Məhkəmə qərarları › İş №2-1(107)-330/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-330/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-330/2022 20.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin X3rşı “xx.xx.1987ci il tarixdən-xx.xx.2001-ci il tarixinə kimi keçmiş X2 sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-965/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin X3rşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1987-ci il tarixdən-xx.xx.2001-ci il tarixinə kimi keçmiş X2 sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-12101/2021 nömrəli qərardadı ilə inzibati iş, aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ИТ-İ ******* №-li əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətini, həmçinin təhsil aldığı, hərbi xidmətdə olduğu müddəti nəzərə almaqla, 65 yaşının bitdiyi xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, hərbi bilet, şəhadətnamə) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən xx.xx.1987-xx.xx.2001-ci illər üzrə 14 il, 2 ay, 8 gün müddəti mübahisələndirmiş, iddia tələbinə etirazını - qeyd edilən müəssisədə işlədiyi müddətdə iddiaçıya əmək haqqının ödənilib-ödənilməməsinin yoxlanmasının mümkün olmaması ilə əsaslandırmışdır. Cavabdeh qeyd etmişdir ki, mübahisələndirdiyi dövrlər nəzərə alınmadan sosial sığorta stajı hesablandıqda iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 illik sığorta stajı yaranmır, həmçinin, müəssisənin mövcudluğu ilə bağlı aidiyyəti orqanlara verilmiş sorğularda həmin müəssisəyə dair hər hansı məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. ИТ-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1977 – xx.xx.1986 (8 il 7 ay 27 gün), xx.xx.1986-xx.xx.1987 (6 ay 26 gün), xx.xx.1986 – xx.xx.1986 (1 ay 15 gün), xx.xx.1987-xx.xx.2001 (14 il 2 ay 26 gün), H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1977 -ci illərdə hərbi xidmətdə olmuşdur. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, xx.xx.1956-cı ildə anadan olmuşdur. 269518 №-li şəhadətnamədən görünür ki, iddiaçı, Mingəçevir Avtomobil məktəbində xx.xx.1974-xx.xx.1975-ci illərdə (3 ay) təhsil almışdır. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-965/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, İddiaçı xx.xx.1987-xx.xx.2001-ci il illərdə keçmiş X2 sürücü vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla, ona hüququnun yarandığı – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-965/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qey etmişdir ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1956-ci ildə anadan olmuşdur. O, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yasda 23 iyul 2021-ci il tarixdə pensiya yaşına çatmışdır. Belə ki, iddiaçı ona yaşa cıörə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq onun hüququ yaranan tarixdə Qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2021 ci il tarixli, **********2 nömrəli imtina cavabı verilmişdir. Həmçinin iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, təqdim olunan xx.xx.1985-ci il tarixində tərtib edilmiş lAT-l № ******* saylı əmək kitabçasına və HZ № ******* saylı hərbi biletə əsasən İddiaçı sığorta stajı 15 il 8 av olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01,2006-cı ildən xx.xx.2018-ci ilədək pensiya kapitalı qeyd olunmamışdır.Əlavə olaraq qeyd olunur ki. Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının Qəbələ rayon Dövlət Arxivində saxlanılan sənədlər əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktına əsasən əmək kitabçasında qeyd olunmuş iddiaçının xx.xx.1987- ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qəbələ Avtonəqliyyat müəssisində olan əmək fəaliyyətinin araşdırılması zamanı müəssisəyə aid olan əmr və sərancam kitablarında iddiaçının adının aşkar edilməsinə baxmayaraq əməkhaqqı hesablama cədvəlləri arxivdə saxlanılmadığı üçün əməkhaqqının ödənişinin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir.Qeyd olunanları nəzərə alaraq iddiaçıya yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina cavabından müəyyən olunduğu üzrə iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı onun əmək kitabçasında qeyd olunan müddətlər və hərbi xidmətdə olduğu dövrə əsasən ümumilikdə 15 il 8 ay təşkil edir. İddiaçının mübahisələndirilən sosial sığorta stajı isə xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qəbələ Avtonəqliyyat müəssisində işlədiyini iddia etdiyi dövrərdir. Həmin dövr 14 il 2 av 8 gün təşkil edir. İddiaçının mübahisələndirilən sosial sığorta stajının araşdırılması məqsədilə müxtəlif orqanlara sorğu göndərilmişdir. İddiaçının xx.xx.1987xx.xx.2001-ci illərdə Qəbələ Avtonəqliyyat müəssisində işlədiyi dövrlərə dair məlumatların göndərilməsi məqsədilə Qəbələ rayon Dövlət Arxivinə xx.xx.2021- ci il tarixli **********2 nömrəli sorğu göndərilmişdir. İddiaçının mübahisələndirilən dövrlərdə işlədiyini iddia etdiyi müəsisənin fəaliyyətinə dair məlumatların əldə edilməsi ilə əlaqədar AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər idarəsinə və 10 saylı Vergilər idarəsinə müvafiq olaraq xx.xx.2021 - ci il tarixli, **********7 nömrəli və xx.xx.2021 -ci il tarixli**********9 nömrəli sorğular göndərilmişdir. İddiaçının mübahisələndirilən dövrlərdə işlədiyini iddia etdiyi müəsisəyə dair məlumatların əldə edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qəbələ Rayon Statistika İdarəsinə xx.xx.2021-ci il tarixli, **********4 nömrəli sorğu göndərilmişdir. İddiaçının mübahisələndirilən dövrlərdə işləməsinə dair məlumatların əldə edilməsi məqsədilə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qəbələ Rayon Statistika İdarəsi tərəfindən sorğumuza cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli, № 111 nömrəli məktubda söüzgedən hüquqi şəxsə dair məlumatların dövlət reyestrində mövcud olmadığı qeyd edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sorğumuza cavab olaraq göndərilmiş xx.xx.2021 -ci il tarixli, № 104-02-07/573-21 nömrəli məktubda əməkhaqqı və digər sənədlərin X5 Xidmətinin arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. Mübahisələndirilən dövrlərə dair tərəfimizdən verilmiş sorğulara cavab olaraq iddiaçının həmin dövrlərdəki iş stajını təsiqedici məlumatlar müəyyən edilməmişdir. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı 15 il 8 ay təşkil edir. Mübahisələndirilən dövrlər ümumilikdə 14 il 2 ay 8 gün gün təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından az olduğundan İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2- 1(116)-965/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-965/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdehin iddiaya qarşı dəlilləri ondan ibarətdir ki, iddiaçıya işlədiyi dövrdə əmək haqqının hesablanmasının və ödənilməsinin yoxlanılması mümkün olmamış, müəssisənin mövcudluğu ilə bağlı aidiyyəti orqanlara verilmiş sorğularda həmin müəssisənin fəaliyyət göstərməsi ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh orqanın hər iki dəlilini əsassız hesab edir. Belə ki, işin hallarından görünür ki, idiaçının 2 il hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.1987xx.xx.2001-ci illərdən başqa əmək kitabçasında qeyd edilmiş, digər əmək fəaliyyəti müddətləri mübahisələndirilmir. İş materiallarında olan, ИТ-İ ******* №-li əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 23 il 7 ay 3 gün qeyd edilmişdir. Cavabdeh həmin müddətin xx.xx.1987-xx.xx.2001-ci illər üzrə 14 il, 2 ay, 8 gün müddətini mübahisələndirir və bunun qeyd olunan dövrdə iddiaçının əmək fəaliyyətinin yoxlanılmasının mümkün olmaması ilə izah edir. Bununla belə, cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir.Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Həmçinin, cavabdeh, iddia tələbinə etirazda qeyd edir ki, DSMF-nun 14 saylı regional Ərazi Filialının Qəbələ rayon Dövlət Arxivində saxlanılan sənədlər əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş, iddiaçının xx.xx.1987-xx.xx.2001-ci illərdə X1 əmək fəaliyyətinin araşdırılması zamanı müəssisəyə aid olan əmr və sərəncam kitablarında iddiaçının adı aşkar edilməsinə baxmayaraq, əmək haqqı hesablama cədvəlləri arxivdə saxlanımadığı üçün əmək haqqı ödənişinin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Göründüyü kimi cavabdeh orqan, müəssisəyə aid olan əmr və sərəncam kitablarında iddiaçının adının aşkar edilməsini qeyd etməklə, iddiaçının həmin müəssisədə işləməsini özü də təsdiq edir. Buna baxmayaraq, əlavə olaraq əmək haqqı cədvəllərinin araşdırılmasına ehtiyac olduğunu bildirir. Lakin, belə bir araşdırmanın aparılmasına ümumiyyətlə ehtiyac yoxdur. Belə ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li qərarında əks olunmuş hüquqi mövqe). Müəssisənin mövcudluğu ilə bağlı aiddiyyəti orqanlara verilmiş sorğuların müsbət cavablandırılmaması ilə bağlı cavabdeh orqanın dəlilinə gəldikdə isə, bu hal cavabdeh orqanın təqdim etdiyi etirazla təkzib olunur. Belə ki, etirazda qeyd edilir ki, X1 əmək fəaliyyətinin araşdırılması zamanı müəssisəyə aid olan əmr və sərəncam kitablarında iddiaçının adı aşkar edilmişdir. Odur ki, cavabdeh orqanın həmin müəssisəsinin mövcudluğuna şübhə ilə yanaşması anlaşılan deyil. Beləliklə, iddiaçının, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmiş əmək stajı (25 il 10 ay 3 gün) ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçının müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-965/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar