Məhkəmə qərarları › İş №2-1(107)-326/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-326/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-326/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-777/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, əmək kitabçası, arxiv arayışı və hərbi xidmət müddəti nəzərə alınmaqla 25 ildən çox sosial sığorta stajı olduğuna görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon Fındıqçılıq sovxozunda və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Aşağı Çardaxlar bələdiyyəsində işlədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı M. M. Mirzəyevin təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976 - xx.xx.1978-ci illər ərzində hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər və Zaqatala rayon dövlət arxivinin arayışı nəzərə alınmaqla sosial sığorta stajı 23 il 09 ay təşkil edir və bu qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. İddiaçı xx.xx.2006 - xx.xx.2018-ci illər əzində fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı təqdim etdiyi arxiv arayışlarının surətlərinə əsasən 1974-cü il sentyabr ayından 1976-cı ilin yanvar ayınadək, 1987-ci ilin iyun ayından 1988-ci ilin yanvar ayınadək, 1989-cu ilin fevral ayından 1989-cu ilin oktyabr ayınadək və 1999-cu il ərzində əməkhaqqı almağı barədə məlumat olmadığı üçün və xx.xx.2000-ci il tarixdən xx.xx.2002ci il tarixədək maliyyə uçot sənədləri saxlanılmadığından əmək kitabçasının surətində qeyd edilən illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: 1. İddiaçı xx.xx.1976 xx.xx.1978-ci illər ərzində hərbi xidmətdə olduğu dövr; 2. iddiaçı M. M. Mirzəyevin əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlər. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sözügedən Qanunun 21.2.11-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət dövrüdür (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İşin mübahisələndirilməyən birinci halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* №li hərbi biletinə müvafiq olaraq onun xx.xx.1976 - xx.xx.1978-ci illər ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir. İşin mübahisələndirilməyən ikinci halı İddiaçı əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlərdir. Beləliklə, ümumilikdə İddiaçı mübahisələndirilməyən sosial sığorta stajını 23 il 09 ay təşkil edir. İşin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: - İddiaçı 1974-cü il sentyabr ayından 1976-cı ilin yanvar ayınadək, 1987-ci ilin iyun ayından 1988-ci ilin yanvar ayınadək, 1989-cu ilin fevral ayından 1989-cu ilin oktyabr ayınadək, 1999-cu il ərzində və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlər. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, İddiaçı 1974-cü il sentyabr ayından 1976-cı ilin yanvar ayınadək, 1987-ci ilin iyun ayından 1988-ci ilin yanvar ayınadək, 1989- cu ilin fevral ayından 1989-cu ilin oktyabr ayınadək, 1999-cu il ərzində və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlər ərzində ona əmək haqqı ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 mart 2023-ci il tarixli, 2- 1(116)-777/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat qeyd olunan bu dövrlərdə onun əmək haqqı almağı barədə məlumat olmadığı üçün və 2000- 2002-ci illərdə maliyyə uçot sənədləri saxlanılmadığı üçün həmin illəri sığorta stajına daxil etməmişdir. Cavabdehin bu imtinasını və etirazını qanunsuz hesab edir. Cavabdeh bu imtinasını hər hansı bir maddi hüquq norması ilə istinad edə bilməmişdir. Məhkəmə isə cavabdehin imtinasını məhkəmə qərarına köçürməklə kifayətlənmiş, eyni zamanda maddi hüquq normasını düzgün tətbiq etməmiş və tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. Cavabdeh təşkilat onun 23 il 9 ay stajı olduğunu etiraf edir, məhkəmə isə düzgün hesablamayaraq 24 il 9 ay 5 gün sosial sığorta stajı hesablayır. Lakin əmək kitabçası və Arxiv arayışına görə hesablamalar apardıqda onun sığorta stajı 25 ildən çox alınır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-777/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-777/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-777/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 713 nömrəli arxiv arayışında və xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş əmrlərdə aşağıdakılar qeyd edilmişdir: Mirzoyev Mirza 50 nömrəli əmrə əsasən xx.xx.1974-cü il tarixdən sovxozda müvəqqəti olaraq fəhlə qəbul olunmuşdur. Mirzoyev Mirza 108 nömrəli əmrə əsasən xx.xx.1975-ci il tarixdən ərizəsinə əsasən işdən azad olunmuşdur. - xx.xx.1978-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1976 – xx.xx.1976, xx.xx.1978 – xx.xx.1999, xx.xx.2000 – xx.xx.2002. - H33350748 nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1976 - xx.xx.1978-ci illər ərzində hərbi xidmətdə olmuşdur. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957ci il tarixdə doğulmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

16. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

18. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

19. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan H3324007 nömrəli hərbi bilet, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 713 nömrəli arxiv arayışı (xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş əmrlər) və xx.xx.1978-ci il tarixli əmək kitabçasına əsasən ümumi sosial sığorta stajı 24 il 9 ay 5 gün olmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 ildən azdır. İddiaçı, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 713 nömrəli arxiv arayışı və xx.xx.1978-ci il tarixli əmək kitabçasında qeyd edilmiş sovxozda iş stajının fasiləsiz olmasını və ümumiyyətlə işdən azad olunmamasını bildirsə də, iş materialları ilə müəyyən olunur ki, o, xx.xx.1974-cü ildə sovxoza işə düzəldikdən sonra xx.xx.1975-ci ildə işdən azad edilmiş və yenidən əmək fəaliyyətinə başladığı xx.xx.1976-cı ilədək onun işləməsi ilə bağlı hər hansı sübut mövcud deyil. Eyni zamanda iddiaçı xx.xx.1999-cu ildə işdən azad olunduqdan sonra, xx.xx.2000-ci ildə yenidən əmək fəaliyyətinə başlayanadək ötən müddət ərzində işləmədiyindən onun bütövlükdə əmək fəaliyyətinin fasiləsiz olmaması ilə bağlı iddiası tamamilə əsassızdır. Belə olan halda iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az olduğundan cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

27. İddiaçı 25 ildən artıq sosial sığorta stajının olmasını xx.xx.1978-ci il tarixli əmək kitabçası ilə sübuta yetirildiyini bildirir. Cavabdeh orqan isə İddiaçı təqdim etdiyi arxiv arayışlarının surətlərinə əsasən 1974-cü il sentyabr ayından 1976-cı ilin yanvar ayınadək, 1987-ci ilin iyun ayından 1988-ci ilin yanvar ayınadək, 1989-cu ilin fevral ayından 1989-cu ilin oktyabr ayınadək və 1999-cu il ərzində əməkhaqqı almağı barədə məlumat olmadığı üçün və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək maliyyə uçot sənədləri saxlanılmadığından sözügedən əmək kitabçasındakı qeydləri mübahisələndirir və həmin qeydlər nəzərə alınmadan iddiaçının sosial sığorta stajı hesablandıqda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 il sosial sığorta stajının tamamlanmadığını bildirir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsasını birinci instansiya məhkəməsi tərəfindən onun əmək kitabçasında icra edilmiş qeydlərin nəzərə alınmaması təşkil edir.

29. Məhkəmə kollegiyası cavabdehin iddiaçının müraciətinə imtinasında göstərdiyi İddiaçı təqdim etdiyi arxiv arayışlarının surətlərinə əsasən 1974-cü il sentyabr ayından 1976-cı ilin yanvar ayınadək, 1987-ci ilin iyun ayından 1988-ci ilin yanvar ayınadək, 1989cu ilin fevral ayından 1989-cu ilin oktyabr ayınadək və 1999-cu il ərzində əməkhaqqı almağı barədə məlumat olması və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək maliyyə uçot sənədləri saxlanılmaması, buna görə də qeyd edilən dövrün yoxlanılmasının mümkün olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.

30. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).

31. İş materiallarında olan xx.xx.1978-ci il tarixli əmək kitabçasından iddiaçının xx.xx.1976 – xx.xx.1976-cı il, xx.xx.1978 – xx.xx.1999-cu il və xx.xx.2000 – xx.xx.2002 –ci il tarixlərdə işlədiyi müəyyən olunur. Bundan başqa Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 713 nömrəli arxiv arayışında və xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş əmrlərdən Mirzə Mirəzyevin 50 nömrəli əmrə əsasən xx.xx.1974-cü il tarixdən sovxozda müvəqqəti olaraq fəhlə qəbul olunması və 108 nömrəli əmrə əsasən xx.xx.1975-ci il tarixdən ərizəsinə əsasən işdən azad olunması, həmçinin H33350748 nömrəli hərbi biletlə iddiaçının xx.xx.1976 - xx.xx.1978-ci illər ərzində hərbi xidmətdə olması müəyyən olunur. Beləliklə onun 25 ildən artıq əmək stajının olması öz təsdiqini tapır.

32. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

33. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq ona əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-777/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq ona əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar