Məhkəmə qərarları › İş №2-1(107)-329/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-329/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-329/2025 21.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X8 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşı bitdiyi vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2-1(116)-201/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “65 yaşı bitdiyi vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Bildirir ki, ona xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilib, 0.01.2023-cü il tarixdən həmin məbləğ 220 manata çatdırılıb. Lakin ona yaşı bitdiyi vaxt yaşa görə əmək pensiyası təyin edilməli idi, ancaq müavinət təyin edilib. Belə ki, onun cəmi iş stajı 34 ildən çox olduğu halda pensiya fondu bu stajı 24 il 2 ay 11 gün olaraq hesablayıb. Bununla razı deyil və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Eyni zamanda xx.xx.1975-ci il tarixindən xx.xx.1998-ci il tarixədək “Nəsimi" adına kolxozda olan əmək fəaliyyəti dövrü barədə təqdim etdiyi Qax Rayon Dövlət Arxivinin arayışının Azərbaycan dilinə tərcümə edilmiş notariat qaydada təsdiq olunmuş surətini Fondun 2 saylı Şəki-Zaqatala regional filialına təqdim etdikdən sonra sözügedən dövrlərin tam şəkildə sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılcağı bildirilmişdir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilərək, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bır il azaldılmaqla hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uydun deyildir, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinə əsasən notariuslar müvafiq icra hakimiyyəti orqanları idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 133-cü maddəsinə əsasən notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı X1 Mərkəzi Filiala təqdim etdiyi kolxoz dövrünə dair arayış səlahiyyətli şəxs tərəfindən tərcümə edilmədiyindən sözügedən dövrləri tam şəkildə sığorta stajına daxil etmək əsassız və qanunsuzdur.

3. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 06 fevral 2025-ci il tarixli 2- 1(116)-201/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışı əsasında iddiaçının “Nəsimi” adına kolxozda işlədiyi müddət ərzində tam və natamam illər üzrə cəmi sosial sığorta stajı 12 il 4 ay 26 günə bərabər olduğunu qeyd etsə də sözügedən arxiv sənədinin qeyri-rəsmi o cümlədən səlahiyyətli şəxs tərəfindən tərcümə edilməməsinə münasibət bildirməmişdir. Həmçinin iddiaçının xx.xx.1994-03 01.2005-ci illərdə - 10 il 3 ay 29 gün olmaqla “Qax Taxıl” ATSC-de əmək fəaliyyəti ilə məşğul olmasını, bununla bağlı olaraq iddiaçının 25 ildən artıq sosial sığorta stajının tamam olmasını və qeyd edilən dövrlərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarına əsasən, inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli arşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarıiddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının "Stal LLC" firmasında 1996-2000-ci illər üzrə əməkhaqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin may-dekabr ayları üzrə, 1997-1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000- ci ilin yanvar-aprel ayları üzrə əməkhaqqı almışdır. Əməkhaqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir. Faktiki iş üzrə İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli 08 nömrəli əməkhaqqı cədvəlində isə onun xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, daha sonra xx.xx.1996-cı il tarixdən 31 12.2004-cü il tarixədək əmək haqqı alması qeyd edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı X5 14 01 2006-cı il tarixədək işlədiyini iddia etməsinə baxmayaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ali Məhkəmənin göstərilən mövqeyinə və yuxarıda qeyd olunan hüquq normalarına uyğun olaraq iddiaçı X5 qeyd olunan dövrlərdə əmək fəaliyyəti zamanı əməkhaqqı almadığı dövrlərin onun sığorta stajına daxil edilməsi maddi huquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi təmin edilməməlidir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-201/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırıldığını və əsaslı olaraq iddia tələbinin təmin edilməsi barədə qanunamüvafiq qərar qəbul edildiyini bildirdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam olaraq hərtərəfli şəkildə araşdırılmadığını və bu səbəbdən də əsassız olaraq iddia tələbinin təmin edilməsi barədə qanunazidd qərar qəbul edildiyini bildirdi.

10. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.2023-cü il tarixli Əmək pensiyasının təyin edilməsindən imtina haqqında qərar, Qax Taxıl ASC-nin xx.xx.2022-ci il tarixli Arayışı, AR Qax rayon Əlibəyli Bələdiyyəsinin 2/29 nömrəli xx.xx.2022-ci il tarixli Arayışı, X7, 147800 nömrəli Əmək kitabçası (əmək fəaliyyəti müddəti: xx.xx.1994xx.xx.1999, xx.xx.2001-xx.xx.2004-cü il), AZE № 0*******-li şəxsiyyət vəsiqəsi, 104520 nömrəli diplom, İngiloy Kötüklü bələdiyyəsinin xx.xx.2012-cü il tarixli Arayışı, Qax Taxıl ASC-nin əmrlər kitabı, Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Arxiv Arayışı, Qax Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu, Qax Taxıl ASC-nin xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

12. Azərbaycan Respubilkasının Əmək Məcəlləsi: 87-ci maddənin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Cavabdehin nümayəndəsinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

14. Cavabdehin nümayəndəsi tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

15. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

19. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

20. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

23. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 133-cü maddəsinə əsasən notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı X2 Mərkəzi Filiala təqdim etdiyi kolxoz dövrünə dair arayış səlahiyyətli şəxs tərəfindən tərcümə edilmədiyindən sözügedən dövrləri tam şəkildə sığorta stajına daxil etmək əsassız və qanunsuzdur.

24. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

25. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). - iddiaçının “Nəsimi" adına kolxozda işlədiyi müddət ərzində tam və natamam illər üzrə cəmi sosial sığorta stajı 12 il 4 ay 26 günə bərabərdir (1998-ci il “Qax Taxıl” ATSC-də əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən nəzərə alınmamışdır). - 35. xx.xx.1976-xx.xx.1979-cu illərdə iddiaçı 2 il 6 ay 14 gün olmaqla texniki peşə təhsili almışdır. - 36. xx.xx.1994-xx.xx.2005-ci illərdə - 10 il 3 ay 29 gün olmaqla “Qax Taxıl” ATSC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Sadalanan müddətlər toplandıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

26. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə təqdim edilmiş əməkhaqqı və əmrlər kitablarına baxış keçirilmiş, “Qax Taxıl” ATSC tərəfindən təqdim edilmiş arayışda göstərilən zidiyyətli məlumatlar aydınlaşdırılmaqla iddiaçının mübahisələndirilən dövr üzrə əmək fəaliyyəti müddəti yoxlamışdır və tədqiq edilən əmrlər kitabında bir çox əmrlərdə iddiaçının adının qeyd edilməsi yoxlanılan dövr üzrə iddiaçının həqiqətən sözügedən müəssisədə işləməsini təsdiq edir.

27. İddiaçının 2000-2004-cü illərdə Qax rayon Kötüklü bələdiyyəsində işləməsinə dair sənədlər icraat materiallarına əlavə edilsə də, istinad olunan dövr iddiaçının “Qax Taxıl” ATSC-də əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən əlavə olaraq sosial sığorta stajına daxil edilməmişdir.

28. Odur ki, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıq olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşı bitdiyi vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

30. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2-1(116)-201/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanlılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar