Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-329/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Cavabdeh publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi statusunun ləğv edilməsi barədə əsas olmadan qanunsuz dayandırılmış pensiya məbləğinin ödənişinin bərpa edilməsi, ödənilməmiş məbləğin hesablanaraq birdəfəlik ödənilməsi, şəhid ailələrinə ödənilməsi nəzərdə tutulan 11000 manatın verilməsi, həmçinin şəhid ailəsi statusunu təsdiq edən yeni vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 mart 2023-ci il tarixli, 2-1(116)-525/2023 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi statusunun ləğv edilməsi barədə əsas olmadan qanunsuz dayandırılmış pensiya məbləğlərinin birdəfəlik qaytarılması, şəhid ailələrinə ödənilməsi nəzərdə tutulan 11000 manatın verilməsi, həmçinin şəhid ailəsi statusunu təsdiq edən yeni vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1992-ci il tarixdə rəsmi nikahı Şəki şəhər VVAQ Şöbəsində qeyd etdirməklə Şuşa köçkünü X10 ilə ailə qurmuşdur. Onunla birgə nikah dövründə xx.xx.1993-cü il tarixdə Ruzi adlı oğlu olub. İddiaçının əri Azər Abbasov xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər Şuşa ərazi müdafiə bölməsində, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər isə N saylı hərbi hissənin R.Qəmbərov adına batalyonunda hərbi xidmətdə olmuş, Şuşa ətrafında gedən bir çox döyüşlərdə iştirak etmiş, xx.xx.1992-ci ildə Kərkicahan və xx.xx.1992-ci ildə Daşaltı uğrunda gedən döyüşlərdə qəlpə yarası almış və aldığı qəlpə nəticəsində xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Şəki şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixli ölüm haqqında 5 JG 326626 saylı şəhadətnamədə göstərilir ki, o, sol yuxarı ətrafı boyu sümüyünün 1/3 hissəsinin güllə qəlpəsi nəticəsində xr. ostrxronik şok səbəbilə ölmüşdür (aldığı zəhərli güllə nəticəsində). Bununla əlaqədar iddiaçı lazimi sənədlərlə Müdafiə nazirinin qəbulunda olmuş və ona bildirmişlər ki, bunun üçün Şəki Şəhər İcra Hakimiyyətinə müraciət etməlidir. Şəki ŞİHB-nın birinci müavini H.Həsənovun 2/241 saylı arayışına əsasən iddiaçının əri Azər Abbasov şəhid hesab olunmuşdur. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin xx.xx.1997-ci il tarixli, 36315 saylı vəsiqəsinə əsasən iddiaçının əri Azər Abbasov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşdə iştirak etmişdir. Şəki şəhər ƏƏSMN-nin xx.xx.2000-ci il tarixli, 019623 saylı vəsiqəsinə əsasən iddiaçı şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanunda göstərilən güzəştlərdən istifadə etmişdir. İddiaçı 2007-ci ilə qədər şəhid ailələrinə verilən güzəştlərdən istifadə etmiş, təqaüd almışdır. Bundan sonra Şəki şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi iddiaçının bu güzəştlərini kəsmişdir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1-ci bəndinə əsasən 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar, 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər, Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Eyni zamanda, adı çəkilən Qaydaların 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qeyd olunanlara istinadən, iddiaçıya şəhid və şəhid ailəsi statusunun verilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməsi tövsiyə olunmuşdur.
4. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2023-cü il tarixli, 317-1/2-9080/2023 nömrəli “iddianın mümkün sayılmaması barədə” ərizəsində qeyd etmişdir ki, 2-1(116)-525/2023 nömrəli iş üzrə iddia tələbi mümkün sayılmamalıdır. İnzibati orqan tərəfindən vətəndaşa ünvanlanmış məktubun məzmunundan görünür ki, həmin məktub imtina xarakterli deyildir. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Qeyd olunanlara istinadən, iddiaçıların şəhid və şəhid ailəsi statusunun verilməsi ilə bağlı aidiyyəti orqana müraciət etmələri tövsiyə olunmuşdur. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunarsa şəhid, vərəsələri isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə şəhid ailəsi statusunu əldə edir. Maraqlı şəxs şəhid ailəsi statusunun təsdiq edilməsi üçün öncə şəhid ailəsi statusunun verilməsi ilə baqlı aidiyyəti orqana müraciət etməlidir. Belə ki, şəhid ailəsi statusunu “qazanmaqla” şəhid hesab edilmiş şəxsin ailə üzvlərinin (vərəsələr) qanunvericiliklə şəhid ailəsi üzvləri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququ yaranır. Bildirilir ki, şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Cavabdeh səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə sözügedən Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Qeyd olunanlara əsasən iddiaçılara təqdim edilmiş 08 iyul 2022-ci il tarixli **********9 nömrəli məktubun məzmunundan aydın olur ki, həmin məktub imtina xarakterli deyildir. Belə olan halda cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış sözügedən məktubla iddiaçının hüquqları pozulmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2023-cü il tarixli, 317- 1/2-9315/2023 nömrəli “etiraz” məktubunda eyni məzmunlu münasibət bildirmiş, qeyd eymişdir ki, şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Cavabdeh səlahiyyətlərinə aid deyildir. İddiaçı tərəfindən təqdim olunan və iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Müdafiə Nazirlyinin Şəxsi heyət baş idarəsinin xx.xx.2022-ci il tarixli 1/A- 2732 nömrəli məktubu və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 384 nömrəli məktubu ilə X10 adında şəhidin qeydə alınmadığı öz təsdiqini tapır. Əlavə olaraq bildirilmişdir ki, X1 Sisteminin Sosial Ödənişlər altsistemində adıçəkilən şəxsin şəhid ailəsi üzvü kimi təqaüd alması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 5-ci hissəsinə əsasən 1997-ci il 2 avqust tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd Xidmətləri və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Azərbaycan Respublikası Cavabdeh Aparatının Sosial ödənişlər departamentinin xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş siyahılarda X6 adı aşkar olunmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən İddiaçı1 mərhum həyat yoldaşı X6 şəhid olması barədə məlumat öz təsdiqini tapmadığına görə onun ailə üzvlərinə şəhid ailəsi statusunun verilməsi və şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan hüquqlardan istifadə etməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edilir ki, iddiaçıya verilən məktub qanuni və əsaslı olduğundan iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir
5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı1 (eyni zamanda digər İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “şəhid ailəsi statusunun ləğv edilməsi barədə əsas olmadan qanunsuz dayandırılmış pensiya məbləğinin ödənişinin bərpa edilməsi, ödənilməmiş məbləğin hesablanaraq birdəfəlik ödənilməsi, şəhid ailələrinə ödənilməsi nəzərdə tutulan 11000 manatın verilməsi, həmçinin şəhid ailəsi statusunu təsdiq edən yeni vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 16 mart 2023-ci il tarixli, 2- 1(116)-525/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 mart 2023-ci il tarixli, 2-1(116)-525/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
12. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 1/A-2732 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Həmin Qərarın 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. - SHXÇDX-nin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 384 nömrəli məktubunda qeyd olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində X10 adında şəhid qeydə alınmadığından iddianın həyata keçirilməsi mümkün deyil. Əlavə olaraq qeyd edilir ki, “’Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün xidmət etdiyi müvafiq qurumun kadrlar idarəsi,digər hərbi qulluqçulara qeydiyyatda olduqları idarə (şöbə, bölmə) tərəfindən, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. - Şəki ŞİH başçısının aparatının xx.xx.2022-ci il tarixli, 2/A35-172 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı1 şəhid statusunun bərpa olunması ilə bağlı müraciətinə baxılmışdır. Müraciətdə iddiaçı həyat yoldaşı X6 İ Qarabağ müharibəsi zamanı 26 yanvar 1992-ci il tarixdə Daşaltı kəndi uğrunda gedən döyüşlərdə düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası aldığını və 6 may 1999-cu il tarixdə Ostrxronik şok səbəbli dünyasını dəyişdiyini bildirmişdir. 17 mart 2000-ci il tarixdən 2007-ci ilə qədər dövlət tərəfindən şəhid ailəsi statusuna malik vətəndaşlar üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etdiyini, həmçinin Prezident təqaüdü aldığını bildirmişdir. Şəki şəhər Əhalinin Sosial Müdafiə Fondu tərəfindən Prezident təqaüdünün və şəhid statusunun ləğv edildiyini qeyd edərək, bu məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini, Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdir müavini tərəfindən həyat yoldaşı X6 şəhid hesab edilməsinin qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil etdiyi cavabını aldığını bildirmişdir. İddiaçının həyat yoldaşı şəhid statusunun ləğv olunmasına dair qərarların surətlərinin ona təqdim olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Müraciətdə qaldırdığı məsələ ilə bağlı iddiaçıya Şəhid ailəsi statusunun təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi tövsiyə olunmuşdur. - Şuşa RİH başçısının İddiaçı2 verdiyi xx.xx.2010-cu il tarixli, 135 nömrəli arayışda qeyd olunmuşdur ki, həqiqətən onun atası X10 may 1992-ci il tarixdən Şuşa rayonunun Ermənistan Respublikası tərəfindən işğalı ilə bağlı məcburi köçkün düşmüş və xx.xx.1991ci ildən xx.xx.1992-ci ilə qədər gedən döyüşlərdə almış qəlpə yaralarından xx.xx.1999-cu ildə vəfat etmişdir. Şuşa rayonundan yemək xərci müavinəti alır. - Şəki ŞİH başçısının aparatının xx.xx.2000-ci il tarixli, 2/241 nömrəli arayışının surətində qeyd olunmuşdur ki, mərhum X10 xx.xx.1992-ci ildə Kərkicahan və xx.xx.1992-ci ildə Daşaltı uğrunda gedən döyüşlərdə aldığı qəlpə yaralarından xx.xx.1999-cu il tarixdə vəfat etmiş və şəhid hesab olunur. - Şəki rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-3575/13 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1999-cu il tarixli, 241 nömrəli ölüm haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1999-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. Ölümün səbəbi sol yuxarı ətrafı boyu sümüyünün 1/3 hissəsinin güllə qəlpəsi nəticəsində hemotogen şoku göstərilmişdir. - Şəki rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-3575/13 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1992-ci il tarixli, 402 nömrəli nikahın bağlanması haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X7 nikah bağlamış, İradə Saatova “Abbasova” soyadını qəbul etmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 2009 nömrəli məktubunda qeyd olunur ki, Şöbədə olan arxiv sənədlərinə əsasən bildirilir ki, mərhum X10 şəhid kimi qeydə alınmamışdır. - Şəki ŞİH başçısının aparatının xx.xx.2023-cü il tarixli, 5-7/2-2/265/2023 nömrəli məktubunda qeyd olunur ki, Şəki Şəhər icra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2/241 saylı arayışı Şəki Şəhər icra Hakimiyyəti tərəfindən 2017-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilmişdir. - X11 filialının xx.xx.2022-ci il tarixli, 349 nömrəli məktubunda qeyd olunur ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2/241 nömrəli arayışı X11 filialına təhvil verilməmişdir. - X11 filialının iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-48DA-12/F/2/A- 292/2023 nömrəli məktubunda qeyd olunur ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2/241 nömrəli arayışının arxiv nüsxəsinin təsdiq edilmiş surəti Respublika X11 filialında mühafizə edilmədiyindən iddiaçıya təqdim edilə bilmir. - Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 5/488 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.1992-ci il tarixdə Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu və xx.xx.1992-ci il tarixdə Rayon İcra Hakimiyyəti tam formalaşmadığı üçün xx.xx.1992-ci il tarixli, 2402 nömrəli arayışın nüsxəsi saxlanmamışdır. Həmçinin, şəhid statusu verilmiş Şuşa rayon sakinlərinin siyahısında X6 adı yoxdur. - Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-8328 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 274 əmrində (əsas: sıra-178) X5 dəstəsinin fevral 1992-ci ildən 08 may 1992ci il tarixədək əmək haqqı alan şəxsi heyətinin siyahısında X6 (xx.xx.1992-xx.xx.1992) adı qeyd olunmuşdur. Qeyd edilir ki, Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısında" (əsas:1994) X6 xidməti və həlak olması barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə xx.xx.1992-ci il tarixli 1 №-li əmrində X6 xidməti və həlak olması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin 1990-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətə “Pul təminatının ödənilməsi” cədvəlləri, əlifba qeydiyyatı kitabları və X5 batalyon komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 5441 nömrəli məktubunda qeyd olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrinin qaytarılmaz itkilərin uçotu sənədlərində mərhum A.Ə.Abbasovun həlak olması, ona “şəhid” statusunun verilməsi və ya ləğv edilməsi barədə heç bir məlumat yoxdur. - Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialın xx.xx.2023-cü il tarixli, 3-17- 1/29221/2023 nömrəli məktubunda qeyd olunur ki, X1 Sisteminin Sosial Ödənişlərin altsistemində adıçəkilən şəxsin şəhid ailəsi üzvü kimi təqaüd alması barədə məlumat aşkar edilməmişdir. - Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialın xx.xx.2023-cü il tarixli, 3-17- 1/29221/2023 nömrəli məktubuna əlavə olunmuş: Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli, 628 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, həmin qərarla İddiaçı1 xx.xx.2019-cu il tarixdən müddətsiz birinci qrup əlilliyə görə Prezident təqaüdü təyin olunmuşdur. xx.xx.2019-cu il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 Fondun yerli şöbəsinə ərizə ilə müraciət edərək oğlu İddiaçı2 birinci dərəcə əlilliyi olan şəxs kimi ona qulluq etdiyini nəzərə alınmasını xahiş etmişdir. Sosial ödənişlər altsistemindən çıxarışdan görünür ki, İddiaçı1 birinci qrup əlilliyə görə “əmək pensiyası almaq hüququ olan bəzi kateqoriyalı şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin olunmuşdur. Sosial ödənişlər altsistemindən çıxarışdan görünür ki, İddiaçı2 birinci qrup əlilliyi olan bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur. - X11 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-12/F/2/A-190/2023 nömrəli məktubunda qeyd olunan Şəki ŞİH başçısının xx.xx.2003-cü il tarixli, 1/01 nömrəli sərəncamından arxiv çıxarışından görünür ki, həmin sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2002-ci il tarixli, 16-2 saylı qərarına uyğun olaraq Şəki şəhəri, S.Rəhman küçəsində, ikinci mərtəbədə yerləşən, 29,4 kv.m yaşayış sahəsi olan iki otaqlı 39 saylı mənzil iki nəfər ailə üzvülü şəhid ailəsi X4 adına rəsmiləşdirilməsi qərara alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir.
16. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən qərara alınmışdır ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 5-ci hissəsinə əsasən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
17. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi Qaydalarının 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Həmin bəndə görə şəhid ailəsi statusu mülki vətəndaşlara rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
20. İddiaçılar tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 24 Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
25. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
26. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabineti 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı ilə Qaydaların 1.2.6-cı bəndi dəyişdirilmiş və Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir.
27. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.
28. İstər Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, istər Qanunun tətbiqi Qaydalarına, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir.
29. İşdə olan sənədlərə və cavabdehin etirazına əsasən müəyyən edilir ki, nə Şəki, nə də Şuşa Şəhər İcra Hakimiyyətləri tərəfindən iddiaçının mərhum əri X9 münasibətdə sözügedən arayış tərtib edilməmişdir. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğularına cavab olaraq icra hakimiyyətləri A.Abbasova şəhid və yaxud onun ailə üzvlərinə şəhid ailəsi statusunun verilməsinə dair arayışın təqdim edilməsini təsdiq etməmişlər.
30. Həmçinin məhkəmə kollegiyasının araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilən məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçılar ödənişinin bərpa edilməsini tələb etdiyi şəhid ailəsinə ödənilən hər-hansı müavinəti əvvəllər almamışlar. Eyni zamanda iddiaçılara qanuni əsaslarla şəhid ailəsi statusunun verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
32. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, tələbdə qeyd olunan şəhid ailəsi statusunun ləğv edilməsi barədə dayandırılmış pensiya məbləğinin ödənişinin bərpa edilməsi, ödənilməmiş məbləğin hesablanaraq birdəfəlik ödənilməsi, şəhid ailələrinə ödənilməsi nəzərdə tutulan 11000 manatın verilməsi, həmçinin şəhid ailəsi statusunu təsdiq edən yeni vəsiqənin verilməsindən cavabdehin imtinası əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Cavabdeh publik hüquqi şəxsinə qarşı “şəhid ailəsi statusunun ləğv edilməsi barədə əsas olmadan qanunsuz dayandırılmış pensiya məbləğinin ödənişinin bərpa edilməsi, ödənilməmiş məbləğin hesablanaraq birdəfəlik ödənilməsi, şəhid ailələrinə ödənilməsi nəzərdə tutulan 11000 manatın verilməsi, həmçinin şəhid ailəsi statusunu təsdiq edən yeni vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 mart 2023-ci il tarixli, 2-1(116)-525/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.