Məhkəmə qərarları › İş №2-1(107)-332/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-332/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-332/2022 20.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1978-2005-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-1161/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1978-ci ildən 2005-ci il tarixə kimi işlədiyi illərin əmək kitabçasında daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək, “1978-2005-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, arxiv arayışlarını, diplomunu və hərbi biletin surətini cavabdeh orqana təqdim edərək həmin sənədlərdə qeyd edilən müddətin nəzərə alınaraq, 65 yaşının bitdiyi tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan arxiv arayışında qeyd edilən müddətlərin əmək kitabçasında qeyd edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, arxiv arayışı, diplom və hərbi bilet) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin əmək kitabçasında qeyd edilməməsi, buna görə iddiaçının tələb olunan 25 illik sığorta stajının yaranmaması, həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 9 il 8 ay 13 günə barabərdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: X4 Filialının xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, Vərəzət bələdiyyəsinin 2000-2004-cü illərin əmək haqqının hesablanmasının uçotu kitablarından, həmçinin X4 Filialının xx.xx.2021-ci il tarixli, 824 saylı arayışından görünür ki, iddiaçıya, xx.xx.2000 – xx.xx.2004-cü illərdə (4 il 4 ay 15 gün) əmək haqqı hesablanaraq ödənilmişdir. Vərəzət bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 53 saylı arayışından görünür ki, iddiaçıya, xx.xx.2005 – 2005-ci ilin may ayının 6 iş günü üçün əmək haqqı hesablanaraq ödənilmişdir. ЖТ 033760 №-li diplomdan görünür ki, iddiaçı, xx.xx.1982-xx.xx.1985-ci illərdə (2 il, 5 ay 26 gün) Kənd Təsərrüfatı Nazirliyinin Şəki Kənd təsərrüfatı texnikumunda təhsil almışdır. H3 ******* №-li hərbi biletdən görünür ki, iddiaçı, xx.xx.1975-xx.xx.1977-cı illərdə (2 il 11 gün) keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti xx.xx.1985-xx.xx.1990-cı illəri əhatə edir. X4 Filailının xx.xx.2022-ci il tarixli, 138 №-li arayışında qeyd edilmişdir ki, Şəki rayonu Baş Zəyzid kənd Şəfəq kolxozunun kolxozçuların əmək stajı və qazancının uçotu kitablarına əsasən İddiaçı stajında müəyyən edilmiş minimum adam günü norması qeyd edilməmişdir. Lakin, staj kitablarında başqa kolxozçuların 1978-1990-cı illərdə müəyyən edilmiş minimum adam günü norması kişilərdə 220 gün qeyd edilmişdir. X4 Filailının xx.xx.2019-cu il tarixli, 144 №-li arayışında qeyd edilmişdir: Şəki rayonu Baş Zəyzid kənd Şəfəq kolxozunun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən iddiaçının kolxozda işləyən zaman əmək haqqısı və günləri aşağıdakı kimi olmuşdur: 1978-ci il - 45 gün, 1981-ci il – 160 gün, 1979-cu il – 79 gün, 1982-ci il – 145 gün, 1980-cı il – 77 gün, 1990-cı il - 240 gün Şəki rayonu Vərəzət kənd Vərəzət kolxozunun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən iddiaçının kolxozda işləyən zaman əmək haqqı və günləri aşağıdakı kimi olmuşdur (minimum adam günü norması 220 gün): 1991-ci il – 206 gün, 1995-ci il – 199 gün, 1992-ci il – 310 gün, 1996-cı il – 269 gün, 1993-cü il – 304 gün, 1997-ci il – 312 gün, 1994-cü il - 211 gün, 1998-ci il – 234 gün. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-cı ildə doğulmuşdur. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-1161/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, İddiaçı 1978-2005-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-1161/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qey etmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin müvafiq şöbəsinə ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı işlədiyini iddia etdiyi 1978-1990-cı illərdə Şəki rayonu Baş Zəyzid kənd “Şəfəq” kolxozunda, 1991-1998-ci illərdə Şəki rayon Vərəzət kənd “VərəzəT kolxozunda və Şəki rayon Dövlət Arxivinin 03 dekabr 2021-ci il tarixli 924 nömrəli arayışına əsasən 2000-ci il tarixdən 2005-ci il tarixədək Şəki rayon Vərəzət bələdiyyəsində işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İş materiallarından aydın olur ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Qanunvericiliklə müəyyən edilən şərtlər ödənildiyi halda yaşa görə pensiya hüququ 65 yaşla 01.01 2022-ci il tarixində yaranır. İddiaçı 1978-1990-cı illərdə Şəki rayonu Baş Zəyzid kənd “Şəfəq” kolxozunda, 1991-1998-ci illərdə Şəki rayon Vərəzət kənd “Vərəzət” kolxozunda və Şəki rayon Dövlət Arxivinin 03 dekabr 2021 -ci il tarixli 924 nömrəli arayışına əsasən 2000-ci il tarixdən 2005- ci il tarixədək Şəki rayon Vərəzət bələdiyyəsində işlədiyini iddia edir. Beləliklə, İddiaçı 1978-1990-cı illərdə Şəki rayonu Baş Zəyzid kənd “Şəfəq” kolxozunda, 1991-1998-ci illərdə Şəki rayon Vərəzət kənd “Vərəzət” kolxozunda və 2000-ci il tarixdən 2005-ci il tarixədək Şəki rayon Vərəzət bələdiyyəsində işlədiyinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tələb olunan 25 il sığorta stajının və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiya almaq hüququ yaranmır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-1161/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)- 1161/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-1161/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, tələbdə qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarətdir ki, iddiaçının, təqdim etdiyi arxiv arayışlarında qeyd olunan əmək fəaliyyəti müddətləri əmək kitabçasında qeyd edilməmişdir. Lakin, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır. Belə ki, əmək kitabçasında lazım olan qeydlər olmadıqda müvafiq sənədlərin əmək stajını təsdiqedici sənəd kimi qəbul edilməsi, istinad olunan “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində birmənalı olaraq qeyd edilmişdir. Odur ki, həmin illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin etirazının dəlilləri tamamilə əsassızdır. Şəki rayonu Baş Zəyzid kənd “Şəfəq” kolxozunda iddiaçı 1990-cı ildə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 1 ilə bərabərdir. Həmin kolxozda iddiaçı, 1978-ci ildə - 45, 1981-ci ildə - 160, 1979-cu ildə - 79, 1982ci ildə – 145 və 1980-cı ildə – 77 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 220 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 2 il, 3 ay, 17 gün müəyyən edilir (45+160+79+145+77=506/220=2.3). Beləliklə iddiaçının “Şəfəq” kolxozunda cəmi əmək stajı – 3 il, 3 ay, 17 günə (1 il+2 il, 3 ay, 17 gün) bərabər olur. Şəki rayonu Vərəzət kənd “Vərəzət” kolxozunda iddiaçı, 1992, 1993, 1996-1998-cı ildə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 5 ilə bərabərdir. Həmin kolxozda iddiaçı, 1991-ci il – 206 gün, 1995-ci il – 199 gün və 1994-cü il 211 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 220 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 2 il, 9 ay, 18 gün müəyyən edilir (206+199+211=616/220=2.8). Beləliklə iddiaçının “Vərəzət” kolxozunda cəmi əmək stajı – 7 il, 9 ay, 18 günə (5 il+2 il, 9 ay, 18 gün) bərabər olur. Həmçinin iddiaçı, xx.xx.2000-ci ildən – 2005-ci ilin may ayının 1-ci həftəsinədək (4 il 8 ay 21 gün) Vərəzət bələdiyyəsində işləmişdir. İddiaçının müvafiq əmək fəaliyyət müddəti əmək haqqı ödənilməsi cədvəlləri ilə sübut olunur. İddiaçının, mübahisəsiz sosial sığorta stajı: 2 il, 5 ay 26 gün təhsil, 2 il 11 gün hərbi xidmət və ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmiş 5 il, 2 ay, 6 gün əmək fəaliyyəti müddəti, yuxarıda hesablanmış əmək fəaliyyəti müddətləri ilə toplandıqda, iddiaçının ümumi sosial sığorta stajı 25 il 6 ay 9 günə bərabər olur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçının müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-1161/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar