Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-332/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; qanuni əsaslarla tərxis olunma) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2- 1(116)-111/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1962-ci ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuşdur. Faktiki həmin kənddə yaşayır. Əvvəlcə, yəni 1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində həqiqi hərbi qulluq keçmişdir. Sonra məlum Qarabağ hadisələri ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələri tərkibində 11.12.1993-cü ildən 08.11.1994-cü ilə kimi N saylı hərbi hissənin tərkibində sıravi döyüşçü kimi Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində gedən döyüşlərdə ağır yaralanmışdır. 27.04.1994-cü ildən 09.06.1994-cü ilə kimi, yəni 27.04.1994-cü il tarixdə N nömrəli hərbi hissənin göndəriş vərəqi əsasında Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Burada ona sol budun aşağı 1/3 hissəsinə kor qəlpə yarası diaqnozu qoyulmuş və həmin diaqnoza uyğun cərrahiyyə əməliyyatı olunmuş və burada müalicə kursu keçmişdir. Lakin o, hal-hazıra kimi veteran adı və müharibə veteranı vəsiqəsini ala bilməmişdir. N nömrəli hərbi hissənin komandiri Polkovnik-Leytenant R.Əkbərovun imzası ilə 12.09.1994-cü il 9265 nömrəli məktubu ilə N övladı olduğuna görə hərbi hissədən azad edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı müalicədən sonra hərbi xidmətə yararlı olub-olmamasının şəhadətləndirilməsini, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasını, hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmasını göstərmir. Özlüyündə onun döyüşlərdə iştirak etməsi, yaralanması, cinayət məsuliyyətinə cəlb olunmaması ona müharibə veteranı adı almaq hüququnu vermir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət) keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılmışsa, bu barədə dəlillərə malikdirsə cavabdeh onun tələbinin təmin olunmasına etiraz etmir. Mübahisəni həll edərkən birinci instansiya məhkəməsindən yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərini və cavabdehin mövqeyini nəzərə almasını, qanuni və əsaslı qərar qəbul etməsini xahiş edirlər. Birinci instansiya məhkəməsində iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyi apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2- 1(107)-36/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyi həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2-1(102)-1035/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(107)-36/2021 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etmiş, xəsarət almışdır. N nömrəli Hərbi Hissənin döyüşçüsü İddiaçı N nömrəli Hərbi Hissənin göndəriş vərəqəsi əsasında MMX-nın cərrahi şöbəsinə sol budun kor qəlpə yarası diaqnozu ilə qəbul edilmişdir. Həmçinin, İddiaçı həqiqətən 1993-cü il tarixdə Mingəçevir şəhər hərbi komissarlığından Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibinə hərbi toplanışa çağırılmış və N nömrəli Hərbi Hissədə xidmətdə olmuşdur. İddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən rəsmi məlumatlar mövcuddur. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etmiş, xəsarət almışdır. N nömrəli Hərbi Hissənin döyüşçüsü İddiaçı N nömrəli Hərbi Hissənin göndəriş vərəqəsi əsasında MMX-nın cərrahi şöbəsinə sol budun kor qəlpə yarası diaqnozu ilə qəbul edilmişdir. Həmçinin, İddiaçı həqiqətən 1993-cü il tarixdə Mingəçevir şəhər hərbi komissarlığından Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibinə hərbi toplanışa çağırılmış və N nömrəli Hərbi Hissədə xidmətdə olmuşdur. İddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən rəsmi məlumatlar mövcuddur. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, həmçinin “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi, Həmin Qanunun 24.1-ci maddəsi, Həmin Qanunun 24.2-ci maddəsi, Həmin Qanunun 24.3-cü maddəsi, Həmin Qanunun 24.4-cü maddəsinə əsasən əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin həmin qərarını qanuni və əsaslı hesab etmir. İddiaçı iddia ərizəsində müalicədən sonra hərbi xidmətə yararlı olub-olmamasının şəhadətləndirilməsini, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasını, hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmasını göstərmir. Özlüyündə onun döyüşlərdə iştirak etməsi, yaralanması, cinayət məsuliyyətinə cəlb olunmaması ona müharibə veteranı adı almaq hüququnu vermir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddanı təmin edərkən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin bu növ mübahisələrin həll edilməsində əsas nəzərə alınmalı olan hərbi qulluqçuların hərbi xidmət keçmələrini sübut edən hərbi biletlərindəki qeydlərin, habelə hərbi hissələrin nizami hissə üzrə əmrlərinin, arxiv arayışlarının, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasını təsdiq edən hərbi hissə komandirinin əmrinin olmamasına diqqət yetirməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarını ləğv edib, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(116)-111/2020ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanun: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13.04.2021-ci il tarixli, 2-1(102)-719/2021 nömrəli qərarında göstərilmişdir ki, iddiaçının hərbi xidmətinə dair mötəbər sənədlər olduğu halda sözügedən normaya istinad edərək iddia tələbinin rədd edilməsi yolverilməzdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli 28 sentyabr 422 nömrəli qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir. Sözügedən dəyişikliyin edilməsi bunu deməyə əsas verir ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X1rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarını ləğv edib, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2021-ci il tarixli, 2-1(102)-1035/2021 nömrəli qərarında qeyd edilmişdir ki, apelyasiya instansiya məhkəməsi mübahisəyə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmələr oxşar tələblərlə bağlı Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun qərar qəbul etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının göstərişinə uyğun olaraq, hazırkı iddia tələbinə oxşar tələblərlə bağlı Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etmiş, xəsarət almışdır. N nömrəli Hərbi Hissənin döyüşçüsü İddiaçı N nömrəli Hərbi Hissənin göndəriş vərəqəsi əsasında MMX-nın cərrahi şöbəsinə sol budun kor qəlpə yarası diaqnozu ilə qəbul edilmişdir. Həmçinin, İddiaçı həqiqətən 1993-cü il tarixdə Mingəçevir şəhər hərbi komissarlığından Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibinə hərbi toplanışa çağırılmış və N nömrəli Hərbi Hissədə xidmətdə olmuşdur. İddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən rəsmi məlumatlar mövcuddur. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız, apellyasiya şikayəti isə əsaslıdır. Apelyasiya şikayətindən göründüyü kimi, cavabdehin əsas dəlili iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasını təsdiq edən sübutların olmaması və məhkəmənin bu halı qiymətləndirməməsidir. Bu dəlili əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli 28 sentyabr 422 nömrəli qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir. Sözügedən dəyişikliyin edilməsi bunu deməyə əsas verir ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilməz. İşə baxan birinci instansiya məhkəməsi isə sözügedən arxiv arayışı təqdim edilmədiyi halda iddianın təmin edilməsi barədə qərar qəbul etmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, eyni zamanda, iş üzrə tam, hərtərfli araşdırma aparmayaraq prosessual hüquq normalarının tələblərini pozmuşdur. Oxşar tələb üzrə işlərlə bağlı formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, qanunvericiliyə edilmiş sözügedən dəyişiklikdən sonra hərbi bilet şəxslərə “müharibə veteranı” adı verilməsi üçün yalnız nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda əsas hesab olunur. İddiaçı tərəfindən iddianın təmin edilməsi üçün nizami hissə üzrə əmrlər və ya arxiv arayışları təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-332/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-332/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver