Məhkəmə qərarları › İş №2-1(107)-322/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-322/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-322/2025 01.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-561/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun 03 saylı Şəki Zaqatala regional ərazi filialına müraciət etmişdir. Müraciətinə ünvanlanmış 04 aprel 2023-cü il tarixli cavab məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina verilmişdir. İmtina məktubunda-iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu üçün yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmamasına dair bildirilmişdir. Qeyd edilir ki, iddiaçı 1975-ci il tarixdən 1995-ci il tarixə qədər Özbəkistan kolxozunda kolxozçu, 1996-2001-ci illərdə Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyası istehsalat texniki təminat və dəstələşdirmə bazasının Kiçik Xidmət heyətində Xidmətçi işləmişdir. Cavabdeh orqanın yaşa görə əmək pensiyasının təyin olunmasından imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 14 mart 2023-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçası və arxiv arayışına əsasən tələb olunan sığorta stajı tamamlanmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasına və xx.xx.2023-cü il tarixli Zaqatala rayon Dövlət Arxivinin arayışına əsasən sığorta stajı 8 il 3 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçı S.Cücüyevanın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışında 1975-ci il, 1977-1979-cu illər, 1980-1982-ci illər, 1986-1990-cu illər, 1991-1995-ci illərə dair faktiki adam günü və əmək günü haqqında məlumatlar qeyd edilməmişdir. Bildirirlər ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı “Sovet Özbəkistan” kolxozunda 3 il sığorta stajı hesablanmış və ümumi sığorta stajında nəzərə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Onu da qeyd edirlər ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-47RA-2C-202/2023 nömrəli arayışda İddiaçı Zaqatala rayonu Car kəndi “Özbəkistan” adına kolxozun şəxsi hesab kitablarında yalnız 1993, 1994, 1995- ci illərdə işlədiyi və ona əməkhaqqı ödənildiyi qeyd edilmişdir ki, həmin dövr iddiaçının sığorta stajında nəzərə alınmışdır. xx.xx.2017-ci il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdə 220 manata çatdırılmışdır. - Bildirilir ki, iddiaçı eyni iddia tələbi ilə Şəki İnizbati Məhkəməsinə müraciət etmiş, ona göstərilən hüquqi yardıma uyğun olaraq qeyd olunan dövrlərin hüquqi əhəmiyyətli fakt qismində təsdiq edərək yenidən inzibati orqana müraciət edilməsi ilə bağlı olaraq iddia ərizəsi geri götürülmüşdür. Bununla belə, Zaqatala rayon Məhkəməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı düzgün müraciət edilməmişdir. Belə ki, Zaqatala rayon Məhkəməsinə daxil olan ərizədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və sözügedən dövrlərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh qismində qeyd olunmuş Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala həvalə edilməsi xahiş edilmişdir. Müraciət düzgün olmadığından Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-295/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı müvafiq qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-591/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Bundan sonra, İddiaçı yenidən iddia ərizəsi ilə Şəki İnizbati Məhkəməsinə müraciət edərək hüquqi əhəmiyyətli fakt qismində təsdiq etmədiyi dövrlərin sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş "Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. "SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də nəzərdə tutulmuşdur. - Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunanlardan məlum olduğu kimi iddiaçının işlədiyini iddia etdiyi dövr sığorta stajı kimi təsdiq olunmur və qanunvericiliklə bu dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyri-mümkündür. Buradan göründüyü kimi verilən imtina qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - AA******* nömrəli şəxsiyyət vəsiqəsi, - Zaqatala rayonu Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışları, - Zaqatala rayon X6 Hissəsinin xx.xx.2023-cü il tarixli arayışı, - ИT-İ ******* nömrəli Əmək kitabçası, - 1975-1995-ci illər üzrə Özbəkistan kolxozunda kolxozçu olmasına dair Car kənd XDS-nin təsərrüfatbaşı kitablarından, 1993-1995-ci illər üzrə Car kənd Özbəkistan kolxozunun şəxsi hesab kitablarından çıxarışların təsdiq edilmiş surətləri, - Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli qərar.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 yanvar 2025-ci il tarixli 2- 1(116)-561/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub). İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının qəbul edilən sığorta stajı 8 il 3 aydır. İddiaçının “Sovet Özbəkistan” kolxozunda işlədiyi 3 il sığorta stajına daxil edilmişdir. İddiaçının “Sovet Özbəkistan” kolxozunda işləməsinə dair Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli Car kənd XDS İK-nin təsərrüfatbaşına kitablarına istinad olunmaqla verilmiş arxiv arayışında qeyd edilən 1975, 1977-1979, 1980-1982, 1986-1990 və 1991-1995-ci illər cavabdeh orqan tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Cavabdeh bu mövqeyini sözügedən dövr üzrə faktiki adam günü və əmək günü haqqında məlumatlar qeyd edilməməsi ilə əsaslandırmış, həmçinin qeyd etmişdir ki, 2006-2018-ci il tarixədək olan dövr üçün iddiaçı S.Cücüyevanın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - Məhkəmə qeyd etmişdir ki, təsərrüfatbaşına uçot kitablarının əsas məqsədi uçota alınmış şəxslərlə bağlı ümumi məlumatların toplanmasıdır. Bu kitablar əhalinin say tərkibi, yaş qrupları və ümumi məşğulluq vəziyyətini əks etdirən statistik xarakterli sənədlərdir. Həmin kitablarda şəxslərin harada işləməsi barədə qeyd edilən məlumatlar dəqiq uçot məqsədilə aparılmır, əksinə, bu qeydlər şəxslərin və ya onların ailə üzvlərinin bildirdikləri məlumatlara əsaslanır. Təsərrüfatbaşına uçot kitabları əmək fəaliyyətinə dair mühasibat və ya inzibati qeydiyyat sənədi kimi nəzərdə tutulmadığından, burada göstərilən məşğulluq məlumatları iş günlərinin sayı, yerinə yetirilmiş əmək norması və digər mühüm göstəricilərlə dəqiqləşdirilmir. Onların məzmunu daha çox statistik məqsədlərə xidmət edir və konkret əmək hüquqlarının təsdiqi baxımından dəqiq deyildir. Belə olan halda, bu kitablar əmək stajının müəyyən edilməsi üçün müstəqil və hüquqi cəhətdən etibarlı sübut kimi qəbul edilə bilməz. Hazırkı iş üzrə istinad olunan arxiv arayışında da, “Sovet Özbəkistan” kolxozunda qadınlar üçün müəyyən edilmiş əmək günü minimumu və iddiaçının yerinə yetirdiyi əmək günlərinin sayı dəqiq qeyd edilməmişdir. Buna görə də, sözügedən arxiv arayışı əsasında tələb edilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Həmin müddət nəzərə alınmadan iddiaçının 25 il sosial sığorta stajı tamamlanmadığından məhkəmə hesab etmişdir ki, cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-561/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışları, Zaqatala rayon X6 Hissəsinin xx.xx.2023-cü il tarixli arayışı, ИT-İ ******* nömrəli Əmək kitabçası, 1975-1993-cü illər üzrə Özbəkistan kolxozunda kolxozçu olmasına dair Car kənd XDS-nin təsərrüfatbaşı kitablarından, 1993-1995-ci illər üzrə Car kənd Özbəkistan kolxozunun şəxsi hesab kitablarından çıxarışların təsdiq edilmiş surətlərini əlavə etmişdir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı işə baxan hər iki məhkəmə instansiyası qərarında qeyd edir ki, Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə orqanların imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə iddia qaldırılmalıdır. - Bundan başqa, 24 iyun 1993-cü il tarixdə Car kəndində yerləşən X3 idarə binasında yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində X4 olan kitablar və konstruktiv materiallar yanaraq məhv olmuşdur. Bunun üçün 1975-1993-cü illərdə X4 işləməyinə dair yeganə sənəd xx.xx.2023-cü il tarixli arxiv arayışıdır. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı işə baxan Zaqatala rayon və Şəki Apellyasiya Məhkəməsinin qərardadlarında qeyd olunur ki, ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə iddia qaldırılmalıdır. Şəki İnzibati Məhkəməsi isə arxiv arayışı əsasında tələb edilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsini yolverilməz hesab edir. O zaman o, X4 işləməyini əks etdirən 1975-1993-cü illərin sosial sığorta stajına daxil edilməsi üçün hara müraciət etməlidir? Nazirlər Kabinetinin qərarından aydın olur ki, Əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bunun üçün Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı ilə sosial sığorta stajı nəzərə alınmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz iddia tələbinə etiraz ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(116)-561/2025 nömrəli qərarının dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş edirlər.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətnin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2- 1(116)-561/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(116)-561/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur

14. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir ..... ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

19. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

28. İddiaçı da apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edərək əsas dəlili ondan ibarətdir ki, 1975-1993-cü illərdə X4 işləməyinə dair yeganə sənəd xx.xx.2023-cü il tarixli arxiv arayışıdır

29. Əsas olaraq da onu göstərmişdir ki, 24 iyun 1993-cü il tarixdə Car kəndində yerləşən X3 idarə binasında yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində X4 olan kitablar və konstruktiv materiallar yanaraq məhv olmuşdur.

30. İş materiallari ilə müəyyən olunur ki, cavabdeh orqan iddiaçının “Sovet Özbəkistan” kolxozunda işləməsinə dair Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli Car kənd XDS İK-nin təsərrüfatbaşına kitablarına istinad olunmaqla verilmiş arxiv arayışında qeyd edilən 1975, 1977-1979, 1980-1982, 1986-1990 və 1991-1995-ci illəri sosial sığorta stajı kimi nəzərə almamış, bu mövqeyini sözügedən dövr üzrə faktiki adam günü və əmək günü haqqında məlumatlar qeyd edilməməsi ilə əsaslandırmış, həmçinin qeyd etmişdir ki, 2006-2018-ci il tarixədək olan dövr üçün iddiaçı S.Cücüyevanın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

31. İşdə olan Zaqatala rayon X10 kənd XDS İK-nin təsərrüfatbaşına kitablarına istinad olunmaqla verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında minimum əmək iştirakı (adam günü) norması qeyd edilməmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

33. Arxiv arayışına istinad edildikdə isə görünür ki, arayışda göstərilən dövrlər üzrə kolxozda iş stajı hesablanarkən, bu dövr üçün minimum əmək iştirakı norması göstərilməmişdir. Belə ki, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı (adam günü) normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır.

34. İşdə olan, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı Car kənd XDS İK-nin 1974-1976-cı illərin təsərrüfatbaşına kitabı №3-də ş/hesab № 213-də keçmiş “Özbəkistan” kolxozunda kolxozçu 1975-ci ildən, 1977-1979-cu illərin təsərrüfatbaşına kitabı №3-də səh №41-də ş/hesab №206 keçmiş “Özbəkistan” kolxozunda kolxozçu, 1980-1982-ci illərin t/başına kitabı №12-də ş/hesab №776-da “Özbəkistan” kolxozunda kolxozçu, 1983-1985-ci illərin t/başına kitabı № 10-da ş/h №671-də “Özbəkistan” kolxozunda kolxozçu, 1986-1990-cı illərin t/başına kitabı № 10da ş/h №806-da “Özbəkistan” kolxozunda kolxozçu, 1991-1995-ci illərin t/başına kitabı № 13-də ş/h №806-da evdar qadın və “Özbəkistan” kolxozunda kolxozçu işləməsi barədə qeydiyyatı vardır. Əsas: 1974-1995-ci illərin t/başına kitabları.

35. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbinə görə, iddiaçının iddia etdiyi dövrdə (1965-ci ildən sonrakı dövr) pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir.

36. İddiaçının istinad etdiyi arxiv arayışında iddiaçının faktiki yerinə yetirdiyi adam günü qeyd olunmamış, həmçinin iddiaçının işlədiyi kolxoz üçün həmin dövrdə müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumu norması göstərilməmişdir. İddiaçının faktiki yerinə yetirdiyi adam günü qeyd olunmadığından iddiaçının işlədiyi kolxozda həmin dövrdə mövcud olmuş minimum əmək iştirakı normasının müəyyən edilməsi, göstərilən illər üzrə onun əmək iştirakı (adam günü) minimumu normasını yerinə yetirib-yetirməməsi «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri baxımından mümkün olmamışdır.

37. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859N-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir.

38. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir.

39. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, təsərrüfatbaşına uçot kitablarının əsas məqsədi uçota alınmış şəxslərlə bağlı ümumi məlumatların toplanmasıdır. Bu kitablar əhalinin say tərkibi, yaş qrupları və ümumi məşğulluq vəziyyətini əks etdirən statistik xarakterli sənədlərdir. Həmin ktablarda şəxslərin harada işləməsi barədə qeyd edilən məlumatlar dəqiq uçot məqsədilə aparılmır, əksinə, bu qeydlər şəxslərin və ya onların ailə üzvlərinin bildirdikləri məlumatlara əsaslanır.

40. Təsərrüfatbaşına uçot kitabları əmək fəaliyyətinə dair mühasibat və ya inzibati qeydiyyat sənədi kimi nəzərdə tutulmadığından, burada göstərilən məşğulluq məlumatları iş günlərinin sayı, yerinə yetirilmiş əmək norması və digər mühüm göstəricilərlə dəqiqləşdirilmir. Onların məzmunu daha çox statistik məqsədlərə xidmət edir və konkret əmək hüquqlarının təsdiqi baxımından dəqiq deyildir. Belə olan halda, bu kitablar əmək stajının müəyyən edilməsi üçün müstəqil və hüquqi cəhətdən etibarlı sübut kimi qəbul edilə bilməz. Hazırkı iş üzrə istinad olunan arxiv arayışında da, “Sovet Özbəkistan” kolxozunda qadınlar üçün müəyyən edilmiş əmək günü minimumu və iddiaçının yerinə yetirdiyi əmək günlərinin sayı dəqiq qeyd edilməmişdir. Buna görə də, sözügedən arxiv arayışı əsasında tələb edilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir.

41. Bundan başqa, iddiaçının vəkili məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı Cücüyeva X2 rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 1975-1993-cü illərdə “Sovet Özbəkistan” kolxozunda işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki işə mahiyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək hazırki işin dayandırılmasına dair qərar qəbul edilməsini xahiş edir.

42. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(033)-295/2024 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, qərardad qanuni qüvvəsini almışdır.

43. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbə əvvəllər məhkəmədə baxılmış, bununla bağlı yekun məhkəmə aktı qəbul edilmişdir. Odur ki, iddiaçının vəkilinin ərizəsində qeyd etdiyi əsasla hazırki işin icraatının dayandırılmasına zərurət yoxdur.

44. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə onu da qeyd edir ki, iddiaçının 25 il sosial sığorta stajı tamamlanmadığından cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

46. Odur ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün yaşa görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.

47. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(116)-561/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar