Məhkəmə qərarları › İş №2-1(107)-325/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-325/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-325/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), X12 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli rəyinin ləğv edilməsi, əlindən alınmış övladları X13, X10 və X3 obyektiv araşdırma aparılaraq onun himayəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-2072/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2024-cü il tarixli rəyinin ləğv edilməsi, əlindən alınmış övladları X13, X10 və X3 obyektiv araşdırma aparılaraq onun himayəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ucar rayon məhkəməsində X5 qarşı "nikahın pozulması, birgə nikahdan doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 ataları X2 alınıb ona verilməsi və sair tələbinə dair" iddia qaldırmışdır. Məhkəmə uşaqların kimin himayəsindəatanın və ya ananın himayəsində saxlanması məqsədilə işi Ucar RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərmişdir. Vəkili məhkəmədə vəsatətlə çıxış edərək cavabdehin Ucar RİH-nin Bərgüşad kənd İcra Nümayəndəliyinin sədri olduğu üçün işin başqa rayon məhkəməsinə verilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti rədd etmiş və işi rəy verilməsi üçün Ucar RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərmişdir. Ucar RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyası 1 vərəqdən ibarət rəy tərtib etmiş və rəydə hər iki valideynin ev şəraitinin yoxlanılması qeyd edilmiş, uşaqların atanın yanında qalmaq istədikləri bildirilmişdir. Halbuki uşaqlara ata tərəfindən güclü psixoloji təsir edilir. Məhkəmənin gedişində o, məcburi təmin tədbiri barədə ərizə vermiş və uşaqlarla görüşmək istədiyini bildirmişdir. Məhkəmə iddianı təmin etmiş, lakin atanın uşaqlara psixoloji təsiri nəticəsində görüş baş tutmamışdır. Dəfələrlə RİH-nin məsul işçilərinə bildirmişdir ki, ata uşaqları öyrədir, onunla görüşlərinə imkan vermir. Belə olan halda Cavabdeh Qəyyumluq və himayəçilik Komissiyası görüşün psixoloqun iştirakı olmadan keçirilməsinə imkan verməməlidir. Ucar rayon məhkəməsi müvəqqəti təminat tədbiri kimi görüşün sərbəst keçirilməsini, yəni atanın iştirakı olmadan keçirilməsini qeyd etmiş, lakin icraçı sərbəst görüş yox, atanın və ailə üzvlərinin iştirakı ilə onların evində görüş təşkil etmişdir. Cavabdeh öz işçisinin mənafeyi naminə rəy vermiş, yəni 2 uşağın ata Hümmətov Məcidin yanında qalması, kiçik uşağın isə hansı valideynə verilməsinin məhkəmənin ixtiyarına verilməsi barədə rəy vermişdir. Bu isə heç bir obyektivliyə uyğun gəlmir. Əslində yuxarıda qeyd etdiyi kimi Cavabdeh uşaqların psixi vəziyyətini, onların öyrədiliböyrədilməməsini aydınlaşdırmalı, psixoloji ekspertiza təyin edilməsini təmin etməli idi. Eyni zamanda atanın və ananın şəxsi keyfiyyətlərini öyrənməli idi.

3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 fevral 2025-ci il tarixli 2- 1(116)-2072/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli rəyinin ləğv edilməsi, əlindən alınmış övladları X13, X10 və X3 obyektiv araşdırma aparılaraq onun himayəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, işin hallarından görünür ki, iddiaçı, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli rəyini (övladları X13, X10 və X3 himayə məsələlərinə dair) mübahisələndirir. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar olduğu beynəlxalq sənədlər (məsələn, BMT-nin Uşaq Hüquqları Konvensiyası) uşaqların mənafeyinin bütün hallarda üstün tutulmasını tələb edir. Belə olan halda, mülki hüquq sahəsi bu mənafenin qorunması üçün daha məqsədəuyğundur. Odur ki, mübahisəyə mülki məhkəmə icraatı qaydasında uşaqların mənafeyinin qorunması və digər aidiyyəti hüquqi aspektlər əsas götürülməklə hüquqi qiymət verilməlidir.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-2072/2025 nömrəli qərardadının ləğv edilməsi və işin obyektiv araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2072/2025 saylı xx.xx.2025-ci tarixli qərardadını qeyri-obyektiv hesab edir və bildirir ki, Cavabdeh qeyri-qanuni hərəkətlərə yol vermişdir. O, Cavabdeh qeyri-qanuni hərəkətlərindən şikayət etmişdir. Belə ki, Cavabdeh Bərgüşad kənd İcra Nümayəndəliyinin sədri Hümmətov Məcidin qeyri-qanuni hərəkətlərinə, vəhşiliklərinə göz yummuş, dəfələrlə həmin şəxslə bağlı ona şikayət etmələrinə baxmayaraq qanunsuz olaraq uşaqlarının ona verilməsi barədə qərar çıxartmışdır. Cavabdeh ona tabe olan Bərgüşad kənd İcra Nümayəndəliyinin sədri Hümmətov Məcidin xeyrinə qərar vermiş və onun mənafeyini müdafiə etmişdir. O, Cavabdeh qeyri-qanuni hərəkətlərindən, yəni tabeliyində olan Bərgüşad kənd İcra Nümayəndəliyinin sədri Hümmətov Məcidin mənafeyini müdafiə edərək qeyri-qanuni hərəkət etməsindən şikayət etmişdir. Cavabdeh tabeliyində olan Qəyyumluq və Himayəçilik Komissiyasına cavabdehin xeyrinə, yəni övladlarının ondan alınıb ona verilməsi barədə rəy verilməsini təşkil etmişdir. Əslində öz işçisi olduğu üçün Cavabdeh həmin işlə bağlı rəy verməməli və iş başqa rayon İcra Hakimiyyətinə göndərilməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(063)-1129/2024 nömrəli məktubu və 21 noyabr 2024-cü il tarixli, e-2(063)-1129/2024 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh X5 qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsinə əsasən onların nikahları pozulduqdan sonra uşaqların valideynlərinin hansının yanında qalmasına dair Qəyyumluq və Himayə Orqanının rəyinin məhkəməyə təqdim edilməsi ilə bağlı sənədlər Cavabdeh Qəyyumluq və Himayə Orqanına daxil olmuşdur. - Qəyyumluq və Himayə Orqanı tərəfindən hər iki tərəfin iddia ilə bağlı fikirlərinin öyrənilməsi üçün tərəflərlə əlaqə yaradılmış, İddiaçı, cavabdeh Məcid Hümmətovun iddia ilə bağlı fikirləri öyrənilmiş, onların həyat şəraiti müayinə edilmişdir. Həmçinin Cavabdeh Qəyyumluq və Himayə Orqanının üzvlərinin iştirakı ilə heç bir valideynin iştirakı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada obyektiv araşdırma aparılaraq onların birgə nikahlarından anadan olmuş X13, X10 və X7 ilə valideynlərinin hansının yanında qalmaları ilə bağlı söhbət aparılmış və uşaqların fikirləri öyrənilmişdir. Söhbət zamanı X13, X10 və X7 valideynləri boşanandan sonra ataları X8 ilə qalmaq istədiklərini bildirmişlər. - Cavabdeh Qəyyumluq və Himayə Orqanı tərəflər arasında nikah pozulduqdan sonra uşaqlar – X9 və X6 anaları İddiaçı ilə ünsiyyət hüquqları saxlanılmaqla ataları X4 yanında qalmasını və azyaşlı X3 valideynlərinin hansının yanında qalmasının məhkəmənin mülahizəsinə əsasən həll edilməsini məqsədəmüvafiq hesab etmiş və bu barədə Ucar Rayon Məhkəməsinə 23 dekabr 2024-cü il tarixli rəy göndərilmişdir. - İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli rəyinin ləğv edilməsi, əlindən alınmış övladları X13, X10 və X3 obyektiv araşdırma aparılaraq onun himayəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin qeyd olunan iş üzrə 20 fevral 2025-ci il tarixli 2-1(116)-2072/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi mümkün sayılmamışdır. Bu səbəbdən də həmin qərardaddan İddiaçı və vəkili Vəkil apellyasiya şikayəti vermişlər. - Bildirilir ki, Cavabdeh Qəyyumluq və Himayə Orqanının 23 dekabr 2024-cü il tarixli rəyinin ləğv edilməsi və əlindən alınmış övladları X13, X10 və X3 obyektiv araşdırma aparılaraq onun himayəsinə verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə İddiaçı və vəkili Vəkil iddiaları əsassızdır. Belə ki, Qəyyumluq və Himayə Orqanları uşaqların boşanmadan sonra valideynlərinin hansının yanında qalması barədə məhkəməyə rəy təqdim etmək səlahiyyətinə malikdir. Uşaqların valideynlərinin hansının yanında qalması və ya valideynlərin birindən alınıb digərinə verilməsi məhkəmənin qətnaməsi əsasında həll edilir. - Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunur ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsində qeyd olunur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61-ci maddəsində qeyd olunur ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. - Ona görə də, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli rəyinin ləğv edilməsi, əlindən alınmış övladları X13, X10 və X3 obyektiv araşdırma aparılaraq onun himayəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-2072/2025 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinin əsassız hesab edilməsi barədə qərar çıxarmasını xahiş edirlər.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili ərizə ilə müraciət edərək işin baxışa verilməsinin mümkünlüyü məsələsinə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq

9. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

10. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bəınd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bənd 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Bənd 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bənd 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. Bənd 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

11. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

14. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

15. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

16. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

18. Məhkəmə kollegiyası bildirir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

19. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin "İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.

20. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Hazırkı iş üzrə cavabdeh qismində qoyulan qurum inzibati orqan statusuna malik olsa da və nəzərə alınmalıdır ki, hazırkı mübahisə publik hüquq münasibətlərindən deyil, xüsusi mülki hüquq münasibətlərindən, irəli gəlmişdir. Odur ki, publik hüquqla tənzimlənmir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli rəyini (övladları X13, X10 və X3 himayə məsələlərinə dair) mübahisələndirir və övladlarının onun himayəsinə verilməsini tələb edir.

22. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir.

23. Qəyyumluq və himayəçiliklə bağlı tədbirlər inzibati orqanlar tərəfindən həyata keçirilsə də, bu, həmin prosesin inzibati xarakter daşımasını birmənalı olaraq müəyyən etmir. Başqa sözlə, qəyyumluq və himayəçilik məsələləri dövlətin ümumi idarəetmə funksiyasından daha çox, şəxslərin fərdi hüquq və maraqlarının qorunmasına yönəlir. Bu baxımdan, inzibati orqanın qəyyumluq sahəsindəki fəaliyyəti inzibati proses deyil, xüsusi hüquq münasibətləri çərçivəsində həyata keçirilən fərdi tədbir kimi qiymətləndirilir və Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Nəticədə, bu fəaliyyət ailə hüququ müstəvisində konkret şəxslərin mənafelərinə xidmət edir və ümumi (publik) hüquq sahəsinə aid edilmir. Həmin tədbirlərin hüquqi təsiri yalnız konkret şəxslərə yönəldiyindən, inzibati idarəetmə funksiyasına aid edilə və inzibati xarakterli sənəd kimi qiymətləndirilə bilməzlər. Çünki, yuxarıda qeyd edildiyi kimi, onlar dövlət orqanlarının və ya vəzifəli şəxslərin publik fəaliyyətindən irəli gələn məsələlərin tənzimlənməsinə yox, ailə hüququ və xüsusi hüquq sahəsinə aid məsələlərin həllinə yönəlmişdir. Bu məsələlər şəxslərin fərdi maraqlarını qorumağa və uşaqların mənafeyini təmin etməyə xidmət edir və publik idarəetmə və ya ümumi hüquq sahəsinə aid deyildir. Buna görə də, Komissiyanın və İcra Hakimiyyəti başçısının qəyyumluqla bağlı qəbul etdiyi sənədlər inzibati xarakter daşımır.

24. Başqa sözlə, himayəçilik məsələsi konkret bir vəziyyəti (uşaqların himayəyə verilməsi) həll edərək hüquqi nəticələr yaratsa da, qeyd olunan hal inzibati idarəetmə funksiyası kimi nəzərdən keçirilmir. Belə ki, bu nəticələr yalnız konkret şəxslərin xüsusi hüquq münasibətlərinə təsir edir. İnzibati fəaliyyətin əsas xüsusiyyəti isə onun birbaşa dövlət idarəetmə funksiyası ilə bağlı olmasıdır. Lakin mübahisələndirilən sənədlər belə bir funksiyanı yerinə yetirmir, dövlətin inzibati idarəetmə səlahiyyətlərindən irəli gələn inzibati akt qəbul etmək məqsədi daşımır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli rəyi ümumi məhkəmələr üçün məcburi əhəmiyyətə malik deyil və həm rəy, həm də uşağın fikirləri uşaqların bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarın 7.3-cü bəndinə əsasən nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.

27. Göründüyü kimi, Qəyyumluq və Himayə Orqanları uşaqların boşanmadan sonra valideynlərinin hansının yanında qalması barədə məhkəməyə rəy təqdim etmək səlahiyyətinə malikdir. Uşaqların valideynlərinin hansının yanında qalması və ya valideynlərin birindən alınıb digərinə verilməsi məhkəmənin qətnaməsi əsasında həll edilir.

28. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati akt dövlətin inzibati idarəetmə funksiyasını həyata keçirən bir orqan tərəfindən qəbul olunmaqla yalnız ümumi (publik) hüquq münasibətlərinin tənzimlənməsi və inzibati idarəetmə ilə əlaqədar məsələlərə aid olur və hüquqi nəticə yaradır. Bu, şəxslərin özəl hüquqları (məsələn, ailə hüququ) ilə deyil, dövlət idarəetmə funksiyaları ilə bağlı olmalıdır.

29. Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar olduğu beynəlxalq sənədlər (məsələn, BMT-nin Uşaq Hüquqları Konvensiyası) uşaqların mənafeyinin bütün hallarda üstün tutulmasını tələb edir. Belə olan halda, mülki hüquq sahəsi bu mənafenin qorunması üçün daha məqsədəuyğundur. Odur ki, mübahisəyə mülki məhkəmə icraatı qaydasında uşaqların mənafeyinin qorunması və digər aidiyyəti hüquqi aspektlər əsas götürülməklə hüquqi qiymət verilməlidir.

30. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-2072/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-2072/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar