Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-326/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2-1(116)-796/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1 oktyabr 1960-cı ildə anadan olmuşdur. Göyçay rayonu, Çaxırlı kənd Q.İsmayılov adına kolxozun əmək günü və hesablaşma kitablarında 1978-ci ildə 26 adam günü, 1979-cu ildə isə 33 adam günü iş stajı qeyd olunub. (Arxiv arayışı əlavə olunur). 01 sentyabr 1979-cu ildə Şəki pedaqoji məktəbinin “İbtidai sinif müəllimi” ixtisasına daxil olmuş, 1982-ci ilin iyun ayında həmin pedaqoji məktəbin “Ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 03 iyul 1982-ci il tarixli qərarı ilə ona “İbtidai sinif müəllimi’ ixtisası verilmişdir (Diplomun surəti əlavə olunur). 01 sentyabr 1982-ci il tarixdə Göyçay rayonu, Çaxırlı kənd orta məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin sonlarında müxtəlif xəstəliklərdən əziyyət çəkdiyindən uzun müddət öz hesabına müalicədə olmuş və 2008-ci ilin yanvarında əlilliklə pensiyaya çıxmışdır. 01 fevral 2008-ci ildə ərizəsinə əsasən Göyçay rayonu, D.Məmmədov adına Çaxırlı kənd orta məktəbindən işdən azad olunmuşdur. O, 1 oktyabr 1960-cı ildə anadan olduğundan 15 aprel 2024-cü ildə yaşı 63 il 6 ay olmuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi barədə Dövlət Sosial Müsafiə Fondunun Göyçay rayon şöbəsinə müraciət etmişdir. Müraciəti ilə bağlı cavabdeh tərəfindən "Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” ünvanına 06 iyun 2024-cü il tarixli, 3-17-112-N- 132091 /2024 saylı məktub göndərilmişdir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 2 saylı X8 filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciəti aidiyyəti üzrə Mərkəzi Filiala göndərilmiş, Mərkəzi Filialda aparılan araşdırma nəticəsində İddiaçı qanunvericiliklə nəzərdə tutulan iş stajına (25 il) və pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalına sahib olmadığı müəyyənləşdirilmiş, bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı 25 il iş stajına sahib olduğunu iddia etsə də, Mərkəzi Filialın araşdırması nəticəsində bunun doğru olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1982ci il tarixdən xx.xx.2008-ci il tarixədək Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı X8 filialı ilə X8 Təhsil idarəsinin xx.xx.2024-cü il tarixdə birgə tərtib etdiyi akta əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində əmək haqqı aldığı 20 ay, həmçinin X9 Filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən Çaxırlı kənd T.İsmayılov adına kolxozda işlədiyi 3 ay sığorta stajına daxil edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək əyani təhsil illəri də nəzərə alınmaqla sığorta stajı ümumi 4 il 9 ay təşkil edir. - Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən 01 07.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, ona avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyinatı mümkün olmamışdır. İddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2024-cü il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Sözügedən Qanunun 22-1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsi Göyçay rayonu Təhsil sektorunun 20 fevral 2024-cü l tarixli 21 nömrəli arayışı, - İT-İ ******* nömrəli əmək kitabçası (əmək fəaliyyəti müddəti: 01.09.82-xx.xx.2008), - AZE № 0*******-li şəxsiyyət vəsiqəsi, - K 804712 nömrəli diplom, - X6 Filialının 25 nömrəli arayışı, - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsi Göyçay rayonu Təhsil sektoru üzrə Çaxırlı kənd tam orta məktəbinin 130, 91, 82, 162, 133, 182, 162, 74, 136 nömrəli əmrləri və digər sənədlər.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 04 fevral 2025-ci il tarixli 2- 1(116)-796/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə 01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi müddətin İddiaçı sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Bunun üçün iddiaçı 01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsini cavabdeh orqandan tələb edir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 63,5 yaşda (1 iyul 2023 – 30 iyun 2024), yəni xx.xx.2023-cü il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1960-cu ildə doğulub). Cavabdeh orqan X8 Təhsil idarəsi ilə birgə akt tərtib etdiyini və İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində əmək haqqı aldığı 20 ay, həmçinin X9 Filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən Çaxırlı kənd T.İsmayılov adına kolxozda işlədiyi 3 ayın sığorta stajına daxil edildiyini bildirmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1979-cu ii tarixdən xx.xx.1982-ci il tarixədək əyani təhsil illəri də nəzərə alınmaqla ümumi sığorta stajını 4 il 9 ay olaraq qəbul edir. - Məhkəmə tərəfindən iddiaçının mübahisələndirilən sosial sığorta stajına dair sənədlər X8 Təhsil İdarəsi tərəfindən sorğu edilərək yoxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində işlədiyini təsdiq edən sənədlər (işə qəbul haqqında sənəd, əmək haqqı ödənişləri, işə aid digər rəsmi sənədlər) mövcuddur. Bu sənədlər iddiaçının təhsil sahəsində rəsmi işlə təmin edildiyini sübut edir. Müəllimlərin dövlət təhsil müəssisələrində işə qəbul edilmələri rəsmi prosedur əsasında aparıldığından, bu cür fəaliyyətin inandırıcılığı və qanuniliyi şübhə doğurmur. Dövlət məktəblərində müəllimlərin əmək haqları dövlət büdcəsi tərəfindən maliyyələşdirilməklə rəsmi qaydada həyata keçirilir. Odur ki, hər hansı bir müəllimin dövlət təhsil müəssisəsində çalışarkən əmək haqqı almadan işləməsi ağlabatan hesab edilə bilməz. İddiaçının Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində işlədiyi müddətin (23 il 3 ay 8 gün) üzərinə xx.xx.1979-xx.xx.1982-ci illər üzrə təhsil müddətini və kolxozda işlədiyi, mübahisələndirilməyən 3 ay müddəti topladıqda 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Beləliklə, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi müddət nəzərə alındıqda onun yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 il sosial sığorta stajı tamamlandığından, məhkəmə mübahisələndirilən dövrlər üzrə iddiaçının əmək fəaliyyəti ilə bağlı cavabdehin subyektiv şübhələrinə əlavə olaraq hüquqi qiymət verilməsinə lüzum görmür.
7. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2-1(116)-796/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2-1(116)-796/2025 nömrəli qərarı məhkəmənin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmaması nəticəsində qəbul edildiyindən, qanuni və əsaslı deyildir. Buna görə də, həmin qərar ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli qərarında iddiaçının əmək kitabçasında qeyd olunan mübahisəli dövrə münasibətdə X8 Təhsil idarəsinin iddiaçı ilə bağlı müəyyən sənədlərin mövcudluğuna istinad etmiş və həmin sənədlərə əsasən iddiaçının qeyd olunan dövrlər üzrə kəsintisiz əmək fəaliyyəti ilə məşğul olduğu qənaətinə gəlməklə, həmin dövrü iddiaçının sığorta stajına daxil etmişdir. Halbuki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalara əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının əməkhaqqı almadığı dövrlər müəyyən olunmuşdur. Belə ki, qeyd olunan aktın tərtibi belə X8 Təhsil İdarəsinin nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir. Eləcə də, Mərkəzi Filial tərəfindən iddiaçının həmin dövrlər üzrə bütünlükdə əmək fəaliyyəti ilə məşğul olmadığı qeyd olunmur, sadəcə iddiaçının əməkhaqqı almadığı dövrlər onun sığorta stajına daxil edilmir ki, sözügedən hal da qanunvericiliyin tələblərinə əsaslandığından hesab edirik ki, cavabdehin mövqeyi əsaslıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ona əmək pensiyası təyin olunması üçün minumum 25 il sosial sığorta stajının tamamlandığı üçün cavabdeh orqanın Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(116)-796/2025 saylı qərarından verdiyi apellyasiya şikayəti lüzumsuz məhkəmə çəkişməsi aparmaqdan başqa bir şey deyildir. Hesab edir ki, Şəki İnzibati Məhkəməsi işi mahiyyəti üzrə tam və hərtərəfli araşdırdığından 04 fevral 2025-ci il tarixli, 2-1(116)-796/2025 saylı qərarı obyektiv, ədalətli və qanunauyğun qərar olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2- 1(116)-796/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2-1(116)- 796/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
18. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
26. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində olan əmək fəaliyyəti dövründə iddiaçının əməkhaqqı almadığı dövrlər müəyyən olunmuşdur.
27. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı ilk onu qeyd etməyi zəruri hesab edir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
28. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh həmin dövr üzrə iddiaçıya əmək haqqı hesablanmamasına görə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək müəyyən dövrlərdə Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində işlədiyi müddəti onun iş stajına aid edilməməsi qənaətinə gəlsə də, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir
29. İş materiallarında olan X8 Təhsil İdarəsi tərəfindən təqdim edilmiş əmrdən çıxarışlarla və əmək haqqı verilməsinə dair cədvəllərlə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixlərdə əmək fəaliyyətinin olması sübuta yetirilir (səh. 52-99).
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək orta məktəbdə müəllim işlədiyini təsdiq edən sənədlər mövcuddur. Bu sənədlər iddiaçının təhsil sahəsində rəsmi işlə təmin edildiyini sübut edir. Müəllimlərin dövlət təhsil müəssisələrində işə qəbul edilmələri rəsmi prosedur əsasında aparıldığından, bu cür fəaliyyətin inandırıcılığı və qanuniliyi şübhə doğurmur. Dövlət məktəblərində müəllimlərin əmək haqları dövlət büdcəsi tərəfindən maliyyələşdirilməklə rəsmi qaydada həyata keçirilir. Odur ki, hər hansı bir müəllimin dövlət təhsil müəssisəsində çalışarkən əmək haqqı almadan işləməsi ağlabatan hesab edilə bilməz.
31. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, iddiaçının Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində işlədiyi müddətin (23 il 3 ay 8 gün) üzərinə xx.xx.1979-xx.xx.1982-ci illər üzrə təhsil müddətini və kolxozda işlədiyi, mübahisələndirilməyən 3 ay müddəti topladıqda 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Beləliklə, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi müddət nəzərə alındıqda onun yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 il sosial sığorta stajı tamamlandığından, məhkəmə mübahisələndirilən dövrlər üzrə iddiaçının əmək fəaliyyəti ilə bağlı cavabdehin subyektiv şübhələrinə əlavə olaraq hüquqi qiymət verilməsinə lüzum görmür.
32. O da qeyd olunmalıdır ki, iddiaçının qeyd edilən tarixlərdə Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində işləməsi barədə iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
33. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
34. Beləliklə, inzibati orqan, göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
35. Həmçinin, hazırki Qərarın 18-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.
36. O da qeyd olunmalıdır ki, cavabdeh orqanın qeyd etdiyi halllar özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
37. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
38. Bundan başqa, cavabdeh orqan, Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalara əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına istinad edərək qeyd etmişdir ki, həmin akta əsasən iddiaçının əməkhaqqı almadığı dövrlər müəyyən olunmuşdur.
39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi həmin akt cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə tərəfindən də aşkar edilməmişdir. Ümumiyyətlə iddiaçının 2024-cü il tarixdə cavabdeh orqana pensiya təyin edilməsi üçün müraciət etdiyini nəzərə aldıqda Mərkəzi Filial tərəfindən aparılmış araşdırmalara əsasən xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktının da tərtib edilməsi mümkün deyil.
40. Lakin iş materiallarına 17 may 2024-cü il tarixli qarşılıqlı yoxlama aktı əlavə edilmişdir. Həmin aktda göstərilmişdir ki, İddiaçı Göyçay rayonu Çaxırlı kənd orta məktəbində işləyərək müvafiq illərdə əmək haqqı almışdır. Bəzi illərin isə əmək haqqı cədvəlləri tapılmadığı üçün onun əmək haqqı almasını yoxlamaq mümkün olmamışdır. Həmin akt Təhsil şöbəsi tərəfindən möhürlə təsdiq edilməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, X8 Təhsil İdarəsi tərəfindən təqdim edilmiş əmrdən çıxarışlarla və əmək haqqı verilməsinə dair cədvəllərlə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixlərdə əmək fəaliyyətinin olması sübuta yetirilir. Sonuncu qeyd edilənlər isə daha mötəbər hesab olunmaqla cavabdeh orqanın tərtib etdiyi, mötəbər sənədlərə əsaslanmayan aktı təkzib edir.
42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi müddətin İddiaçı sosial sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2-1(116)-796/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.