Məhkəmə qərarları › İş №2-1(107)-322/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-322/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-322/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “övladları xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X10 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2- 1(116)-283/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2005ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X13 övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X13 övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məqsədilə Mingəçevir şəhər “ASAN Xidmət” X7 Xidmətinə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə 8481639, ******* və ******* nömrəli qərarlar qəbul etməklə müraciətin təmin olunmasından imtina etmişdir. İddia tərəfi hesab edir ki, qərarlar qanunvericiliyin tələblərinə ziddir və onun övladlarına şamil edilməməlidir.

3. Cavabdeh birinci instansiya məhkəməsinin sərəncamının icrasının təmin edilməsi məqsədilə tələb olunan inzibati icraat materiallarını məhkəməyə təqdim etsə də, yazılı qaydada iddia tələbinə dair münasibət (etiraz) bildirməmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 21 fevral 2023-cü il tarixli, 2-1(116)-283/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənim övladımın 874946 nömrəli "Doğum haqqında" şəhadətnamə tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2005-ci ildə Rusiya Federasiyası, Sankt- Peterburq şəhərində anadan olmuş, atası Rusiya vətəndaşı X9, anası İddiaçı Rusiya vətəndaşı kimi göstərilib (yanlışlığa yol verilib). "Doğum haqqında" şəhadətnamə tərcümə edilərək tərcüməçi tərəfindən yanlışlığa yol verilib, vətəndaşlığı Azərbaycan əvəzinə Rusiya göstərilib. Lakin X4 "Doğum haqqında" şəhadətnamənin rus dilində olan əslindəndə görünür ki, anası İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi qeydə alınıb. Mən xx.xx.2005, xx.xx.2006 və xx.xx.2009 təvəllüdlü övladlarımın doğulduğu andan bu günə kimi Azərbaycan Respublikasının vətəndaşıyam. Bunu təsdiq edən Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair "8425084 nömrəli arayışıdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü mən İddiaçı 173607/m nömrəli, 29 iyun 2022-ci il tarixli müraciətimə baxılaraq, mənim "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğum müəyyən edilmişdir. Mənim az yaşlı övladlarıma dair 8481655, 8481738, ******* JVs-li cavabdehin Qərarları Məhkəmə tərəfindən əsaslı araşdırılmayıb və övladlarımın az yaşlı olduqları və onların valideynləri Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri nəzərə alınmayıb, uşaqlara aid olan Qanunların maddələrini, bəndlərini, hissələrini tətbiq etməyib. Uşaqlara aid olmayan Qanunlara, bəndlərə əsaslanıb və mənim iddiamı asassız hesab etmişdir. Cavabdeh tərəfindən verilən övladlarıma dair X11, X12 və X13 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 8481655, 8481738, ******* №-li qərarların əsasnamə hissəsində göstərilir ki, araşdırma nəticəsində digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduqlarını müəyyən edilmişdir . Hesab edirəm ki, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Cavabdeh tərəfindən qərarın ləğv edilməsi barədə, 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli qərar qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-283/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)- 283/2023 nömrəli dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

10. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş: - “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən olunmuş və xx.xx.2009-cu il təvəllüdlü X10 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır - “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən olunmuş və xx.xx.2005-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. - “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən olunmuş və xx.xx.2006-cı il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. - 679983 nömrəli “Doğum haqqında” şəhadətnamənin tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2009-cu ildə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuş, atası Rusiya vətəndaşı X9, anası Rusiya vətəndaşı İddiaçıdır. - 893462 nömrəli “Doğum haqqında” şəhadətnamənin tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2006cı ildə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuş, atası Rusiya vətəndaşı X9, anası Rusiya vətəndaşı İddiaçıdır. - 874946 nömrəli “Doğum haqqında” şəhadətnamənin tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2005ci ildə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuş, atası Rusiya vətəndaşı X9, anası Rusiya vətəndaşı İddiaçıdır. İddiaçı tərəfindən təqdim olunmuş: - 069236 nömrəli “Nikah haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X3 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, Pərvanə Bəkirova “Aslanova” soyadını qəbul etmişdir. - Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X1 173607/m nömrəli, 29 iyun 2022-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. - “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. xx.xx.1970-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Cavabdeh tərəfindən təqdim olunmuş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X9 barəsində Azərbaycan Resublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar ləğv olunmuş, xx.xx.1970-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 18. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir;\ 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Qaydaya əsasən: aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1 doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6 əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9 uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10 Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11 valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3 Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).

15. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

16. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Belə ki, iddia tələbində adları qeyd olunan iddiaçının övladları X11, X12 və X13 müvafiq olaraq xx.xx.2005-ci il, xx.xx.2006-cı və xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşlar və onlar Rusiya vətəndaşlarıdırlar.

22. Şəxsə Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması tələb olunur. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddia adları qeyd olunmuş şəxslərin Rusiya vətəndaşları olması aşkar edilmişdir.

23. İstinad olunan normalardan da göründüyü kimi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 5-ci maddəsində təsbit edilmiş, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən halların mövcudluğu iddiaçının övladlarına münasibətdə aşkar edilmir.

24. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2-1(102)-1415/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli, 2-1(102)-793/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarlarında da ifadə edilmişdir.

25. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

26. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtinası əsaslı olmuşdur.

27. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “övladları xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X10 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-283/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar