Məhkəmə qərarları › İş №2-1(107)-322/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-322/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-322/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-5882021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar Kənd İnzibati Ərazi Dairəsinə qarşı (üçüncü şəxslər X2, X1) məhkəməyə müraciət edərək, keçmiş əri B.Hüseynova məxsus, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(019)-166/2017 iş nömrəli qətnaməsinə əsasən köçürüldüyü, Balakən rayonu Qazbinə kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı ev təsərrüfatlarının uçotu kitablarında qeydiyyatın aparılması və həmin təsərrüfatın üzvü kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə hazırlıq icraatı çərçivəsində məhkəmə iclası təyin edilmiş, 03.06.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı iddianı qaldırmaqda əsl məqsədi üçüncü şəxslərə məxsus Balakən rayonunun Qazbinə kəndində yerləşən evə qeydiyyata alınması ilə bağlı olduğunu, odur ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün məhkəmədə müvafiq cavabdehə qarşı iddia qaldıracağını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizə təqdim edəcəyini bildirmişdir. İddiaçı eyni məzmunlu ərizəni 03.06.2021-ci il tarixdə Məhkəmənin dəftərxanasına təqdim etmişdir. Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-5882021 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar Kənd İnzibati Ərazi Dairəsinə qarşı keçmiş əri B.Hüseynova məxsus, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(019)-166/2017 iş nömrəli qətnaməsinə əsasən köçürüldüyü, Balakən rayonu Qazbinə kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı ev təsərrüfatlarının uçotu kitablarında qeydiyyatın aparılması və həmin təsərrüfatın üzvü kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası əsaslı və qanuni olduğu üçün Şəki İnzibati Məhkəməsində baxılmalı və qərar qəbul edilməli idi. Odur ki, o, Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2- 1(116)-5882021 saylı qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün işin Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Оna görə də Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-5882021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”): 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadla razılaşaraq qeyd edir ki, iddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. İddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etmişdir. Formalaşmış məhkəmə təcrübəsinə görə, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPMin 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.04.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. anəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-5882021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-5882021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar