Məhkəmə qərarları › İş №2-1(107)-33/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-33/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-33/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı -İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə Cavabdeh- Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “05 may 1995-ci il tarixli 15 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Əli Kərim küçəsi ev 2/3 mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi 17.0 kv.metr, ümumi sahəsi 23.1 kv.metr olan bir otaqlı mənzilin məhdudlaşdırılmasına və yüklülüyünə dair (forma 1) arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-273/2021 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Füzuli İsayev tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “05 may 1995-ci il tarixli 15 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 17.0 kv.metr, ümumi sahəsi 23.1 kv.metr olan bir otaqlı mənzilin məhdudlaşdırılmasına və yüklülüyünə dair (forma 1) arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 05 may 1995-ci il tarixli 15 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsinə əsasən özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 17.0 kv.metr, ümumi sahəsi 23.1 kv.metr olan bir otaqlı mənzilin məhdudlaşdırılmasına və yüklülüyünə dair (forma 1) arayışın verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 22.09.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, Göyçay şəhəri, Əli Kərim küçəsi, bina 2/3-də yerləşən 1 nömrəli mənzil üzərinə müvəqqəti nəzarət qoyulmuşdur. Bu səbəblə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasında imtina edilmişdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 22.01.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz Əmlakın Milli X4 şəhəri, Əli Kərim küçəsi, bina 2/3də yerləşən, 1 nömrəli mənzil üzərinə müvəqqəti nəzarət qoyulduğu məlum olmuşdur. Bu səbəbdən də sözügedən əmlaka dair məhdudiyyət və yüklülük haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 24 avqust 2021-ci il tarixli, 2- 1(116)-273/2021 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə 05 may 1995-ci il tarixli 15 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Əli Kərim küçəsi ev 2/3 mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi 17.0 kv.metr, ümumi sahəsi 23.1 kv.metr olan bir otaqlı mənzilin məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-273/2021 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Füzuli İsayev tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli hesab edilən hallar sübut olunmadığından Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(116)-677/2021 saylı qərarı ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərinii pozmuşdur. Ona görə də, həmin məhkəmə tərəfindən qəbul olunmuş Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-273/2021 saylı qərarıın ləğv edilməsini və işi Şəki İnzibati məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2- 1(116)-273/2021 saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-273/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessuаl Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İnzibati Prosessuаl Məcəllənin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, İş materiallarında olan cavabdeh orqanın 05.11.2020-ci il tarixli arayışının təsdiq edilmiş surətindən görünür ki, 24.06.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil, həmçinin 06.05.1995-ci il tarixli 2805 nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”na əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına qeydiyyata alınmışdır. İş materiallarında olan 24.06.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa və 24.06.2010-cu ildə tərtib edilmiş **********72-05101-093005 nömrəli “Texniki pasport”a əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. İş materiallarında olan 05.05.1995-ci il tarixdə tərtib edilən “müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən Göyçay RİH başçısının 26.09.1995-ci il tarixli 79 nömrəli sərəncamına əsasən ona məxsus olan 1 otaqlı ümumi sahəsi 23.10 kv.m olan yaşayış sahəsi 17.0 kv.m olan mənzili iddiaçıya satmışdır. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 10.04.2015-ci il tarixli, 2(046)- 444/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X5 qarşı “15 sentyabr 2011-ci il tarixli, 719 saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 7586,42 manat kreditin əsas məbləği, 1650,50 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 10236,92 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsini, borc ödənilmədiyi halda 10236,92 manat Kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, mülkiyyətində olan 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı 10-cu mənzilə yönəldilməsi, cavabdehlər İddiaçı və X3 həmin mənzildən çıxarılması, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq 15 sentyabr 2011-ci il tarixli, 719 saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 7587 manat kreditin əsas məbləği, 3400 manat faiz borcu, 2967 manat cərimə olmaqla, cəmi 13954 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsini, borc ödənilmədiyi halda 13954 manat kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, mənzil 10-da, mülkiyyətində olan 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilə yönəldilməsi, cavabdehlər İddiaçı və X3 həmin mənzildən çıxarılması, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması” tələbi qismən təmin edilmiş, 15 sentyabr 2011-ci il tarixli, 719 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı 7587 (yeddi min beş yüz səksən yeddi) manat məbləğində əsas kredit borcu, 3400 (üç min dörd yüz) manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 11487 (on bir min dörd yüz səksən yeddi) manat, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 24,70 (iyirimi dörd manat yetmiş qəpik) manat dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan, cavabdeh İddiaçı məxsus olan, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, mənzil 10-da yerləşən, mülkiyyətində olan 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilə tutma yönəldilməsi, ipoteka predmeti olan, cavabdeh İddiaçı məxsus olan, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, mənzil 10-da yerləşən, mülkiyyətində olan 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilin ilkin satış qiymətinin 16.000 manat müəyyən edilməsi, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı 10-cu mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdeh İddiaçı "xxxx" ASC-yə 11487 (on bir min dörd yüz səksən yeddi) manat, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunan pul vəsaitindən iddiaçının tələbini ödənildikdən sonraqalan vəsaitin cavabdeh İddiaçı verilməsi, Göyçay şəhəri, Ə.Kərim küçəsi ev 2/3, 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı 10-cu mənzil açıq hərracdan satıldıqdan və ya iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin həmin mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan cavabdehin 21.05.2021-ci il tarixli məktubunda qeyd edilir ki, sözügedən mənzil üzərinə müvəqqəti nəzarət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə) Həmin Qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən qeydiyyat orqanı 1 iş günü müddətində müraciət etmiş şəxsə arayışı və ya əsaslandırılmış imtina məktubunu yazılı və ya elektron formada verməlidir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən hüquq sahibinin yazılı və ya elektron sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar (məlumatlar) barədə yazılı və ya elektron bildiriş sorğu verildiyi gün iş vaxtı ərzində qeydiyyat orqanı tərəfindən hüquq sahibinə verilməlidir. Sorğunun və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən dövlət reyestrindəki məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan vuracaq üsul və formalarda istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Həmin Qanunun 5.6-cı maddəsinə əsasən daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur. Bu zaman qarşılıqlı əməkdaşlığın və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirirməsi qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Həmin Qanunun 5.7-ci maddəsinə əsasən dövlət reyestrindən arayışların və onun əldə edilməsi üçün ərizələrin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 1.1-ci bəndinə əsasən bu Təlimat «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə uyğun olaraq hazırlanmışdır və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi qaydalarını tənzimləyir. Həmin Təlimatın 1.2-ci bəndinə əsasən, bu Təlimatda müəyyən olunmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Təlimatın 2.1- ci bəndinə görə, reyestrdən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin Ərazi İdarələrinin rayon şöbələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən sənədi əlavə etməlidir. ... Həmin Təlimatın 3.1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak (onun tərkibi, bir hissəsi, ondakı paylardan biri və ya bir neçəsi) üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə, qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. Həmin Qanunun 13.10-cu maddəsinə əsasən hüquqa, onun məhdudlaşdırılmasına və daşınmaz əmlak obyekti barədə əqdlərə dair hər bir yazıya (qeydə) ərizə jurnalındakı hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmiş ərizənin qeydiyyat nömrəsi verilir. Cavabdeh inzibati orqanın müvəqqəti nəzarət qoyulması ilə bağlı imtina dəlilinə münasibətdə birinci instnasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları qeyd olunmuşdur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatından imtina edilir. Göründüyü kimi, “müvəqqəti nəzarət” səbəbilə daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsindən imtina edilməsi qanunvericlikdə nəzərdə tutulmamışdır. Ümumiyyətlə müvəqqəti nəzarətin nədən ibarət olması, hansı sənəd əsasında qeydə alınması, həmin sənədin qeydiyyat nömrəsi və digər zəruri məlumatlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan arayışın verilməsinin məqsədi hər hansı məhdudiyyətin olub-olmamasını aydınlaşdırmaqdır ki, cavabdehin də onun verilməsindən imtinası anlaşılan deyil. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM, maddə - 14.2). İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərin əsassız sayaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Füzuli İsayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-273/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar