Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-323/2022 12.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı "işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2- 1(116)-1899/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh X1 İdarəsinə qarşı "işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. O, iddia tələbini belə əsaslandırmışdır ki, 40 ilə yaxındır ki Şamaxı Şəhər İncəsənət Təhsil Mərkəzində fəaliyyət göstərir, əvvəlcə qarmon ixtisası üzrə müəllim, sonra isə direktor müavini vəzifəsində işləmişdir. X1 İdarəsinin rəisinin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinə əsasən, o, işdən kənar edilmiş, əsas kimi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin "c" bəndi göstərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 8 sentyabr 2022-ci il tarixli 2- 1(116)-1899/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
5. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2-1(116)-1899/2022 nömrəli qərardadının ləğv edilməsini, işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və ya aidiyyətin müəyyənləşdirilməsi üçün işin Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2-1(116)-1899/2022 nömrəli qərardadının ləğv edilməsini, işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və ya aidiyyətin müəyyənləşdirilməsi üçün işin Ali Məhkəməyə göndərilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2-1(116)-1899/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
9. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndində deyilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.2-ci bəndində deyilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqısatqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.
10. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndində deyiir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12-ci bəndinə görə, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 13-cü bəndinə görə, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. "İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1-ci bəndinə əsasən, inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2-ci bəndinə əsasən, inzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
11. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 11.3-cü bəndində X2 inzibati orqan kimi nəzərdə tutulsa da, iddiaçının Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsindən kənar edilməsi barədə X1 İdarəsinin xx.xx.2022ci il tarixli 27 nömrəli əmri inzibati akt sayılmır.
15. Belə ki, həmin əmr inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilməmişdir. Həmin əmr inzibati orqanın, yəni X1 İdarəsinin daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktdır.
16. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh X1 İdarəsi ilə İddiaçı arasında yaranmış hazırkı mübahisə əmək münasibətlərindən irəli gəldiyinə və iddiaçı dövlət qulluqçusu olmadığına görə həmin mübahisəyə baxılması inzibati məhkəməyə deyil, ümumi məhkəməyə aiddir. Ona görə də hazırkı iddia mümkün sayıla bilməz.
17. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə yuxarıda sadalanan və iddianın mümkünlüyünü istisna edən hallar ətraflı şəkildə İddiaçı izah edilmiş və məhkəmənin həmin məktubda ifadə edilmiş mövqeyinə münasibət bildirməsi ona təklif edilmişdir.
18. İddiaçı cavab olaraq birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2022-ci il tarixli teleqramda bildirmişdir ki, o, əmrin ləğv olunması ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin qərardadı ilə ona hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu bildirilmişdir. İddiaçı bu səbəbdən hazırda çətin durumda qaldığını bildirmiş və Şəki İnzibati Məhkəməsinin yekun bir qərara gələrək ona köməklik göstərməsini xahiş etmişdir.
19. İşdə olan, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)1047/2022 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmiş, lakin iddianın yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin gəldiyi həmin nəticə göstərilən iddiaya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması ilə əsaslandırılmışdır.
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əvvəla, birinci instansiya məhkəməsinin digər birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını yoxlamaq səlahiyyəti olmadığına görə hazırkı qərardadda İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)1047/2022 nömrəli qərardadının qanuniliyinə və əsaslılığına qiymət verilə bilməz. Digər tərəfdən, İsmayıllı Rayon Məhkəməsinin sözügedən qərardadı hazırkı iddianın mümkünlüyünü istisna edən səbəbləri aradan qaldırmır və iddianın mümkünlüyü məsələsinin həlli zamanı mütləq nəzərə alınmalı olan məcburi xarakter daşımır. İsmayıllı Rayon Məhkəməsi tərəfindən iddianın qəbulundan imtina edilib-edilməməsindən asılı olmayaraq, Şəki İnzibati Məhkəməsi hazırkı iddianın mümkünlük şərtlərinin mövcudluğunu özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
21. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
22. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
23. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1899/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2-1(116)-1899/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.