Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-326/2020 14.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “sorğunun cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2-1(116)-366/2020nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab şəhəri Azərbaycan küçəsinin 2019-cu ilin avqust ayının əvvəlindən işıqlandırılmamasının səbəbləri barədə məlumatın cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bir qrup Zərdab sakini ilə birgə cavabdeh Zərdab rayon İH başçısının Zərdab şəhəri üzrə nümayəndəliyinə müraciət edərək Zərdab şəhəri Azərbaycan küçəsinin 2019-cu ilin avqust ayının əvvəlindən işıqlandırılmamasının səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir. Sorğu ərizəsi xx.xx.2019-cu il tarixdə cavabdehə çatdırılsa da, ərizəyə cavabdeh tərəfindən rəsmi və ya şifahi münasibət bildirilməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli 04/133 nömrəli etiraz məktubu ilə iddiaya münasibət bildirərək qeyd etmişdir ki, Zərdab şəhərinin Azərbaycan küçəsinin bir qrup sakini tərəfindən nümayəndəliyə edilmiş küçə işıqlanması ilə bağlı müraciət yerində araşdırılmış, tədbir görülmüş və akt tərtib edilmişdir. Şəhərin Azərbaycan küçəsində “X2”nın hesabına “xxxxxxxx” ASC tərəfindən 2018-ci ildə 0,4 kV-luq EVX-də yenidənqurma işləri aparılmışdır. Görülən işlər zamanı istismardan çıxarılmış dayaqlarda olan küçə işıqlanmasını qidalandıran elektrik xətləri açılmışdır. 2019-cu ilin avqust ayının əvvəlindən indiyədək Azərbaycan küçəsinin işıqlanmamasının səbəbi də elə bu olmuşdur. Azərbaycan küçəsinə ******* kod saylı 630 kVA KTM-dən çıxan HX-i yeni SİP kabellə əvəz edildiyindən küçə işıqlanmasını bərpa etmək üçün yeni basdırılmış metal dayaqlara başlıq quraşdırılaraq əlavə elektrik xətti çəkilməlidir. Buna baxmayaraq Azərbaycan küçəsinin hər iki hissəsində kabelləşmə tam başa çatdırılmadığından köhnə dayaqların bəzisində küçə işıqlanması qalmaqdadır və yeni metal dayaqlara tələb olunan əlavə quraşdırılacaq başlıq və elektrik xətti alınması barədə məsələ qaldırılmış, növbəti ildə smeta-layihə hazırlanaraq küçə işıqlanması yüksək səviyyədə təmin ediləcəkdir. Hazırda Azərbaycan küçəsində nasazlıq aradan qaldırılaraq küçənin işıqlanması təmin edilmişdir. Bu barədə akt tərtib olunmuşdur. Tərəflər birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli AZ6300/********** nömrəli teleqram göndərərək işə iştirakı olmadan baxıb qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin elektron poçtuna xx.xx.2020-ci il tarixdə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, iştirakları olmadan işə baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarında olan Zərdab şəhər İƏD üzrə nümayəndə Hafiz Kərimov tərəfindən verilən xx.xx.2019-cu il tarixli arayışa əsasən iddiaçının qeyd etdiyi küçə işıqlarında olan nasazlıqların aradan qaldırılaraq işıqların yanması təmin edilmiş və bu barədə eyni tarixli məsul şəxslər tərəfindən imzalanmış müvafiq akt tərtib olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 366/2020nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “sorğunun cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-366/2020nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 366/2020 saylı inzibati iş üzrə xx xxxx 2020- ci il tarixli qərardadı ilə Cavabdehnə qarşı "sorğunun cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair" iddia mümkün sayılmamışdır. Həmin qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiamın mümkün sayılmasına dair yeni qərardad qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Əvvəla məhkəmənin Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə istinad edərək mənim iştirakım olmadan işə baxması qanunsuz olmuşdur. Çünki yaşım 65 yaşdan yuxarıdır, obyektiv səbəblərdən, yəni ölkədə tətbiq olunan karantin məhdudiyyəti səbəbindən üzürlü olaraq məhkəmə iclaslarında iştirak edə bilməmişəm. Belə vəziyyətdə məhkəmə mənim iddiaçı kimi hüquqlarımı təmin etmək, heç olmazsa cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olmaq imkanı yaratamaq əvəzinə, cavabdehin məhkəməyə elektron poçtla xx.xx.2020-ci il tarixdə göndərdiyi, hər hansı sübutlarla təsdiq edilməyən, məhkəmə tərəfindən yoxlanmayan məktubunda göstərilənlərə əsaslanaraq iddiamı mümkün saymaması tərəfilərin bərabərliyi haqqında qanun normalarının tələblərinə ziddir. Bundan başqa məhkəməyə müraciət etməyimin əsas səbəbi də nəzərə alınmamışdır. Müraciətdə əsas məqsəd inzibati orqanın məsuliyyət hiss edərək qanuni vəzifəsini icra etməsi, sorğu ilə müvafiq informasiya almaq hüququ olan subyektlərin hüquqlarının təmin edilməsi olub. Sorğuya cavab verməli olan orqan məhkəməyə ünvanladığı informasiyanı, həmin məlumatların verilməsini tələb etmiş şəxsə də göndərə bilərdi və məhkəmə mübahisəsinə ehtiyac qalmazdı. Bundan başqa barəsində şikayət verdiyim məhkəmə aktı cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olmaq imkanı yaratamaq əvəzinə, cavabdehin məhkəməyə elektron poçtla xx.xx.2020-ci il tarixdə göndərdiyi məlumatların səhihliyini yoxlamaq imkanını aradan qaldırır və bu səbəbdən də həmin akt ləğv edilmədən hər hansı araşdırma aparmaq mümkünsüzdür. İddianın predmeti Zərdab şəhərinin işıqlandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması deyil, informasiya sorğusunun cavablandırılmasıdır. Şərh olunanlara əsasən, xahiş edirəm ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 366/2020 saylı inzibati iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadını ləğv edib Cavabdehnə qarşı “ sorğunun cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair" iddia mümkün sayılmasına dair yeni qərardad qəbul edəsiniz. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclasına teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Belə ki, hazırki iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Belə ki, iş materiallarında olan Zərdab şəhər İƏD üzrə nümayəndə Hafiz Kərimov tərəfindən verilən xx.xx.2019-cu il tarixli arayışa əsasən iddiaçının qeyd etdiyi küçə işıqlarında olan nasazlıqların aradan qaldırılaraq işıqların yanması təmin edilmiş və bu barədə eyni tarixli məsul şəxslər tərəfindən imzalanmış müvafiq akt tərtib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbində qeyd olunan hallarıa bağlı tədbir görüldüyündən və ona cavab verildiyindən hazırki tələbə baxılıb qərar qəbul edilməsinə ehtiyac qalmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-366/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-366/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-326/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-326/2020
14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver