Məhkəmə qərarları › İş №2-1(107)-326/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-326/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-326/2024 12.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)- 22/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq adının müharibə veteranlarının müvafiq siyahısına daxil edilməyi üçün qərar qəbul edilməsi və bu haqda qərarın icrasını cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbi dəqiqləşdirərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1973-cü ildə anadan olmuşdur. 1996-cı ildən 2000-ci il yanvar ayına kimi 4 ilə yaxın zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində hərbi qeydiyyatdadır. Ehtiyatda olan zabitdir.

5. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 30 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən xidmətə çağrılmış, 1 oktyabr 2020-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.

6. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Nazirlər Kabinetinin 420 nömrəli qərarına əsaslanaraq: Döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə "Müharibə veteranı" adı verilmişdir.

7. Hərbi hissənin ştatında olan, şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış hərbi qulluqçu Müharibə veteranı adı verilməməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir.

8. Hərbi biletində və şəxsi işində “N sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixədək vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir” qeydi var.

9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

10. Adının müharibə veteranı siyahısına daxil edilib-edilməməsi barədə Müdafiə Nazirliyindən məlumat almaq istəmiş, lakin iddiaçıya bildirilmişdir ki, həmin Fərmanın tələbləri ona şamil edilmir.

11. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd edilmişdir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

12. N nömrəli hərbi hissənin qərargah rəisinin N iyun 2022-ci il tarixli məktubuna əsasən iddiaçı N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət keçmişdir. Bu səbəbdən də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 12 avqust 2022-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin veirlməsindən imtina etmişdir.

13. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq və AR İPM-in 14.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 mart 2024-cü il tarixli 2- 1(116)-22/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

16. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tərkibində olduğuna görə həmin hərbi hissədən alınan məlumata əsasən İddiaçı həqiqətən N nömrəli hərbi hissənin tərkibində 5ci taborunda xidmət etmiş, lakin, N nömrəli hərbi hissənin şəxsi heyəti tam şəkildə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçı döyüş əməliyyatlarında iştirak etməyən 5-ci taborunda xidmət etmiş və həmin tabor tam şəkildə Tərtər rayonu Sarov yaşayış məntəqəsində yerləşmiş və birbaşa əməliyyatlarına cəlb edilməmiş, çünki 5-ci tabor ehtiyat tabor hesab edilmişdir. Həmçinin, 10 noyabr 2020-ci il tarixdə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunmuş və bundan sonra tərəflərin Azərbaycan Respublikası və Ermənistan Respublikası tuttuqları mövqelərdə qalması bəyan edilmişdir. Ermənistan Respublikası 15 noyabr 2020ci il tarixədək Azərbaycan Respublikasına Kəlbəcər rayonu, 1 dekabr 2020-ci İl tarixədək isə Laçın rayonunu qaytarmalıdır. 1 dekabr 2020-ci il tarixdə döyüş əməliyyatları aparılmadan könüllü olaraq Ermənistan Respublikası Laçın rayonunu qaytarmışdır. Təqdim edilmiş nizami hissə üzrə əmrdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş, o, yalnız hərbi hissənin tərkibində müvafiq vəzifəyə təyin edilmişdir. Bundan əlavə N nömrəli hərbi hissə Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyasına ünvanladığı məktubundan görünür ki, Vətən müharibəsi zaman N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə xidmət etmiş, lakin döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə təqdim edilmiş siyahıda xidmətdə olan hərbi qulluqçu İddiaçı adı var. N nömrəli hərbi hissə Laçın rayonunda döyüş əməliyyatları aparmamış, Laçın rayonunu təhvil almışdır. Laçın rayonunu təhvil aldıqlarına görə hərbi qulluqçulara “Laçının azad olunmasına görə” iştirakçı kimi yox, azad olunmasına görə medalı ilə təltif olunmuşlar. N nömrəli hərbi hissənin qərargah rəisinin N dekaabr 2021-ci il tarixli məktubuna əsasən N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixdlərdə İddiaçı döyüş əməliyyatlarına cəlb olunmayan bölmələrində xidmət etmiş və buna görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-22/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 193 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1996-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 20N nömrəli məktubundan görünür ki, vətən müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissədən verilən rəsmi məlumata görə şəxsi heyətin döyüş əməliyyatlarına cəlb edilməsi haqqında hərbi hissə komandirinin müvafiq əmrində adı olmadığı üçün barəsində müvafiq məlumatların Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üzrə komissiyaya” göndərilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3 1472 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarına əsasən Müdafiə Nazirliyininin Aparatı nəzdində yaradılmış komissiya tərəfindən döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya döyüş təminatı üzrə, o tapşırıqlarını yerinə yetirən şəxslərə Müharibə Veteranı” adının şamil olunması üzrə iş fəaliyyəti davam etdirilir. Əlavə olaraq bildirilmişdir ki, yaxın müddət ərzində nəzərdə tutulan şəxslərə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi barədə məlumat Azərbaycan Respublikasının Əmər və X3 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil ediləcəkdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3 9744 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin qərargah rəisinin xx.xx.2022-ci il tarixli 2018 nömrəli məktubuna əsasən xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyinə görə iddiaçıya “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli 4372 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Vətən müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissədən verilən rəsmi məlumata görə vətəndaş İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət etmişdir, lakin birbaşa döyüş əməliyyatlarına cəlb olunmamışdır və buna görə də, şəxsi heyətin döyüş əməliyyatlarına cəlb edilməsi haqqında hərbi hissə komandirinin müvafiq əmrində adı olmadığı üçün onun barəsində müvafiq melumatların Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üzrə komissiyaya” göndərilməsi mümkün olmamışdır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N3 nömrəli əmrindən çıxarış: Səfərbərlik ilə əlaqədar olaraq Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən qəbul edilmiş aşağıda adları göstərilən hərbi vəzifəlilər xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilsin, bütün növ təminatlara qoyulsunlar və müvafiq vəzifələrə təyin olunsunlar: 345 baş leytenant İddiaçı, 5-ci taborun minaatan batareyasının 2-ci minaatan taqım komandiri Təvəllüdü: xx.xx.1973-cü il, azərbaycanlı Çağırıldığı SHXÇDX: Ucar rayon Şöbəsi HUİ:0303053. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 368 nömrəli əmrindən çıxarışından görünür ki, baş leytenant İddiaçı, N nömrəli hərbi hissənin 5-ci taborun minaatan batareyasının 2-ci minaatan taqımının komandiri, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 dekabr 2020-ci il tarixli 01451 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən tərxis edilmiş, 31 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinə göndərilmişdir. - İ-252 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - ГР 047252 saylı hərbi biletin 11-ci bəndindən görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixdən– xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər icra edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

24. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə– hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. N. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır., 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyildir, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Yuxarıda istinad edilən normaların müddəalarına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə– hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

35. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il sentyabrın N-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar– sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir.

37. Belə ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N3 nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. İddiaçı döyüş əməliyyatlarında iştirak etdiyi üçün uzun müddət düşmən işğalı altında olan Laçın rayonunun azad edilməsində iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-42 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir. Cavabdeh orqan sözügedən medalın iddiaçıya həvəsləndirmə məqsədilə verilməsini bildirsə də, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etm işdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamının məzmununda iddiaçı məhz Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə həmin medalla təltif edilmişdir. Yəni, “Laçının azad olunmasına görə” medalın həvəsləndirmə məqsədilə verilməsi istinad olunan Sərəncamının məzmunu ilə təkzib olunur. Əksinə həmin medalın iddiaçıya verilməsi onun Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini və buna görə təltif olunmasını birbaşa sübut edir.

38. Bundan başqa, iddiaçının hərbi biletdə onun səfərbərlik sərəncamı əsasında hərbi xidmətə cəlb edilməsi və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 01451 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, həmçinin, onun xx.xx.2020-ci il tarixdən– xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər icra edilmişdir.

39. Sadalanan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Laçın rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

40. Cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə- Ali Baş Komandan səviyyəsində təltif edilmiş iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur.

41. İş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqanın inzibati praktikasının və iddiaçının tələbinin təmin olunmasından imtinasının faktiki hallarının yoxlanılması məqsədilə cavabdeh orqana dəfələrlə sorğular göndərilmiş, lakin cavabdeh orqan məhkəmənin sorğularına mahiyyəti üzrə cavab verə bilməmiş, iddiaçının hərbi xidmətinə dair sənədlər göndərilərək sorğuda qeyd edilmiş sualların cavablandırılmasından yayınmışdır.

42. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət göstərməsini qeyd etməsi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

44. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-22/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar