Məhkəmə qərarları › İş №2-1(107)-321/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-321/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-321/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “X2 və digərlərinin adına verilmiş xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli elektron çıxarışın ləğv olunmasına və paylı mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsi ilə bağlı aparılmış qanunsuz qeydiyyat əməliyyatlarının silinərək reyestrdə və kadastrda müvafiq düzəlişlərin aparılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-730/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X2 və digərlərinin adına verilmiş xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli elektron çıxarışın ləğv olunmasına və paylı mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsi ilə bağlı aparılmış qanunsuz qeydiyyat əməliyyatlarının silinərək reyestrdə və kadastrda müvafiq düzəlişlərin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il tarixdə X2 ilə nikah bağlamış, nikahları xx.xx.1990-cı ildə pozulmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evi tərəflər arasında bölünmüş və iddiaçının adına 56.2 kv.m sahəsi olan 2 otaqlı yaşayış evinə münasibətdə Qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli çıxarışda qeyd edilmiş fərdi yaşayış evinin torpaq sahəsi ilə bağlı hissəsi mübahisələndirilir. İddiaçı hesab edir ki, onun razılığı olmadan paylı mülkiyyətində olan evin torpaq sahəsinin üçüncü şəxslərin adına rəsmiləşdirilməsi qanunsuz olmuşdur.

3. Cavabdeh orqan iddiaya etirazında göstərmişdir ki, X2 və qeyrilərinin adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış hüquqmüəyyənedıcı sənədlər əsasında verilmişdir. Qeyd olunan səbəblərə görə X2 və qeyrilərinin adına verilmiş xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış sənədinin ləğv edilməsi, 0.0568 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyat əməliyyatlarının silinərək reyestr və kadastrda müvafiq düzəlişlərin aparılması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətin icrası tərəflərindən mümkün olmamışdır. Üçüncü şəxs X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, qaldırılmış iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı bir neçə yerdə əsassız olaraq torpaq sahəsi əldə etmişdir. Torpaq islahatından 28 il keçdikdən sonra qaldırılmış iddia əsassızıdır və iddia müddəti ötürülmüşdür.

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 fevral 2025-ci il tarixli 2- 1(116)-730/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “X2 və digərlərinin adına verilmiş xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli elektron çıxarışın ləğv olunmasına və paylı mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsi ilə bağlı aparılmış qanunsuz qeydiyyat əməliyyatlarının silinərək reyestrdə və kadastrda müvafiq düzəlişlərin aparılması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış hallarına görə, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli çıxarışdakı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə ayrılmışdır. Belə ki, həmin qərar əsasında İsmayıllı şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin mülkiyyətlərinə verilməsi üçün hazırlanmış yerquruluşu sənədləri təsdiq olunmuş, Azərbaycan Respublikası Dövlət torpaq və Xəritəçəkmə Komitəsindən vətəndaşların həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair şəhadətnamələrin hazırlanmasına köməklik göstərilməsi xahiş edilmişdir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair subyektlər siyahısında X2, X8, X7 və X4 adları qeyd edilmiş, torpaq sahəsinə dair A274111 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı inzibati aktdır və iddia olunan torpaq sahəsinin hansı subyektlərin xüsusi mülkiyyətinə verilməsi məsələsi məhz həmin inzibati akt əsasında həll edilmiş, həmin subyektlərdən biri olan Cəmilə Ağayevanın adına plan-ölçü sənədi tərtib olunaraq, ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Torpaq sahəsinin üçüncü şəxslərin ümumi birgə mülkiyyətinə verilməsi barədə iddiaçının məlumatlı olmasına dair məhkəmə qeyd etmişdir ki, bu hal iddiaçının izahatı əsasında müəyyən edilmişdir. Belə ki, o, torpaq sahəsinin birinci nikahdan olan ailə üzvlərinə verilməsindən xəbərdar olduğunu, lakin həmin dövrdə uşaqlarına qarşı xoş niyyətli olduğuna görə torpaq sahəsi ilə bağlı hər hansı mübahisə qaldırmadığını bildirmişdir. İddiaçı, hazırkı tələbinin səbəbi kimi birinci nikahdan olan övladlarının ona qarşı aqressiv davranmalarını və onu saymamalarını göstərmiş, buna görə də torpaq sahəsini onlardan alaraq ikinci nikahdan olan övladına vermək niyyətində olduğunu vurğulamışdır. - Göründüyü kimi torpaq sahəsinin aqrar islahat komissiyasının qərarı əsasında üçüncü şəxslərin ümumi birgə mülkiyyətinə verilməsindən iddiaçı məlumatlı olmuş, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı mübahisə açmamışdır. Nəticədə, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarını mübahisələndirmək imkanını da itirmişdir. İddiaçı, mübahisəli torpaq sahəsinin İsmayıllı şəhər XDS İK-nin xx.xx.1979-cu il tarixli 12 saylı iclas protokolu ilə ayrıldığını bildirsə də, məhkəmə qeyd etmişdir ki, torpaq islahatı zamanı sovet dönəmində ayrılmış torpaq sahələrinin yeni statusu və qanuni istifadəçiləri müəyyənləşdirilmiş, yeni mülkiyyətçilər formalaşmışdır. Nəticə etibarilə, torpaq sahəsinin hüquqi statusu ilə bağlı sonuncu inzibati akt İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarıdır. Bu qərar sözügedən torpaq sahəsinə dair hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən torpaq sahəsinin hüquqi statusu artıq həmin qərara əsasən müəyyənləşdirilməlidir. - Şərh olunanları ümumiləşdirərək məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli çıxarışdakı torpaq sahəsinin üçüncü şəxslərin ümumi birgə mülkiyyətində qeyd edilməsinə səbəb sözügedən torpaq sahəsinin İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003- cü il tarixli 111 saylı qərarı ilə həmin şəxslərə ayrılması olmuşdur. Odur ki, həmin qərar qüvvədə olduğu müddət ərzində onun əsasında tərtib edilmiş sənədlərin ləğvi ilə bağlı mübahisələrə mahiyyəti üzrə baxıla bilməz.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-730/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim, cavabdeh orqanın apardığı inzibati hərəkətlərin (qeydiyyat əməliyyatlarının) qanuna uyğunluğunu yoxlamaq və araşdırmaq əvəzinə, onun şikayət müddəti ilə bağlı məsələni və işlə bağlı olmayan sair halları araşdırmağa başlayıb, mübahisə predmeti ilə bağlı olmayan məsələlər üzrə nəticələrə gəlib. İşə baxan hakim qeydiyyat əməliyyatlarının qanuniliyini yoxlamaq üçün Mülki Məcəllənin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müvafiq normalarını, eləcə də inzibati İcraat haqqında qanunun müvafiq normalarını tətbiq etməli, həmin normalar üzərindən inzibati orqanın hərəkətlərinə qiymət verməli idi. Lakin bu, olunmamışdır. - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, inzibati orqan, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmasını aparmalıdır. Lakin aparmamışdır. Əgər, aparsa idi, müəyyən edərdi ki, mübahisəli evin torpaq sahəsi İsmayıllı şəhər XDS İK-nin xx.xx.1979-cu il tarixli 12 saylı iclas protokolu ilə ayrılmışdır, yəni 3-cü şəxslərin qeydiyyat üçün müraciət etmələrindən 43 il əvvəl, eləcə də, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarından 24 il əvvəl. İnzibati orqan yoxlamalı idi ki, İsmayıllı şəhər XDS İK-nin xx.xx.1979-cu il tarixli 12 saylı iclas protokolu ilə ayrılmış torpaq sahəsi (yəni şəhər torpağı - şəhər işi yaşayış sahəsi torpağı) İsmayıllı rayon Aqrar İslahat Komissiyasının bölgüsünün təsiri altına necə düşə bilərdi? X3 vəzifəsi sovxoz və kolxoz torpaqlarının özəlləşdirilməsi və bölüşdürülməsindən ibarət olmuşdur. İşin bu halı, hakimin də nəzərindən qaçmışdır. - Bundan əlavə, inzibati orqan qeydiyyat icraatı gedişində və texniki invertarlaşdırma zamanı, yəni naturada çöl-ölçmə işlərinin aparılması və torpağın yerləşdiyi evin texniki göstəricilərinin müəyyənləşdirilməsi zamanı araşdırılmalı və yoxlamalı idi ki, bu torpaq sahəsi harada yerləşir, kateqoriyası nədir, evlə hansı bağlılığı vardır, ilkin subyektləri kimlərdir. İşin hallarından görünür ki, torpaq sahəsinin aid olduğu İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evi İsmayıllı Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmişdir. Həmin qətnamə həmin zaman aidiyyəti daşınmaz əmlakın ərazi qeydiyyat orqanında qeydiyyata alınmış və onlara (iddiaçıya və keçmiş həyat yoldaşına) hüquqi sənəd – qeydiyyat vəsiqəsi, eləcə də texniki pasport verilmişdir. Həmin texniki pasportda isə evin torpaq sahəsi əks olunmuşdur. Sual olunur ki, inzibati orqan inzibati icraat zamanı nə üçün evin torpaq sahəsinin evə aid olduğunu və evlə bağlı olduğunu, üstəlik də, evin məhkəmə qətnaməsi ilə qeydiyyata alınmasını, həm də boşanmış ərarvadın ortaq və ümumi mülkiyyətində olmasını müəyyən etməmişdir? Eləcə də, işə baxan hakim nə üçün işin bu halını araşdırmamış və qiymətləndirməmişdir? Göründüyü kimi, 3cü şəxslərin cavabdeh orqana təqdim etdikləri sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmamışdır. Bu isə qeydiyyat əməliyyatının qanunsuz olduğunu söyləməyinə əsas verir. - Bildirir ki, torpaq sahəsi ümumi mülkiyyətdə olan evin tərkib hissəsi olduğu üçün və ev də paylı mülkiyyətdə olduğu üçün, Ağayeva Cəmilənin torpaq sahəsini öz adına və digər 3-cü şəxslərin adlarına qeydiyyata aldırmağa səlahiyyəti yox idi. Eləcə də, Aqrar İslahat Komissiyasının bu torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti yox idi. Çünki, həmin torpaq sahəsi bundan (AİK-nın qərarından) on il əvvəl, yəni 1992-1993-cü illərdə məhkəmə qətnaməsi ilə qeydiyyata alınmış evin tərkib hissəsi kimi evin Texniki Pasportuna daxil edilmişdir. Yəni, nə bu qərarı qəbul edən AİK-nın, nə də ki bu qərarı cavabdeh orqana təqdim edən Ağayeva Cəmilənin müvafiq səlahiyyətləri olmamışdır. Aqrar İslahat Komissiyasının sözügedən torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olmaması KM-nin hüquqi mövqeyi ilə də təsdiq olunur. - AİK-nın sözügedən qərarı nə subyekt tərkibinə, nə obyektinə, nə də hüquq və vəzifələrə görə səlahiyyətli və qanuni deyildir. Belə ki, əvvəla, şəhər torpaqları ilə bağlı AİK-nın qərar qəbul etmək səlahiyyəti olmamışdır. Bu subyektin səlahiyyətinin olmamasıdır. İkincisi, obyekt, yəni torpaq sahəsi sovxoz və kolxoz torpağı olmamışdır, buna görə həmin torpaq sahəsi AİK-nın qərarının obyekti/predmeti ola bilməzdi. Üçüncüsü isə, həmin torpaq sahəsi onun hüquq (mülkiyyətlə bağlı qanuni gözləntisinin olması) və vəzifələrinin (torpaq vergisi ödəməyi ilə) əhatə/təsir dairəsində olmuşdur. Belə bir halda, həmin qərara əsaslanmaqla, reyestr/kadasr qeydiyyatının aparılması qanunsuz idi. Mülki iş üzrə çıxarılmış məhkəmə aktlarından görünür ki, məhkəmə mübahisəsi sovxozun əmlakından pay almaq hüququ olan subyektlər məsələsi aydınlaşdırılmadan həll edilmişdir. Belə ki, tərəflərdən hər birinin aqrar islahatlarla əlaqədar əmlakdan pay almaq hüququ olan subyekt kimi qəbul edilib-edilməməsinin mümkünlüyü məsələsinə məhkəmələr münasibət bildirməmişlər. Bu məsələ isə mübahisənin həllində başlıca hal kimi çıxış edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

9. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

10. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X3 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon X3 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

11. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

16. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

17. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

20. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

21. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

22. İş materiallarından görünür ki, iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli çıxarışdakı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə ayrılmışdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair subyektlər siyahısında X2, X8, X7 və X4 adları qeyd edilmiş, torpaq sahəsinə dair A274111 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Belə olan halda iddia tələbinə əsasən müvafiq AİK-in qərarı mübahisələndirilmədən qeydiyyatın, onun rəsmiləşdirilməsi forması olan Çıxarışın mübahisələndirilməsi iddianın mümkünlük şərtinə cavab vermir.

23. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı inzibati aktdır və iddia olunan torpaq sahəsinin hansı subyektlərin xüsusi mülkiyyətinə verilməsi məsələsi məhz həmin inzibati akt əsasında həll edilmiş, həmin subyektlərdən biri olan Cəmilə Ağayevanın adına plan-ölçü sənədi tərtib olunaraq, ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir.

24. Həmçinin kollegiya qeyd edir ki, hazırkı iddia tələbi cavabdeh inzibati orqanın faktiki hərəkətinin mübahisələndirilməsi kimi qiymətləndirildiyi halda da iddia mümkünlük şərtinə cavab vermir. Belə ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarının qəbul olunmasından uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. İşin fakitiki hallarından müəyyən olunur ki, torpaq sahəsinin aqrar islahat komissiyasının qərarı əsasında üçüncü şəxslərin ümumi birgə mülkiyyətinə verilməsindən iddiaçı məlumatlı olmuş, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı mübahisə açmamışdır. Nəticədə, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarını mübahisələndirmək imkanını da itirmişdir.

25. Belə ki, iddiaçı, birinci instansiya məhkəməsində izahat verərək göstərmişdir ki, Cəmilə Ağayeva ilə nikahları pozulduqdan sonra həmin yaşayış sahəsində yaşamamışdır. Daimi yaşadığı yer İsmayıllı rayonu Quşencə kəndi olmuşdur. 1992-ci ildən sonra ümumiyyətlə həmin torpaq sahəsinə gedib-gəlməmişdir. Torpaq islahatı aparılan zaman həmin torpaq sahəsindən və orada yerləşən yaşayış sahəsindən onun birinci nikahdan olan ailəsi yaşayaraq istifadə etmişdir. O, hesab edir ki, torpaq islahatı zamanı həmin torpaq sahəsinin keçmiş ailə üzvlərinə ayrılmasında islahat komissiyası səhvə yol vermişdir. O, torpaq sahəsinin birinci nikahdan olan ailə üzvlərinə verilməsindən məlumatlı olsa da, əvvəllər uşaqlarına münasibətdə xoş niyyətdə olduğundan torpaq sahəsinin birinci nikahdan olan ailəsinə verilməsini mübahisələndirməmişdir. Hazırda, birinci nikahdan olan övladları ona qarşı aqressiv olduqlarından və onu saymadıqlarından torpaq sahəsini onlardan alıb ikinci nikahdan olan övladına vermək niyyətindədir.

26. İddiaçı məhkəmə kollegiyasının iclasına da dəfələrlə dəvət olunsa da, kollegiyanın iclasına gəlməmiş, əlavə tələbini təsdiq edəcək sübutlar təqdim etməmiş, məhkəmə tərəfindən də əlavə sübutlar aşkar edilməmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələblə məhkəməyə müraciət etmək səbəbi kimi iddiaçı birinci nikahdan olan övladlarının ona qarşı aqressiv davranmalarını və onu saymamalarını göstərmiş, buna görə də torpaq sahəsini onlardan alaraq ikinci nikahdan olan övladına vermək niyyətində olduğunu vurğulamışdır.

28. Birinci instansiya məhkəməsi də düzgün olaraq qeyd etmişdir ki, torpaq islahatı zamanı sovet dönəmində ayrılmış torpaq sahələrinin yeni statusu və qanuni istifadəçiləri müəyyənləşdirilmiş, yeni mülkiyyətçilər formalaşmışdır. Nəticə etibarilə, torpaq sahəsinin hüquqi statusu ilə bağlı sonuncu inzibati akt İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarıdır. Bu qərar sözügedən torpaq sahəsinə dair hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən torpaq sahəsinin hüquqi statusu artıq həmin qərara əsasən müəyyənləşdirilməlidir. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli çıxarışdakı torpaq sahəsinin üçüncü şəxslərin ümumi birgə mülkiyyətində qeyd edilməsinə səbəb sözügedən torpaq sahəsinin İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003- cü il tarixli 111 saylı qərarı ilə həmin şəxslərə ayrılması olmuşdur. Odur ki, həmin qərar qüvvədə olduğu müddət ərzində onun əsasında tərtib edilmiş sənədlərin ləğvi ilə bağlı mübahisələrə mahiyyəti üzrə baxıla bilməz.

29. Məhkəmə kollegiyası onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

30. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrım bölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).

31. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

32. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

33. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

34. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır.)

36. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

37. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-730/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-730/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar