Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-33/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər X1 Cavabdeh qarşı “Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1827/2022 nömrəli qərarından iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Şəki Rayon Məhkəməsinin icraatında olmuş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırılması zamanı nöqsan və qanun pozuntularına yol verməsi səbəbindən onun müdafiəçisi qismində iştirak etmiş, Şəki Regional Vəkil Bürosunun vəkili olmuş, hazırda Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində çıxarılmış Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(075)-49/2021 nömrəli xüsusi qərarı müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Vəkillər X3 13 yanvar 2022-ci il tarixli qərarı ilə həmin xüsusi qərar əsasında vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halda qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan belə nəticəyə gəlmişdir ki, X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işinin Şəki Şəhər-Rayon X8 Bölməsində aparılan ibtidai istintaqı zamanı onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçisi qismində təyin edilmiş Şəki Regional Vəkil Bürosunun vəkili olmuş, hazırda Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh müdafiəçisi olduğu təqsirləndirilən şəxs Şahmar Kərimovun hüquqlarının müdafiəsi üçün bütün zəruri imkanlardan istifadə etməli olduğu halda, onunla xx.xx.2021-ci il tarixdə aparılan istintaq və prosessual hərəkətlərdə (təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi, ittihamın mahiyyəti, habelə Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmaqla qərarın surətinin, hüquq və vəzifələrinin izahına dair yazılı bildirişin verilməsi, təqsirləndirilən şəxsin dindirilməsi, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarması haqqında məlumat verilməsi, cinayət işinin materialları, maddi sübutlar, istintaq hərəkətinə dair protokollarla tanış olmaq hüquqlarının izah edilməsi) iştirak etməməklə, bu hərəkətlərin nəticəsinə dair tərtib edilmiş qərar və protokolları sonradan imzalayaraq guya ki, həmin hərəkətlərdə iştirakını təsdiq etməklə, vəkil kimi vəzifə öhdəliklərini icra etməməsi təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş müdafiə hüquqlarının pozulmasına səbəb olmaqla, vəkil andına və vəkil etikasına riayət etməmiş, bununla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.3, 92.10.3, 92.11.1, 92.11.2-ci maddələrinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin İ abzasının tələblərini pozmuşdur.
3. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə iddia tələbinə dair etiraz ünvanlamışdır. Cavabdeh etirazında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X4 müdafiə hüquqlarının pozulmasını 09 aprel 2021-ci il tarixli ibtidai istintaq hərəkətlərində guya cavabdehin iştirakı olmadan həyata keçirilməsi və həmin sənədlərə daha sonradan cavabdeh tərəfindən imza edilməsi ilə əsaslandırmışdır. 09 aprel 2021-ci il tarixdə isə cavabdehin ibtidai istintaq hərəkətlərində iştirak etməməsini isə cavabdehə məxsus ***-***-**-** mobil nömrəsinin anten dairələrinin 09 aprel 2021-ci il tarixdə Şəki ərazisində göstərməməsi ilə əsaslandırmışdır. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi işə qərəzli yanaşaraq təqsirləndirilən şəxsə bəraət vermək üçün müdafiəçinin guya ibtidai istintaq hərəkətlərində iştirak etməməsinə belə yolla don geyindirmişdir. Belə ki, ***-***-**-** mobil nömrə cavabdehə məxsus olsa da, həmin mobil nömrə cavabdehə məxsus mobil nömrələrdən sadəcə biridir. Əldə etdiyi məlumatlara görə işə baxan birinci instansiya məhkəməsi məhkəmə iclasında elektron məhkəmə portalı vasitəsi ilə cavabdehə məxsus digər nömrələri də əldə etsə də, sadəcə olaraq ***-***-**-** mobil nömrəsinin anten dairələrinin Şəki şəhərində olmamasını bəhanə gətirərək digər nömrələrin anten dairələrinin Şəki şəhərində olub-olmamasını araşdırmamışdır. Belə ki, cavabdehə məxsus dörd mobil nömrə yəni, ***-***-**-**, ***-***-**-**, 055 ***-**-** və ***-***-**-** nömrələri mövcuddur. Lakin nədənsə işə baxan birinci instansiya məhkəməsi cavabdehin digər nömrələri də anten dairələrinin Şəki şəhərində olub-olmamasını nəzərə almamışdır. Ümumiyyətlə cavabdeh hesab edir ki, mobil telefon nömrəsinin anten dairəsi ilə mobil nömrə sahibinin yerinin müəyyən edilməsi də məntiqi təfəkkürə ziddir. Belə ki, cavabdehə məxsus mobil nömrənin anten dairəsinin Şəki şəhərində deyil, digər rayonda olması onun yox, mobil nömrənin həmin ərazidə olmasına dəlalət edir. Belə ki, cavabdeh ona məxsus mobil nömrəni daimi və ya müvəqqəti istifadə və digər məqsədlər üçün digər şəxsə və ya şəxslərə də verə bilər. Mobil nömrə insan orqanizminin bir üzvü deyil ki, mobil nömrə olan ərazidə mobil nömrə sahibinin də olmasına dəlalət etsin. Qanunvericilik mobil nömrənin digər şəxslərə verilməsini qadağan etməyib və mobil nömrə sahibinin daima ona məxsus mobil nömrənin daima öz üzərində daşıması kimi vəzifə qoymayıb. Bundan əlavə qərarda qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X7 məhkəmə istintaqında verdiyi ifadəsində müdafiəçisi Cavabdeh 09 aprel 2021-ci il tarixdə müstəntiq Araz Vəlizadə tərəfindən onunla bağlı apardığı istintaq hərəkətlərində iştirak etmədiyini göstərmişdir. Lakin həmin sənədlərdən görünür ki, sənədlərə təqsirləndirilən şəxsin özü də imza etmiş, həmçinin ibtidai istintaqın qurtarması haqqında məlumat verilməsi barədə protokolda təqsirləndirilən şəxs öz xətti ilə qeyd etmişdir ki, “mənə müdafiəçim Cavabdeh iştirakı ilə ibtidai istintaqın qurtarması elan edildi”. Bütün bu qeyd edilənlər nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsdən soruşulmamışdır ki, əgər müdafiəçinin iştirakı olmadan ibtidai istintaq hərəkəti aparılırdısa, nəyə görə həmin sənədlərə təqsirləndirilən şəxs tərəfindən imza edilirdi, nəyə görə öz xətti ilə qeyd edirdi ki, “müdafiəçim Cavabdeh iştirakı ilə mənə elan edildi”. Cavabdeh həmçinin qeyd edir ki, qeyd edilən cinayət işi üzrə qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli hökmdən də görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən həmin cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq Araz Vəlizadə ifadə vermiş və ifadəsində bildirmişdir ki, “təqsirləndirilən şəxs X7 ilə bağlı olan bütün istintaq hərəkətləri o cümlədən 09 aprel 2021-ci il tarixdə Şahmarla bağlı istintaq hərəkətləri X4 vəkilinin iştirakı ilə aparılmışdır”. Göründüyü kimi birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şəki ŞRPŞ İB-nin müstəntiqi X9 da cavabdehin bütün istintaq hərəkətlərində iştirak etməsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs əgər onun müdafiə hüquqlarının pozulması əsası ilə müdafiəçinin iştirak etməməsini birinci instansiya məhkəməsində qabardaraq məhkəmənin nəzərinə çatdırırsa deməli, təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan ibtidai istintaq hərəkətinin aparılmasının onun müdafiə hüquqlarının pozulmasını bilirdi. Əgər bunu bilirdisə və müdafiəçi ibtidai istintaq hərəkətlərində iştirak etmirdisə nəyə görə həmin vaxtı müstəntiqdən müdafiəçinin iştirakını tələb etmirdi. Təqsirləndirilən şəxs tərəfindən həmin sənədlərin imzalanması özü-özlüyündə müdafiəçinin həmin istintaq hərəkətlərində iştirakının olmasının ən mötəbər sübutudur. Əgər təqsirləndirilən şəxs tərəfindən məhkəmə zamanı bu xüsusatlar qeyd edilirsə deməli, onun bəraət ala bilməsi üçün kimsə və ya kimlərsə tərəfindən belə məzmunda çıxış edilməsi istənmişdir. Cavabdeh qeyd edir ki, əldə etdiyi məlumatlara görə təqsirləndirilən şəxs X7 ilk öncə məhkəmə iclasında belə bir fikir səsləndirmişdir ki, guya cavabdeh 09 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər X1 inzibati binasında olmuşdur. Buna görə də işə baxan hakim tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına sorğu verilərək cavabdehin 09 aprel 2021ci il tarixə Azərbaycan Respublikası Vəkillər X1 inzibati binasında olub-olmaması barədə məlumat istənmiş, lakin Azərbaycan Respublikası Vəkillər Kollegiyasından məhkəməyə məlumat verilmişdir ki, vəkil Cavabdeh 09 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər X3 inzibati binasında olması barədə məlumat mövcud deyil. Buradan da açıq aydın görünür ki, təqsirləndirilən şəxs X7 bəraət almaq üçün müdafiə hüququnun pozulmasını qabardır. Lakin təqsirləndirilən şəxsin bu dəlili fiasko olduğu üçün işə baxan hakim tərəfindən cavabdehin telefon nömrəsinin anten dairələrinə dair mobil operatora sorğu verilmişdir. Halbuki, iddiaçı barəsində heç bir cinayət təqibi getmədiyi halda cavabdehin şəxsi həyatına aid məlumatların əldə edilməsi ən azından onun şəxsi həyatının toxunulmazlığını pozmuşdur.
5. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 4 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1827/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh apellyasiya şikayətini etirazın dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1827/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1827/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1827/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 783-İQ nömrəli Qanununun: 1-ci maddəsinin İİ hissəsinə əsasən, vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin maddənin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi vəkilliyin əsaslarını təşkil edir. 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. 5-ci maddəsinə görə, vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. 14-cü maddəsinin 1-ci hissəsinə əsasən, Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X2 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". 16-cı maddəsinin İ hissəsinə görə, peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir; mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır; vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir; vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir. 18-ci maddəsinə əsasən, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.
13. "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin: 1.2-ci maddəsinə əsasən, hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 1.3-cü maddəsində göstərilmişdir ki, hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. 1.5-ci maddəsində göstərilmişdir ki, vəkillərin davranışı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. Əsasnamənin 2-ci hissəsinə müvafiq olaraq vəkilin davranış qaydalarına əsasən: 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 3.4-cü maddəyə görə vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. 6.4-cü maddəyə əsasən ki, bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
14. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin birinci abzasına əsasən, Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu nizamnamənin tələblərinə vəkillərin davranış qaydalarına əməl etməlidirlər.
15. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 22-ci maddəsinə əsasən, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. Həmin maddənin Vİİİ hissəsinə görə, Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. 23-cü maddəsinə əsasən, vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Maddənin İİ hissəsinə görə, vəkillərin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1827/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(075)- 49/2021 nömrəli xüsusi qərarından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxılaraq, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(075)-49/2021 nömrəli hökmünə əsasən Şahmar Kərimova təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir.
20. Belə ki, məhkəmə baxışında X4 idarə etdiyi nəqliyyat vasitəsindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətlərinin qanunun tələblərinin kobud surətdə pozulması ilə aparıldığı, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlar arasında aradan qaldırılmayan ziddiyyətlər və şübhələrin olması müəyyən edilmişdir. Həmçinin, cinayət işində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında Şəki Şəhər-Rayon X8 Bölməsinin müstəntiqi X6 09 aprel 2021-ci il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi haqqında qərar 09 aprel 2021-ci il tarixdə saat 14:30-da müdafiəçisi Cavabdeh iştirakı ilə ona elan edilmiş, ittihamın mahiyyəti, habelə Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri ona izah olunmaqla qərarın surəti, hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş alınmışdır.
21. Bundan başqa cinayət işində olan təqsirləndirilən şəxs X4 dindirilməsinə dair 09 aprel 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X7 09 aprel 2021-ci il tarixdə saat 15:00-dan saat 16:45-dək Şəki Şəhər-Rayon Polis Şöbəsinin müstəntiq otağında vəkili Cavabdeh iştirakı ilə Şəki Şəhər-Rayon X8 Bölməsinin müstəntiqi X9 tərəfindən dindirilmişdir. Bundan başqa cinayət işinin ikinci cild 63-cü vərəqəsində olan 09 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Cavabdeh ibtidai istintaqın qurtarması haqqında məlumat verilməsi barədə protokoldan görünür ki, Şəki şəhər-rayon X8 Bölməsinin müstəntiqi X9 tərəfindən həmin şəxslərə 12 aprel 2021-ci il tarixdə saat 15:30-dan etibarən Şəki ŞRPŞ-nin inzibati binasında cinayət işinin materialları, maddi sübutlar, istintaq hərəkətinə dair protokollarla tanış olmaq hüquqları izah edilmişdir.
22. Təqsirləndirilən şəxs X7 məhkəmə istintaqında verdiyi ifadəsində müdafiəçisi Cavabdeh 09 aprel 2021-ci il tarixdə müstəntiq Araz Vəlizadə tərəfindən onunla bağlı apardığı istintaq hərəkətlərində iştirak etmədiyini göstərmişdir.
23. Belə olan halda birinci instansiya məhkəməsinin sorğusu ilə Bakcell MMC-dən götürülmüş müştəri zənglərinin detallaşması ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X4 ibtidai istintaq dövründəki müdafiəçisi Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəsi 09 aprel 2021-ci il tarixdə səhər saat 06:03:06-da Şəki şəhəri Muxtar Hacıyev küçəsində anten dairəsində, bundan sonrakı dövrdə isə Yevlax, Ağdaş, Kürdəmir, Hacıqabul, ərazisinin anten dairələrində olmaqla həmin gün saat 11:43:44-dən saat 17:55:27-dək Bakı şəhəri ərazisinin müxtəlif anten dairələrində, bundan sonrakı saatlarda isə Xırdalan şəhəri, Abşeron rayonu, Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının anten dairələrində olmaqla sonuncu dəfə həmin gün saat 23:36:33-də Şəki rayonunun Orta Zəyzid kəndinə aid anten dairələrində olmuşdur.
24. Görünüyü kimi, müdafiəçi Cavabdeh müdafiəsində olduğu təqsirləndirilən şəxs X7 ilə 09 aprel 2021-ci il tarixdə aparılan istintaq hərəkətlərində iştirak etməli olduğu halda bunu etməmişdir.
25. Əksinə təqsirləndirilən şəxs X7 ilə bağlı istintaq hərəkətləri aparılarkən müdafiəçisi Cavabdeh iştirakı olmadan tərtib edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardakı, təqsirləndirilən şəxs X4 dindirilməsinə dair xx.xx.2021-ci il tarixli protokoldakı, xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Cavabdeh ibtidai istintaqın qurtarması haqqında məlumat verilməsi barədə protokoldakı imzalar həmin tədbirlərdən sonra müdafiəçi Cavabdeh tərəfindən icra edilməklə təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuşdur.
26. Yuxarıda qeyd olunanlara əsasən cinayət işinin ibtidai araşdırılması zamanı nöqsan və qanun pozuntularına yol verməsi səbəbindən müdafiəçi qismində iştirak etmiş Şəki Regional Vəkil Bürosunun vəkili qismində işləmiş, hazırda Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində xüsusi qərar çıxarılmışdır.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun, "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyasının Nizamnaməsinin yuxarıda göstərilən tələblərini pozduğundan Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması barədə Azərbaycan Respublikası Vəkillər X1 gəldiyi nəticə əsaslı olmuşdur.
28. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(116)-1827/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.