Məhkəmə qərarları › İş №2-1(107)-324/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-324/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-324/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Mahamarasun qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN-100f KOD 40113018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.07 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsünün sərhədləri, JN-629 KOD 40113018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktında 0.71 ha torpaq sahəsinin cizgilər qüsurlu tərtib edildiyindən onlarda dəyişiklik edilərək 0.07 ha həyətyanı və 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yeni plan və ölçü sənədinin hazırlanması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1668/2024 nömrəli qərardadından iş üzrə İddiaçı Mahamarasun qızı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Mahamarasun qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “JN-100f KOD 40113018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.07 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsünün sərhədləri, JN-629 KOD 40113018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktında 0.71 ha torpaq sahəsinin cizgilər qüsurlu tərtib edildiyindən onlarda dəyişiklik edilərək 0.07 ha həyətyanı və 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yeni plan və ölçü sənədinin hazırlanması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli sərəncamda Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək izah edilmişdir ki, cavabdehin müraciətinin təmin olunmasından imtina etməsi və ya müraciətini cavabsız saxlaması iş materialları ilə müəyyən olunmur. Cavabdehin imtinasını əlavə etməsi üçün iddiaçıya 5 gün müddət təyin edilmişdir. Məktub xx.xx.2024cü il tarixində iddiaçı tərəfindən qəbul edilmiş, lakin qeyd edilən yardıma münasibət bildirilməmişdir.

3. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 18 mart 2024-cü il tarixli 2- 1(116)-1668/20244 nömrəli qərardadı ilə İddiaçı Mahamarasun qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN-100f KOD 40113018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.07 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsünün sərhədləri, JN-629 KOD 40113018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktında 0.71 ha torpaq sahəsinin cizgilər qüsurlu tərtib edildiyindən onlarda dəyişiklik edilərək 0.07 ha həyətyanı və 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yeni plan və ölçü sənədinin hazırlanması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

4. İddiaçı Mahamarasun qızı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı Mahamarasun qızı apellyasiya şikayətində Şəki İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2-1(116)-1668/20244 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edərək məhkəməyə bildirmişdir ki, yeni tikintisinə başladıqları evlə bağlı aydiyyəti qurum torpağın kənd təsərrüfatı təyinatlı olduğundan tikilinin layihəsini hazırlamaqdan doğru olaraq imtina etmişdir. Bundan sonra 18 saylı ərazi idarəsinə müraciət etmişlər. Orda da araşdırdılar həqiqətən həyət torpaqlarının pay torpağına işlənildiyi təsdiqlənib. Orada bildiriblər ki, torpağın məqsədli təyinatını dəyişdirmək onların səlahiyyətlərinə aid deyil. Məhkəməyə müraciət etsin. 18 saylı ərazi idarəsi tərəfindən imtina ilə bağlı hər hansı bir sənədin verilməsinə ehtiyac olub-olmamasını soruşduqda lazım gələrsə məhkəmənin həmin sənədi tələb edə biləcəyini deyiblər. Məhkəmə cavabdehdən imtina cavabını əldə etmək üçün 5 gün müddət vermişdir. 5 gün müddət ərzində həmin sənədi cavabdehdən götürüb məhkəməyə təqdim etmək mümkün deyil. "Daşınmaz əmlakın dövlət reyestri haqqında'’ qanunun 15.2-ci maddəsində qeyd olunur: Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barəsində ərizəçiyə 5 gün müddətində bildiriş verilir. (5 gün müddət imtinanı verəcək 18 saylı ərazi idarəsinə qoyula bilərdi.) Bundan sonra, 18 saylı Zaqatala Ərazi İdarəsinə 09 mart 2024-cü il il tarixdə ərizə ilə müraciət etmişdir. Həmin İdarənin ərizəsi ilə bağlı verdiyi 15 mart 2024-cü il tarixli imtina bildirişini 28 mart 2024-cü il tarixdə poçt vasitəsilə Şəki İnzibati Məhkəməsinə göndərmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsinin qeyd edilən məktubu Balakən rayonu Talalar kənd poçtuna 25 mart 2024-cü il tarixdə daxil olmuş, 26 mart 2024-cü il tarixdə ona çatdırılmış, Şəki İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərardadı isə 07 aprel 2024-cü il tarixdə ona təqdim edilmişdir. İmtina bildirişini bilavasitə verməli şəxs olmadığı üçün məhkəmə bu halı nəzərə alaraq 15 gün müddət təyin edə bilərdi. Məhkəməyə onu da məlum edir ki, cavabdehdən işlə bağlı imtina bildirişinin 5 gün müddətində məhkəməyə təqdim edə bilməməyi ondan asılı olmayan səbəbdən baş vermişdir. Həm də qeyd edilən dövrdə daha çox qeyri iş günlərinin olması da öz təsirini göstərmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

6.Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir

Tərəflərin izahatları

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, üzürlü hesab edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

9. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

10. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apelyasiya şikayətinin mümkünlüyü

11. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

15. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

16. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

17. İş materiallarından görünür ki, hazırki iddianın növü öhdəliyin icrası haqqında iddiadır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir.

18. İşdən göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdeh-inzibati orqana müvafiq ərizə ilə müraciət etmişdir. Belə olduğu təqdirdə cavabdeh-inzibati orqanın iddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətindən imtinası olmadığından, hazırki mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının müəyyən edilməməsi barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

19. Bundan əlavə olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən 20 fevral 2024-cü il tarixli sərancamı ilə ona 5 gün müddət təyin edilməsinin qanunsuz və əsassız olması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya təyin edilən 5 gün müddət iddiaçının məhkəməyədək həmin orqana müraciət edib-etməməsi, müraciət etdiyi halda inzibati orqan tərəfindən iddaçıya ünvanlanmış rəsmi imtina məktubunun təqdim edilməsi ilə bağlı və ya orqanın hərəkətsizliyi ilə bağlı sübutlarının məhkəməyə təqdim edilməsini özündə ehtiva etdiyi təqdirdə, iddiaçı, qeyd edilən sərancamdan sonra inzibati orqana yazılı müraciət etmiş, imtina məktubunu almışdır. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

20. Belə ki, iddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərkən cavabdehin imtina məktubunu məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən iddiaçıya 20 fevral 2024-cü il tarixli məktub göndərilməklə ona iddia qaldırılanadək hazırkı iddia tələbi üzrə cavabdeh orqana olan müraciətinin və müraciətin çatmasını təsdiq edən sənədin və ya cavabdehin imtina məktubunun 5 gün müddətində məhkəməyə təqdim olunması təklif edilmişdir. İddiaçı isə 09 mart 2024-cü il tarixdə cavabdeh-inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən 15 mart 2024-cü il tarixli imtina məkutubu iddiaçıya göndərilmiş, sonuncu tərəfindən isə həmin məktub 28 mart 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə göndərilmişdir.

21. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya birinci instansiya məhkəməsi tərəfindən verilən 5 gün müddət onun cavabdeh-inzibati orqana iddia qaldırılanadək müraciət etdiyi halda həmin müraciətin məhkəməyə təqdim edilməsi ilə bağlı olmuşdur. Sonradan müraciət edərək imtina məktubunu əldə edib təqdim edilməsi ilə bağlı olmamışdır.

22. Hal-hazırda iddiaçı cavabdehin 15 mart 2024-cü il tarixli, 3-21-3-47/2-M-0008- 8/2024 nömrəli imtina məktubunu iddia verdikdən sonra əldə edərək məhkəməyə təqdim etsə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə birinci instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

23. İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilməsi və müvafiq imtina məktubunun alınması barədə sübutlar birinci instansiyası məhkəməsinə iddia verilənədək təqdim edilmədiyindən, işə baxan məhkəmə iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmiş, bu barədə qərardad qəbul edərkən hüquq normalarını pozmamışdır.

24. Nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutların təqdim edilməsi ilə bağlı təklif olunsa da, iddiaçı həmin sübutu (iddia qaldırılanadək inzibati orqana müracət etməsinə dair) birinci instansiyası məhkəməsinə təqdim etməmişdir. Ona görə də, işə baxan aşağı instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni işin hallarına uyğun tam, hərtərəfli və obyektiv araşdırmış, nəticə etibarı ilə prosessual hüquq normalarının tələblərinə uyğun nəticəyə gəlmişdir.

25. Cavabdehin imtina məktubunun iddia verildikdən sonra ilk dəfə birinci instansiya məhkəməsinə təqdim edilməsi işə baxmış məhkəmənin qərardadının prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi kimi qiymətləndirilməməli və həmin qərardadın ləğvinə əsas verməməlidir.

26. Nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

27. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər.

28. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1668/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı Mahamarasun qızı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2-1(116)-1668/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar