Məhkəmə qərarları › İş №2-1(107)-331/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-331/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-331/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 14 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-825/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 05 mart 2024-cü il tarixli 2- 1(116)-825/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 14 nömrəli iclas protokolunun qərarına əsasən iddiaçıya ayrılmış 0.11 ha torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən аpеllyаsiyа şikаyəti verilmiş, həmin apellyasiya şikayəti 24 aprel 2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2- 1(107)-331/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin Şəki İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2-1(116)-825/2024 nömrəli qərarından verdiyi 24 aprel 2024-cü il tarixli apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdır. Daha sonra, 22 may 2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2-1(116)-825/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən yenidən аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi ərizəsində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2-1(116)-825/2024 nömrəli qərarını elektron məhkəmə sistemindən 09 aprel 2024-cü il tarixdə əldə edə bilmişlər və həmin tarixdə də qərar ərazi idarəsi tərəfindən qeydiyyata alınmışdır. Tərəflərindən prosessual müddət də 09 aprel 2024-cü il tarixdən hesablanaraq 23 aprel 2024-cü il tarixdə apelyasiya şikayəti tərtib edilərək 24 aprel 2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Şəki Apelyasiya Məhkəməsi 14 may 2024-cü il tarixdə verilmiş apelyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 8 gün ötürdükləri qənaətinə gələrək apelyasiya şikayətini mümkün saymamış və şikayətin icraata qəbulundan imtina etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2024-cü il tarixdə ölkə ərazisində qeyri-iş günü olduğu üçün 9 saylı Qəbələ Ərazi İdarəsində də iş günü olmamışdır. Sözügedən qərarın xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilməsi də qeyri-mümkündür və qərar Ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə əldə edilməmişdir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi olaraq mütəmadi olaraq hər gün elektron məhkəımə sisteminə nəzarət edirlər, lakin Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-825/2024 nömrəli qərarını elektron məhkəmə sistemindən gec əldə etmişlər. “Elektron məhkəmə” informasiya sistemi onlar üçün yeni bir sistemdir və kifayət qədər yüklü bir sistemdir. Eyni zamanda sistemdən istifadədə də müəyyən texniki problemlərlə qarşılaşırlar. Bu da internetin gücündən və digər texniki problemlərdən irəli gəlir. Qarşılaşdıqları problemləri nəzərə alaraq məhkəmə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-825/2024 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin buraxılması səbəbini üzürlü hesab edə bilər. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-825/2024 nömrəli qərarından apelyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi ilə müəyyən edilmiş 30 gün müddətin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən buraxılma səbəbini üzürlü hesab edərək buraxılmış prosessual müddətin bərpa edilməsi və apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 04 iyun 2024-cü il tarixə, saat 10:40-a təyin edilmiş, cavabdehə bu barədə rəsmi məlumat verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin nümayəndəsi Nümayəndə izahatında ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, onlar mütəmadi olaraq elektron sistemə nəzarət etsələr də, müvafiq qərarı 09 aprel 2024-cü il tarixində əldə edə bilmişlər və əldə etdikdən sonra həmin tarixdən müddəti hesablayaraq 24 aprel 2024-cü il tarixdə həmin apellyasiya şikayətini məhkəməyə təqdim etmişlər. Əlavə olaraq qeyd etmək istəyir ki, həmin qərar birinci instansiya məhkəməsi tərəfindən 17 mart 2024-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir və həmin tarixdə ölkə ərazisində qeyriiş günü olmuşdur. Elektron sistemdə olan probləmlə əlaqədar olaraq elektron sistemə baxsalar da, həmin qərarı 09 aprel 2024-cü il tarixində görə biliblər. Elektron sistemdə olan problemlərə dair hər hansı sübutları yoxdur və yuxarıda göstərilən səbəbləri nəzərə alaraq apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatı iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdeh orqanın apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli və həmin ərizə ilə birlikdə göndərilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1.3. inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.3. ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.5. ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 24.6. buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır. Belə ki, iş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2-1(116)-825/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə, saat 15:22-də “Elektron Məhkəmə İnformasiya Sistemində” cavabdehin elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-2132/2024 nömrəli müşayiət məktubu ilə imzalanaraq xx.xx.2024-cü il tarixdə birbaşa məhkəməyə verilmişdir. Göründüyü kimi, məhkəmənin qərarı cavabdeh tərəfindən 17 mart 2024-cü il tarixdə qəbul edilmiş, şikayəti isə 24 aprel 2024-cü il tarixdə, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi isə həm məhkəmə iclasında, həm də ərizədə mübahisələndirilən qərarı sistem vasitəsi ilə 09 aprel 2024-cü il tarixdə əldə etdikdən sonra vaxtında apelyasiya şikayəti verdiklərini, eyni zamanda 17 mart 2024-cü il tarixinin qeyri-iş günü olduğundan qərarı əldə edə bilmədiklərini bildirmiş, apelyasiya şikayəti verilməsi üçün prossesual müddətin ötürülmədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, məhkəmə qərarının məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qərarı proses iştirakçılarının həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir, onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır və bu halda məhkəmə qərarı rəsmi qaydada təqdim olunmuş hesab edilir. Nəzərə alınmalıdır ki, hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunmalıdır. Cavabdeh tərəfindən isə apellyasiya şikayətinin məhz qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ərzində təqdim olunduğunu təsdiq edən sübut apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Eyni zamanda, 17 mart 2024-cü il tarixi qeyri-iş gününə təsadüf etsə də, 18 mart 2024-cü il tarixi növbəti iş günü olmuşdur. Cavabdehin nümayəndəsinin bu qeyd etdiyi arqument əsaslı sayılmış olsa belə, cavabdehin həmin qərarı 18 mart 2024-cü il tarixdə əldə etməsi imkanı nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliklə nəzərdə tutulmuş apelyasiya şikayəti verilməsi müddəti yenə də ötürülmüşdür. Bundan başqa, cavabdeh tərəfindən məhkəmə qərarının məhz 09 aprel 2024-cü il tarixdə aldıqlarını təsdiq edən sübut apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Ona görə də, kollegiya hesab edir ki, işdə olan sübutlar əsasında qərardad qəbul edilməlidir. Göründüyü kimi, cavabdeh Şəki İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2- 1(116)-825/2023 nömrəli qərarını xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə aldıqdan sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 8 gün ötürmüşdür. 18 mart 2024-cü il tarixdən hesablandığı halda isə 07 gün müddət ötürülmüşdür. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzrlü səbəbdən buraxılması barədə müvafiq mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin müddətin ötürülməsinə səbəb kimi istinad etdiyi digər hal “Elektron Məhkəmə İnformasiya Sistemi”nin onlar üçün yeni bir sistem olması, kifayət qədər yüklü bir sistem olması, eyni zamanda sistemdən istifadədə də müəyyən texniki problemlərlə qarşılaşdıqları, bunun da internetin gücündən və digər texniki problemlərdən irəli gəlməsi kimi əsaslandırılmışdır. Məhkəmə kollegiyasının müddət bərpası barədə ərizədə qeyd edilən dəlillər ilə bağlı, yəni cavabdeh inzibati orqanın elektron kabinetində hər hansı sistem xətası ilə bağlı sübutların olub-olmaması barədə sualına cavabdehin nümayəndəsi onunla bağlı hər hansı sübut təqdim edə bilmədiyini bildirmiş, yalnız ərizəsini müdafiə etməklə kifayətlənmişdir. Həmçinin, mübahisəyə dair iş üzrə materiallardan da görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə apellyasiya şikayəti də vermişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi nəticəsinə gəldiyindən, kollegiyanın qənaətinə görə cavabdehin ərizə ilə birlikdə verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə də qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd edilənlər apellyasiya şikayəti vermə müddətinin bərpasına əsas ola bilməz. Ona görə də, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən Şəki İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2-1(116)-825/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli və həmin ərizə ilə birlikdə göndərilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20, 22-24, 85 və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin Şəki İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2- 1(116)-825/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin və həmin ərizə ilə birlikdə göndərilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar