Məhkəmə qərarları › İş №2-1(107)-331/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-331/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-331/2025 04.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X4 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ünvanlı dövlət sosial yardımın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1847/2025 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “Ailə tərkibinin düzgün göstərilməməsi bəhanəsi ilə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi barədə cavabdehin qanunsuz imtina qərarının ləğv edilməsi və 01 aprel 2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “ünvanlı dövlət sosial yardımın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2-ci uşağı anadan olduqdan sonra ailəyə təyin olunmuş sosial yardımı dayandırmışdır. 4 nəfərdən ibarət (o, əri və iki uşağı) ailə tərkibi haqqında arayışı təsdiqlədib xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli “ərizə bəyannamə” ilə müraciət edən zaman ailənin tərkibində, gəlirlərində, kommunal və rabitə xərclərində uyğunsuzluq və kənarlaşma aşkar etməyərək VEMTAS imtina cavabı verməmişdir. Ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı ünvanda yaşayan, ayrı təsərrüfat aparan, Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən keçmiş ailə üzvləri sayılan valideynlərin ailəsinə görə ailə tərkibinin düzgün göstərilməməsi bəhanəsi ilə qanunsuz imtina cavabı verilmişdir. Halbuki valideynlər onun ailəsini saxlamağa borclu deyillər və ayrı təsərrüfat aparırlar. Ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə ev təsərrüfatına malik olmaları müəyyən olunmalıdır.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********956 nömrəli ərizə ilə müraciət etmişdir.

5. Maddi-məişət şəraitinin müayiəsi zamanı müəyyən olunmuşdur ki, sözügedən müraciətində ərizəçi İddiaçı ailə tərkibi barədə məlumatları düzgün göstərilməmişdir. Buna görə də ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müayinə aktından da göründüyü kimi, maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşlar ərizəbəyannamədə qeyd edilən ünvana yaxınlaşdığı zaman təmsilçi tərəfindən bildirilmişdir ki, yaşadıqları ev qaynatasına məxsusdur. Qaynana və qaynatasının başqa ünvanda yaşadığını bildirsə də müayinə zamanı təmsilçinin qaynanası həyətdə gizlənmiş şəkildə aşkarlanmışdır. Həmçinin evdə təmsilçinin qaynana və qaynatasına dair yaşayış əlamətləri aşkarlanmışdır.

7. İddiaçı yenidən VEMTAS vasitəsilə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********833 nömrəli ərizə ilə müraciət etmişdir.

8. Maddi-məişət şəraitinin müayiəsi zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli müraciətində ərizəçi İddiaçı tərəfindən ailənin tərkibi barədə məlumatlar düzgün göstərilməmişdir. Buna görə də ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müayinə aktından da göründüyü kimi, müayinə zamanı ünvanda olan şəxs təmsilçinin qaynanası X2 idi. Qeydiyyat ünvanı təmsilçinin ərizə-bəyannamədə qeyd etdiyi ünvandır. Ünvanda qaynana və qaynatasına məxsus əşyalar aşkarlanmışdır. Müayinə zamanı təmsilçinin qaynanası başqa ünvanda yaşadığını bildirsə də, əməkdaşlar tərəfindən yaşadığı evi göstərilməsi xahiş edilsə də, göstərə bilməyəcəyini bildirmişdir.

10. Ünvanda təmsilçi, həyat yoldaşı və iki övladı ilə bərabər valideynlərinin yaşadığı aşkar edilmişdir. Təmsilçi ərizə bəyannamədə ailəsinin dörd nəfərdən ibarət olmasını qeyd etmişdir. Mənzildə yaşayan şəxslərin birgə təsərrüfat aparıb-aparmaması araşdırılarkən, təmsilçinin qeyd olunan ünvanda qaynatası və qaynanası ilə birgə təsərrüfat apardığı müəyyən edilmişdir.

11. Belə ki, eyni ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparıb-aparmamasının müəyyən edilməsi üçün zəruri olan hallar aşağıdakılardır: Mənzilin iki ailənin ayrı təsərrüfat aparmaqla yaşaması üçün əlverişli olması; Mənzilin giriş, mətbəx və yaşam üçün vacib digər hissələrinin ayrı yerləşməsi; Mənzilində yerləşən sayğacların (qaz, su, işıq) ayrı yerləşməsi və kommunal xərclərin ayrı ödənilməsi.

12. Lakin tərəflərindən aparılan müayinə zamanı təmsilçi İddiaçı həyat yoldaşının valideynləri ilə birgə yaşamasına baxmayaraq ayrı təsərrüfat aparmaları ilə bağlı heç bir əsas tapılmamışdır. Təqdim olunan monitorinq yoxlaması zamanı tərtib olunmuş aktlara əsasən aşkarlanmış hallara nəzərən ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən faktla: Mənzilin giriş, mətbəx, və yaşam üçün vacib digər hissələr iddiaçının qeyd etdiyi kimi, iki ailənin ayrı-ayrılıqda təsərrüfat aparması üçün əlverişli deyil. Mənzildə yerləşən sayğaclar (qaz, su, işıq) birgədir, kommunal xidmətlərdən birgə istifadə olunur və əgər ünvandakı şəxslər ayrı təsərrüfat aparırlarsa kommunal xərcləri hansı meyar əsasında bölünərək ödənilməsi məlum deyil. Mənzildə yerləşən otaq sayı iki ailənin ayrı təsərrüfat apararaq yaşaması üçün nəzərdə tutulmamışdır.

13. Göründüyü kimi maddi-məişət şəraitinin yoxlaması zamanı ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən bir çox sübutlar əldə olunmuşdur. Əlavə olaraq onuda qeyd edirlər ki, qeyd olunan ünvanda yaşayan şəxslərin ayrı-ayrılıqda təsərrüfat aparmasını təsdiq edən heç bir fakt aşkarlanmamışdır və belə olan halda maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların ünvanda olan şəxslərin ayrı təsərrüfat olmasını qeydə alması mümkün deyildir. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Göründüyü kimi ev təsərrüfatına verilən anlayışdan da, təmsilçinin qeyd etdiyi ünvanda valideynləri ilə birgə təsərrüfat apararaq yaşaması təsdiqini tapır. Eyni zamanda qeyd olunan məsələ ilə bağlı bildirilir ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində "ailə-qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və ya tənha yaşayan şəxslər" olaraq göstərilmişdir. Bu səbəbdən, həmçinin "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimat" (bundan sonra - Təlimat) və Passporta əsasən ailənin ÜDSY ilə bağlı müraciətinə əsasən aparılan maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibində qeyd olunmayan şəxsin ailə ilə birlikdə yaşaması aşkar edildiyi halda ÜDSY təyinatından imtina edilir. Nəzərə çatdırılır ki, ilkin müayinə zamanı təmsilçinin qaynanasının gizlənmiş şəkildə aşkar edilməsi, həmçinin ikinci müraciətində də evdə aşkarlanması, hər iki müraciətinin müayinəsi zamanı evin içərisində qaynana və qaynata üçün ayrıca otağın ayrılması və dolablarda onların paltarlarının olması təmsilçinin qaynatası və qaynanası ilə birgə yaşaması faktını təsdiq edir. Göründüyü kimi tərəflərindən aparılan müayinə zamanı təmsilçinin valideynləri ilə birgə yaşamasına baxmayaraq ayrı təsərrüfat aparmaları ilə bağlı heç bir əsas tapılmamışdır. Əlavə olaraq Ali Məhkəmənin birgə təsərrüfat ilə bağlı mövqeyinə görə sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Göründüyü kimi müayinə zamanı təmsilçinin qida məhsullarını valideynləri ilə birgə istehlak etməsi, gəlir və əmlakın birləşdirilməsi, eyni zamanda əldə edilmiş gəlirlərin ümumi ehtiyaclara sərf edilməsi aşkar edilmişdir. Ailəyə təyin edilmiş sosial yardımın dayandırılması barədə qərar qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Odur ki, İddiaçı "ünvanlı dövlət sosial yardımın təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Şəki İnzibati Məhkəməsinin (hakim X7) xx.xx.2025-ci il tarixli 2-1(116)- 1847/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı vaxtdan bərpa olunması və ödənilməsi öhdəliyi qoyulmuşdur.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılmasında cavabdeh orqan haqlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.

16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1847/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(116)-1847/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək cavabdehin apellyasiya şikayətini təmin etməməyi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il il tarixli 2-1 (116)- 1847/2025 nömrəli qərarını qüvvədə saxlamağı və "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən müraciət etdiyim 01 aprel 2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəmə təyin olunaraq 1 ilin sosial yardım məbləğinin birdəfəlik verilməsi öhdəliyini cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxaraılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 1847/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək onun aztəminatlı ailəsinə 01 aprel 2024 - cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin olunaraq 1 ilin sosial yardım məbləğinin birdəfəlik verilməsi öhdəliyini cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etdi.

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2025-ci il tarixli, 2-1(107)-331/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 71.(İİ) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

23. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.4. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52.Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.

26. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizəyə uyğun olaraq iddia təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

33. Belə ki, iş materiallarından görünür ki, iddiaçı, həyat yoldaşı və onun övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçının həyat yoldaşı (X3) ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, cavabdeh orqan, iddiaçının ailəsinə xx.xx.2023-cü il tarixdən 374.90 manat məbləğində sosial yardım təyin etmişdir.

34. İddiaçı iddia ərizəsinə və iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının ikinci uşağı anadan olduqdan sonra 2024-cü ilin mart ayında “ünvanlı dövlət sosial yardımın”ın dayandırılması üçün cavabdeh orqana müraciət etmişdir.

35. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4-cü maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən ailə üzvlərinin sayında dəyişiklik olduğundan təyin edilmiş sosial yardım xx.xx.2024-cü il tarixdə dayandırılmışdır.

36. xx.xx.2024-cü il tarixdə yenidən ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən qeyd edilən müraciətə rədd cavabı verilmişdir.

37. Cavabdeh orqan rədd edilməsinin əsası kimi təyin edilmiş sosial yardımın dayandırılmasını maddi məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi ilə əsaslandırmışdır. Belə ki, cavabdeh orqanın mövqeyinə görə maddi-məişət şəraitinin müayiəsi zamanı müəyyən olunmuşdur ki, ərizəçi İddiaçı tərəfindən ailənin tərkibi barədə məlumatlar düzgün göstərilməmişdir. Buna görə də ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

38. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Belə ki, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə AR İPM-in 54.3-cü maddəsinə əsasən işə baxan məhkəmə tərəfindən qiymət verilməli və ərizənin icraata qəbul edilib-edilməməsi barədə qərardad qəbul edilməlidr. İş materiallarından görünür ki, iddiaçı bundan sonra xx.xx.2025-ci il tarixdə yenidən birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın sosial yardım almaq hüquqna malik olan ailəsinə təyin olunaraq 1(bir) illik sosial yardımın məbləğinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını təkrar xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən iddianın dəqiqləşdirilmələri barədə ərizəyə hüquqi qiymət verilməmişdir.

39. Bundan əlavə AR İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla yanaşı işinin hallarının araşdırılmnası zamanı birinci instansiya məhkəməsi tərəfindən AR İPM-in 12-ci və 48-ci maddələrinin tələbləri pozulmuşdur.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının dayandırıldığı vaxtdan bərpa olunması və ödənilməsi öhdəliyinin qoyulması ilə ilə bağlı prosessual pozuntuya yol vermiş və yanlış nəticəyə gəlmişdir.

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək onun aztəminatlı ailəsinə 01 aprel 2024 - cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin olunaraq 1 ilin sosial yardım məbləğinin birdəfəlik verilməsi öhdəliyini cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

42. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2025-ci il tarixli, 2-1(107)-331/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Odur ki, kollegiya tərəfindən İddiaçı qeyd olunan iddia tələbi üzrə araşdırma aparılmışdır.

43. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçının qaldırdığı hazırkı iddianı onunla əsaslandırmışdır ki,iddiaçıya ünvanlı dövlət sosial yardımının təmin edilməməsi ilə baglı qərarı ilə cavabdeh orqan haqlı olmamışdır. Belə ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbisosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

44. Məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin aşağıda qeyd olunacaq dəlilləri iddia tələbinin rədd olunması üçün əsas deyil.

45. Belə ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ailəyə verilmiş anlayış əsas götürülməlidir.Ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan 2-si yetkinlik yaşına çatmamışdır. Belə ki, Mingəçevir İH başçısının 1 nömrəli Sahə Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 575 nömrəli arayışı ilə iddiaçının ailə tərkibinin 4 nəfərdən ibarət olması sübuta yetirilir.

46. Cavabdeh orqanın apellyasiya şikayətində qeyd edilmiş, müayinə zamanı ünvanda olan şəxsin iddiaçının qayınanası olması, qeydiyyat ünvanının təmsilçinin ərizəbəyannamədə qeyd etdiyi ünvanla eyni olması, ünvanda qayınana və qayınatasına məxsus əşyaların aşkarlanması, ünvanda təmsilçi, həyat yoldaşı və iki övladı ilə bərabər valideynlərinin yaşadığının aşkar edilmsi, təmsilçinin ərizə bəyannamədə ailəsinin dörd nəfərdən ibarət olmasını qeyd etməsinə dair etirazın dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, iddiaçının yaşadığı Mingəçevir şəhəri, Günəş küçəsi 40 nömrəli ev X1 mülkiyyətindədir. İddiaçı məhkəmə iclasında bildirdi ki, həmin mənzil qayınatasının mülkiyyətindədir. Yaşamağa evləri olmadığına görə qayınatasının evində yaşayırlar.

47. Qanunvericiliyin tələblərinə əsasən, iddiaçının ailəsinin, ərinin ailəsi ilə eyni ünvanda bir yerdə yaşamaları faktının müəyyən edilməsi iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün yetərli əsas sayıla bilməz, Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşayan sözügedən şəxslərin ümumi birgə təsərrüfat aparması halı da müəyyən olunmalı idi.

48. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X5 və X11 (VEMTAS)-ÜDSY alınması/Ailənin faktiki yaşayış ünvanı barədə məlumatdan görünür ki, “Bu ünvanda digər ailələr yaşayır” sualına iddiaçı “bəli” cavabını seçmişdir.

49. Təmsilçinin (İddiaçının) qeyd olunan ünvanda qayınatası və qayınanası ilə birgə təsərrüfat apardığının müəyyən edilməsinə dair etirazın dəlililinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının ailəsinin həmin şəxslərlə birgə yaşama halının mövcudluğu onlarla ümumi birgə təsərrüfat aparmasını birbaşa sübuta yetirən hal kimi nəzərdən keçirilə bilməz. Yəni, sözügedən şəxslərin iddiaçının ailəsi ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olub-olmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır.

50. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli 19/11 №-li Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişində Əsas anlayışlar hissəsində ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.

51. Göründüyü kimi iddiaçı, əri və uşaqlarının yaşayış sahəsində baxış zamanı aşkar edilmiş digər şəxslərlə ümumi ev təsərrüfatına malik olması üçün yuxarıda qeyd edilən bütün şərtlər məcmu halda sübuta yetirilmiş olmalıdır.

52. Ailə Məcəlləsinin 56.2-ci maddəsinin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan onun qayınanası və qayınatası iddiaçını və onun ailəsini saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər.

53. Cavabdeh orqan isə həmin şəxslərin eyni mənzildə yaşaması və mənzilkommunal xidmətlərindən birgə istifadə etməsindən başqa digər şərtləri sübuta yetirə bilmir. Yəni, sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının baxış keçirilən zaman aşkar edilmiş şəxslərlə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

54. İddiaçıya və ailə üzvlərinə qayınatasının və qayınanasının gəlirlərindən kömək edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, oğluna, nəvələrinə və digər ailə üzvlərinə qayğı ilə yanaşan baba və nənənin ailəyə mütəmadiliyi sübut olunmayan yardımları ailənin gəliri kimi nəzərdən keçirilə bilməz. Belə ki, həmin yardımın növbəti dəfə edilib-edilməyəcəyi və məhz hansı məbləğdə ediləcəyi ilə bağlı iddiaçının konkret gözləntisi olmadığından, yardımın edildiyi və edilmədiyi vaxtlar hər dəfə cavabdehi məlumatlandırması ağlabatan hesab edilə bilməz.

55. Bundan başqa cavabdeh orqan maddi-məişət şəraitinin yoxlaması zamanı ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

56. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən, qərarın ləğv olunması hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə qanunvericiliyin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticə işin hallarına uyğun gəlməmiş, nəticədə iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.

57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1847/2025 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımının ödənilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar