Məhkəmə qərarları › İş №2-1(107)-322/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-322/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-322/2024 17.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1i ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə hüququn iddiaçının atası mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)-968/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ünvan 1i ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə hüququn iddiaçının atası mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-3396/2023 nömrəli qərardadı ilə Oğuz rayon Filfilli bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə elektron arayışın (çıxarış) verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir.

4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Oğuz rayonu Filfilli bələdiyyəsi X9 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair qərarı xx.xx.2007-ci il tarixli olsa da, torpağın alqı-satqısına tərtib edilmiş aktın tarixi 25 dekabr 2008-ci ildir. Həmin aktın qeydiyyatı isə 28 dekabr 2008-ci il tarixdə 1000 nömrə ilə qeydə alınmışdır. "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il, 466-saylı Hİ QD Azərbaycan Respublikasının Qanununun bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il 466- saylı 111 QD Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildiririk ki, özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər.

5. Birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verən iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 5 mart 2024-cü il tarixli 2- 1(116)-968/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlər araşdırılan zaman məlum olmuşdur ki, bələdiyyə tərəfindən torpaq ayrılarkən “Torpaq bazarı haqqında” və “Bələdiyyə torpaqlarının idarə olunması haqqında" Azərbaycan Respublikasının Qanunlarına tam şəkildə riayət olunmamışdır. Torpaq sahəsinin ayrılması zamanı alqı-satqı sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır. İddia edilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışdır. Kameral qaydada mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas qərarı ilə ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi Oğuz rayonu Filfilli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz rayonu Filfilli kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası ictimai tikililər altında olan torpaqlar olmaqla, bələdiyyə mülkiyyətinə aid ərazidir. Sözügedən torpaq sahəsi və iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,5137 hektar (5137 kv.m) torpaq sahəsi X3 X5 (TEKUİS) əsasən, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası örüş olan ərazilər kimi göstərilmişdir. Azərbaycan Respublikası torpaq qanunvericiliyinin tələblərinə görə bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaq sahələri alqı-satqı predmeti deyil, həmin torpaqlar yalnız icarəyə verilə bilər. Vətəndaşla Oğuz rayonu Filfilli bələdiyyəsi arasında alqı-satqısı olmuş torpaq sahəsi üzərində bələdiyyənin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)-968/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)-968/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak idiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)-968/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 409 nömrəli məktubu.

3. Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokolunun çıxarış qərarından görünür ki, mərhum X7 mülkiyyətinə 0.06 ha torpaq sahəsi ayrılmışdır.

4. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokolunun çıxarış qərarı ilə mərhum X8 Oğuz rayon Filfilli Bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsi ayrılmış mərhum X10 225 manat bələdiyyənin hesabına ödəmişdir.

5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin rəyindən görünür ki, həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0.06 ha olmaqla Filfilli bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatında istifadə olunmayan torpaq sahəsi olmaqla bələdiyyənin perspektiv inkişaf fonduna aiddir və bu məqsəd üçün satılması məqsədəuyğudur.

6. AZ-İ 456208 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X10 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir;

7. A seriyalı 259539 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokolunun çıxarış qərarı ilə 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi mərhum X7 mülkiyyətinə verilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-954/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı iddiasına əsasən Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas qərarı ilə X2, A №259539 **********0024 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 600 kv.m həyətyanı torpaq sahəsi Oğuz rayonu Filfilli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz rayonu Filfilli kənd inzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası ictimai tikililər altında olan torpaqlar olmaqla, bələdiyyə mülkiyyətinə aid ərazidir. Sözügedən torpaq sahəsi və iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,5137 hektar (5137 kv.m) torpaq sahəsi X3 X5 (TEKUİS) əsasən, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası tikinti altında olan torpaqlar və örüş, mülkiyyət növü 78F nömrəli Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir. Sözügedən torpaq sahəsi digər mülkiyyətçilərə aid torpaq sahələri ilə üstüstə düşmür. İddiaçı iddiasına əsasən Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas qərarı X2 600 kv.m həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,5137 hektar (5137 kv.m) torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyətləri yerquruluşu planlarında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi ilə iddiaçıya verilmiş 600 kv.m torpaq sahəsi üst-üstə düşür. İddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Faktiki istifadə olunan 0,5137 hektar (5137 kv.m) torpaq sahəsinin 0,14 hektar (1400 kv.m) hissəsi X10 və ailə üzvlərinin 78F nömrəli şəhadətnaməyə əsasən ümumi birgə xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

9. xx.xx.2008-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X10 torpaq sahəsinin dəyəri kimi 225 manat bələdiyyənin hesabına ödəmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

18. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

19. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İş materialları ilə müəyyən edilir ki, Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə mərhum X8 oğlunun şəxsi mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahələri onun oğlunun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin mərhum X1 barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. xx.xx.2008-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X10 torpaq sahəsinin dəyəri kimi 225 manat bələdiyyənin hesabına ödəmişdir.

28. Cavabdehin apellyasiya şikayətinin dəlilləri sözügedən torpaq sahəsi və iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,5137 hektar (5137 kv.m) torpaq sahəsinin X3 X5 (TEKUİS) əsasən, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası örüş olan ərazilər kimi göstərilməsi ilə bağlı olmuşdur.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin rəyinə əsasən, həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0.06 ha olmaqla Filfilli bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatında istifadə olunmayan torpaq sahəsi olmaqla bələdiyyənin perspektiv inkişaf fonduna aiddir və bu məqsəd üçün satılması məqsədəuyğudur.

30. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq mübahisə predmeti olan torpaq sahəsinin mərhum X7 mülkiyyətinə verilməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.

31. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

32. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

33. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

34. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

36. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokolunun qərarına əsasən ayrılmış, ünvan 1i ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin mərhum X8 məxsus olması barədə elektron arayışın iddiaçıya verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2-1(116)-968/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar