Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-330/2021 27.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0.10 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə uyğun olaraq onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-418/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “0.10 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə uyğun olaraq onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya 02 dekabr 2020-ci il tarixdə yardım məktubu göndərilərək, nəzərinə çatdırılmışdır ki, qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Yardım məktubunu aldıqdan sonra iddiaçı cavabdehin ona ünvanladığı 15.10.2020ci il tarixli, **********29 nömrəli imtina məktubunu məhkəməyə poçt vasitəsilə göndərmiş və sözügedən sənəd 15.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh 17 saylı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı imtina məktubundan müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana “Şəhriyar müştərək müəssisəsi”nə ayrılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. İşlə bağlı 17.03.2021-ci il tarixə məhkəmə iclası təyin edilərək, tərəflərə bu barədə bildiriş göndərilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı isə məhkəməyə 15.03.2021-ci il tarixdə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın başqa vaxta təyin edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi məqsədilə iddiaçıya yenidən yardım məktubunun göndərilməsi zərurəti yarandığından 17.03.2021-ci il tarixdə keçirilən məhkəmə iclası təxirə salınmış və iddiaçıya yenidən 31.03.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, məhkəmə araşdırması zamanı onun məhkəməyə təqdim etdiyi iddia ərizəsi və cavabdehin ona ünvanladığı 15.10.2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, o, "xxxx" müştərək müəssisəsinə ayrılmış 0.10 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsini cavabdehdən xahiş etməsinə baxmayaraq, iddia ərizəsində iddiaçı qismində öz adını qeyd etmişdir. Odur ki, əgər tələbi "xxxx" müştərək müəssisəsinə ayrılmış 0.10 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi ilə bağlıdırsa iddiaçı qismində "xxxx" müştərək müəssisəsinin adını qeyd edərək, yenilənmiş iddia ərizəsini məhkəməyə təqdim etməsi iddiaçıya tövsiyyə edilmiş və bununla bağlı ona 10 gün vaxt verilmişdir. İddiaçı 31.03.2021-ci il tarixli yardım məktubunu aldıqdan sonra məhkəməyə ərizə ünvanlamış və ərizə məhkəməyə 21.04.2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı ərizəsində qeyd etmişdir ki, tələbdə qeyd olunan torpaq sahəsinin "xxxx" Müştərək Müəssisəsinin adına qeydiyyata alınmasını xahiş edir. İddiaçının qeyd olunan 21.04.2021-ci il tarixdə məhkəməyə daxil olan ərizəsinin düzgün tərtib olunmadığı müəyyən edilmiş və bu səbəblə ona növbəti dəfə yardım məktubu ünvanalanaraq nəzərinə çatdırılmışdır ki, ərizə İPM-nin 27-ci və 46-cı maddələrinin tələblərinə cavab vermir. Yardım məktubu ilə iddiaçıya tövsiyyə edilmişdir ki, iddia ərizəsində iddiaçı qismində "xxxx" Müştərək Müəssisəsinin adını qeyd edərək, yuxarıda sadalanan normaların tələblərinə uyğun tərtib olunmuş iddia ərizəsini məhkəməyə təqdim etsin. Həmçinin qeyd edilmişdir ki, iddia "xxxx" Müştərək Müəssisəsinin adından qaldırıldığı halda, həmin müəssisənin nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və iddia ərizəsini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədlər də iddia ərizəsinə əlavə edilməlidir. İddiaçı yardım məktubunu 12.05.2021-ci il tarixdə almış və iddia ərizəsi tərtib edərək məhkəməyə ünvanlamış və ərizə məhkəməyə 31.05.2021-ci il tarixdə daxil olmuşdur. Tərtib etdiyi iddia ərizəsində iddiaçı bildirmişdir ki, "xxxx" Müştərək Müəssisəsi 1996-cı ildə bağlanmış və əldə heç bir sənəd olmadığı üçün məhkəməyə təqdim edə bilmir. İddia ərizəsində iddiaçı 0.10 ha torpaq sahəsinin "xxxx" Müştərək Müəssisəsinin adına deyil, filialın sədri kimi onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İ. Cabbarov) 04 iyun 2021-ci il tarixli, 2-1(116)- 418/2021 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-418/2021 nömrəli qərardadı ilə raılaşmır. ona görə də 0,10 hektar torpağın Şəhriyar” X1 rayon filialına verilməsini və X2 xüsusi mülkiyyətində qalmasının təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-418/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsində təsbit olunmuş halı müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Bundan başqa, öhdəliyin icrası haqqında iddiaların mümkünlük şərtlərindən biri də iddiaçının analoji tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etməsidir. İş materiallarından görünür ki, iddiaçı ilkin tələbində 0.10 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Lakin cavabdehin imtina məktubundan müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsinin "xxxx" Müştərək Müəssisəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçıya yardım məktubu ünvanlanaraq tələbini dəqiqləşdirməsi tövsiyyə edilmiş və iddiaçı torpaq sahəsinin Müəssisənin adına qeydiyyata alınmasını xahiş etmişdir. Lakin onun ərizəsi İPM-nin 27-ci və 46-cı maddələrinin tələblərinə cavab vermədiyindən ona yenidən yardım məktubu ünvanlanmış və iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim etməsi tövsiyyə edilmişdir. Lakin iddiaçı sonuncu ərizəsində nöqsanları aradan qaldırmamış, sadalanan normaların tələblərinə uyğun iddia ərizəsi tərtib etməmişdir. Həmçinin iddiaçı torpaq sahəsinin müəssisənin deyil, özünün adına qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçının sonuncu ərizəsindən ərizəsinin İPM-nin 27-ci və 46-cı maddələrinin tələblərinə cavab verməməsi ilə yanaşı, həmçinin onun tələbinin konkret olmadığı müəyyənləşir. Belə ki, iddiaçı ərizələrinin bir qismində 0.10 ha torpaq sahəsinin onun adına, digər qismində isə Müəssisənin adına qeydiyyata alınmasını xahiş edir. Bundan başqa cavabdehin ona ünvanladığı 15.10.2020-ci il tarixli məktubda onun müraciətinin təmin olunmasından faktiki olaraq imtina olunmamış, ona ilkin hüquqmüəyyənedici sənədlərin təqdim olunması təklif olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan istənilən iddia, onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlük şərtləri yerinə yetirildiyi halda məhkəmə icraatı yolveriləndir. Bununla əlaqədar ilk öncə məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən iddianın mümkünlüyü əsasları işə baxan məhkəmə tərəfindən tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlanılmalıdır İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan normaların mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Beləliklə də iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir. Əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Bu halda həm də qeyd etmək lazımdır ki, iddianın mümükünlük şərtlərini sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri mövcud deyil. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam vəya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-418/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(116)-418/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-330/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-330/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver