə də, həmin torpaq sahəsinə sənəd ala bilməmişdir. Qeyd edilən torpaq sahəsi hal-hazırda da, onun istifadəsindədir. Həmin torpaq sahəsinin yaxşılaşdırılmasına xeyli miqdarda vəsait xərcləmişdir. Torpaq sahəsini hər il daş-kəsəkdən təmizləyərək aqrotexniki qulluq göstərmişdir.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçiril Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12 . Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 7.2-ci bəndində əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı X21ı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir.

19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

21. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna X21 və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;

Apellyasiya şikayətinin mümkünlüyü

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, faktiki istifadədə olan torpaq sahəsi islahatdan əvvəl ailələrinin istifadəsində olmuşdur. Bələdiyyə mülkiyyəti kimi qeyd edilən iddia predmeti olan torpaq sahəsi heç bir torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı, həmçinin sözügedən torpaq sahəsinin ona Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli, 6 nömrəli qərarına əsasən ayrıldığını, lakin müvafiq sənədin tərtib edilmədiyini bildirir.

28. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, iddiaçının rəsmiləşdirilməsini istədiyi torpaq sahəsinin onun ailəsinin istifadəsində olması və bələdiyyə mülkiyyəti kimi qeyd edilən iddia predmeti olan torpaq sahəsinin heç bir torpaq sahəsi ilə üst-üstə düşməməsi mübahisələndirilən 0,31 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas deyil.

29. İş materiallarından da görünür ki, iddiaçıya və ailə üzvlərinə Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0,11 ha və 0,84 ha torpaq sahələri ayrılmış və müvafiq olaraq JN-044A və JN-044F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilmiş, lakin iddia olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcud olduğu müəyyən edilmir.

30. İddiaçının apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, onlara şəhid ailəsi kimi əlavə pay torpağı verilməmişdir.

31. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan Oğuz rayonu Oğuz şəhər “28 May” X5 Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 6№-li iclas protokolundan çıxarışla müəyyən edilir ki, Oğuz şəhər “28 May” istehsal kooperativi ərazisində torpaq payı alacaq subyektlərin sayı 5425 nəfər, xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahələrinin ölçüsü isə 1361 ha qeyd edilmişdir. Sözügedən iclas protokolundan çıxarışa əlavə edilmiş Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların siyahısı ilə müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinin adı 318-ci sırada qeyd edilmiş, “ailədə şəhid və itk.” qrafasında “şəhid ailəsi” olması qeyd edilmişdir.

32. Protokoldan çıxarışın 7-ci bəndindən də görünür ki, Azərbaycan Respubikası Torpaq İslahatı haqqında qanunun 14-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə əlavə bir torpaq payı da verilməsi qərara alınmışdır.

33. İş materiallarından da görünür ki, Oğuz şəhər “28 May” istehsal kooperativi ərazisində orta torpaq norması 0.21-0.25 ha olduğu halda iddiaçıya 3 nəfər ailə üzvü ilə birlikdə 0,84 ha torpaq sahəsi ayrılaraq, JN-044F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Yəni, müvafiq subyektlər siyahısı və şəhadətnamə tərtib edilərkən iddiaçının şəhid ailəsi üzvü olması nəzərə alınaraq “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən əlavə bir torpaq payının verilməsi təmin olunmuşdur.

34. Bundan əlavə olaraq apellyasiya məhkəməsi araşdırması zamanı cavabdeh orqan tərəfindən 21 iyun 2024-cü il tarixli 3-21-3-42/2-3365/2024 nömrəli müşayiət məktubu ilə iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X20 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən 20 oktyabr 2023-ci il tarixdə Oğuz rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının faktiki istifadəsində olan 0,84 hektar torpaq sahəsinin 0,48 hektar hissəsi İddiaçı adına tərtib edilmiş JN-44F nömrəli şəhadətnamədə göstərilmiş torpaq sahəsi ilə, 0,36 hektar hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsi, X8 X9 (TEKUİS) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası çoxilik əkmələr, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid ərazi kimi qeyd edilmişdir. İddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,36 hektar torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tərtib edilməmişdir.

35. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planına nəzər yetirildikdə görünür ki, iddiaçının tələb etdiyi bələdiyyə mülkiyyətində olan 0,31 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla 0,36 ha kimi naturada mövcuddur. Lakin, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinin ona verilməsinə dair hər hansı hüquqmüəyyənedici ilkin sənədlər məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması ilə həmin sənədlər aşkarlanmamışdır. Eyni zamanda işdə olan “Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə nümayəndəliyinin Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların siyahısına aid cədvəldə də həmin 0,31 ha torpaq sahəsi göstərilməmişdir.

36. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun 7-ci maddəsinin tələbinə əsasən bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, ... torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

37. Daha sonra qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

38. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

39. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

41. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

43. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Oğuz rayonu ərazisində yerləşən 0,31 ha torpaq sahəsinə Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 nömrəli qərarına əsasən mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-69/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar